Məhkəmə qərarları › İş №e-2(006)-584/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-584/2023

02.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-584/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılması barədə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv olunması, onun işə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun cavabdeh "xxxx" ASC-dən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin Yasamal RETSİ-nin nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndində əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. İddiaçı işə daxil olarkən onunla cavabdeh arasında müqavilə bağlanmış və bildirilmişdir ki, müqavilə 3 aylıq müddətə bağlanır, hər üç aydan bir müqavilə avtomatik olaraq uzanır. Lakin bu barədə iddiaçı heç bir yerə imza etməmişdir. Sonuncu dəfə isə ona bildirilmişdir ki, onunla 3 aylıq müqavilə bağlanmışdır. Lakin hesablanan tarixdən 2 ay keçməmiş iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam vermişlər. Əmək müqaviləsinin, əmrin surəti və əmək kitabçası iddiaçıya verilməmişdir. Onun işdən çıxarılması barədə hər hansı bir rəsmi məlumat da verilməmişdir. İddiaçı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış almış, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddianı məhkəməyə vermişdir. Mediasiya prosesində də qarşı tərəf iştirak etməmiş və lazımi sənədləri təqdim etməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı işdən çıxarılması barədə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv olunması, onun işinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun, eyni zamanda əmək kitabçasının əsassız olaraq iddiaçıya verilmədiyi, iddiaçıda saxlandığı müddət ərzində hər aylıq orta əmək haqqının hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilərək, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyindən qeyd olunan iddia tələbinə iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin, iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin, iddianın həcminin artırılmasına dair ərizənin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyib, iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, nümayəndəsinin, cavabdehin nümayəndələrinin izahatlarını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Yasamal RETSİ Enerji Satış şöbəsinin 5 N sahəsinin 3 N ərazisinə “nəzarətçi mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi tərəflərin razılığı ilə 3 ay müddətinə bağlanmışdır. Mülki işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Yasamal RETSİ Enerji Satış şöbəsində “nəzarətçi mühəndis” vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmış, əmək müqaviləsinin müddətinin qurtardığı vaxt xx.xx.2020-ci il qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin əmək müqaviləsinə xitam verilmə barədə xx.xx.2022-ci il tarixli k/22-01927 nömrəli əmrindən görünür ki, Yasamal RETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə K/22-01927 nömrəli, xx.xx.2022-ci il tarixli əmr əsasında “68.2.b, əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Son haqq-hesabı və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin Kadrlar şöbəsinə müraciət etməsi xahiş olunmuşdur. Mülki işin materiallarında olan xəbərnamədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə göndərilmiş məktub xx.xx.2022-ci il tarixdə verilmişdir. Mülki işin materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/3-01300 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, "xxxx" ASC-yə ilkin mediasiya sessiyası barədə 15 gün öncə poçt vasitəsilə məlumat verilməsinə baxmayaraq, sessiyada iştirak etməmiş, bu barədə hər hansı bir məlumat verməmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına 50 (əlli) manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Vəkil tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı müraciətinə əsasən aralarında hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Qeyd olunan həmin müqaviləyə əsasən İddiaçı hüquqi yardım göstərilməsi ilə əlaqədar qanunvericiliyə müvafiq olaraq, "xxxx" ASC-nin Yasamal rayon RETSİ-nin nəzarətçi mühəndisi vəzifəsində işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdə işə qəbul olunması zamanı onunla bağlanmış əmək müqaviləsinin və işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli əmrin surətinin və əmək kitabçasının surətinin sorğunu təqdim edən şəxs vasitəsilə onlara göndərilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı cavabdeh cəmiyyətin Yasamal RETSİ Enerji Satış şöbəsinin 5 N sahəsinin 3 N ərazisinə “nəzarətçi mühəndis” vəzifəsinə işə qəbul edilmiş, müqavilə tərəflərin razılığı ilə 3 ay müddətinə bağlanmış, əmək müqaviləsinin müddətinin qurtardığı vaxt xx.xx.2020-ci il qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə k/22-01927 nömrəli əmr verilmiş və əmrə əsasən, iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya xəbərdarlıq göndərərək, onunla bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsi, son haqq-hesabı və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin Kadrlar şöbəsinə müraciət etməsi barədə ona məlumat vermişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq, cavabdehlə aralarında olan əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili tərəfindən cavabdehə müraciət edilərək, əmək müqaviləsinin, işdən azad olunma barədə xx.xx.2020-ci il tarixli əmrin və əmək kitabçasının surətinin təqdim edilməsi xahiş edilmiş, sonra isə iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmışdır. Bu münasibətlərdə iddiaçı işçi, cavabdeh isə işəgötürən qismində çıxış etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin əsassız və qanunsuz olduğundan ləğv edilməsini, onun işinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun, eyni zamanda əmək kitabçasının əsassız olaraq iddiaçıya verilmədiyi, saxlandığı müddət ərzində hər aylıq orta əmək haqqının hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçının iddia müddətini ötürdüyündən iddianın əsassız hesab edilməsini və təmin edilməməsini xahiş edir. Məhkəmə iddia tələbinin “əmrin ləğv olunması, iddiaçının işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli əsaslarla 3 aylıq müddətə bağlanması düzgün hesab edilə bilməz. Buna görə də xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş əmr əsassız hesab edilir. Lakin burada qeyd edilməlidir ki, cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizə əsaslı olduğundan, həmin ərizə tətbiq edilməli, iddiaçının iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir ki, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Bundan başqa, məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Məhkəmə qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məhkəmənin qənaətinə görə, işi daimi xarakter daşıyan işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, iddiaçı 2020-ci ildən fasiləsiz və etirazsız olaraq eyni iş yerində eyni vəzifədə işlədiyindən, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların mövcud olması müəyyən edilmədiyindən onunla müddətli əmək müqaviləsini bağlanması qanunsuz olmuş, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır. Buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsini nəzərdə tutan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq xitam verilməsi düzgün olmamışdır. Beləliklə, məhkəmə iddia tələbinin “əmrin ləğv olunması, iddiaçının işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsini əsaslı hesab edir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, məhkəmə iddia müddətinin ötürülübötürülmədiyini araşdırmış və belə qənaətə gəlmişdir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı işdən azad edilməsi ilə bağlı əmrdən xəbərdar olduqdan sonra bununla razılaşmadığından mediasiyaya müraciət etmiş, 29 iyul 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edərək arayış almış, məhkəməyə isə 23 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Həmin zaman boşluğunda cavabdehə məktub yazaraq, əmək kitabçasının surətinin təqdim edilməsini tələb etdiyini bildirsə də, bu hal iddia müddətinin ötürülməməsi və ya üzrlü səbəbdən ötürülməsi hesab edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq məktubu göndərilərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə məlumat verilmiş, son haqq-hesabı və əmək kitabçasını götürmək üçün iddiaçı kadrlar şöbəsinə dəvət edilmişdir. Həmin məktub iddiaçıya çatmış, lakin o, cavabdeh tərəfin bu dəvətinə məhəl qoymamışdır. O, mediasiyaya müraciət etmiş, xx.xx.2022-ci ildə mediasiya prosesi yekunlaşmışdır. İddiaçı yenə də əmək kitabçasını götürmək üçün cavabdeh tərəfin dəvətinə getməmiş, vəkili xx.xx.2022-ci il tarixdə kitabçanın surətini əldə etmək üçün cavabdeh tərəfə məktub ünvanlamışdır. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsi barədə xəbərdar olduqda iddia müddətinin axımı başlamış, mediasiyaya müraciət etdikdə müddətin axımı dayanmış, mediasiya prosesi yekunlaşdıqdan sonra isə iddia müddətinin axımı davam etmişdir. İddia müddəti bitmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasının surətini əldə etmək üçün gözləməsinə görə məhkəməyə müraciət etməməsi dəlili ilə məhkəmə ona görə razılaşmır ki, iddiaçı əmək kitabçasının əldə edilməsi üçün cavabdehin kadrlar şöbəsinə dəvət edilməsi barədə məktubu almasına baxmayaraq, kitabçanı əldə etmək üçün dəvət olunduğu yerə getməmiş, mediasiya prosesi yekunlaşdıqdan sonra isə onun vəkili məktub yazaraq, yalnız əmək kitabçasının surətini tələb etmişdir. Halbuki, qanunvericiliyə əsasən, iddiaçının əmək kitabçasının poçtla göndərilməsini tələb etmək hüququ olmuşdur. Göründüyü kimi, əmək kitabçası cavabdeh tərəfin deyil, iddiaçının hərəkətsizliyi ucbatından iddiaçıya təhvil verilməmişdir. İddiaçının əmək kitabçası olmadan məhkəməyə müraciət etmək hüququ olmasına baxmayaraq, o, bu hüququnu vaxtında həyata keçirməmiş, belə ki, iddia müddətini ötürdükdən sonra müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin “əmrin ləğv olunması, iddiaçının işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsi əsaslı olmasına baxmayaraq, iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən iddia bu hissədə təmin edilməməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-2-ci hissələrinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, həmin maddəyə əsasən hüquqi mahiyyətinə görə işçiyə əmrin verilməsi əslində onun həmin tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar edilməsi məqsədini daşıyır. İddiaçıya sonradan həm də əmək kitabçasının təqdim edilməsi onun işdən çıxarılması ilə bağlı əmrin verilməsi ilə bağlı xəbərdar edilməsində hər hansı dəyişikliyə səbəb olmayacaqdı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 379.1, 379.1.6, 379.4-1-ci maddələrinə müvafiq olaraq, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Qanunun 32.4, 32.4.2-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun 32.1.9-cu (bu Qanunun 21.8-ci (“Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış), 29.2-ci (“İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış) və 29.3-cü (“İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış) maddələrində göstərilən arayış tərtib olunduqda) maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun (mediasiya prosesinə xitam verilməsi haqqında protokol) tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-3-cü hissələrinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə iddia tələbinin “əmək kitabçasının əsassız olaraq iddiaçıya verilmədiyi, saxlandığı müddət ərzində hər aylıq orta əmək haqqının hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndi işdən azad etmə barədə əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur. Bu baxımdan həmin sənədlərin sonuncu iş günü işçiyə verilməsinin işəgötürənin günahı ucbatından gecikdirilmədiyini sübut etmək vəzifəsi də işəgötürənin üzərindədir. Qeyd olunan sənədləri işçiyə vaxtında təqdim etməyən işəgötürən bu halın məhz işçinin günahı üzündən baş verdiyi, yaxud sənədin ondan asılı olmayan səbəblərdən işçiyə təqdim edilmədiyi barədə sübutlarını məhkəməyə təqdim etməlidir. Hazırki mübahisə üzrə işəgötürən göstərilən halları müvafiq qaydada sübuta yetirə bilmiş, iddiaçıya əmək kitabçasının və son haqq-hesabın təqdim edilməsi üçün onu aidiyyəti struktur bölməsinə dəvət etdiyi barədə məktubu müvafiq qaydada iddiaçıya çatdırmış, lakin iddiaçı dəvət edilən yerə getməmiş, əmək kitabçasının poçt vasitəsilə ona göndərilməsini tələb etmək hüququna malik olsa da, bu hüququnu həyata keçirməmiş, cavabdehə yazdığı məktubunda isə kitabçanın surətinin təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, əmək kitabçasının vaxtında verilməməsinə şəraiti cavabdeh deyil, iddiaçının özü yaratmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı hissəsinə görə, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Burada qeyd edilməlidir ki, müasir dövrdə əmək münasibətlərində əlçatanlığın təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanı tərəfindən müvafiq elektron portal yaradılmışdır. İşəgötürənlər tərəfindən işçi ilə əmək müqaviləsi bağlanan zaman məlumatların həmin portalda qeydə alınması zəruridir, əks halda məsuliyyətə səbəb olur. Buna görə də istənilən işəgötürən işçinin şəxsi məlumatlarını portala daxil etməklə onu işə götürə bilər (əgər işçinin əsas iş yeri yoxdursa). Məhkəmə hesab edir ki, əmək kitabçasının təqdim edilə bilməməsinə görə işçi ilə əmək müqaviləsi bağlamaqdan imtina edilməsi barədə praktika köhnəlmişdir və müasir dövrdə bu imtina əsaslı, düzgün hesab edilə bilməz. Əsas iş yeri olmayan şəxsin qarşılıqlı razılıq əsasında elektron portalda qeydə alınmaqla işə götürülməsi müasir dövrün tələblərinə uyğun gələn praktikadır və məhkəmənin qənaətinə görə işəgötürənlər işə götürmə siyasətini bu istiqamətdə həyata keçirməlidirlər. İşin halları əsasında müəyyən edilir ki, əmək kitabçasının iddiaçıya təqdim edilməsinin cavabdehin təqsiri üzündən ləngiməsi halı mövcud deyildir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. İddia tələbləri ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən həm işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı, həm də əmək kitabçasının gecikdirilməsinə görə orta aylıq əmək haqqı tələbləri bir-birləri ilə bir araya sığmayan tələblərdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbləri tam aydın deyildir, belə ki, o, eyni zamanda ziddiyyətli tələblərlə məhkəməyə müraciət etmişdir. İddia tələbinin “mediasiya xərcinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, əsas iddia tələbləri təmin edilmədiyindən mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Belə ki, mediasiya xərci məhkəmə tərəfindən aşağıdakı normaya müvafiq olaraq məhkəmə xərci kimi qiymətləndirilir və iddia təmin edilmədiyindən məhkəmə xərci də iddiaçıya aid edilir: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar