Məhkəmə qərarları › İş №e-2(006)-610/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-610/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-610/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "istifadəyə verilmə və yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, ev 45 ünvanında yerləşən ev iddiaçının atası tərəfindən iddiaçı üçün 1988-ci il tarixdə ermənidən alınmışdır. Məhz iddiaçı üçün alındığı səbəbindən həmin ev üzrə qeydiyyata alınan ilk şəxs iddiaçı olmuşdur. Ermənidən alınan ev üzrə sənədləşmə işləri məlum məsələlərlə bağlı aparıla bilmədiyindən indiyədək ev sənədsiz ev kimi qalmışdır. İddiaçı ev üzrə ilk sahib olmuşdur. Sonradan atasını evə qeydiyyata alınmasına razılıq vermişdir. Daha sonra anası və qardaşının evə qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda ev üzrə iddiaçı, iki oğlu və qızı qeydiyyatdadırlar. İddiaçı və övladlarından savayı ev üzrə anası Cavabdeh və qardaşı (3 ailə üzvü ilə birgə) qeydiyyatdadırlar. İddiaçı ev üzrə mülkiyyətçi statusuna malikdir. Uzun müddət həmin evdə yaşamışdır. Hazırda müvəqqəti olaraq həmin evdə müəyyən mübahisələr səbəbindən yaşamır. Lakin, evin bir hissəsində faktiki anası və qardaşı oğlu yaşayır. İddiaçı evin tam hissəsinə sahiblənmək iddiasında deyildir. Amma ən azından həyət evinin tikili sahəsinin 40 faizinə sahiblənmək hüququna malikdir. İddiaçıdan başqa 40 faiz qardaşına (ailəsi ilə birgə) və qalan 20 faiz hissəsinə anasının sahiblənmək hüququna malik olduğunu hesab edir. Atası da sağlığında buna etiraz etmədiyini, hətta bu barədə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamədə hətta evin 50 faizinin iddiaçıya, 50 faizinin isə anasına məxsus olmasına razılıq vermişdir. Belə ki, atasına qulluq edən şəxs iddiaçı olmuşdur. Atasının şəkər xəstəliyi zamanı onunla bir qalmışdır. Onun hər kaprizi ilə barışmış və onun xidmətində olmuşdur. Bu evdə iddiaçı ailə üzvləri ilə bir böyümüş, birlikdə yaşamışlar. Aralarında bununla bağlı əvvəllər mübahisə olmayıb. Sonradan anaları tərəfindən aralarında nifaq, narazılıq salınmış və münasibətlər müəyyən qədər pozulmuşdur. Son bir neçə müddətdir ki, iddiaçı həmin evdə yaşamır. Belə ki, anası tərəfindən ciddi mübahisələr yaradılır. Normal yaşayış tərzi sürə bilmir. Həmçinin, ev həyət evidir. Həyət tikililərdən və torpaq sahəsindən ibarətdir. Anası həyətlərində olan bəzi otaqları kirayə verib pul qazanır. Lakin həmin puldan iddiaçıya pay verməkdən imtina edir. Mübahisələri də ona görə yaradır ki, iddiaçı orada yaşamasın və ondan pul tələb etməsin. Əldə etdiyi məlumata əsasən ev 300-350 kv.m tikililərdən ibarətdir. Əvvəllər iddiaçı onunla barışmağa cəhd göstərsə də, bunun nəticəsi olmamışdır. İddiaçının öz yaşayış sahəsi olub. Bundan başqa, iddiaçı o evdə yaşadığı zaman iddiaçının istifadəsində olan otaqlar olub. Bütün bunlardan başqa ev alınanda iddiaçıya verilmək üçün nəzərdə tutulmuşdur. İlk qeydiyyata alınan şəxs o olmuşdur. Bütün bu narazılıqların qarşısının alınması üçün və hər kəsin hüquqlarını və qanuni mənafelərini qorumaq məqsədilə hesab edilir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin otaqları (tikililəri) aralarında bölünməsi məqsədəmüvafiqdir. Hazırda evdəki tikililərin sahələri üzrə bölgü aparılmasına ehtiyac var ki, yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilsin. Hər kəs hansı sahənin ona məxsus olmasını, istifadəsinə verilməsini bilsin və öz istədiyi tərzdə həmin sahəni idarə etsin. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, 45 saylı evin təxminən 150 kv.m olan yaşayış və sair təyinatlı tikililərinin iddiaçı və övladlarının istifadəsinə verilməsinə, həmçinin həmin evin dəhlizindən, mətbəxindən və sanitar qovşağından ümumi qaydalarla istifadə edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, 45 saylı evə ailə üzvləri ilə birgə köçürülməsi, bundan başqa qeyd edilən ünvanda yaşayış və sair təyinatlı tikililərə dair iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi, həmin sahələrdən sərbəst istifadəyə edilən maneələrin cavabdehə qadağan edilməsi, həmçinin həmin evin dəhlizindən, mətbəxindən və sanitar qovşağından ümumi qaydalarla istifadə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, ev 45 ünvanında yerləşən ev iddiaçının atası tərəfindən iddiaçı üçün 1988-ci il tarixdə ermənidən alınmışdır. Məhz iddiaçı üçün alındığı səbəbindən həmin ev üzrə qeydiyyata alınan ilk şəxs iddiaçı olmuşdur. Ermənidən alınan ev üzrə sənədləşmə işləri məlum məsələlərlə bağlı aparıla bilmədiyindən indiyədək ev sənədsiz ev kimi qalmışdır. İddiaçı ev üzrə ilk sahib olmuş, sonradan atasını evə qeydiyyata alınmasına razılıq vermişdir. Daha sonra anası və qardaşının evə qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda ev üzrə iddiaçı, iki oğlu və qızı qeydiyyatdadırlar. Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, ev 45 ünvanda yerləşən ev üzrə qeydiyyatında 4 nəfər ailə üzvü olduğundan, evin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxs kimi hazırda evdən ümumiyyətlə istifadə edə bilmir. Amma cavabdeh isə evdən tam şəkildə yararlanır. Evin otaqlarını icarəyə verməklə pul qazanır. Həmçinin, iddiaçı evdən çıxdıqdan sonra iddiaçının o zaman yaşadığı sahənin qapısının kilidi sındırılmış və həmin sahə də icarəyə verilmişdir. İlk günlər iddiaçıya icarə pulundan 500 manat aylıq haqq verəcəyi vədi ilə cavabdeh onu sakitləşdirmişdi. Həmin dövrdən iddiaçıya ümumiyyətlə icarə pulu ödənilməmişdir. Bununla cavabdeh iddiaçını əmlakından məhrum etmək niyyəti güdür. Onların həmin mənzilə dair gözləntiləri vardır. İddiaçının övladları üçün yaşayış sahəsi əldə edilməlidir. Hazırki vəziyyətdə isə onların bu hüququ pozulmuşdur. Bundan başqa, atası tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən qeyd edilən evin 50 faizi iddiaçıya verilməlidir. Səbəb isə iddiaçının ailəsinə məxsus olan Masallıda bir neçə mülk və torpaq sahələri (3 ayrı dəbdəbəli evləri var, biri kirayə verilib, digəri qardaşlarına verilib, dəyəri 50000 manatdan az olmayan Viləş yaxınlığında torpaq sahələri və s.) vardır ki, onlardan iddiaçıya düşən pay əvəzi hazırki evin yarısı iddiaçıya verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və hal-hazırda qardaşlarından birinin mübahisəli evdə yox, rayonda qaldığını, əvvəl onların evin aralarında bölüşdürülməsi barədə razılığa gəldiklərini, lakin anasının icazə vermədiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq 2 ildir ki, mübahisəli mənzildən köçdüyünü, hazırda qaldığı evin pulunu ödəyə bilməsə, onu evindən çıxaracaqlarını və buna görə də evə köçmək istədiyini, mübahisəli evdə 1988-ci ildən yaşadığını, həyat yoldaşının 4000- 5000 manat pensiya aldığını, ancaq onların çoxlu borclarının, kredit ödənişlərinin olduğunu, əllərində ay sonu sadəcə 700-800 manat pulun qaldığını bildirmişdir. 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq mübahisəli mənzilin böyük ərazidən ibarət olmasını, sahənin bir hissəsində cavabdehin yaşadığını, digər hissəsinin isə kirayəyə verildiyini, həmin kirayə verilən yerdən cavabdehin gəlir əldə etdiyini, kirayə pulunun bölüşdürülməsi barədə təkliflər etdiklərini, lakin qarşı tərəfin bununla razılaşmadığını, mübahisənin kirayəyə görə yarandığını və sahənin özbaşına tikili olduğunu bildirmişdir. 7.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bu evin həyat yoldaşı ilə birlikdə 1988-ci ildə alındığını, həmin zaman iddiaçının 8-ci sinifdə oxuduğunu, mübahisəli evdə hal-hazırda onun, bir oğlunun 5 uşağı və həyat yoldaşı ilə birlikdə 2 otaqda, digər oğlunun 5 uşağı və həyat yoldaşı ilə birlikdə 2 otaqda yaşadıqlarını, iddiaçının birinci dəfə ailə qurduqdan sonra onun iki övladının olduğunu, lakin onun ailə münasibətləri pozulduqdan sonra onun mübahisəli mənzilə qayıtdığını, bir müddət sonra isə onun başqa biri ilə ailə qurduğunu və 2008-ci ildə mübahisəli mənzildən çıxdığını, iddiaçının 2-ci dəfə ailə həyatı quranda atasından həmin evdə qalmağını xahiş etməsini, atasının isə evi oğlu üçün aldığını, kirayə pulunu ödəsə, həmin evdə qala biləcəyini, iddiaçının atası ölənə qədər evdə qaldığını, atasına kirayə pulu ödədiyini, hazırda iddiaçının başqa yaşayış sahəsi olduğunu və həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşadığını və həyat yoldaşının 7000 manat pensiya aldığını və çox yaxşı şəraitlərinin olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq hazırda yaşadığı evin 5 otaqdan ibarət olduğunu qeyd etmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 14 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Y.Vəzirov, döngə 1 küçəsindəki 45 saylı evdə yaşayır. Həmin evdə İddiaçı Sübhan qızı, oğlu X1, qızı X4, anası Cavabdeh, oğlu Nəsirov Davud, qardaşı X13, q/oğlu X14, q/oğlu X15 və q/qızı X16 daimi qeydiyyatdadırlar. 9.Mülki işin materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, 45 saylı evdə yaşayan X17 tərəfindən tərtib edilən 22 may 2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən yuxarıda göstərilən ünvanda yerləşən ünvan 2 olan bütün əmlaklarla bərabər – həyat yoldaşı X9 və qızı X2 vəsiyyət edir. 10.Mülki işin materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanan 06 dekabr 2024-cü il tarixli, 314 nömrəli cavab məktubundan görünür ki, Yasamal rayonu, X23 Əhmədov 24B blok 15, mənzil 1770 ünvanında yerləşən mənzillə bağlı məhkəmənin sorğusuna "xxxx" MTK-da baxılmışdır. Bildirilir ki, sorğuda qeyd edilən ünvanda yerləşən binada giriş 15, mərtəbə 3 ümumi sahəsi 115 kv.m olan 3 otaqlı 1771 nömrəli mənzil 22 iyun 2017-ci il tarixli müqavilə əsasında X3 20 il müddətinə daxili kredit şərtilə satılmışdır. Nəzərə alınması xahiş edilmişdir. 11.Mülki işin materiallarında olan 22 iyun 2017-ci il tarixli, 1771 nömrəli Kooperativ Mənzil Tikintisi Haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə X5 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cəmiyyət ünvan 6 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş 15, mərtəbə 3, ümumi sahəsi 115.00 kv.m olan 3 otaqdan ibarət 1771 saylı mənzili payçıya təhvil verməyi, payçı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, ev 45 ünvanında yerləşən mənzil iddiaçının atası tərəfindən əldə edilmiş və 1988-ci il tarixdən etibarən tərəflər həmin ünvanda yaşamağa başlamışlar. 22 may 2002-ci il tarixli vəsiyyət əsasında iddiaçının atası X17 tərəfindən qızı, yəni hazırki iş üzrə iddiaçı və həyat yoldaşı, yəni hazırki iş üzrə cavabdehə vəsiyyət edilmişdir. Həmin sahə özbaşına tikilidir. Mənzildə iddiaçı və cavabdehlə yanaşı iddiaçının üç uşağı, qardaşı və qardaşı uşaqları daimi qeydiyyatdadırlar. İddiaçı sonuncu dəfə 2 ildir ki, mübahisəli mənzildən çıxmışdır. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsini, həmçinin ünvanda yaşayış və s. təyinatlı tikililərə dair onun və övladlarının istifadə qaydalarının müəyyən edilməsi, həmin sahədən sərbəst istifadəyə edilən maneələrin cavabdehə qadağan edilməsi və evin dəhlizindən, mətbəxindən və sanitar qovşağından ümumi qaydalarla istifadə edilməsinə dair qətnamə qəbul edilməsini tələb edir. Cavabdeh isə iddiaçının ailə münasibətləri pozulduqdan sonra mübahisəli mənzilə qayıtdığını, sonradan yenidən ailə qurduqdan sonra mənzili tərk etdiyini, hazırda iddiaçının başqa yaşayış sahəsi olduğunu və ailə üzvləri ilə birlikdə orada yaşadığını, həyat yoldaşının yüksək məbləğdə pensiya aldığını və yaxşı şəraitdə yaşadıqlarını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu halda isə hazırki iddiaçı sözügedən mənzildə 1988ci ildən (alınan vaxtdan) yaşamağa başladığından 2000-ci il sentyabrın 1-dən əvvəlki hüquq münasibətlərinə istinad etmək lazımdır. 15.Qüvvədən düşmüş (xx.xx.2009-cu ilədək qüvvədə olan) Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 16.Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 17.Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 18.Sözügedən Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 19.Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 21.Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Qərarında aşağıdakı hüquqi mövqe müəyyən edilmişdir: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 23.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 24.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 25.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 26.İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Sübhan qızı Cavabdeh ilə birlikdə 1988-ci ildən mübahisəli mənzildə yaşamışdır. Sonradan iddiaçı ailə həyatı qurmuş, mübahisəli mənzildən çıxmış, lakin daha sonra ailə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə mübahisəli mənzilə qayıtmış və ikinci dəfə ailə həyatı qurduqdan sonra mübahisəli mənzildən çıxmışdır. Artıq 2 ildir ki, iddiaçı və onun ailə üzvləri mübahisəli mənzildə yaşamırlar. Həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından biri də odur ki, iddiaçının adına "xxxx" MTK-ya məxsus binada ümumi sahəsi 115 kv.m olan 3 otaqlı 1771 nömrəli mənzil 22 iyun 2017-ci il tarixli müqavilə əsasında əldə edilmişdir, hansı ki, hal-hazırda iddiaçı və onun ailə üzvləri sözügedən evdə yaşayırlar. Mübahisəli mənzil olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, döngə 1, ev 45 ünvanda yerləşən yaşayış sahəsi isə özbaşına tikili olmaqla həmin əmlak üzərində bu və ya digər şəxsin hüquqları təsbit edilməmişdir.

27. Bundan başqa həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzil üzrə köçməsini tələb etdiyi ev üzrə mənzil xüsusi mülkiyyətdə olmuş olsaydı, onun istifadə hüququnun müəyyən edilməsi barədə məsələyə baxılarkən belə şəxsin sözügedən mənzilə artıq istifadə hüququ aradan qalxmış olacaqdı. Belə ki, ilkin olaraq hüquq 1988-ci ildən yaranmış olsada sonradan ilk dəfə ailə həyatı qurduqdan sonra getməsi artıq həmin hüququn aradan qalxması demək olmuş və hətta sonradan (ikinci dəfə) ailə həyatı qurduqdan sonra belə yenə mənzil ehtiyacı aradan qalxmışdır (podrat münasibətləri üzrə yeni mənzilə hüquq əldə etmişdir). 28.Məhkəmə vurğulayır ki, iddiaçının hazırda yaşadığı "xxxx" MTK-ya məxsus binada yerləşən mənzili kreditlə əldə etməsi, buna görə borcunun olması, maddi cəhətdən imkanın aşağı olması və mübahisəli mənzilə dair onun da pay hüququnun olmasına dair irəli sürdüyü dəlillər hazırki iddia tələbinin təmin edilməsi üçün əsas sayıla bilməz. 29.İlk növbədə göründüyü kimi iddiaçı artıq 2 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Məhkəmə iddiaçının mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə təsdiq olunur ki, iddiaçı ikinci dəfə ailə həyatı quraraq daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. 30.Məhkəmə iş üzrə İddiaçı Sübhan qızının pasport qeydiyyatında olduğu və özbaşına tikili statusunda olan yaşayış sahəsini 2 ildən çox müddətə tərk edərək başqa yaşayış sahəsində yaşamasını nəzərə alaraq hesab edir ki, iddiaçı ailə həyatı quraraq və birgə nikahda olduğu dövrdə iddiaçının adına yeni mənzil əldə edilərək artıq iddiaçı özünün və ailə üzvlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin edərək mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən özlərinin yaşayış yeri ehtiyaclarını təmin etmək zərurəti aradan qalxdığından hazırda iddiaçının mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülmə barədə tələbləri əsassızdır və təmin edilməməlidir 31.Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının tələbi ailə üzvləri ilə birgə mübahisəli mənzilə köçürülmə hissəsində rədd edildiyindən, tələbin digər hissələri də ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi qalan hissələrdə də rədd edilməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 33.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə 36.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar