Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-573/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən qəbul edilmiş işdən çıxarılma əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx"ASC-də Cənub RETSİ-də kadrlar üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya məxsus əmək kitabçası və digər sənədlərin ona qaytarılması, işə bərpa olunduğu günə qədər ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı 2019-cu il tarixdə "xxxx" ASC-də əmək fəaliyyətinə başlamışdır. İcra etmiş olduğu vəzifə "xxxx" ASC-nin Cənub RETSİ-də kadrlar üzrə mütəxəssis olmuşdur. İşləmiş olduğu dövr ərzində vəzifə öhdəliklərinin icrası ilə əlaqədar hər hansı bir problem olmamışdır. İşləmiş olduğu dövlər ərizində öz vəzifə öhdəliklərini lazımınca yerinə yetirmişdir. Təxminən 2021-ci ilin noyabr ayı olardı "xxxx" ASC-nin cənub bölgəsinin müdiri Arif müəllim onu otağına çağıraraq ona daha yaxşı bir gəlirli iş verəcəyini bildirmiş və ona deyilənləri yazmağı təklif etmiş, o da deyilənləri ona təqdim olunmuş blanka yazmağa başlamışdır. Əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı hissəyə çatanda işdən çıxma barəsində yox, başqa işə keçmək barədə ərizə yazmalı olduğunu bildirdikdə Arif müəllim ərizəni onun əlindən geri götürmüşdür. Həmin vaxt o ərizəyə hər hansı bir imza atmamışdır. Yenə də işdən çıxmaq niyyətinin olmadığını bildirmişdir. Bu hadisədən sonra növbəti iş günü öz vəzifəsini icra edən vaxt bir işçi onun artıq işdən xaric edildiyini bildirmişdir. Həmin vaxt iddiaçı bununla bağlı Arif müəllimin yanına getdikdə narahat olmamasını, ona başqa bir iş veriləcəyini bildirmişdir. Hər dəfə öz işi ilə əlaqədar Arif müəllimin yanına gəlib getmişdir. Arif müəllimə bildirmişdir ki, ona iş verir versin, vermirsə heç olmasa sənədlərini versin, o da sənədlərin onlarda olduğunu və ona yeni iş verilməsi ilə əlaqədar sənədləri özlərində saxladıqlarını demişdir. Hər dəfə Arif müəllim eyni sözlər deyərək onu yola vermişdir. Sonradan məlum oldu ki, yeni müdir gəlib. Onun qəbulunda olmağa cəhd göstərsə də, bu mümkün olmamışdır. Yenidən həmin müdir də həmçinin onun sənədlərini verməmiş, demişdir ki, get ver məhkəməyə ondan sonra əmək kitabçasını və əmrini versin. Sonradan iddiaçının səs-küy salmasının hər hansı bir mənası olmamışdır. İddiaçıya məxsus əmək kitabçası və işdən çıxarma əmrini cavabdeh bu günə kimi verməmişdir. İşdən çıxma ərizəsində olan imza da həmçinin ona aid deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, hazırkı iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq Cənub RETSŞ-nin Xidmətlər şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdə İddiaçı İşlər İdarəsinin şöbəsinin (cənub regionu üzrə) mütəxəssis təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı şəxsi ərizəsi ilə müraciət edərək, xahiş etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilsin. İşlər İdarəsinin şöbəsinin (cənub regionu üzrə) mütəxəssisi İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyinə görə son haqqhesab iddiaçlıya təqdim olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. İddia ərizəsinin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyata alındıqı nəzərə alınsa, onun 1 aylıq iddia müddətini ötürdüyü məlum olur. Odur ki, göstərilənləri nəzərə alaraq hazırkı iş üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2019-cu ildə kadrlar şöbəsində mütəxəssis kimi işə başlamışdır. 2021-ci ildə rəis onu çağırıb başqa işə göndərmək istədiyini bildirdi. Ona xitam ərizəsi imzalatmaq istədilər, imzalamadı və xitam ərizəsi deyil, başqa işə keçirmə ərizəsi yazmalı olduğunu bildirdi. 3-4 gün işə getdi, sonra ona işdən çıxarıldığını bildirdilər. Son haqq-hesabı almışdır. Maaşı 700 manat olmuşdur. Həmin il üzrə məzuniyyətə çıxmamışdı deyə, son haqq-hesab 947 manat köçmüşdür. 3 il ərzində dəfələrlə işə bərpa edilmək üçün vəkilə müraciət etmişdir, sadəcə onda heç bir sənəd olmadığı üçün məhkəməyə müraciət edə bilməmişdir. İşdən çıxmaq barədə ərizəni özü yazmışdır, amma imza çəkməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, İddiaçı uzun müddət "xxxx" ASC-nin Cənub Regional filialında işləyərkən orda kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Ona bildirilib ki, onu daha yaxşı bir işə təyin edəcəklər, deyiblər ki, bununla bağlı ərizə yazmalıdır, o da götürüb məcbur ərizəni yazıb. Sadəcə olaraq ərizəni yazanda görüb ki, orada “yeni işə təyin olunsun” yazısı yazılmayıb. Ondan sonra hər hansı bir məlumat olmayıb. Uzun müddət əmək kitabçasını, əmri götürmək üçün gedib, lakin əliboş qayıdıb. Rəhbərlik dəyişib, onu qəbul belə etməyiblər. O da məcbur olub hazırda işə bərpa tələbi ilə məhkəməyə müraciət edir. O, aldanaraq ərizəni yazmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, İddiaçı 2019-cu ildən kadrlar bölməsində işləmişdir. 16 noyabrda ərizə ilə müraciət edib ki, onun əmək müqaviləsinə xitam verilsin. Onunla əlaqədar idarədə əmr verilmiş və o, işdən azad olunmuşdur. Ərizə və əmr 2021-ci ildə tərtib olunmuşdur. 2024-cü ildə Mediasiyaya müraciət edib, axırıncı arayışı xx.xx.2024-cü il tarixdə almışdır. Mülki Məcəlləyə əsasən iddiaçı 1 ay ərzində müraciət etməli idi. Hesab edir ki, İddiaçı iddia müddətini ötürüb. 2021-ci ildən elektron qaydada işə qəbul olmaq olur, heç əmək kitabçası da lazım olmur. Hesab edirlər ki, İddiaçı tələbləri qanuna uyğun deyil, iddia müddətini ötürmüşdür. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli k/13-02926 saylı əmrinə əsasən Cənub RETSİnin X2 Enerji Satış sahəsinin mühəndisinin əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2018-ci tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. "xxxx" ASC-nin 1419-02253 saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən Cənub RETSİ-nin Xidmətlər şöbəsində 2 ay sınaq müddəti ilə kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, əmək haqqı 575 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı X3 üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdən işdən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin 4/21-06404 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2020xx.xx.2021-ci ilinə görə 30 t/g, xx.xx.2021-xx.xx.2021-ci il iş ilinə görə 16 t/g istifadə olunmamış məzuniyyət günü üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı məktubuna əsasən onunla bağlanmş əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək kitabçasının götürmək üçün X6 RE kadrlar üzrə mütəxəssisə müraciət edilməsi xahiş olunur. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli «Şirvan» RETSİ-də çalışan işçilərin 2021-ci ilin noyabr ayı üzrə Plastik kart hesablarına mədaxil olunacaq əmək haqqı və məzuniyyət cədvəlindən görünür ki, İddiaçı son haqq hesab olaraq 947.31 manat ödəniş edilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki o, - "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli əmri ilə Cənub RETSİ-nin 2 ay sınaq müddəti ilə Lənkəran EŞ,-də nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli k/13-02926 saylı əmri ilə xx.xx.2018-ci tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. -"xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli əmri ilə Kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli mediasiya arayışına əsasən, xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında "xxxx" ASC-nin nümayəndəsi iştirak etməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 4/2014/2024 nömrəli məktubundan görünür ki, ekspert vəsatətinin təmin olunmaması əsası məhkəmə xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsininin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür; 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarına istinadən vurğulayır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, işdən azad edilməsini xahiş etmiş, cavabdeh də iddiaçının həmin ərizəsini əsas götürərək xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 13 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Nəzərə alınmalıdır ki, İddiaçı iddia ərizəsində işdən azad edilməsi barədə sənədlərin ona verilmədiyi mövqeyindən çıxış edərək məhz bu səbəbdən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə - işdən azad olunduğu tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etdiyini bildirmişdir. Halbuki iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ona son-haqq hesab olaraq 947,31 manat məbləğində pul ödənilmiş, iddiaçı məhkəmə iclasında göstərilən son haqq-hesab məbləğini aldığını təsdiq etmişdir (hətta həmin dövr üçün məzuniyyətdən istifadə etmədiyinə görə məbləğin çox hesablandığına dair izah da vermişdir). Bu da onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olduğu qənaətinə gəlməyə əsas verir. Müddət etibarı ilə iddiaçı artıq son haqq-hesabı əldə etdiyi tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Maraqlısı ondan ibarətdir ki, iddiaçı, iddia etdiyinə görə ona əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmasına məcbur edildiyini həmin vaxt bilsə də, 3 ilə yaxın müddət ərzində ümumiyyətlə bu məsələni mübahisələndirməmişdir. Səbəb kimi əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və digər zəruri sənədlərin ona təqdim olunmamasını göstərir (hərçənd hazırkı iddianı qaldırarkən də həmin məsələ ilə bağlı hər hansı dəyişiklik baş verməmiş, yəni, müvafiq sənədlər onda olmamış, məhkəmə icraatı çərçivəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir). Halbuki 2021-ci ilin sonlarından 3 ilə yaxın müddətdir ki, iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən, ən geci götürsək belə, xx.xx.2021-ci il tarixdə son haqq-hesab məbləğinin hesabına köçürüldüyü gündən bu barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə “əmrin ləğv edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilibedilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-573/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-573/2025
30.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver