Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-567/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X9, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə İddiaçı cavabdeh Milli Hematologiya və X5 hüquqi şəxsinə qarşı «əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi, əmək kitabçasında və ƏMAS sistemində məlumatlarda düzəliş edilməsi» tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «töhmət verilməsi barədə əmrlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin onun barəsində töhmət verilməsinə dair 25 iyul 2024-cü il tarixli və 31 iyul 2024-cü il tarixli əmrlərinin, onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrin ləğv edilməsi, onun Milli Hematologiya və X5 hüquqi şəxsinin Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Milli Hematologiya və X5 hüquqi şəxsinə qarşı «əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi, əmək kitabçasında və ƏMAS sistemində məlumatlarda düzəliş edilməsi» tələbinə dair mülki iş, İddiaçı cavabdeh Milli Hematologiya və X5 hüquqi şəxsinə qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddia ərizələri onunla əsaslandırılmışdır ki, iddiaçı X13 Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində 2003-2009-cu illərdə təhsil almış, 2009-2010-cu il tarixlərdə X19 hemotologiya ixtisası üzrə internatura keçmiş, 2010-2020-ci il tarixlərdə X19 hemotoloq həkim işləmişdir. 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkim kimi işə başlamışdır. 2021-ci il yanvar ayından terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı beynəlxalq və ölkə daxili hemotoloji konfranslarda iştirak və çıxışlar etmiş, 22 dekabr 2023-cü il tarixdə Naxçıvan MR-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, 21 oktyabr 2023-cü il tarixdə Şimali Kipr Respublikasında konfransda iştirak etmişdir. İddiaçı işlədiyi 15 il müddətində, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-də işlədiyi uzun müddət ərzində barəsində heç vaxt şikayət olmamış, işində heç bir nöqsan olmamış, barəsində nəinki töhmət, xəbərdarlıq belə olmamışdır. 22 may 2024-cü il tarixdə X25 Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-yə direktor təyin edilmişdir. 23 may 2024cü il tarixdə Sərdar Əjdər oğlu Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin hüquqşünası işçilərin bir qismi ilə söhbət etmiş, ona siyahı verildiyi və həmin şəxslərin işdən könüllü çıxmaları üçün ərizə yazmalı olduqlarını bildirmiş, əks halda prokurorluq orqanlarına müraciət ediləcəyi və kobud pozuntular ilə işdən çıxarılacaqlarını qeyd etmişdir. Ondan sonra 10-a yaxın işçi məcbur qalaraq, ərizələri ilə işdən çıxarılmışlar. Lakin İddiaçı etiraz etmiş, heç bir səbəb olmadığını və edilən tələbin qanunsuz olmasını bildirmişdir. Ondan sonra İddiaçı qanunsuz və əsassız töhmətlər verilmişdir. İlk töhmət verilməsi İddiaçı iş qrafiki olmadığı saatda baş vermiş hadisə ilə bağlı olmuşdur. Belə ki, onun iş saatı 09:00-da başlayır, xəstə isə ondan bir neçə saat əvvəl mərkəzə gətirilmişdir. İkinci töhmət barədə isə heç bir məlumat verilməmiş, iclas keçirilmədən və onun iştirakı olmadan, izahatı alınmadan qəbul edilmişdir. Sonuncu dəfə 05 sentyabr 2024-cü il tarixdə son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İclas keçirilsə də, İddiaçı izahatı alınmamış, iclasda hər hansı intizam tənbehi verilməsi barədə məlumat verilməmiş, elan edilməmişdir. Həmçinin iclasda İddiaçı işində heç bir qüsur barədə sübut təqdim edilməmiş, müzakirə olunmamış, sadəcə əvvəlki töhmətlərin verilməsi üçün deyilən səbəblər səsləndirilmiş, şifahi ittihamlardan kənara çıxılmamışdır. Bundan başqa fəaliyyəti ilə bağlı hər hansı nöqsan tapılmadığından mərkəzdə əvvəllər olmuş xəstələr mərkəzin həkimləri tərəfindən çağırılır və təzyiq edilərək, onun barəsində yalan məlumat verilməsi tələb edilir. Bunları təsdiq edən səs yazmalar mövcuddur. Gülnaz Bədəlova və Nərminə Novruzova xəstələri çağırıb, məcbur etməyə çalışıb, lakin xəstələr İddiaçı tərəfindən deyil, əksinə xəstələr onların özlərinə rüşvət verdiklərini bildirmişlər. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən: 3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etdi, iddia ərizələrinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 15 ildir ki, həkim kimi işləyir. 2024-cü ilin may ayında yeni direktor təyinindən bir gün sonra işdən çıxarılması barədə ona məlumat vermişlər. İyun ayında o, işdə olmadığı vaxt, saat 07:45-də xəstə gətirilib və o, həmin günü qanuni icazəli olmuşdur. Buna baxmayaraq, ona ardıcıl olaraq 2 dəfə töhmət verilib. Töhmətlərdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılmışdır. Himayəsində 2 azyaşlı uşaq var, tək ailə başçısıdır və aliment almır. Xəstəxanaya xəstə daxil olarkən onun qəbul edilməsi onun səlahiyyətinə aid deyildir. Adı qeyd edilən xəstə saat 07:45-də gətirilmişdir. 09 iyul tarixində saat 10:20-də işə gəlmiş və həmin günü rəsmi icazəsi olmuşdur. Birinci töhmətdə xəstə 07:45-də gətirilmiş və o, həmin gün icazəli olmuşdur. Qarşı tərəf iddia edir ki, o, özəl xəstə qəbul etmişdir. Xəstə ona şikayətlə yaxınlaşıb və o, sonuncuya köməklik göstərmişdir. Bu səbəbə görə təhqirə məruz qalmış və 7 nəfərin şahidliyi ilə ona töhmət verilmişdir. İyul ayının 3-ü bülletenə çıxmış, 4-ü klinikaya geri qayıtmış və işə çıxacağı barədə məlumatları var idi. Həmin gün ona işə çıxmasının qanunsuz olduğunu demiş və bülleteni ondan tələb edərək xəbərdarlıq vermişlər. İyul ayının 3-ü ölüm hadisəsinin olduğu gün işə saat 10:20-də gəlmiş və xəstə 10:30-da vəfat etmişdir. 16 iyul tarixdə iclas keçirilmiş, şantaj və təhdidə məruz qalmışdır. 18 sentyabr tarixində əmək kitabçasına 70-ci maddənin «ç» bəndi vurulmuşdur. Sənədlər Nəsimi Rayon Prokurorluğuna verilmişdir. Aytən Şirinovaya görə 5 dəfə Bakı şəhər Baş Korrupsiya İdarəsinə gedib izahat vemişdir. O, işdə olduğu təqdirdə adından saxta sənəd çıxarılıb. Bütün saxta sənədlərin müəllifi Aytən Şirinovadır. Hal-hazırda onun yerində şöbə müdiri vəzifəsini yerinə yetirir. Qarşı tərəf Aytən Şirinovanın vəzifəni müvəqqəti icra etdiyini bildirir, halbuki bütün xəstələri sistemdən keçirib özü baxır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında iddiaçının izahatına uyğun məzmunda izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X17 məhkəmə iclasında izahatında bildirdi ki, qarşı tərəf özünü haqlı çıxarmaq üçün əlindən gələni edir, saxta sənəd təqdim edir. Milli Hematologiya və X5 hüquqi şəxsinə göndərdikləri sorğu əsasında 26-28 nəfərə yaxın işçinin işdən çıxarıldığını öyrənmişlər. Elvira xanıma qarşı kompaniya başladılmış, nəticədə ədalətsiz əmr çıxarılmışdır. Keçirilən iclaslarda Elvira xanıma öz ərizəsi əsasında işdən çıxması tövsiyyə edilmişdir. Lakin o, boyun əyməmiş, öz haqlı mübarizəsini aparmışdır. Elvira xanımın işdə olmadığı gün icazə barədə ərizəsi olmuşdur. Lakin cavabdeh şirkət həmin ərizəni təqdim etməyib, iddiaçının icazəsiz işdə olmadığına istinad edir. İzahatının sonunda iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddianı əsassız hesab edir. Belə ki, X10 həmin gün işə gəlməməyi ilə bağlı rəsmi icazə almamış və işə gəldikdən sonra da xəstə ilə maraqlanmamışdır. Daxil olan xəstə ilə bağlı heç bir ambulator kart açılmamış, lazımi qeydiyyat aparılmamışdır. Xəstə həmin gün reanimasiyaya gətirilməli olduğu halda gətirilməmişdir və bununla bağlı işçilərə töhmət verilmişdir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, İddiaçı Mərkəzin Terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməmiş, dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, öz vəzifə öhdəliklərini icra etməkdən imtina etmişdir. Qeyd edir ki, şöbə müdirinin vəzifə öhdəliyi şöbənin fəaliyyətini planlaşdırmaq və təşkil etmək, şöbənin işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, növbətçilik cədvəlinin tərtibatında iştirak etmək, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, şöbənin həkimlərinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə, tibbi sənədləşdirmənin aparılmasına, habelə şöbə müdiri tərəfindən hazırlanmış iş planının yerinə yetirilməsinə müntəzəm nəzarəti həyata keçirməkdən, həmçinin Mərkəzin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək və onların qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir. Lakin iddiaçı onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmək əvəzinə özünün dediyi kimi yalnız «özəl» xəstə qəbulu ilə məşğul olmuş və belə olan halda şöbənin iş fəaliyyətinə nəzarət edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə»nin aidiyyəti bəndlərini rəhbər tutaraq tibb müəssisələrin tibbi qeydiyyat sənədlərinin nizama salınması, səhiyyə müəssisələrinin fəaliyyətini əks etdirən məlumatların tamlığını və düzgünlüyünü təmin etmək məqsədilə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş 100 nömrəli əmrlə təsdiq edilmiş tibbi qeydiyyat sənədlərinin nümunələrinə uyğun olaraq ambulator kart tərtib edilməli olmasına baxmayaraq, bu tələblərə riayət edilməmiş, nəticədə həm şöbənin, həm də işin ahəngi pozulmuş və bu da haqlı olaraq mərkəzə müraciət edən vətəndaşların ciddi narazılıqlarına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya rəhbərlik tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, iddiaçı bunlara məhəl qoymayaraq qanunazidd hərəkətlərinə davam etmişdir. Bundan əlavə, icraçı direktor tərəfindən Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətini daha da gücləndirmək məqsədi ilə nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq əmr və sərəncamlar verilmiş, Mərkəzin işinin təşkil edilməsi, vəzifə öhdəliklərinin keyfiyyətlə və daha rahat həyata keçirilməsi məqsədilə İddiaçı ayrıca otaq ayrılmış, lakin bunlara baxmayaraq İddiaçı əmr və tapşırıqları icra etməkdən imtina etmiş, bununla yanaşı xəstələri Səhiyyə Nazirliyinin «Qaynar xətt» xidmətinə və Mərkəzin rəhbərinə şikayət etməyə sövq etməklə əhalidə yanlış olaraq Azərbaycan Səhiyyəsinə və Mərkəzin fəaliyyətinə qarşı mənfi rəy yaranmasına səbəb olmuşdur. Bununla yanaşı nəzərə çatdırır ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, işlədiyi müddət ərzində işində heç bir nöqsan olmamış, barəsində nəinki töhmət, xəbərdarlıq belə olmamışdır. Lakin iddiaçının şəxsi işində olan sənədlərdən görünür ki, İddiaçı dəfələrlə davamiyyətin pozulması hallarına yol verərək nizam-intizam qaydalarını pozduğuna görə ona şifahi xəbərdarlıqlardan sonra icraçı direktorun xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə yazılı xəbərdarlıq edilmiş və belə halların davam edəcəyi halda barəsində qanuna uyğun tədbir görüləcəyi qeyd edilmişdir. İddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. İddiaçıya ilk xx.xx.2024-cü il tarixli töhmət növündə intizam tənbehinin verilməsi səbəblərindən biri xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olan xəstənin ölüm faktı ilə bağlı olmuşdur. Belə ki, xəstə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş və növbətçi həkim tərəfindən qəbul edilmişdir, iddiaçı şöbə müdiri olaraq şöbəsinə ağır vəziyyətdə daxil olan xəstə ilə nəinki maraqlanmamış, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbir görməmiş, hətta iş fəaliyyəti 09:00-da başladığı halda, öncədən rəhbərlikdən rəsmi və şifahi şəkildə icazə almadan işə gec gəlmiş, işə gəldikdən sonra belə xəstənin vəziyyəti ilə maraqlanmamış, öz öhdəsinə düşən tədbirləri görməmiş, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməmişdir. Bu məsələ ilə bağlı Mərkəzdə İddiaçı və digər aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə iclas keçirilmiş və icraçı direktor səlahiyyətləri daxilində öz iradlarını bildirmişdir, lakin iddiaçı subordinasiya qaydalarına riayət etmədən icraçı direktorun sözünü tez-tez kəsmiş, xəstəyə baxmağın ona aid olmadığını bildirmişdir. Halbuki, iddiaçı şöbə müdiri olaraq məsuliyyət daşıdığı üçün şöbəsinə ağır vəziyyətdə daxil olan xəstələrlə bu barədə məlumat aldığı andan maraqlanmalı, onların adlarına ambulator kartların açılmasını və xüsusi qeydlərin aparılmasını təmin etməli, zəruri tədbirlərin görülməsini və tibbi sənədləşmənin aparılmasını koordinasiya etməlidir. Qeyd olunanlarla əlaqədar iddiaçıdan yazılı izahat alınmış və töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Buna baxmayaraq, İddiaçı ona verilmiş töhmətdən nəticə çıxarmamış və iş fəaliyyətində bir çox nöqsanlara yol verməyə davam etmişdir. Beləliklə, növbəti xx.xx.2024-cü il tarixli töhmət növündə intizam tənbehinin verilməsi Terapevtik xidmətlər şöbəsinin təşkilində aşkar edilmiş nöqsanlar və problemlərlə bağlı olmuşdur. Belə ki, Terapevtik xidmətlər şöbəsinin həkimləri iş gününün səhər saatlarında xidməti otaqlarında olmamış, bununla əlaqədar xəstələr arasında narazılıqlar yaranmış, bundan əlavə ambulator kartların və həkimlərin növbətçilik cədvəllərinin tərtib edilməməsi, arayışların yazılmasına nəzarət edilməməsi aşkar edilmişdir. Şöbə müdiri İddiaçı şöbəsində baş verənlərlə maraqlanmamış, yalnız özünün dediyi «özəl» xəstə qəbulu ilə məşğul olmuş, şöbənin fəaliyyətinini tənzimləməməklə Terapevtik xidmətlər şöbəsinin və ümumillikdə Mərkəzin iş ahəngini pozmuşdur. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə Mərkəzdə İddiaçı iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. Mərkəzin Terapevtik xidmətlər şöbəsinin fəaliyyətində aşkar edilmiş ciddi qüsurlar, nöqsanlar və qanun pozuntularının araşdırılması məqsədilə Mərkəzin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində monitorinq keçirilmişdir. Yoxlamanın gedişatında Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətində, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında nöqsanlar, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq, saxtakarlıq və İddiaçı tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirildiyi aşkar edilmişdir. Nəticədə İddiaçı şöbənin fəaliyyəti ilə məşğul olmadığından, vəzifə öhdəliklərini yerinə yetirmədiyindən töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı əmrlə tanış olmuş, lakin bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. İddiaçı iddia ərizəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehinin ləğv edilməsini tələb etsə də, bu intizam tənbehinin növü Mediasiya Təşkilatı tərəfindən keçirilmiş iclasda iddiaçının nümayəndəsi tərəfindən işıqlandırılmamış və ləğv edilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmiş, hətta «Mediasiya prosesinin tətbiqi barədə təklif» Mərkəzə göndərildiyi vaxtda sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi İddiaçı verilməmişdir. Beləliklə, iddiaçının şöbə müdiri olaraq öz vəzifə öhdəliyini yerinə yetirməməsi, iş ahəngini pozması, tutduğu vəzifədə fəaliyyət göstərə bilməməsi, şöbənin iş fəaliyyətini tənzimləyə bilməməsi səbəbindən bir çox ciddi nöqsan və qüsurların olması bu töhmətlərin verilməsinə səbəb olmuşdur. Odur ki, qeyd edilən töhmətlər əsaslı şəkildə və qanunun tələblərinə riayət edilməklə verilmişdir. Xəstə 07:45-də daxil olan gün Elvira xanım saat 10:20-də işdə olmuşdur. Elvira xanımın şöbəsi tərəfindən xəstə daxil olarkən müvafiq tibbi sənədlərin qeydiyyatı aparılmalı, ambulator kart açılmalı idi. Xəstə saat 10:30-da vəfat etmişdir. Xəstə vəfat edən vaxt Mahmud doktorun şöbəsində olmuşdur. Bu hadisə ilə bağlı Prokurorluğa ona görə şikayət olunmayıb ki, işçilərlə bağlı müvafiq tədbirlər görülmüş və töhmət verilmişdir. Elvira xanımın gəlməməyi ilə bağlı kadrların rəsmi məlumatı yox idi. Xəstələr tərəfindən Elvira xanım barədə şikayət olunmasının tələb edilməsi barədə rəsmi şikayət olunmayıb. Töhmətlərin verilməsi iclası protokollaşdırılıb, sənədlər təqdim olunub, Elvira xanım tanış olub və imza etməyib. Elvira xanım vəzifə təlimatına uyğun olaraq xəstələri qəbul edib müayinə etməlidir. Həmin şöbənin fəaliyyətinin yoxlanılması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmişlər və müraciət əsasında monitorinq aparılması üçün nümayəndə ayrılıb. Şöbə müdirinin fəaliyyətində qanunsuzluq aşkarlanıb. Hal-hazırda şöbə müdiri Aytən xanımdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı iclaslarda iştirak etmədiyini bildirmişdir. Halbuki, iştirak etdiyi təqdirdə eyni məsələlər müzakirə olunmuş, əmək funksyalarını pozması dəfələrlə vurğulanmışdır. 5 dəqiqəlik iclaslarda da iddiaçı hər dəfə iştirak etmiş və eyni məsələlər müzakirə olunmuşdur. Müzakirə olunan məsələlərin hər biri monitorinqdə öz əksini tapmış və protokollar həmin məsələlər üzrə tərtib olunmuşdur. İclaslarda iddiaçıya bildirilən iradları şantaj və təhdid kimi qəbul edirdi. X26 isə vəzifəsini müvəqqəti icra edir, vəzifəyə təyin olunmamışdır. Xəstə klinikaya daxil olduqda adlarına mütləq müalicə ilə bağlı ambulator kart açılmalıdır. Əks halda ambulator kartın açılmaması problem yaradır. Korrupsiya İdarəsindən sorğu göndərilib və Elmira Quliyevanın da adı siyahıda qeyd olunub. 10 nəfər xəstənin adına olan ambulator kartı istəyirlər. Belə ki, 2 nəfər xəstə onlarda qeydiyyatdadır, lakin 8 nəfər xəstənin ambulator kartı, nə də tibbi müayinədən keçməsinə dair sənəd yoxdur. İddianı əsassız hesab edir və bununla bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Lakin bu vaxta kimi qarşı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi sənədlərə hüquqi qiymət verilməsini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Milli Hematologiya və X5 hüquqi şəxsinin 09 oktyabr 2023-cü il tarixli 2220 saylı əmrindən görünür ki, Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri İddiaçı Mərkəz daxili nizam-intizam qaydalarını pozaraq ona olunan şifahi xəbərdarlıqlara baxmayaraq dəfələrlə işə gecikərək davamiyyəti pozduğundan, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin X21 edilməsi şöbəsinin müdiri X2 xx.xx.2024-cü il tarixli təqdimatından görünür ki, Terapevtik xidmətlər şöbəsinin Şöbə müdiri İddiaçı xx.xx.2024-cü il tarixində iş saatlarının sonuna yaxın X21 edilməsi şöbəsinə yaxınlaşaraq icazə kağızının blankını götürmüşdür. Növbəti gün saat 10:25-də işə gələndən sonra İR şöbəsinə yaxınlaşaraq icazə kağızında müvafiq qeydlər aparıldıqdan sonra təqdim etmiş, lakin onun İR-nin şöbəsinin müdiri kimi imzası olmadığına görə həmin blankı təhvil almadı və özünə bildirdi ki, bununla bağlı rəhbərliyə yaxınlaşsın. Beləliklə o icazə kağızı ilə birlikdə otağı tərk etdi və bir daha bununla bağlı geri dönüş etmədi. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 17 iyul 2024-cü il tarixdə keçirilən 6 saylı iclasının protokolundan görünür ki, iclasda iştirak edən şəxslər 09 iyul 2024-cü il tarixdə Mərkəzdə xəstə Zənigar Bünyatovanın ölüm faktı ilə bağlı iclas gündəliyində duran məsələni müzakirə etmişlər. Çıxışlar, eləcə də iddiaçının fikirləri dinlənilmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 19 iyul 2024-cü il tarixdə keçirilən 7 saylı iclasının protokolundan görünür ki, iclasda iştirak edən şəxslər Terapevtik xidmətlər şöbəsinin təşkilində olan problemləri müzakirə etmişlər. İcraçı direktor Sərdar Əsədov çıxış edərək nöqsan və çatışmazlıqları sadalamış, həmin iclasda 1-ci şöbə müdiri İddiaçı da iştirak etmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 25 iyul 2024-cü il tarixli əmrindən görünür ki, Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. - Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-n X21 edilməsi şöbəsinin müdiri X4 və şöbənin İnsan Resursları üzrə mütəxəssisləri X12, X7 tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Terapevtik xidmətlər şöbəsi 1-in Şöbə müdiri İddiaçı izahatı və Mərkəzin xx.xx.2024-cü il tarixli 6 nömrəli Protokoluna əsasən xx.xx.2024-cü il tarixli “töhmət verilməsi haqqında” Əmr ona təqdim edilmiş, İddiaçı Protokolun və Əmrin mətni ilə oxuyub tanış olmuş, lakin imza atmaqdan imtina etmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 31 iyul 2024-cü il tarixli 1783 saylı əmrindən görünür ki, Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. - Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-in İnşan resurslarının idarə edilməsi şöbəsinin müdiri X4 və şöbənin İnsan Resursları üzrə mütəxəssisləri X12, X16 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Terapevtik xidmətlər şöbəsi 1-in Şöbə müdiri İddiaçı Mərkəzin xx.xx.2024-cü il tarixli 7 nömrəli Protokoluna əsasən xx.xx.2024-cü il tarixli “töhmət verilməsi haqqında” Əmr ona təqdim edilmişdir. X32 və Protokolun mətni ilə oxuyub tanış olmuş, lakin imza atmaqdan imtina etmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin Tibbi şurasının 05 sentyabr 2024-cü il tarixdə keçirilən 2 saylı iclasının protokolundan görünür ki, iclasda iştirak edən şəxslər Terapevtik xidmətlər şöbəsi 1-in həkim-stomatoloqu A.Abdullayev barəsində Mərkəzdə qeydiyyatda olan xəstə Cəmilə Hüseynovanın etdiyi şikayətə baxılması, həmin şikayətdə qeyd edilən halların, həmçinin həkim-stomatoloqun və ümumilikdə bu şöbənin fəaliyyətinin araşdırılmasını, həmçinin çağırışçı X15 barəsində TXŞ 1-in müdiri İddiaçı 1 gün intervalla «Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt»larının verilməsinə münasibətin bildirilməsi və müvafiq tədbirlərin görülməsini müzakirə etmişlər. Çıxışlar dinlənildikdən sonra, 1-ci şöbə müdiri İddiaçı fikri öyrənilmişdir. Sonda iclasın gündəliyində duran 1-ci məsələ ilə əlaqədar 1-ci şöbə müdiri İddiaçı xəbərdarlıq edilməsi, həkim-stomatoloq A.Abdullayevə töhmət növündə intizam tənbehi verilməsi, iclasın gündəliyində duran 2-ci məsələ ilə əlaqədar 1-ci şöbə müdiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrindən görünür ki, Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri İddiaçı əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-in X21 edilməsi şöbəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Terapevtik xidmətlər şöbəsi 1-in Şöbə müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə X21 edilməsi şöbəsinə şifahi olaraq səhhətində yaranmış problemlərlə bağlı işə gələ bilməyəcəyini və xx.xx.2024cü il tarixdə işə başlayacağı gün həkimdən arayış gətirəcəyini bildirmişdir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə arayışı təqdim etməmiş və ambulator xəstə qəbul etmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin Elmi Şurasının 10 sentyabr 2024-cü il tarixdə keçirilən 7 saylı iclasının protokolundan görünür ki, ümumilikdə iclasda 25 nəfər iştirak etmiş, gündəlikdə duran 4 məsələ, eləcə də, Mərkəzin icraçı direktorunun xx.xx.2024-cü il tarixli 168 saylı əmrinə əsasən Terapevtik xidmətlər şöbəsi 1-də yaradılmış komissiya tərəfindən keçirilmiş monitorinq ilə bağlı məlumatın müzakirəsi məsələsi müzakirə olunmuşdur. Qeyd olunan məsələ İddiaçı iştirakı ilə müzakirə edilmiş, Mərkəzin Onkohematologiya şöbəsinin müdiri Gülnaz Bədəlova, Mərkəzin İcraçı direktoru Sərdar Əsədov, tibb elmləri doktoru Mireldar Babayev, t.ü.f.d., dosent İsgəndər Bağırovun fikirləri dinlənilmiş, aşkar olunmuş nöqsan və qüsurlarla bağlı İddiaçı fikirləri öyrənilmiş, İddiaçı qeyd edilənlərlə bağlı sözünün olmadığını bildirmiş, bundan sonra onunla bağlanmış əmək müqaviləsi üzrə tutduğu vəzifədən azad edilməsi qərarı səsə qoyulmuş, lehinə 17 səs, əleyhinə 0 səs, bitərəf 0 səs olmaqla, qərar yekdilliklə qəbul olunmuşdur. - Milli Hematologiya və X5 hüquqi şəxsinin HİK Rəyasət Heyətinin iclasının 12 sentyabr 2024-cü il tarixli 6 saylı protokolundan görünür ki, iclasın gündəliyində duran məsələ Mərkəzin icraçı direktorunun xx.xx.2024-cü il tarixli təqdimatına əsasən Terapevtik Xidmətlər şöbəsi 1-in şöbə müdiri İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi məsələsi olmuşdur. Çıxışlar dinlənildikdən sonra 5 nəfər lehinə, 0 nəfər əleyhinə, 0 nəfər bitərəf olmaqla, yuxarıda qeyd olunan məsələyə dair qərar layihəsi yekdilliklə qəbul edilmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin X21 edilməsi şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X11 xx.xx.2024-cü il tarixli təqdimatından görünür ki, Terapevtik xidmətlər şöbəsi 1-in şöbə müdiri İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində heç bir üzrlü səbəb bildirmədən işə gəlməmiş, işə çıxdığı gün sənəd təqdim etməmiş, bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilsədə, o, müxtəlif bəhanələr gətirərək sənədi gecikdirmiş və yalnız xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə X21 edilməsi şöbəsinə tibbi arayışlar təqdim etmişdir. Lakin həmin arayışlar Azərbaycan Respublikası Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatına və “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən uyğun tərtib edilməmiş, arayış verən müəssisənin adı, verilmə tarixi qeyd edilməmişdir. Arayışda qeyd edilən səbəb bütün günü işə gəlməməyinin üzrlü hesab edilməsinə əsas deyildir. Gec təqdim olunan arayışlar ilə əlaqədar olaraq şöbələrinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və bununla bağlı qanuna müvafiq tədbir görülməsi Sizdən xahiş edilir. - Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-in X21 edilməsi şöbəsinin mütəxəssisləri və kargüzarı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Terapevtik xidmətlər şöbəsi 1-in Şöbə müdiri İddiaçı xx.xx.2024-cü il tarixində X21 edilməsi şöbəsinin İnsan resursları üzrə mütəxəssis X18 ilə telefon əlaqəsi saxlayaraq səhhətində yaranan narahatçılıq ilə bağlı işə gələ bilməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixində saat 11:25 də işə gələrək arayışı təqdim etmişdir. İddiaçı məlumat vermədən icazəsiz işdən qaldığı üçün izahat tələb etdikdə yazmayacağını bildirdi. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 17 sentyabr 2024-cü il tarixli 2337/2 saylı əmrindən görünür ki, Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə 2 təqvim günü müddətinə heç bir üzürlü səbəb olmadan və bu barədə heç bir rəsmi sənəd təqdim etmədən bütün iş günü işə gəlmədiyinə görə «iş vaxtının uçotu tabelində» işə gəlməmək kimi qeydə alınması və həmin günlərin əmək haqqından tutulması əmr edilmişdir. - Milli Hematologiya və X5 hüquqi şəxsinin 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrindən görünür ki, Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Milli Hematologiya və X3 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 2 nömrəli protokolu və qərarı, Tibbi şuranın xx.xx.2024-cü il tarixli 1 nömrəli, Elmi şuranın xx.xx.2024-cü il tarixli 7 nömrəli protokolu, İddiaçı izahatları, onun barəsində tərtib edilmiş Aktlar və bunların nəticəsi olaraq intizam tənbehi haqqında müvafiq əmrlər və qərarlar göstərilmişdir. - Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00513 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı, onun nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Bəturə Əliyeva xx.xx.2024-cü il tarixdə saat 14.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt göndərişləri və kargüzarlıq xidmətlərinə dair xərc ödənilmişdir. - Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı, onun nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə saat 15.15-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt göndərişləri və kargüzarlıq xidmətlərinə dair xərc ödənilmişdir. - Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Pərviz Novruzlu tərəfindən qəbul edilmiş 15 dekabr 2024-cü il tarixli qərarla 312C-24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən İddiaçı barəsində cinayət işi başlanması rədd edilmişdir. Belə ki, araşdırma zamanı Milli Hematologiya və X1 Xidmətlər şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı həmin mərkəzə müraciət etmiş çağırışçı X15 barəsində iki fərqli diaqnozlu akt tərtib etməsi müəyyən edilsə də onun həmin aktları tamah və sair şəxsi niyyətlə tərtib etməsi müəyyən edilməmişdir. Lakin müəyyən edilmişdir ki, araşdırma materiallarına əsasən Terapevtik Xidmətlər şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmişdir. - Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 15 dekabr 2024-cü il tarixli 312C-24 saylı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ünvanlanmış məktubundan görünür ki, Terapevtik Xidmətlər şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı xəstəxanaya müraciət etmiş çağırışçı X15 barəsində bir gün intervalla fərqli diaqnozlarla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» haqqında aktı tərtib etməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciət əsasında Nəsimi rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış 312C-24 nömrəli material üzrə rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Pərviz Novruzlu tərəfindən qəbul edilmiş 15 dekabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən İddiaçı barəsində cinayət işi başlanması rədd edilmişdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, Milli Hematologiya və X5 X24 Xidmətlər şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı xəstəxanaya müraciət etmiş çağırışçı X15 barəsində bir gün intervalla fərqli diaqnozlarla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli «Sağlamlıq vəziyyətinin müayinə edilməsi» haqqında aktı tərtib etmiş, həmin aktlardan biri natamam formada tərtib edilmiş, həmçinin hər iki akt Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin Ümumi şöbəsində çıxış nömrəsi verilərək qeydiyyata alınmaqla SHXÇDX-nın Suraxanı rayon idarəsinə göndərilmişdir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 1-ci və 2-ci hissələrinə istinad edilən məktubda qeyd edilmişdir ki, Milli Hematologiya və X6 X24 Xidmətlər Şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı tərəfindən yol verilmiş kobud qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və bu cür halların gələcəkdə baş verməsinin qarşısının alınması ilə əlaqədar tədbirlər görülməli, təqdimata qanunla müəyyən edilmiş 1 ay müddətində baxılaraq görülmüş tədbirlər barədə Nəsimi rayon prokurorluğuna yazılı məlumat verilməlidir. Məktuba cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surəti əlavə olunmuşdur. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci hissəsinə bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hall arda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. 187-ci maddəsinin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində (bundan sonra Mərkəz) həkim kimi fəaliyyətə başlamış və işdən azad olunana kimi Mərkəzin Terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İddiaçı işlədiyi uzun müddət ərzində barəsində heç vaxt şikayət, işində heç bir nöqsan, barəsində nəinki töhmət, xəbərdarlıq belə olmamasını göstərsə də, cavabdeh tərəfin izahatlarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməmiş, dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, öz vəzifə öhdəliklərini icra etməkdən imtina etmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən görünür ki, o, dəfələrlə davamiyyətin pozulması hallarına yol verərək nizam-intizam qaydalarını pozduğuna görə ona şifahi xəbərdarlıqlardan sonra icraçı direktorun xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə yazılı xəbərdarlıq edilmiş və belə halların davam edəcəyi halda barəsində qanuna uyğun tədbir görüləcəyi qeyd edilmişdir. Cavabdeh tərəfin izahatlarına əsasən iddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmiş, bununla bağlı akt tərtib edilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçıya əmək fəaliyyəti dövründə xx.xx.2024cü il tarixə kimi Əmək Məcəlləsinin 186-cı maddəsinin İİİ hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, yalnız 09 oktyabr 2023-cü il tarixli 2220 saylı əmri ilə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya ilk töhmət növündə intizam tənbehi xx.xx.2024-cü il tarixdə verilmiş və onun verilməsi səbəblərindən biri xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olan xəstənin ölüm faktı ilə bağlı olmuşdur. Belə ki, Mərkəzdə İddiaçı və digər aidiyyəti şöbələrin əməkdaşlarının iştirakı ilə keçirilmiş iclas protokollarından görünür ki, xx.xx.2024-cü il tarixdə xəstə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş və növbətçi həkim tərəfindən qəbul edilmişdir, iddiaçı şöbə müdiri olaraq şöbəsinə ağır vəziyyətdə daxil olan xəstə ilə nəinki maraqlanmamış, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbir görməmiş, hətta iş fəaliyyəti 09:00-da başladığı halda, öncədən rəhbərlikdən rəsmi və şifahi şəkildə icazə almadan işə gec gəlmiş, işə gəldikdən sonra belə xəstənin vəziyyəti ilə maraqlanmamış, öz öhdəsinə düşən tədbirləri görməmiş, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməmişdir. Bu məsələ ilə bağlı keçirilmiş iclasda icraçı direktor səlahiyyətləri daxilində öz iradlarını bildirmiş, iddiaçı isə xəstəyə baxmağın ona aid olmadığını bildirmişdir. Halbuki, iş materiallarında olan müvafiq təlimatdan görünür ki, şöbə müdirinin vəzifə təlimatına əsasən şöbəsinə ağır vəziyyətdə daxil olan xəstələrlə bu barədə məlumat aldığı andan maraqlanmalı, onların adlarına ambulator kartların açılmasını və xüsusi qeydlərin aparılmasını təmin etməli, zəruri tədbirlərin görülməsini və tibbi sənədləşmənin aparılmasını koordinasiya etməlidir. Başqa sözlə, iddiaçı şöbə müdiri olaraq göstərilən hallara görə məsuliyyət daşıcıyısıdır. İş materiallarından daha sonra görünür ki, göstərilənlərə əsasən iddiaçıdan yazılı izahat alınmış və töhmət növündə intizam tənbehi verilmiş, iddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmişdir ki, bununla da bağlı müvafiq akt tərtib edilmişdir. İddiaçı qeyd edilən töhmət növündə intizam tənbehindən məlumatlı olduğu halda onu dərhal mübahisələndirməmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya töhmət növündə digər intizam tənbehi xx.xx.2024-cü il tarixli əmrlə verilmiş və buna səbəb Terapevtik xidmətlər şöbəsinin təşkilində aşkar edilmiş nöqsanlar və problemlərlə bağlı olmuşdur. Belə ki, Terapevtik xidmətlər şöbəsinin həkimləri iş gününün səhər saatlarında xidməti otaqlarında olmamış, bununla əlaqədar xəstələr arasında narazılıqlar yaranmış, bundan əlavə ambulator kartların və həkimlərin növbətçilik cədvəllərinin tərtib edilməməsi, arayışların yazılmasına nəzarət edilməməsi aşkar edilmişdir. Şöbə müdiri İddiaçı şöbəsində baş verənlərlə maraqlanmamış, yalnız özünün dediyi «özəl» xəstə qəbulu ilə məşğul olmuş, şöbənin fəaliyyətinini tənzimləməməklə Terapevtik xidmətlər şöbəsinin və ümumillikdə Mərkəzin iş ahəngini pozmuşdur. İddiaçı ikinci töhmət barədə isə heç bir məlumat verilməməsi, iclas keçirilmədən və onun iştirakı olmadan, izahatı alınmadan qəbul edilməsini göstərsə də, iş materiallarından görünür ki, iddiaçı əmrlə tanış olmuş, lakin bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, ikinci töhmət verilməmişdən əvvəl xx.xx.2024-cü il tarixdə Mərkəzdə İddiaçı iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. Daha sonra Mərkəzin Terapevtik xidmətlər şöbəsinin fəaliyyətində aşkar edilmiş ciddi qüsurlar, nöqsanlar və qanun pozuntularının araşdırılması məqsədilə Mərkəzin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində monitorinq keçirilmiş və yoxlamanın gedişatında Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətində, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında nöqsanlar, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq, saxtakarlıq və İddiaçı tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirildiyi aşkar edilmişdir. Nəticədə İddiaçı şöbənin fəaliyyəti ilə məşğul olmadığından, vəzifə öhdəliklərini yerinə yetirmədiyindən ikinci dəfə töhmət növündə intizam tənbehi verilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli əmrin verilməsindən sonra xx.xx.2024-cü il tarixdə mediasiya üçün müraciət etmiş, Mediasiya prosesinin tətbiqi barədə təklifdə qanunazidd töhmətlərin ləğv edilməsi göstərilmiş, Bakı 14 saylı Mediasiya Təşkilatı xx.xx.2024-cü il tarixində MŞB/14/2024-00513 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış vermişdir. Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmri qəbul edilmiş və iddiaçıya həmin əmrin ləğv edilməsinə dair ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən intizam tənbehi barədə əmrlərin ləğvi ilə bağlı izahatı özü-özlüyündə iddiasının bu hissələrdə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə əsasən, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş intizam tənbehinə dair əmrlərin, xüsusən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrinin qanunsuz olması və bu əmrlərin əsaslandırılmaması barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən intizam tənbehləri əsaslı olaraq və qanunun tələblərinə riayət edilməklə verilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının şöbə müdiri olaraq öz vəzifə öhdəliyini yerinə yetirməməsi, iş ahəngini pozması, tutduğu vəzifədə fəaliyyət göstərə və şöbənin iş fəaliyyətini tənzimləyə bilməməsi səbəbindən bir çox ciddi nöqsan və qüsurların olması qeyd edilən töhmətlərin verilməsinə səbəb olmuşdur. Bu pozuntular iddiaçının xx.xx.2021-ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməməsində, xx.xx.2024-cü il tarixdə iddiaçının rəsmi və ya şifahi icazə almadan işə gec gəlməyində, işə gəldikdən sonra belə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş konkret xəstənin vəziyyəti ilə maraqlanmamasında, öz öhdəsinə düşən, yəni, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbirlər görməməsində, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməməsində, daha sonra vəzifə təlimatına uyğun olaraq xəstələri qəbul edib müayinə etməməsində, xəstə klinikaya daxil olduqda adlarına mütləq müalicə ilə bağlı ambulator kart açılmamasında, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında yol verilmiş nöqsanlarda, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq və tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirməsində, bir sözlə, onun şöbənin fəaliyyəti ilə müvafiq təlimata uyğun məşğul olmaması və vəzifə öhdəliklərini lazımınca yerinə yetirməməsində, konkret günlərdə heç bir rəsmi sənəd təqdim etmədən bütün iş günü işə gəlməməsində, töhmət növündə intizam tənbehləri aldıqdan sonra dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, bundan nəticə çıxarmamasında və sair ifadə olunur. Göstərilənlər Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində keçirilmiş monitorinqin nəticələri ilə də təsdiqlənir. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsindən Mərkəzə göndərilən sorğuda Elmira Quliyevanın da adı siyahıda qeyd olunmaqda 10 nəfər xəstənin adına olan ambulator kartı tələb edilmişdir ki, bunlardan da 2 nəfər xəstənin Mərkəzdə qeydiyyatı olsa da, 8 nəfər xəstənin nə ambulator kartı, nə də tibbi müayinadən keçməsinə dair sənəd aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin iddiaçının barəsində töhmət verilməsinə dair 25 iyul 2024-cü il, 31 iyul 2024-cü il tarixli, eləcə də barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrlərin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə araşdırma zamanı iddiaçının yol verdiyi müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olmuşdur. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. İddiaçının barəsində əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı»). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ona qarşı qərəzli münasibət sərgilənməsinə dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsi ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. Həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir. İddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət edilməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrinin ləğv edilməsi hissəsi də əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Milli Hematologiya və X5 hüquqi şəxsinə qarşı «əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi, əmək kitabçasında və ƏMAS sistemində məlumatlarda düzəliş edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 100 manat İMS xərci və 20 manat poçt göndərişləri və kargüzarlıq xidmətlərinə dair xərc iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Milli Hematologiya və X5 hüquqi şəxsinə qarşı «əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi, əmək kitabçasında və ƏMAS sistemində məlumatlarda düzəliş edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat İMS xərci və 20 manat poçt göndərişləri və kargüzarlıq xidmətlərinə dair xərc iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-567/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-567/2025
14.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver