Məhkəmə qərarları › İş №e-2(006)-653/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-653/2025

19.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-653/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməyən əmək haqqı və gecikdirməyə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi və s. dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən: - 2024-cü ilin mart ayının əmək haqqısı- 550 AZN olmaqla ödənilməsi; 2024-cü ilin aprelayının əmək haqqısı- 550 AZN olmaqla ödənilməsi ; Sosial ödəniş məbləği 140 gün x 21 AZN = 2940 AZN məbləğində ödənilməsi; 2024-cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); - xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 49 məzuniyyət gününə görə ödənilməmiş 1029 AZN (49 günü x 21 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində ödənilməsi; -xx/xx/2023- xx/xx/2024-cü iş ilinə görə cəmi 54 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1134 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində ödənilməsi; -İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Yusifli (Sultanova) Səriyyə Rasim qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması haqqında müvafiq qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı mağazada işləyən iş yoldaşları X10, X5 ilə birlikdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində cəmiyyətə məxsus kitab mağazalarına işçi kimi əmək fəaliyyəti ilə məşğul olmuşlar. Lakin, hazırda onlar cavabdeh- işəgötürən müəssisə tərəfindən əmək hüquqlarının pozulması halı ilə üzləşdikləri üçün və bu pozuntuların aradan qaldırılması üçün məhkəmədən öncəki mediasiya mərhələsində ortaq məxrəcə gələ bilmədikləri üçün hüquqlarının müdafiəsi və gecikdirilmiş ədalətin bərqərar olması məqsədilə məhkəməyə müraciət edilməsini zəruri hesab etmişlər. İddiaçı ilə 03 sentyabr 2021-ci il tarixində işəgötürən "xxxx" arasında əmək müqaviləsi bağlanmışdır. 08 sentyabr 2021-ci il tarixində 124/K N-li əmrlə İddiaçı "xxxx" MMC-yə işə qəbul olunaraq “Əli və Nino” kitab mağazasına satıcı vəzifəsinə təyin edilmişdir. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli əmək müqaviləsi təqdim edilmişdir ki, həmin müqavilənin məzmunundan görünür ki, İddiaçı əmək haqqı 380 AZN olmaqla o “Satıcı-xəzinədar” vəzifəsinə təyin edilmişdir. Buna dair işəgötürənin xx.xx.2023-cü il tarixli 1501- İR saylı “Başqa vəzifəyə keçirilmə barədə” əmri də mövcuddur. Həmçinin müvafiq əmək müqaviləsi bildirişi də mövcud olmuşdur. Bundan başqa işəgötürən tərəfindən İddiaçı barəsində əmək məzuniyyətinin verilməsi barədə xx.xx.2022-cıi il tarixli № 2811-M saylı (satıcı vəzifəsində çalışan İddiaçı xx.xx.2021xx.xx.2022-cü iş ili üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022 ci il tarixədək 7 gün müddətində əmək məzuniyyəti verilmişdir. 09 dekabr 2022 –ci il tarixində işə başlama tarixi təyin edilmişdir) əmr, xx.xx.2023-cü il tarixli № 42/K saylı (satıcı vəzifəsində çalışan İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 7 gün müddətində əmək məzuniyyəti verilmişdir. 23 mart 2023 –cü il tarixində işə başlama tarixi təyin edilmişdir) əmr qəbul edilmişdir. Həmçinin həmin əmrdə də qeyd edilmişdir ki, İddiaçı tərəfindən 14 günlük məzuniyyət müddəti istifadə edilməmişdir. İddiaçı cavabdeh müəssisədə bütün fəaliyyəti boyunca barəsində İşçilərin mükafatlandırılması haqqında 2 əmr №2801 saylı 28 yanvar 2024-cü il tarixli əmr (Cəmiyyətinin satıcı-xəzinədar vəzifəsində çalışan İddiaçı 30 manat məbləğində mükafatın yanvar ayının əmək haqqı ilə birlikdə ödənilməsinə dair) və №2702 saylı 28 fevral 2024-cü il tarixli əmr (Cəmiyyətinin satıcıxəzinədar vəzifəsində çalışan İddiaçı 30 manat məbləğində mükafatın fevral ayının əmək haqqı ilə birlikdə ödənilməsinə dair) barədə müvafiq əmr qəbul edilmişdir. Hal-hazırda İddiaçı tanış edilmədiyi və məzmunu ona bəlli olmayan bir əmrlə artıq 1 aprel 2024-cü il tarixindən etibarən doğuşla əlaqədar analıq məzuniyyətinə buraxılmışdır. Onunla imzalanmış müqavilə hələ qüvvədədir. Lakin, İddiaçı digər 2 iddiaçı ilə yanaşı bir mağazanın işçisi olduğu üçün digər 2 nəfər birgə iddiaçılara işəgötürən cavbadeh müəssisə tərəfindən əmək hüquq pozuntuları hər 3 işçiyə münasibətdə olmuş, onların hər üçü müəssisəyə guya ki, maddi ziyan vurmaqda əsassız ittiham olunmuşlar. Həmçinin heç bir işçi ilə işdən ayrılan zaman son –haqq hesab aparılmamışdır. Həmçinin İddiaçı doğuşla əlaqədar analıq məzuniyyətinə çıxmasını təsdiq edən “əmək qabiliyyətli olmama haqqında” vərəqəni cavabdeh müəssisənin kadrlar şöbəsinə təqdim etmiş olsa da bu günədək ona həmin məzuniyyət ödənişi ödənilməmişdir. Halbuki, İddiaçı tərəfindən X7 Ginekologiya İnstitutu tərəfindən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işdən azad edilməsinə dair müvafiq əmək qabiliyyətli olmama haqqında vərəqəsi təqdim edilmişdir. Cavabdeh məzuniyyət pulunun ödənilməməsi səbəbini həmin vərəqədə möhürün olmaması ilə əsaslandırır, lakin, nə 1-ci mediasiya dövrü, nə məhkəmə dövründə iddiaçıya məlumat verməmişdir ki, onun məzuniyyət ödənişi hansı səbəbə görə həyata keçirilmir. Nəticə etibarilə Səriyyə Sultanlının ödənişi sırf işəgötürənin səhlənkarlığı ucbatından may ayından bu günədək ödənməmiş halda qalmaqdadır. İddiaçı 17 sentyabr 2024-cü il tarixində uşağa qulluqla əlaqədar analıq məzuniyyətinə çıxması haqqında ərizəsini işəgötürənə təqdim edən zaman əmək qabiliyyətli olmama haqqında həmin vərəqəni ona möhür vurulub yenidən təqdim edilməsi məqsədilə tələb etdikdə, işəgötürənin kadrlar şöbəsindən ona bildirilmişdir ki, həmin vərəqə müəssisənin hüquqlarını təmsil edən vəkilə təqdim edilmişdir. Qarşılıqlı iddia tələbi: "xxxx" MMC cavabdeh Sultanova (Yusifli) Səriyyə Rasim qızına qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" MMC-yə vurulmuş 4000.99 (dörd min manat 99 qəpik) manat məbləğində maddi ziyanın tutularaq şirkətə ödənilməsi və 60 manat məbləğində dövlət rüsumunun cavabdeh X6 tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçının iddiası əsassızdır. Bununla yanaşı cavabdeh tərəfindən vurulmuş maddi ziyan ödənilməlidir. Cavabdehə almalı olduğu əmək haqqının məbləği əmək müqavilələri üzrə müəyyən edilmişdir və əmək haqları aylar üzrə ödənilmişdir. Müştərilərdən daxil olmuş şikayətlər və kamera görüntüləri əsasında cavabdeh tərəfindən şirkətə maddi ziyan vurulduğu müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə inventarizasiya aparılmış, 4000,99 (dörd min manat 99 qəpik) manat dəyərində mal əksik gəldiyi məlum olmuşdur. Mağazaya yeni məhsullar təqdim edilən zaman Koroğlu filialında bəzən məhsulların sayı artıq olmuş, lakin cavabdehlər bu barədə anbardara heç bir məlumat verməmiş və artıq olan məhsulları gizlətmişdir. Mağazaya artıq daxil olmuş məhsullara kitabla yanaşı, "Lego" oyuncaqları və digər məhsullar da olmuşdur. Cavabdeh həmin "Lego" oyuncağını mağazada müştərilərin görə biləcəyi barədə qoymuşdur. Həmin işçiləri yoxlamaq məqsədilə X2 mağazaya daxil olmuş, həmin legonu almaq istədiyini bildirmişdir və məhsul ona satılmış, pulu isə kənara qoyulmuşdur. Bundan sonra, növbəti gün İnzibatçı vəzifəsində çalışan X3 işə gəlsə də, həmin lego haqqında bir məlumat verməmiş və guya məhsulun kodunu tapa bilmədiyini qeyd etmişdir. Mağazanın kamera görüntülərindən də aydın olur ki, lego satılan gün elə məhsulun kodunun şəkli çəkilmiş, işçilər tərəfindən götürülmüşdür. Daxili qaydaya əsasən həmin kod bu işə səlahiyyətli olan işçiyə deyilməli və o kodu sistemə əlavə etməlidir. Lakin sözügedən işçilərin heç biri tərəfindən bu vəzifə öhdəliyi yerinə yetirməmişdir. İşçilərlə söhbət aparıldığı vaxt hadisənin üzərindən on gün keçmiş, rəhbərliyə bu haqda heç bir məlumat verilməmişdir. Adları çəkilən işçilər və mağazanın digər işçisi Hüseynova Musavər rəhbərlik tərəfindən çağırılmış və onlara yol verdikləri nöqsanları bildirilmişdir. Yalnız bundan sonra, cavabdehlər məsələ haqqında məlumat verərək bildirmişdirlər ki, onlar kodu tapa bilmədikləri üçün məsələ belə uzanmışdır. Buna baxmayaraq, kodu axtarmaları ilə bağlı nə səs yazısı, nə mesajlaşma, nə də anbardar ilə əlaqə saxlamaları haqqında hər hansı bir sübut təqdim edə bilməmişlər. Digər tərəfdən müştərilərdən daxil olmuş şikayətlərə əsaslanaraq bildirirlər ki, müştərilərə ödənişin qalığı qaytarılan zaman bəzən əskik pul qaytarılmış və yalnız müştəri qeyd etdikdən sonra həmin işçilər səhvlik olduğunu və unutduqlarını deyərək ödənişin qalığını qaytarmışlar. İşçilərə qəbzlərin verilməsi barədə tapşırıq verilməsinə baxmayaraq, Koroğlu filialında müştərilər alış-veriş etdikdən sonra cavabdeh tərəfindən qəbz təqdim edilməmişdir. Qəbzlərin müştərilərə təqdim edilməmə səbəbini soruşduqda isə alıcıların qəbzdən imtina etdiklərini bildirmişlər. Kamera görüntülərindən də aydın olmuşdur ki, hər iki işçi çeki vurmamış və müştəriyə təklif etməmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən daimi və müəyyən qədər məhsul alan müştəriləri üçün endirim kartları təqdim edilmişdir. Həmin kartlar müştərilərə təqdim edilsə də onların nömrələri sistemdə görünür vəziyyətdə olmuşdur. Belə ki, cavabdeh və digər iki əməkdaş mağazaya yaxınlaşıb məhsul alan müştərilərə endirim kartları olmadığı hallarda digər endirim kartlarının kodu ilə qeydiyyatdan keçirmiş, məhsulu endirim kartı olan şəxs alırmış kimi göstərmiş və məhsulun tam ödənişini alıcılardan alaraq onun sadəcə endirimlə göstərilən faizini kassaya daxil etmiş, qalanını isə özlərinə götürmüşlər. Bunlarla yanaşı, iddiaçı tərəfindən bir dəfəyə (yəni eyni bir şəxs) 50 AZN-lik alış-veriş etdikdə həmin satışı həyata keçirən satıcıya 3 AZN əlavə bonus verilmişdir. Bu səbəbdən də onlar satış edən zaman bir neçə şəxsin aldığı məhsulları eyni qəbzdə göstərmiş və eyni şəxs almış kimi təqdim edərək əlavə bonus götürmüşlər. Hadisə rəhbərliyə məlum olduqdan sonra işçilərlə aparılmış danışıq zamanı cavabdeh ilk danışıq zamanı yanlışının düzəldilməsi üçün ona güzəşt edilməsini, şans verilməsini xahiş etmiş, bir daha həmin nöqsana yol verməyəcəyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edib, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-138379/2024 saylı məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" MMC tərəfindən yuxarıda adları qeyd olunan sığortaolunanların 1 aprel 2023-cü il tarixindən 1 aprel 2024-cü il tarixinədək məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış və xeyrlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilmişdir: "xxxx" MMC tərəfindən İddiaçı 2023-cü il aprel ayından 2024-cü ilin mart ayı ərzində 1059,17 manat sığorta ödənişi etmişdir. İddiaçı ilə işəgötürən "xxxx" arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə və 03 sentyabr 2021-ci il tarixli 124/K N-li əmrə əsasən İddiaçı "xxxx" MMC-yə işə qəbul olunaraq “Əli və Nino” kitab mağazasına satıcı vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il iş ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 gün müddətinə əmək məzuniyyət verilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən xx.xx.2022-xx.xx.2023-cü təqvim ili üzrə 7(yeddi) təqvim günü müddətinə 16 mart 2023-cü il tarixindən 22 mart 2023cü il tarixədək növbəti məzuniyyət verilmiş, xx.xx.2022-xx.xx.2023-cü təqvim ili üzrə məzuniyyət günündən 14(on dörd) gün istifadə edilməmişdir. İşə çıxma tarixi xx.xx.2023-cü ildir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Cəmiyyətin satıcı-xəzinədar vəzifəsində çalışan İddiaçı 30 manat məbləğində mükafat ödənilməsi, İddiaçı müəyyən olunmuş mükafat məbləğinin yanvar ayının əmək haqqı ilə birlikdə ödənilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Cəmiyyətin satıcı-xəzinədar vəzifəsində çalışan İddiaçı 30 manat məbləğində mükafat ödənilməsi, İddiaçı müəyyən olunmuş mükafat məbləğinin fevral ayının əmək haqqı ilə birlikdə ödənilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən 1. İddiaçı "ƏLİ VƏ NİNO YAYİM MMC” MMC-də 15 yanvar 2023-ei il tarixindən aylıq vəzifə maaşı 380 (üç yüz səksən) manat, tam ştat və vaxtamuzd olmaqla Satıcı-xəzinədar vəzifəsinə keçirilməsi əmr edilmişdir. Bakı 08 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01977 nömrəli arayışına əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X7 Ginekologiya İnstitutu" X13 xx.xx.2024-cü il tarixli 3-28-10/2-600/2024 saylı məktubuna əsasən İddiaçı hamiləlik və doğuşdan sonrakı dövr üçün (xx.xx.2024-xx.xx.2024-cü il tarixi) işdən azad edilməyə dair əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim edilmişdir. Lakin texniki səbəblərdən adıçəkilən sənəd möhürlə təsdiq edilməmişdir. Məsələnin həlli ilə bağlı vətəndaşla əlaqə saxlanılmış, Müəssisəyə dəvət olunmuşdur. Vətəndaş Müəssisəyə sözügedən sənədlə yaxınlaşdığı təqdirdə möhürlənərək S.Sultanovəya təqdim ediləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X7 Ginekologiya İnstitutu" X13 xx.xx.2024-cü il tarixli 3-28-10/2-1017/2024 saylı İddiaçı hamiləlik və doğuşdan sonrakı dövr üçün (xx.xx.2024-xx.xx.2024-cü il tarixi) SN0007№0993704 saylı xəstəlik vərəqəsi verilmişdir. Lakin texniki səbəblərdən adıçəkilən sənəd möhürlə təsdiq edilməmişdir. Məsələnin həlli üçün əməkdaş İddiaçı hamiləlik və zahılıq dövrü üçün (xx.xx.2024xx.xx.2024-cü il tarixi) xəstəlik vərəqəsinin əslinin möhürlə təsdiq edilməsi üçün təqdim edilməsini xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən mağazada aparılan inventarizasiya nəticəsində aşağıdakılar müəyyən olunmuşdur. Mağazada faktiki olaraq akta əlavə olunan siyahıda qeyd olunan 30356 sayda, 7138 çeşiddə mallar inventarizasi olunmuş və aşkar olunmuşdur ki, hesabat üzrə 330 sayda, 842 çeşiddə, 6436.57 manat dəyərmdə mallar artıq, 727 sayda, 1740 çeşiddə, 10 437.56 manat dəyərində mallar isə əskik gəlmişdir. Yekun olaraq 4000,99 mana: dəyərində mallar əksik gəlmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəssisənin satıcı-xəzinədarı olan İddiaçı xx.xx.2024-cü il tarixindən işdən kənar edilməsi və işdən kənar edildiyi dövr ərzində əmək haqqı hesablanması əmr dilmişdir. Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2241 saylı rəyinə əsasən: - Rəyin tədqitat hissəsində göstərdiyi kimi təqdim edilmiş iş materiallarında olan "xxxx" tərəfindən İddiaçı əmək haqqı hesablanmasına dair cədvəl məlumatlarına, işçinin işdən kənar edilməsi barədə əmrə əsasən onun xx.xx.2024-cü il tarixdən etibarən işdən azad olunduğunu nəzərə alaraq, sonuncu işlədiyi mart ayı üzrə hesablanmış 380,0 manat əmək haqqından tutulmalar nəzərə alınmaqla ödənilməli olan əmək haqqı 346,0 manat təşkil etmiş, həmin ay üzrə ödənilmiş - 100,0 manat avans məbləği nəzərə alınmaqla yekun olaraq 2024-cü ilin mart ayı üzrə ödənilməli olan əmək haqqının məbləği 246,50 manat məbləğində olduğu müəyyən edilir. - Həmin məbləğin gecikdirilməsinə görə 2024-cü ilin mart ayı üzrə ödənilməmiş 246,50 manat əmək haqqının gecikdirilmiş faizi 914,51 manat (246,50 x 1% x 371 gün (hazırki tarixədək)) məbləğində müəyyən edilir. - Təqdim olunmuş mühasibatlıq sənədləri əsasında İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də işlədiyi müddətdə istifadə edilməyən məzuniyyət günlərinin sayı 40 gün, son 12 ay üzrə orta əmək haqqı məbləği 385,0 manat, bir günə düşən əmək haqqı məbləğinin 12.66 manat olduğunu nəzərə alaraq ona hesablanmalı olan məzuniyyət haqqı 506,58 manat, tutulmalar nəzərə alınmaqla yekun olaraq istifadə edilməyən məzuniyyət günlərinə görə ödənilməli olan məbləğ 443,26 manat məbləğində olduğu müəyyən edilir. - Beləliklə İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMCdə işlədiyi müddətdə ödənilməmiş məzuniyyət haqqı və son haqq-hesabın məbləği 689,76 manat məbləğində müəyyən edilir,o cümlədən: Ödənilməmiş əmək haqqı üzrə -246,50 manat; İstifadə edilməyən məzuniyyət haqqı üzrə – 443,26 manat; - Təqdim edilmiş iş materiallarında İddiaçı "xxxx" MMC-də xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır. Belə olan halda iddiaçıya iş vaxtından artıq işləməyə görə ödənilməli olan əmək haqqı və kompensasiya məbləğinin nə qədər təşkil etdiyini müəyyən etmək mümün olmadı. - İş materiallarından göründüyü kimi, xx.xx.2024-cü il inventarizasiya aktına əsasən "xxxx" MMC üzrə yekun olaraq çatışmazlıq müəyyən edilmişdir. Qeyd edilir ki, yaranmış çatışmazlıqla bağlı təqdim edilmiş iş materiallarında İddiaçı malların onun öhdəliyinə verilməsi ilə təhvil-təslim aktları (anbara, anbardan və s), ciddi hesabat blankı olan qaimə fakturalar, geri qaytarılmalara dair rəsmi sənədlər və s. mövcud deyildir. Belə olan halda, ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixli inventarizasiya aktına əsasən İddiaçı "xxxx" MMC-yə vurduğu iddia edilən zərərin olub-olmadığını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 89.1. Tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 99.1. İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 135. Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 140. 1-ci hissə. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2-ci hissə. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 3-cü hissə. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 6-cı hissə.Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Maddə 144, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyəborcludurlar. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddianın “2024-cü ilin mart ayı üçün ödənilməmiş əmək haqqı olaraq 550 manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının mart ayı üzrə əmək haqqının 550 manat olmasını bildirsə də, iş materialları, habelə ekspert rəyi ilə iddiaçının hesablanmış 380,0 manat əmək haqqından tutulmalar nəzərə alınmaqla ödənilməli olan əmək haqqının 346,0 manat təşkil etməsi, həmin ay üzrə ödənilmiş - 100,0 manat avans məbləği nəzərə alınmaqla yekun olaraq 2024-cü ilin mart ayı üzrə ödənilməli olan əmək haqqının məbləğinin 246,50 manat məbləğində olduğu müəyyən edilmişdir. Odur ki, iddianın həmin hissəsi üzrə 246.50 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə məqsədəmüvafiq hesab edir. İddia tələbinin “2024-cü ilin aprel ayı üçün ödənilməmiş əmək haqqı olaraq 550 manatın ödənilməsi və sosial ödəniş üçün 2940 manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edilir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində 2024-cü ilin aprel ayı üzrə əmək haqqının tələb edilməsinə baxmayaraq, iddiaçının həmin ay işləmədiyini, habelə sosial ödənişin iddiaçıya ödənildiyini bildirib, iddianı həmin hissələrdə müdafiə etmədiklərini bildirmişdir. Ona görə də həmin hissədə iddia rədd edilməlidir. İddianın “2024-cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% olmaqla gecikdirilmiş faiz məbləğinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia Əmək Məcəlləsinin 172-ci maddələrinin müddəaları əsasında həll olunmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023cü il tarixli qərarında göstərmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Adı çəkilən qərarda həm də qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Odur ki, qanunvericiliyin göstərilən normalarına istinadən məhkəmə hesab edir ki, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. Ekspert rəyində mart ayı üzrə əmək haqqının gecikdirilməsinə görə 2024-cü ilin mart ayı üzrə ödənilməmiş 246,50 manat əmək haqqının gecikdirilmiş faizi 914,51 manat (246,50 x 1% x 371 gün (hazırki tarixədək)) məbləğində müəyyən edilmişdir. Buna görə də həmin hissədə iddia təmin edilərək, 914.51 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 49 məzuniyyət gününə görə ödənilməmiş 1029 AZN (49 günü x 21 AZN) kompensasiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş mühasibatlıq sənədləri əsasında İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də işlədiyi müddətdə istifadə edilməyən məzuniyyət günlərinin sayı 40 gün, son 12 ay üzrə orta əmək haqqı məbləği 385,0 manat, bir günə düşən əmək haqqı məbləğinin 12.66 manat olduğunu nəzərə alaraq ona hesablanmalı olan məzuniyyət haqqı 506,58 manat, tutulmalar nəzərə alınmaqla yekun olaraq istifadə edilməyən məzuniyyət günlərinə görə ödənilməli olan məbləğ 443,26 manat məbləğində olduğu müəyyən edilir. Odur ki, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinə görə 443,26 manat "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. İddianın “xx/xx/2023- xx/xx/2024-cü iş ilinə görə cəmi 54 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1134 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Təqdim edilmiş ekspert rəyində də göstərilmişdir ki, iş materiallarında İddiaçı "xxxx" MMCdə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmadığından iddiaçıya iş vaxtından artıq işləməyə görə ödənilməli olan əmək haqqı və kompensasiya məbləğinin nə qədər təşkil etdiyini müəyyən etmək mümün olmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının əmək haqqının ödənilməsi barədə iddiası qismən təmin edildiyindən mənəvi zərərin təsirinin azalması və ya aradan qalxması labüddür. Belə olan halda iddianın mənəvi zərər hissəsinin təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MMC iddiasının əsası kimi tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” xx.xx.2021-ci il tarixli müqaviləyə, habelə işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Akta istinad edərək, ona vurulmasını iddia etdiyi 4000.99 manatın İddiaçı tərəfindən ödənilməli olmasını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçı iddia ərizəsində və məhkəmə iclasındakı izahatında ziyanın 3 işçi -Şahi Müjgan, İddiaçı və Musavər Hüseynova tərəfindən vurulduğunu bildirməsinə baxmayaraq, həmin məbləğin bütövlükdə hansı əsasla hazırkı cavabdehdən tələb edilməsinin səbəbi işdən məlum deyil. Bundan başqa Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda tam maddi məsuliyyət daşıdığı müəyyən edilib. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverci tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda və sair. Normanın mənasına görə, tam maddi məsuliyyət haqqında müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir. Hazırkı halda MMC xeyrinə maddi ziyana görə 4000.99 manat pul tələb edərkən, İddiaçı qanuni zidd hərəkətlərinin nədən ibarət olması, iddia olunan məbləğdə əmlakın və digər sərvətlərin həqiqətən ona təhvil verilib-verilməməsi, bunun hər hansı akt, elektron qaimə, faktura sənədləri ilə təsdiq olunub-olunmaması, bilavasitə İddiaçı maddi məsuliyyətini şərtləndirən halların mövcud olub-olmaması kimi hallar barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Təsadüfi deyildir ki, ekspert rəyində göstərilmişdir ki, xx.xx.2024-cü il inventarizasiya aktına əsasən "xxxx" MMC üzrə yekun olaraq çatışmazlıq müəyyən edilmişdir. Qeyd edilir ki, yaranmış çatışmazlıqla bağlı təqdim edilmiş iş materiallarında İddiaçı malların onun öhdəliyinə verilməsi ilə təhvil-təslim aktları (anbara, anbardan və s), ciddi hesabat blankı olan qaimə fakturalar, geri qaytarılmalara dair rəsmi sənədlər və s. mövcud deyildir. Belə olan halda, ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixli inventarizasiya aktına əsasən İddiaçı "xxxx" MMC-yə vurduğu iddia edilən zərərin olub-olmadığını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, malın qalığının yoxlanılması zamanı anbarda mal əskikiliyinin əmələ gəlməsi və MMC tərəfindən İddiaçı satış üçün və ya saxlanılması üçün qaimə ilə və ya təhvil-təslim aktları ilə hər hansı miqdarda və ya çeşiddə malmaterialın verilməsi iş materiallarına əlavə edilmədiyi üçün, qarşılıqlı iddia əsaslı sayıla bilməz. Çünki, qanunun mənasına görə, işçi işəgötürənə vurduğu ziyana görə o, halda tam həcmdə maddi məsuliyyət daşıyır ki, ilk növbədə işəgötürən tərəfindən saxlamaq və başqa məqsədlər üçün hər hansı əmlakın və digər sərvətlərin işçiyə təhvil verilməsi mötəbər yazılı sübutlarla təsdiq olunmuş olsun və işəgötürənə məhz işçinin hər hansı qanuna zidd hərəkətləri nəticəsində maddi ziyan dəysin. Hazırkı işdə olan sübutlar, mağazada aşkar edilən 4000.99 manat mal əksikliyinə görə açıq-aşkar İddiaçı təqsirli olması nəticəsinə gəlməyə əsas vermir. Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinə uyğun olaraq, qarşılıqlı iddia üzrə cavabdehdən hazırkı mübahisəli məsələyə dair yazılı izahat alınması, dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olduğu, habelə dəymiş ziyanın həqiqi miqdarını yoxladığı müəyyən edilmir, bu halları yoxlamaq isə işəgötürənin qanundan irəli gələn vəzifəsi idi. Nəzərə alınmalıdır ki, özü-özlüyündə işçidə hər hansı sərvətin, malın faktik surətdə əskik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Maddi ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanılmasını aparmağa borcludur və ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlərlə (təhvil-təslim aktları, elektron qaimələr, fakturalar və sair) təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması, işçinin maddi məsuliyyətə cəlb olunmasını istisna edir. Bu baxımdan da, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 1604.27 (246.50+ 914.51+443,26) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır) iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu qiymətləndirilən iddialar üçün nəzərdə tutulmuş hazırki iddia üzrə ödənilməli olan 120.60 manat məbləğində dövlət rüsumunun 19 manat hissəsi (iddia qismən təmin edildiyindən) "xxxx" MMC-dən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə dövlət rüsumu MMC-yə aid edilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İddiaçı ödənilməmiş əmək haqqı üzrə 246,50 manat, həmin əmək haqqının gecikdirilmiş faizi 914,51 manat, istifadə edilməyən məzuniyyət haqqı üzrə 443,26 manat olmaqla, ümumilikdə 1604.27 (bir min altı yüz dörd manat, 27 qəpik) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun 19 manat hissəsi "xxxx" MMC-dən tutulmaqla dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar