Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-633/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna qarşı üçüncü şəxs qismində LPO Maraqlı şəxs ASC olmaqla “müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməsi, onunla cavabdeh Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanaraq 2.982,07 manat məbləğinin restrukturizasiya olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 20 oktyabr 2014-cü il tarixdə onunla Maraqlı şəxs ASC-nin Şəki filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Krediti götürdüyü ilk vaxtlar müqavilə üzrə borc məbləğini mütəmadi ödəmişdir. Lakin, sonradan maddi durumu ağırlaşdığından, kredit müqaviləsi üzrə borcunun qalan hissəsini ödəyə bilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borcları üzrə güzəştlər edilməsi və kredit götürmüş şəxslərə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılmasının təklif edilməsi göstərilmişdir. Ölkə Prezidenti tərəfindən imzalanmış Fərmanın 6.1-ci bəndində məhz bankların kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri göstərilmişdir. Qeyd edilən Fərmanın icrası ilə əlaqədar Maraqlı şəxs ASC tərəfindən ona heç bir bildiriş göndərilməmiş və onunla yeni kredit müqaviləsinin bağlanması təklif edilməmişdir. Onun kreditinin də sözügedən Fərmanın təsir dairəsinə düşdüyündən məlumalı olduqdan sonra pretenziya qaydasında Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək kredit müqaviləsi üzrə borc məbləğinin restrukturizasiya edilməsini və yeni kredit müqaviləsinin bağlanmasını xahiş etsə də, fond tərəfindən verilmiş cavab məktubunda onunla yeni kredit müqaviləsinin bağlanmasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Hətta sözügedən Fərmanının icrası ilə əlaqədar yaradılmış internet saytında da onunla Maraqlı şəxs ASC arasında bağlanmış kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya olunmalı məbləğ göstərilmişdir. Belə ki, sözügedən portalda qeyd edilmiş problemli kreditlərin kompensasiyası barədə arayışda onunla Maraqlı şəxs ASC arasında restrukturizasiya olunmalı məbləğ 2982.07 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsi vardır. Ona görə də hesab edir ki, onun barəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı tətbiq edilməli və onunla cavabdeh arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanılmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: Problemli kreditlərin kompensasiyası barədə sənədin surətindən görünür ki, İddiaçı ilə Maraqlı şəxs ASC arasında bağlanmış kredit müqaviləsi üzrə cəmi hesablanmış kompensasiya fevral 2015-ci il tarixə 821,39 manat, dekabr 2015-ci il tarixə 1910,98 manat, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə 143,45 manat və 2588,92 manat, qalıq borcunun məbləği müvafiq olaraq 156,55 manat və 2825,51 manat təşkil edir. İddiaçı tərəfindən Maraqlı şəxs ASC-nin ləğvedicisi X1 ünvanlanmış pretenziya məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını əsas tutaraq onunla yenidən güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılmasını xahiş etmiş, əks təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. LPO Maraqlı şəxs ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli **********483 nömrəli məktubun surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qətnaməyə əsasən, faiz borcdan 350 (üç yüz əlli) ABŞ dolları məbləğin 30 (otuz) iş günü müddətində ödənilməsinin təmin edilməsi və 1-ci bəndin icrası təmin edildikdən sonra 1985 (bir min doqquz yüz səksən beş) ABŞ dolları və 20 (iyirmi) manat dövlət rüsumu məbləğinin 18 (on səkkiz) ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsinin təmin edilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixindən etibarən 2 (iki) ay ərzində şəxsə aid öhdəlik yerinə yetirilmədiyi təqdirdə Kredit Komitəsinin qərarı qüvvədən düşmüş hesab edilir və verilən güzəştlər ləğv edilir. İddiaçı ilə Maraqlı şəxs ASC arasında bağlanmış "Dəmir Taksit" kredit kartının verilməsi və istifadəsi üzrə 121-14 nömrəli xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, bank 36 ay müddətinə İddiaçı 300 manat məbləğində kredit xətti açmışdır. Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən bank tərəfindən İddiaçı 18 ay müddətinə, illik 34,491% ödəmək şərtilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 210007294/ZM nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək X3 zamin kimi borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli girov müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış eyni tarixli ********* nömrəli kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı kimi 7.000 manat dəyərində olmuş mal qalığı bank qarşısında girov ilə yüklü edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-3399/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri C.Cabbarlı küçəsi ev 44-də yaşayan İddiaçı 306,93 manat əsas, 125,62 manat faiz olmaqla, cəmi 432,55 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub Maraqlı şəxs ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-2917/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdehlər İddiaçı və X2 Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 3.184,96 ABŞ dolları əsas borc, 986,96 ABŞ dolları faiz borcu və 352,71 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4.524,63 ABŞ dolları borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh LPO Maraqlı şəxs ASC “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, “DəmirBank" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqavilələri üzrə müştəri məlumatları kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Qeyd edilən kredit müqavilələri Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının təsiri dairəsinə düşmüş, lakin İddiaçı kredit borclarının restrukturizasiya olunması ilə bağlı 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan Maraqlı şəxs ASC-yə müraciət etməmiş və bu səbəbdən onunla yeni güzəştli kredit müqavilələri bağlanmamışdır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2025-ci il tarixli məktubunda göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir.Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan Maraqlı şəxs ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan, vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında kredit müqaviləsi bağlanmış, lakin manatın dollara nisbətdə dəyər itirməsi ilə iddiaçının vəziyyəti çətinləşmiş və kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edə bilməmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi ilə verilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmandan da görünür ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur, hansı ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan Maraqlı şəxs ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür.Lakin, müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmış və bu müddət ərzində iddiaçı restrukturizasiya ilə bağlı müraciət etməmişdir. Qeyd olunanlardan göründüyü kimi müddət ötürülmüşdür. Bununla belə fərmanın müddəalarına əsasən borcalanların kredit borclarının restrukturizasiyası həyata keçirildikdən sonra yeni kredit müqavilələrinin bağlanması bankın hüquqlarına aid edildiyindən və bank bununla bağlı borclana müvafiq şərtləri göstərməklə oferta təqdim etmişdir. Lakin bank tərəfindən təklif edilmiş ofertaya borcalan tərəfindən müsbət cavab verilməmişdir. Bununla da iddiaçıya münasibətdə məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş məbləğin restrukrurizasiya olunmaqla yeni güzəştli şərtlərlə müqavilə bağlanması mümkün olmamışdır. Hazırda iddiaçının yeni güzəştli şərtlərlə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsaslı hesab edilmir. Bir daha qeyd olunur ki, iddiaçıya yeni güzəştli şərtlərlə müqavilə bağlanması təklifinə iddiaçı müsbət münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, tərəflr arasında müvafiq müqavilə şərtlərinin razılaşdırılmaqla bağlanması mümkün olmadığı halda bu və ya digər tərəfin iddiaçının tələbləri əsasında yeni müqavilə bağlanmasına məcbur edilməsi yolverilməzdir. Hər bir halda iddiaçı da banka özünün bağlamaq arzusunda olduğu müqavilənin şərtlərini təqdim etməkdə sərbəst olmuşdur. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbində də bir daha cavabdehin üzərinə adəçəkilən Fərmanın tətbiq edilməsi ilə müqavilə bağlanması öhdəliyinin qoyulmasını tələb etmişdir ki, məhkəməyə qədər mərhələdə bank artıq bununla bağlı mövqeyini bildirmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna qarşı LPO Maraqlı şəxs ASC maraqlı şəxs olmaqla “yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüsalə Musayeva