Məhkəmə qərarları › İş №e-2(006)-663/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-663/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-663/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı İskəndər oğlunun Cavabdeh ASC-yə qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı İskəndər oğlu Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə mənim aramda xx.xx.2013-cü ildə bağlanmış zaminlik müqaviləsi əsasında yaranmış zaminlik öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 26 sentyabr 2013-cü ildə cavabdeh bankın Sumqayıt filialından X5 20000 manat məbləğində kredit götürmüş və iddiaçı da ona zamin durmuşdur. Lakin kredit ödənişləri vaxtında yerinə yetirilmədiyi üçün bank məhkəməyə müraciət etmiş və məhkəmənin 2(060)-459/2017 saylı qətnaməsi ilə ondan və zaminlərdən 15867,19 manat pulun tutulması qət olunmuşdur. Bu qətnamədən sonra yenidən Aybənizlə bank arasında razılaşma müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Aybəniz 55 ay müddətində, hər ay 287 manat banka borcundan ödəyəcəyini öhdəsinə götürmüş və bankın ərizəsi əsasında icra vərəqəsi geri qaytarılmışdır. Lakin buna baxmayaraq 2024-cü ilin fevral ayından iddiaçının aldığı pensiyanın yarısı-470 manatı bu borca tutulur, halbuki sonuncu razılaşma müqaviləsi ilə Aybəniz bütün pulu özü ödəyəcəyini öhdəsinə götürmüşdür. O, belə bir müqavilənin bağlanılmasından hazırda xəbər tutmuş və zaminlik öhdəliyinə xitam verilməsi, vəsaitin ondan tutulmasının dayandırılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: Cavabdeh ASC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə İddiaçı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASCnin cavabdehlər X1, X8, İddiaçı və X4 qarşı “borc” tələbi üzrə 2(060)-459/2017 saylı qətnamə qəbul edilmiş və cəmi 20070,74 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə borclu X3 ilə qətnamə üzrə borcun icra edilməsinə dair razılaşma bağlanılmışdır. Lakin borclu razılaşmaya əməl etmədiyi üçün məcburi icra tədbirlərinin davam etdirilməsi məqsədilə icra sənədinin yenidən icraya yönədilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilmişdir. Qətnamənin qəbul edilməsindən 7 ildən çox keçməsinə baxmayaraq qətnamə üzrə borc bu günədək icra edilməməkdə idi, bu səbəbdən qətnamənin icrasının təmin edilməsi məqsədilə tələb borclu İddiaçı gəlirlərinə yönəldilmişdir və sonuncu 7 il sonra əsassız olaraq zaminlik öhdəliyini mübahisələndirmək qərarına gəlmişdir. Bundan başqa məhkəməyə təqdim edilən sənədlərdən də görünür ki, İddiaçı ilə Bank arasında zaminlik müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmışdır, Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti isə üç ildir təşkil edir. Göründüyü kimi zaminlik müqaviləsinin mübahisələndirilməsi üçün bütün müddətlər ötürülmüşdür. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X9 iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2013-cü il tarixli, RBSF/SM saylı kredit müqaviləsindən görünür ki, X3 (kreditalan) Cavabdeh ASC-nin Sumqayıt filialından (Bank) 144 ay müddətinə, illik 14 faizlə 20000 (iyirmi min) manat məbləğində kredit almışdır. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, İddiaçı kreditor qarşısında borclunun xx.xx.2013-cü il tarixli, RBSF/SM saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-459/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3, X11, İddiaçı və X4 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək X3, X11. İddiaçı və X2 xx.xx.2013-cü il tarixli, sm4655 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 18145,64 manat əsas borc, 1461,42 manat faiz borcu, 463,68 manat cərimə, cəmi 20070,74 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-459/2017 saylı qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verilməmiş, qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.01. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. 477.0.4. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)- 459/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3, X11, İddiaçı və X4 qarşı borc tələbinə dair iddiası təmin edilmiş, cəmi 20070,74 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı zaminlik öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir və iddiasını onunla əsaslandırır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən sonra yenidən Aybəniz Paşayeva ilə bank arasında razılaşma müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Aybəniz 55 ay müddətində, hər ay 287 manat banka borcundan ödəyəcəyini öhdəsinə götürmüş və bankın ərizəsi əsasında icra vərəqəsi geri qaytarılmışdır. Lakin buna baxmayaraq 2024-cü ilin fevral ayından iddiaçının aldığı pensiyanın yarısı- 470 manatı bu borca tutulur, halbuki sonuncu razılaşma müqaviləsi ilə Aybəniz bütün pulu özü ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçının dəlillərinə münasibətdə məhkəmə bildirir ki, Aybəniz Paşayeva ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində tutulması qət edilən borc məbləğini əks etdirməklə qətnamənin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Borclu həmin razılaşma şərtlərinə əməl etmədiyindən, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsini tələb etmiş və qətnamə üzrə yaranmış öhdəliyin həmin iş üzrə müştərək cavabdehlərdən olan İddiaçı gəlirlərindən tutulmasına başlanılmışdır. Qeyd olunanlar İddiaçı kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxması üçün əsas deyildir. Məhkəmə onu da qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilə bilməz. Göründüyü kimi tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə öhdəliyə xitam verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas müəyyən edilməmişdir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının iddiasının əsassız olması müəyyən edildiyindən, iş üzrə iddia müddətinin tətbiqinə zərurət qalmır. Belə ki, iddia müddəti əsaslı iddia tələblərinə münasibətdə tətbiq edilir, əsassız olduğu müəyyən edilən iddia tələbi onsuz da məhkəmə tərəfindən təmin edilmədiyindən, əlavə olaraq həmin tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı İskəndər oğlunun Cavabdeh ASC-yə qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İskəndər oğlunun Cavabdeh ASC-yə qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar