Məhkəmə qərarları › İş №e-2(006)-5845/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5845/2025

07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5845/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə və Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə və Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı il 21 aprel tarixli, 404 nömrəli nikah akt qeydi əsasında İddiaçı və X1 arasında bağlanmış nikahın etibarsız hesab edilməsinə (etibarsız sayılmasına); nikah akt qeydinin qüvvədən düşmüş hesab edilməsinə; məhkəmə qərarının surətinin Nəsimi Rayon Qeydiyyat Şöbəsinə göndərilərək müvafiq qeydiyyat kitabından həmin nikahın ləğv edilməsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmənin mövqeyi:

4. Belə ki, iddia ərizəsinin ilkin araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdeh qismində müvafiq inzibati orqanları göstərərək, birgə nikahda olduğu şəxsi tanımadığını, dövlət orqanlarına sorğular verməsinə baxmayaraq, həmin şəxsin mövcudluğu ilə bağlı heç bir məlumat olmadığını bildirərək, adına aparılmış nikah akt qeydinin düzgün olmamasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi inzibati orqanla vətəndaş arasında ümumi (publik) hüququn nizamasalma predmetinə aid mübahisə olduğuna görə, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Buna görə də iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və hazırkı ərizəsi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

b) Tətbiq olunan normalar:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 4 №-li Qərarı: Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Bənd 9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”: 2, 2.1.4-cü bənd. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır.

Nəticə:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə və Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********33). İddiaçıya hazırkı tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar