Məhkəmə qərarları › İş №e-2(006)-630/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-630/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-630/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh1 qarşı “podrat müqaviləsinin icrası” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, fərdi sahibkar Cavabdeh1 və fiziki şəxs Cavabdeh1 ilə İddiaçı arasında 03.04.2021-ci il tarixində bağlanmış müqavilə və razılaşmanın ləğv edilməsi, cavabdehlər fiziki şəxs Cavabdeh1 və cavabdeh fərdi sahibkar (VÖEN **********) Cavabdeh1 19000 manat müqavilə üzrə ödənilmiş məbləğ, 500 manat beh qismində ödənilmiş məbləğ, 149 manat dövlət rüsumu, 11.5 manat etibarnaməyə ödənilmiş məbləğ müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, cavabdeh X1 podrat müqaviləsinin təsdiqinə ödənilmiş 92 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh1 arasında 03.04.2021-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Yaqubov X2 rayonu, Xırdalan şəhəri, General H.Aslanov küçəsi, döngə 1 ünvanında istifadəsində 150 kvm. torpaq sahəsində inşa edilən 3.10 metr daxili hündürlüyü, daxili və xarici divarları mişar daşı, üzlüyü beton, dam örtüyü şifer, döşəmə taxta daxili qapılar taxta qapı, giriş qapısı dəmir seyf qapı pəncərələr sanitar qovşağı kafel metlak yaşayış sahəsi 86 kvm. olan 1 mərtəbəli 3 otaqlı kürsülü 1 mətbəxli, dəhlizli, fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə 03.08.2021-ci il tarixindən gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin məbləği 40000 manat kimi 19000 manat ilkin ödəniş qismində, digər 21000 manat hissəsi isə 03.04.2026ci il tarixinədək ödənilməsi müəyyən edilmişdir. İddiaçı həmin müqaviləyə dair notariusun depoziti vasitəsilə 19000 manat məbləği 03.04.2021-ci il tarixində ödəmişdir. Bundan sonra cavabdeh fiziki şəxs Cavabdeh1 fərdi sahibkar qismində qeydiyyatdan keçmiş (VÖEN **********) şəxs qismində möhürü ilə İddiaçı ilə aralarında bağlanmış 03.04.2021-ci il tarixli podrat müqaviləsinə dəyişiklik edilmiş və müqavilənin ümumi məbləği 39000 manata endirilmiş ilkin ödəniş kimi 19000 manat və beh qismində 500 manat alındığı təsdiqlənmişdir. Cavabdeh fiziki şəxs Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin şərtlərinə əsasən ev 03.08.2021-ci il tarixində tikilib təhvil verilməli idi, lakin müqavilə ilə müəyyən edilmiş müddət bitməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş və buna dair hər hansı hərəkət etməmişdir. Hal-hazırda telefon zənglərinə cavab vermir. Podrat müqaviləsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmişdir. Qeyd edilmiş notarius vəkil sorğusuna cavab olaraq sözügedən müqaviləyə dair notariat işini təqdim etmişdir, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 həmin müqavilədə qeyd etdiyi “istifadəsində olan torpaq sahəsinə” dair hər hansı sənəd təqdim etməmişdir, bundan əlavə alınan məlumata əsasən belə bir torpaq sahəsi mövcud deyil. Belə olan halda müqavilənin hansı predmetə və hansı məqsədə bağlandığı anlaşılan deyil, belə ki, olmayan predmetə dair müqavilə bağlanıla bilməz. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-cı maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, icraçı Cavabdeh1 ilə sifarişçi İddiaçı arasında bağlanmış 03.04.2021-ci il tarixli podrat müqaviləsinə əsasən, icraçı öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində olan inşa edilən 3.10 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta , daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 86 kv.m olan 1 mərtəbəli 3 (üç) otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 40000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 19000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir. Həmçinin 500 manat beh olaraq İddiaçı ödəyir. Qalan 21000 manat pul 03.04.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürür. Sifarişçi tərəfindən icraçıya ödəniş notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. İcraçı sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 03.08.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Belə ki, iş materiallarından müəyyən olundu ki, ünvan 1 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində olan fərdi yaşayış evini tikintisi üçün İddiaçı ilə Cavabdeh1 arasında 03.04.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı tərəfindən ilkin ödəniş qismində notariusun depozit hesabı vasitəsilə 19000 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı 19000 manat maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 03.04.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, cavadeh Cavabdeh1 19500 manat məbləğində pul və 149 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi cavabdehlər X3 və fərdi sahibkar Cavabdeh1 münasibətdə əsaslandırılmadığına, bu səbəbdən də əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh1 19500 (on doqquz min beş yüz) manat məbləğində pul və ödənilmiş 149 (yüz qırx doquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar