Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5692/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı «xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 280 manat əsas borcu, 1.138,20 manat hesablanmış penya, əldən çıxmış fayda qismində 31,17 manat, cəmi 1.449,37 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 34,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 22/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 280 manat dəyəri olan stomatoloji xidmət göstərilmişdir. Cavabdeh isə ona göstərilmiş stomatoloji xidməti qəbul edib, bu müqavilə üzrə cəmi 280 manat məbləğində pul məbləğinin ödənilməsinə razılaşmışdır. Göstərilən xidmətin dəyərindən bugünədək heç bir məbləğ ödənilməmişdir. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Xidmət müqaviləsi üzrə ona göstərilmiş stomatoloji xidmətin dəyərini ödəməkdən müxtəlif bəhanələr ilə yayınmışdır Bundan sonra Cavabdeh pretenziya göndərilmiş və bildirilmişdir ki, göstərilmiş stomatoloji xidmətlərin dəyərindən 280 manat məbləğində borc qalmaqdadır. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 280 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini 2 ildir icra etməmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, Sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, İcraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 (sıfır tam onda beş) faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, Sifarişçi isə onu ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehə xidmət xx.xx.2023cü il tarixdə təhvil verilmişdir. Qeyd olunan gündən pretenziya göndərilən (xx.xx.2025) günədək 813 gün gecikmə günü yaranır. Müqavilə şərtlərinə əsasən (280*0,5%=1,40; 1,40*813=1.138,20) cavabdehə 1.138,20 manat penya hesablanmışdır. İddiaçı MMC 2019-cu il tarixdən stomatoloji klinika kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı MMC-yə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (813 gün) (280*5%=14; 14/365=0,38; 0,38*813=31,17) 31,17 manat maddi ziyan dəymişdir. Bu məbləğ də məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: “Stomotoloji xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 22/23 saylı müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında qeyd olunan müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı MMC Cavabdeh pullu tibbi stomotoloji xidmət göstərməyi, Cavabdeh isə bu müqavilədə müəyyən edilmiş xidmətin qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə “İş növlərinin təsviri və onların qiyməti” adlanan 1 saylı əlavədən görünür ki, müqavilədə müəyyən edilmiş və İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin ümumi dəyəri 280 manat olmuşdur. “Stomotoloji xidmətin təhvil-təsliminə dair” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tərəflər müqavilə şərtlərinə uyğun olaraq stomotoloji xidmətin yararlı halda təhvil verildiyini təsdiq etmişlər. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən stomatoloji xidmətlərin göstərilməsi haqqında 22/23 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə borclu olduğu 280 manat məbləğində pul vəsaitini 10 gün ərzində ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə müvafiq qanuni addımların atılacağı barədə cavabdehi xəbərdar etmişdir. xx.xx.2025-ci il tarixli **********90 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 34,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə və müqaviləyə əlavə üzrə İddiaçı MMC qarşısında müqavilədə nəzərdə tutulan ödənişləri ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin həmin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddia tələbinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan cavabdehin müqavilə üzrə 280 manat borcunun olması, habelə dövlət rüsumu olaraq 34,50 manat ödənilməsi öz təsdiqini tapır. Odur ki, məhkəmə əsas borcun əvəzi olaraq 280 manat pulun cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 1.138,20 manat hesablanmış penya və əldən çıxmış fayda qismində 31,17 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında xidmət müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ödənişlərin əvvəlcədən ödəniş qaydasında həyata keçirilməsi şərtləşdirilmişdir. Xidmət xx.xx.2023-cü il tarixdə müştəriyə (xəstəyə) təqdim edildikdən sonra xidmət göstərən ödənişlərin həyata keçirilməsi üçün dərhal əməli tədbirlər görməmiş, müqavilə şərtinə əsaslanaraq dəbbə pulu hesablanmasına arxayın olaraq pulun ödənilməsini tələb etməmişdir. Nəticədə xidmət təqdim edilmiş şəxs tərəfindən tibbi xidmətin dəyərinin uzun müddət ödənilməməsini əsas tuturaq bu müddət üçün əsas məbləğə mütənasib olmayan kifayət qədər böyük məbləğdə penya məbləğinin tutulması tələbini irəli sürmüşdür. Məhkəmə bu hissədə tələbi qismən, əsas borca mütənasib məbləğdə, 30 manat məbləğində tutulmasını əsaslı sayır. Məhkəmə iddiaçının əldən çıxmış fayda qismində pulun tutulmasını isə ümumiyyətlə əsassız sayır. Məhkəmə hesab edir ki, nə qədər ki, iddia tələbi qismən təmin edilmişdir, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının ödədiyi 34,50 manat dövlət rüsumunun 30 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 4,50 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 22/23 saylı “Stomotoloji xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, 280 manat əsas borc məbləği, 30 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 340 manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 22/23 saylı “Stomotoloji xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, 280 (iki yüz səksən) manat əsas borc məbləği, 30 (otuz) manat cərimə, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 340 (üç yüz qırx) manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 4,50 (dörd manat, əlli qəpik) manatı İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5692/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5692/2025
06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver