Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6030/2025 30.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzininin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzininin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən azad edilməsinə əsas olan “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan "xxxx" ASC-nin Enerji Satış Departamenti, Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət abonentləri üzrə sayğac quraşdırma şöbəsində texnik-operator (kompüter operatoru) vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının "xxxx" ASC-dən tutаraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixindən "xxxx" ASC-nin Enerji Satış Departamenti, Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət abonentləri üzrə sayğac quraşdırma şöbəsində texnik-operator (kompüter operatoru) vəzifəsində, tam iş vaxtı rejimində, müddətsiz əmək müqaviləsi əsasında əsas iş yeri üzrə işləmişdir. Əmək müqaviləsinin strukturu, faktiki işlədiyi ünvan (ünvan 1ər məlumatlar elektron əmək müqaviləsi bildirişində və əmək kitabçasında öz əksini tapmışdır. Əvvəlki dövrlərdə iddiaçı barəsində əmək intizamını pozma, işdən özbaşına qalmalar, kobud intizam xətaları və s. barədə hər hansı mənfi qeyd mövcud olmamış, bu da iddiaçının ümumilikdə işini vicdanla yerinə yetirdiyini və əmək münasibətləri müddətində işəgötürənin mənafeyinə zidd hərəkət etmədiyini göstərmişdir. 2025-ci ilin avqust ayında iddiaçının səhhəti ilə bağlı ciddi problemlər yaranmış, müayinəyə və müalicəyə ehtiyac olmuşdur. Bu səbəbdən o, xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı yazılı ərizə ilə avqustun 20-dən, sentyabrın 12-dək sağlamlıq vəziyyəti ilə əlaqədar öz hesabına məzuniyyət ayrılmasını xahiş etmişdir. Lakin cavabdeh bu barədə öncədən məlumat verilməli olduğunu qeyd etmiş və imtina etmişdir. Buna görə də iddiaçı 20 avqust 2025-ci il tarixində yeni ərizə yazaraq 01 sentyabr 2025-ci il tarixindən 30 sentyabr 2025-ci il tarixinədək sağlamlıq vəziyyəti ilə əlaqədar öz hesabına, ödənişsiz olaraq məzuniyyət ayrılmasını xahiş etmişdir. Ərizədə xüsusi olaraq qeyd olunmuşdur ki, zərurət yarandıqda iddiaçı tibbi arayış, müayinə, müalicə, MRT və digər sənədləri təqdim etməyə hazırdır. Həmin ərizə Enerji Satış Departamentinin direktoru E.Dadaşov, müvafiq rəhbərlik ayrılmış “Etiraz etmirəm” qrafaları olan rəsmi formaya yazılaraq işəgötürənə verilmişdir. Lakin göstərilən ərizə barədə işəgötürən tərəfindən nə razılıq, nə rədd cavabı, nə də əlavə izahat tələbi təqdim edilməmiş, ərizənin qeydiyyata alınıb-alınmaması barədə iddiaçıya heç bir məlumat çatdırılmamışdır. Buna görə də işci məcbur olmuş, sağlamlıq vəziyyətinin ağırlığına baxmayaraq işə getməyə davam etmişdir. Daha sonradan digər işcilər bildirmişdir ki, bəs iddiaçının xahişi ilə bağlı ərizəsini rəhbərlik imzalamır və səbəb bildirmir. Ərizə ilə yanaşı, iddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar xx.xx.2025-ci il tarixində işə gedə bilmədiyi üçün izahat yazması tələb edilmiş və o, xx.xx.2025-ci il tarixli izahatında ərizəsinin səbəbini və işə gəlməməsinin səbəblərini ətraflı şəkildə izah etmişdir. İddiaçı həmin izahatında bildirmişdir ki, xx.xx.2025-ci ildən etibarən səhhəti ilə bağlı cavabdehə müraciət etmiş, öz hesabına məzuniyyət istəmiş, bu barədə baş idarəyə də məlumat verilmişdir. Eyni zamanda, ona idarədə rəsmi həkim və ya tibbi komissiya olmadığı, müayinə üçün ayrıca yönləndirmə prosedurunun mövcudluğu barədə məlumat verilməmiş, hər hansı aydın qayda izah edilməmişdir. İddiaçıya açıq şəkildə deyilməmişdir ki, ərizənin qəbul edilməməsi və ya rədd olunması səbəbilə mütləq işdə iştirak etməlidir, işə gəlmədiyi təqdirdə bu hal “kobud pozuntu” kimi qiymətləndiriləcəkdir. Beləliklə, işəgötürən tərəfindən iddiaçıya dəqiq, aydın, yazılı mövqe bildirilməmiş, onun üçün aydın hüquqi situasiya yaradılmamışdır. Bu şəraitdə iddiaçı, qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı ərizə verməsini və işəgötürən tərəfindən buna əks cavab alınmamasını nəzərə alaraq, yaranmış vəziyyəti özünün haqlı gözləntisi kimi qiymətləndirmişdir. Lakin iş yerində təzyiqlərə məruz qaldığı üçün işə gəlməyə davam etmişdir. Buna baxmayaraq, cavabdeh vəziyyəti qanunla nəzərdə tutulmuş qaydada aydınlaşdırmaq əvəzinə, xx.xx.2025-ci il tarixində iddiaçı barəsində birdən-birə ayrı intizam əmri imzalamışdır. K/25-03735 saylı “İntizam tənbehi tətbiq olunması barədə” əmrdə guya iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığı, müəssisədaxili intizam qaydalarını pozduğu əsas gətirilərək ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi nəzərdə tutulmuşdur. Lakin bu hallarla bağlı heç bir sübut göstərilməmiş, cavabdeh tərəfindən əsaslandırılmamışdır. Beləliklə, əmr formal xarakter daşımış, ümumi və faktik haları nəzərə almadan tərtib olunmuşdur. Belə ki, iddiaçı iş yerində ona qarşı olan qərəzli münasibətlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və X5 Xidmətinə müraciət etmişdir. Belə ki, bu müddət ərzində iddiaçı onun sağlamlığında olan problemlərə baxmayaraq işə gəlməyə davam etmiş, yalnız 1 gün, xx.xx.2025-ci il tarixində işə gələ bilməmişdir, bununla əlaqədar olaraq da məlumat vermiş və səbəbini izah etmişdir. Belə ki, əvvəlki illərdən bəri davam edən nevroloji (beyin) və başağrısı problemləri ilə birbaşa əlaqədardır və bu hal rəsmi tibbi sənədlərlə təsdiqlənir. Belə ki, TC X8 Devlet Hastanesi tərəfindən xx.xx.2018-ci il tarixində aparılmış kontrastlı kranial MR müayinəsi üzrə hesabatda (“X11”) iddiaçı barədə “tanı: R51 Baş ağrısı” göstərilmiş, müayinənin nəticəsi kimi sağ yüksək ventrikülər səviyyədə frontoparyetal subkortikal beyaz maddə ilə əlaqəli, bilobule və oval konturlu, təxminən 13x11 mm ölçüdə, bütün sekanslarda BOS-la izointens görünüşlü araxnoid tipli kistik törəmə təsvir edilmişdir; eyni zamanda, hər iki maksilar sinusda mukozal qalınlaşma qeydə alınmışdır. Bu rəy iddiaçının baş ağrısı şikayətlərinin təsadüfi deyil, beyində struktur kistik dəyişikliklə müşayiət olunduğunu və nevroloji nəzarətə ehtiyac yaratdığını göstərir. Həmin xəstəxanada xx.xx.2019-cu il tarixində aparılmış növbəti kranial MR müayinəsi (ikinci “X11”) də əvvəlki diaqnozu təsdiq edir. Hesabatda yenə “tanı: R51 Baş ağrısı” qeyd olunmaqla, sağ frontoparyetal beyaz maddədə 14x11 mm ölçüdə, T1 seqmentində hipointens, T2 seqmentində hiperintens siqnal xarakterli kistik görünüşlü lezyon təsvir edilmiş, bu lezyonun lateralında kortikal sulkuslarla incə bağlantı olduğu, klinik–nevroloji müayinə nəticələri ilə birlikdə qiymətləndirilməsi və müntəzəm təqib olunmasının tövsiyə edildiyi göstərilmişdir. Həmin hesabata görə supraselar sistemdə genişlənmə, hipofiz vəzin hündürlüyündə yüngül azalma (parsial “empty sela” şübhəsi) və yenidən bilateral maksillar və etmoid sinuslarda mukozal qalınlaşma qeyd olunmuşdur. Bu tibbi sənədlərdən aydın olur ki, iddiaçı hələ 2018–2019cu illərdən bəri baş ağrıları, beyində kistik lezyon və sinus patologiyası səbəbilə müntəzəm nevroloji nəzarətə və MRT müayinələrinə ehtiyac duyan xəstə statusundadır. Bu hallar iddiaçının 2025-ci ildə "xxxx" ASC rəhbərliyinə xəstəliklə bağlı ərizə verməsini, MRT və digər müayinələrə getmək üçün ödənişsiz məzuniyyət istəməsini tam obyektiv şəkildə əsaslandırır. Başqa sözlə, iddiaçının işdən məcburi ayrılma zərurəti subyektiv istəkdən deyil, əvvəldən mövcud, rəsmi tibbi sənədlərlə təsdiq olunmuş, mütəmadi müalicəyə ehtiyac duyulan nevroloji xəstəlikdən irəli gəlir və Əmək Məcələsinin 128 və 129-cu maddələrində nəzərdə tutulmuş “fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda ödənişsiz məzuniyyətdən istifadə hüququ” kateqoriyasına tam uyğun gəlir. Buna baxmayaraq, cavabdeh işəgötürən iddiaçının bu tibbi sənədləri və səhhətinə dair müraciətlərini nəzərə almamışdır. Azərbaycan Respublikası Əmək müqaviləsi bildirişləri informasiya sistemində də açıq aşkar görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində) texnik-operator vəzifəsində, əmək müqaviləsi əsasında fasiləsiz çalışmışdır. Həmin sistemdə əmək müqaviləsinə xitam barədə məlumatda göstərilir ki, işəgötürən tərəfindən K/25-04098 nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən AR Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi (“işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”) əsası göstərilməklə xitam verilmişdir. Çıxarışda əmr statusu “qüvvədədir”, “etibarlıdır” kimi qeyd olunsa da, yuxarıda göstərilən halar – iddiaçının uzun ilər qüsursuz əmək fəaliyyəti, sağlamlıqla bağlı rəsmi tibbi sənədlər, ödənişsiz məzuniyyət üçün yazılı müraciəti və işəgötürənin bu müraciətləri nəzərə almaması və iddiaçıya qərəzli münasibət göstərərək K/25-04098 nömrəli, xx.xx.2025-ci il tarixli xitam əmri üzrə qeyd olunmuş 70/ç bəndinin faktiki əsasının olmadığını və əmrin qanunsuz verildiyini təsdiq edir. Buna görə də, iddiaçı xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət etmiş, Bakı 6 saylı mediasiya təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasına getmişdir. Lakin tərtib edilmiş MSB/6-02148 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmiş, bu yolla mübahisənin dinc həlinə, pozulmuş əmək hüquqlarımın qarşılıqlı razılaşma ilə bərpasına da imkan verməmişdir. İddiaçı ilə cavabdeh arasında yaranmış əmək mübahisəsi üzrə iddia müddətinin hesablanması zamanı həm Mülki Məcəllənin, həm də “Mediasiya haqqında” Qanunun tələbləri nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcələsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilə bilər. İddiaçı "xxxx" ASC-də fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü olmaqla, bu norma onun əmək hüquqlarının əlavə təminat mexanizmi kimi tətbiq edilməli idi. Lakin xx.xx.2025-ci il tarixli, K/25-04098 nömrəli xitam əmri tərtib edilərkən cavabdeh işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına müraciət edilməsi, xitam məsələsinin müzakirəyə çıxarılması, həmkarlar ittifaqının razılıq və ya rədd barədə hər hansı qərarının alınması və iş materiallarına əlavə edilməsi həyata keçirilməmişdir. İş materiallarında həmkarlar ittifaqının razılığına dair protokol, qərar, məktub və ya hər hansı rəsmi sənəd mövcud deyil. Deməli, işəgötürən əmək müqaviləsini 70/ç bəndinə əsasən ləğv edərkən 80-ci maddənin tələb etdiyi məcburi proseduru pozmuş, həmkarlar ittifaqının qabaqcadan razılığını almadan xitam tətbiq etmişdir. Bu barədə həmkarlar ittifaqının iddiaçı ilə heç bir görüşü və s. olmamışdır. Nəticə etibarilə belə xitam əmri üçün qanunsuzluq və etibarsızlıq əsası hesab olunmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, o, 11 sentyabr 2025-ci il tarixdə xəstəliyi ilə əlaqədar işə gedə bilməmiş, tibb müəssisəsinə yaxınlaşaraq ona xəstəliyinə görə bülleten açılmasını bildirmiş, lakin tibb müəsissəsi bundan imtina etmişdir. Həmin gün işə getməməsi barədə otaq yoldaşına mesaj yazmışdır. Lakin rəsmi qaydada heç bir şəxsdən icazə almamışdır. Ümumiyyətlə onların iş qrafiki saat 9-da başlayır və 18:00-da bitir. İşə gələrkən müvafiq qaydada qeydiyyat aparatından keçirlər, lakin iş yerini tərk edərkən heç bir həmin aparatdan qeydiyyatdan keçmir. 1 gün işə gəlməməsinə görə onun işdən bu maddə ilə azad edilməsi düzgün deyil,çünki o, iş yoldaşına məlumat vermişdir,sonradan ona özünün ərizə yazmaqla işdən çıxmasını bildirmişlər, o isə bununla razılaşmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materialları: İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru vəzifəsində işə qəbul edilmişdir. "xxxx" ASC üzrə verilmiş xx.xx.2020-ci il tarixli Ü-20/025 saylı əmrlə təsdiq edilmiş "xxxx" ASC X2 Qaydalarının 4-cü (əməkdaşın iş vaxtı barədə) bəndindən görünür ki, əgər əməkdaşın Cəmiyyətlə fərdi əmək müqaviləsi, yaxud həmin əməkdaşın işlədiyi struktur vahidinin əsasnaməsində başqa bir hal göstərilməmişdirsə, işin başlanma və qurtarma vaxtı Cəmiyyətin bütün üzvləri üçün məcburidir. İşə vaxtında başlamaq üçün (iş yerinin hazırlanması və özünün hazırlaşması) əməkdaş iş günü başlanmasının rəsmi vaxtından 10 dəqiqə əvvəl iş yerində olmalıdır. İş vaxtı iş yerində bilvasitə rəhbərə xəbərdarlıq etmədən 2 saatdan çox olmamaq üzrsüz yerə işdən yayınma hesab edilir, bu hal habelə əməkdaşların işə sistematik olaraq gecikməsi intizam tənbehinin verilməsinə səbəb olur. Sistematik gecikmələr Cəmiyyətin işçi ilə gələcək əməkdaşlıqdan imtina etməsi üçün hüquqi əsasdır. Nahar fasiləsi müddəti (nahar) 1 saat təşkil edir və Cəmiyyətin hər bir bölməsi üçün onun rəhbəri tərəfindən bölmənin iş spesifikasından və xidməti zərurətindən asılı olaraq təyin edilir. Nahar fasiləsi elə təşkil olunmalıdır ki, telefon zənglərinə cavab verməyə, informasiya və məsləhət vermək üçün işçi olsun. Xüsusi vəziyyətlərdə iş vaxtının başlanması və bitməsi, nahar fasiləsi zamanının başqa vaxta keçirilməsi rəhbərin təşəbbüsü ilə əmr formasına uyğun şəkildə tərtib edilə bilər. Cəmiyyətdə istirahət və bayram günləri əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilməlidir. İstehsal zərurəti yaranarsa, işçinin tabe olduğu rəisi Cəmiyyətin rəhbərliyini məlumatlandırmaqla əməkdaşları, yaxud bütün işçi heyətini iş vaxtından əlavə işə cəlb edə bilər. "xxxx" ASC-nin Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşov tərəfindən ASC-nin rəhbərliyinə ünvanlanmış təqdimatdan görünür ki, Enerji Satışı Departamentinin Sayğacquraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə texnik operatoru X9 tərəfindən əmək intizamı qaydalarının pozulması halları hər gün müşahidə olunur. X6 dəfələrlə izahatı alınmasına, şifahi xəbərdarlıq olunmasına, rəsmi intizam tədbirlərinin görülməsinə baxmayaraq özbaşınalıq halları davam edir. Belə ki; xx.xx.2025-ci il tarixində saat 12:30-da idarədən çıxmış, nahar bitdikdən sonra idarəyə qayıtmamış, saat 15:40-da geri dönmüş, 16:10-da isə yenidən icazəsiz şəkildə heç bir üzrlü səbəb olmadan iş yerini tərk etmişdir. Buna görə də işə davamiyyət kartını turniketə oxutmamışdır. xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində əməkdaş saat 13:00-da nahara çıxmış, heç bir üzrlü səbəb olmadan və heç kimə məlumat vermədən iş saatının sonunadək idarəyə geri qayıtmamışdır. xx.xx.2025-ci il tarixində saat 09:00-da idarəyə gəlmiş, 10:00-da icazəsiz şəkildə idarəni tərk etmiş, 14:30-da geri qayıtmış, 16:00-da isə çıxaraq iş saatının sonuna qədər geri qayıtmamışdır. Bu özbaşınalıq hallarının davam etməsinə baxmayaraq dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılsa da, cavab alınmamışdır. xx.xx.2025-ci il tarixində saat 13:00-da idarədən çıxmış, nahar bitdikdən sonra idarəyə qayıtmamışdır. Buna görə də işə davamiyyət kartını turniketə oxutmamışdır. xx.xx.2025-ci il tarixində əməkdaş saat 15:20-də heç bir üzrlü səbəb olmadan və heç kimə məlumat vermədən işdən getmiş və iş saatının sonunadək idarəyə geri qayıtmamışdır. xx.xx.2025-ci il tarixində əməkdaş icazəsiz şəkildə heç kimə məlumat vermədən özbaşınalıq edərək gün ərzində idarəyə gəlməmişdir. Tam bir iş günü iş yerində olmamışdır. Bu özbaşınalıq hallarının davam etməsinə baxmayaraq dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılsa da cavab alınmamışdır. xx.xx.2025-ci il tarixində saat 13:00-da idarədən çıxmış, nahar bitdikdən sonra idarəyə qayıtmamışdır. xx.xx.2025-ci il tarixində əməkdaş saat 11:20-də idarəni tərk etmiş və iş saatının sonuna kimi idarəyə geri qayıtmamışdır. Qeyd edilən hallardan görünür ki, əməkdaş təkrar-təkrar rəhbər göstərişlərinə tabe olmamış və izahat yazmaqdan imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq əməkdaşın yenidən işə davamiyyət intizamını pozması faktı təsdiq olunmuş və bu barədə aktlar tərtib edilmişdir. Odur ki, əmək intizamının qorunması və oxşar pozuntuların təkrarlanmaması məqsədilə Enerji Satışı Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə texnik operatoru X7 növbəti ciddi nizam-intizam tədbirinin verilməsini xahiş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə səhhətində yaranan problemə görə işə gələ bilmədiyini bildirmiş və güzəşt edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə ünvanlandığı ərizəsindən görünür ki, o, səhhətində yaranmış problemlə əlaqədar 20 avqust tarixdən 12 sentyabr tarixədək öz hesabına məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə ünvanlandığı ərizəsindən görünür ki, o, səhhətində yaranmış problemlə əlaqədar 01 sentyabr tarixdən 30 sentyabr tarixədək öz hesabına məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə işə vaxtında gəldiyini, kart vurmaq üçün yuxarı qalxdığını, lakin kartı vurmağı unutduğunu bildirmişdir. "xxxx" ASC-nin 01 sentyabr 2025-ci il tarixli K/25-03681 saylı əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru İddiaçı "töhmət" intizam tənbehi verilmişdir. "xxxx" ASC-nin 04 sentyabr 2025-ci il tarixli K/25-03735 saylı əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru İddiaçı "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il,xx.xx.2025-ci il,xx.xx.2025-ci il tarixli aktlardan müəyyən edilir ki, əməkdaşlar İddiaçı işə davamiyyətə riayət etmədiyini, iş saatlarında iş yerini iş vaxtı bitmədən tərk etdiyini təsdiqləmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə yazdığı izahatda bildirmişdir ki, barəsində yazılmış təqdimatla tanış olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 13:00-da nahar vaxtı evdə azyaşlı uşaqlarına yemək vermək üçün getmiş və uşağının qızdırması qalxdığı üçün onu həkimə aparmış və işə geri qayıda bilməmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 15:30-da icazəsiz iş yerini tərk etməmişdir. Həmin gün işdə olmuşdur. xx.xx.2025-ci il tarixdə isə qeyd etdiyi səbəbdən nahardan qayıda bilməmişdir. Bir daha belə halların təkrarlanmayacağına söz verir. Təqdimatda qeyd edilən kimi hər gün əmək intizamını pozmamışdır, bəzi hallarda pozmuşdur. "xxxx" ASC-nin 09 sentyabr 2025-ci il tarixli K/25-03786 saylı əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru İddiaçı "xəbərdarlıq" elan edilmişdir. "xxxx" ASC-nin hüquq idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru İddiaçı 2025-ci ilin sentyabr ayında üzrsüz səbəbdən iş yerini tez-tez tərk etməsi, xx.xx.2025-ci il tarixdə isə ümumiyyətlə işə gəlməməsi barədə təqdimatın araşdırılması ilə əlaqədar hüquq idarəsinə dəvət edilmişdir. İddiaçı heç bir səbəb gətirmədən izahat yazmayacağını bildirərək izahat verməkdən imtina etmiş və xidməti otağı tərk etmişdir. "xxxx" ASC-nin X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texniki operatoru İddiaçı haqqında İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsinə X3 etiraz etmir. "xxxx" ASC-nin 16 oktyabr 2025-ci il tarixli K/25-04098 saylı əmri ilə heç bir üzrlü səbəb olmadan tam iş günü (xx.xx.2025, xx.xx.2025) işə gəlməyərək və 2 ay ərzində müxtəlif günlərdə icazəsiz şəkildə vaxtından əvvəl iş yerini tərk edərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş və AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2025-xx.xx.2025-ci iş ilinə görə 1 t/g) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru vəzifəsində çalışan İddiaçı ciddi nöqsanlara yol verdiyi, əmək müqaviləsi ilə öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı, "Azərişıq” ASC X2 Qaydalarını və müəssisədaxili nizam-intizam qaydalarının tələblərini kobud şəkildə pozaraq xx.xx.2025-ci il tarixindən hal-hazıradək heç bir üzrlü səbəb olmadan və müəssisənin rəhbərliyinə məlumat vermədən, əməkdaşın iş yerini davamlı olaraq vaxtından əvvəl tərk etdiyi və işə gec gəldiyi müəyyən edilmişdir. Belə ki, aparılan araşdırmalar zamanı Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texnik operatoru İddiaçı heç bir üzrlü səbəb olmadan və rəsmi sənəd təqdim etmədən, xx.xx.2025-ci il tarixindən hal-hazıradək müxtəlif günlərdə icazəsiz şəkildə vaxtından əvvəl iş yerini tərk etmiş, bu səbəbdən işə davamiyyət kartını çıxış zamanı turniketə oxutmamışdır. Həmçinin, müxtəlif günlərdə tam iş günü xidməti yerində olmadığı aşkar olunmuş və bu barədə barəsində aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Əmək Məcəlləsinin tələblərini pozaraq vəzifə öhdəliklərinin icrasına səhlənkar və məsuliyyətsiz yanaşmaqla əvəllər eyni nöqsanlara görə barəsində görülmüş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, müəssisədaxili nizam-intizam qaydalarının tələblərini kobud şəkildə pozmaqda davam etmişdir. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-02148 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 50 manat mediasiya rüsumu və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. İşəgötürənin təqdim etdiyi Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin sentyabr ayının günləri üzrə işə davamiyyət cədvəlindən görünür ki, İddiaçı işdə olduğu saatlara mütənasib olaraq əmək haqqı hesablanmışdır. Həmçinin İddiaçı əmək haqqı üzrə hesablanma cədvəlindən də görünür ki, işçiyə avqust ayında 527,89 manat, sentyabr ayında 342,11 manat və oktyabr ayında isə 92,09 manat əmək haqqı hesablanmışdır. Məhkəmə iclasında izlənilmiş iddiaçının mobil tətbiq üzrə yazışmalarının ekran görüntüsündən aydın olur ki, iddiaçı Samir adlı şəxsə 11 sentyabr 2025-ci il tarixdə saat 07:42-də yazaraq işə gələ bilməyəcəyini, həkimə getdiyini bildirmişdir. Həmçinin ekran görüntülərindən müəyyən edilir ki, iddiaçı avqust ayında öz hesabına məzuniyyət üçün ərizə yazmış, lakin işəgötürən onun ərizəsini təmin etməmişdir. Bundan sonrakı danışıqlarda iddiaçıya müvafiq maddə əsasında işdən çıxarılacağı barədə məlumat verilmişdir.İddiaçı özü qarşı tərəfə maaşından kəsilmə olduğunu bildirmiş, qarşı tərəf də ona işə gəlmədiyi günlərin əmək haqqının ona ödənilmədiyini qeyd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aiddir: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin hüquqlarından biri kimi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək çıxış edir. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 95-ci maddəsinin: 1-ci bəndinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 2-ci bəndinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 182-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər. 186-cı maddəsinin: 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürənin ona verilə bilən intizam tənbehlərindən biri töhmətdir. 187-ci maddəsinin: 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 190-cı maddəsinin 3-cü bəndinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə təqdim edilmiş sübutları tərəflərin izahatları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçı iddiasında haqlı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, əmək münasibətlərinə işəgötürənin müvafiq əmrinə əsasən iddiaçının (işçi) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizamintizam qaydalarını kobud şəkildə pozması əsas gətirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Məhkəmə belə hesab edir ki, işəgötürən əmək münasibətlərinə xitam verilərkən haqlı olaraq müvafiq normaya istinad etmişdir. Belə ki, həm iddiaçının özünün yazdığı izahatlardan, həm də onun barəsində qəbul edilmiş əmrlərdən və işə davamiyyətlə bağlı tərtib edilmiş aktlardan görünür ki, iddiaçı cavabdeh qurumda işlədiyi müddətdə bir neçə dəfə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşmış və müəssisədaxili intizam qaydalarını pozmuş, barəsində 3 dəfə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Ona edilən xəbərdarlıqlara baxmayaraq işçi intizamsızlıq nümayiş etdirməyə davam etmişdir. İddiaçı həqiqətən də işə laqeyd yanaşmış, onun işə gəlib tez getməsi və ya ümumiyyətlə gəlməməsi halları dəfələrlə baş vermişdir. İddiaçı səhhətində problem olmasını, bu səbəbdən işə gələ bilmədiyini bildirsə də, buna dair müvafiq sənədləri (bülleten və s.) işəgötürənə təqdim etməmişdir. Bu səbəbdən işəgötürən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı sözügedən əmri qəbul etməkdə haqlı olmuşdur. İddiaçının işə gəlməməsinə səbəb kimi istinad etdiyi xroniki xəstəliyi ilə bağlı dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə iddiaçının həqiqətən də bu və ya digər xroniki xəstəlikdən əziyyət çəkməsinə inkar etməsə də, iddiaçının özünün də iddia tələbində istinad etdiyi kimi həmin xəstəliyə dair tibbi sənədləri 2018-2019-cu illərə aiddir,lakin hazırki mübahisənin yaranmasına əsas olan hal kimi işdə davamiyyətə riayət edə bilməməsinin məhz həmin xəstəlikdən irəli gəlməsinə dair isə heç bir mötəbər sübut mövcud deyildir. İşçinin işəgötürənin bəzən işə davamiyyətə mülayim münasibətindən istifadə etməklə, iş yerini iş gününün istənilən saatında kifayət qədər üzürlü əsaslar olmadan tərk etməsini, işdən bu və ya digər səbəblərə görə getməsi və ya bütün iş günü ərzində işə gələ bilməməsi ilə bağlı aidiyyəti rəhbər şəxslərdən icazə almamasını, sadəcə otaq yoldaşını məlumatlandırmaqla kifayətlənməsini məhkəmə sui-istifadə kimi qiymətləndirir. İşəgötürənin işdəki davamiyyətə qarşı loyal siyasəti işçilərin iş saatlarında iş yerində olmalarını öz arzularına uyğun tənzimləməyə əsas verməməlidir.Üstəlik də hazırki işəgötürənin ölkə miqyasında göstərdiyi funksiyalara uyğun olaraq işin fasiləsizliyi nəzərə alınmaqla, işçini sistematik olaraq bəzi günlərdə və ya iş gününün bəzi saatlarında işdə olmamasını onun şəxsi məsələləri ilə əlaqələndirməsində haqlı hesab etmək mümkün deyildir. İddiaçı iddia ərizəsində işəgötürənin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edərkən 80-ci maddənin tələb etdiyi məcburi proseduru pozduğunu, yəni həmkarlar ittifaqının qabaqcadan razılığını almadan xitam tətbiq etdiyini bildirsə də, təqdim edilmiş "xxxx" ASC-nin X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Enerji Satış Departamentinin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət Abonentləri üzrə Sayğac Quraşdırma şöbəsinin texniki operatoru İddiaçı haqqında İşlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsinə X3 etiraz etmir. Beləliklə, cavabdeh olan işəgötürən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət etmişdir. Odur ki, məhkəmə iddia tələbini “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan "xxxx" ASC-nin Enerji Satış Departamenti, Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin Məişət abonentləri üzrə sayğac quraşdırma şöbəsində texnik-operator (kompüter operatoru) vəzifəsinə bərpa edilməsi hissəsində əsaslı hesab etmir.İddiaçının dəlillərinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş əmrin əsassızlığı sübuta yetmir. Nə qədər ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir, iddiaçının məcburi buraxdığı iş günlərinə görə əmək haqqının "xxxx" ASC-dən tutulаraq İddiaçı xeyrinə ödənilməsi hissəsində də iddiası təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzininin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzininin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-6030/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6030/2025
30.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver