Məhkəmə qərarları › İş №e-2(006)-5928/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5928/2021

21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5928/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızının (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin nikahın etibarsız sayılmasına dair hissəsində təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızı (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin nikahın etibarsız sayılmasına dair hissəsində təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 19.08.2021-ci il tarixli barışıq sazişinin, Səadət Sarayında (Bakı Nikah Evində) nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 iyul 2021-ci il tarixdə 771 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması hissəsinin təsdiq edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızı «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada mediasiya prosesi nəticəsində 19.08.2021-ci il tarixdə mediator X1 iştirakı ilə onunla Maraqlı şəxs arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən (2.1-ci bənd) tərəflər arasında bağlanmış, Səadət Sarayında (Bakı Nikah Evində) nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 iyul 2021-ci il tarixdə 771 saylı akt qeydi ilə bağlanmış nikahı etibarsız sayırlar və bu saziş bağlandığı gündən həmin nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulmuş, xüsusi icraat və ya iddia icraatı qaydasında tərəflərin birinin müraciəti əsasında məhkəmədə baxılmasına etiraz etmirlər. Göründüyü kimi, barışıq sazişində könüllü icra edilməsi üçün tərəflər arasında müddət müəyyən edilmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş həmin müddət keçmişdir. Əlavə olaraq bildirmək istəyir ki, onun Maraqlı şəxs ilə ailə qurmaq niyyəti olmamışdır. Həmin nikah onun könüllü razılığı olmadan, yəni, valideynləri tərəfindən məcburiyyət, aldatma və yanılma nəticəsində bağlanmışdır. Belə ki, o, Maraqlı şəxs tanımamışdır, valideynləri isə, onu aldadaraq, maraqlı şəxsin xasiyyətində olan bəzi qəribəlikləri ondan gizlətmişlər. Nikah qeydiyyata alınsa da, faktiki olaraq ailə qurmamışlar. Belə ki, toy mərasimi ilə nikahın rəsmiləşdirilməsinin bir gündə qeydə alınması vaxt baxımından onlar üçün uyğunsuz olduğundan nikahın rəsmiləşdirilməsi toydan cəmi bir neçə gün əvvələ təyin edilmişdir. Lakin, nikahın qeydiyyata alındığı gündən bir neçə gün sonra təyin edilmiş toy mərasimlərinin keçirilməsindən imtina edilmişdir. Belə ki, toylarına bir gün qalmış o, Maraqlı şəxs tam olaraq təsvir edildiyinin əksi olduğunun şahidi olmuşdur. Toya bir gün qalmış onlar möhkəm mübahisə etmişlər və hər ikisi ailə qurmamağa qərar verərək, toyun keçirilməsindən imtina etmişlər. Nəinki bir gün, bir saat belə birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Barışıq sazişindən də göründüyü kimi, tərəflər onu könüllü icra etmək niyyətindədirlər. Lakin, Maraqlı şəxs tərəfindən saziş könüllü icra olunmur. Hesab edir ki, Maraqlı şəxs ilə aralarında bağlanmış yuxarıda qeyd olunan barışıq sazişinin nikahın etibarsız sayılması hissəsi məhkəmə tərəfindən təsdiq edilməli və bu barədə qətnamə qəbul edilməlidir. Ərizəçi ərizəsində MPM-nin 305.1, 305.1.17, 355-25.1, 355-25.3-cü maddələrinə istinad etmişdir. Ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsində təsbit olunmuş imperativ göstərişə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Göründüyü kimi, nikah mütləq şəkildə məhkəmə qaydasında etibarsız sayılmalıdır. Nikahın etibarsız hesab edilməsi ilə bağlı mübahisə mediasiya qaydasında bağlanmış barışıq sazişinə əsasən həll edilə bilməz. Bu, qanunvericiliyə ziddir. Məhz bu səbəbdən, məhkəmə hesab edir ki, ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızının (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin nikahın etibarsız sayılmasına dair hissəsində təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi rədd edilməli və barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızının (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin nikahın etibarsız sayılmasına dair hissəsində təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməməlidir. Ərizəçiyə izah edilməlidir ki, o, nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia icraatı qaydasında ərizə ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Axundova (Hüseynzadə) Dinarə Kamran qızının (Maraqlı şəxs qismində qeyd etməklə) «barışıq sazişinin nikahın etibarsız sayılmasına dair hissəsində təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin və barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar