Məhkəmə qərarları › İş №e-2(006)-679/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-679/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-679/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı "öhdəlikdən azad edilmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı "öhdəlikdən azad edilmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1975-ci il tarixdə Oğuz rayon Mollalı kəndində anadan olmuşdur. Hazırda Oğuz rayon Mollalı kəndində yaşayır. Birinci Qarabağ döyüşlərində iştirak etmiş, müharibə veteranıdır. İddiaçı X6 adlı şəxsə 13 noyabr 2014-cü il tarixli, № 4738micSHEK/14-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə əsasən zamin durmuşdur. Həmin şəxs bugünki tarixədək "xxxx" X11 Qapalı Səhmdar Cəmiyyətinə olan kredit borcunu ödəməmiş, qeyri-rəsmi müraciət etdikdə həmin müqavilənin surətini ona təqdim etmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışda iddiaçının hər hansı öhdəliyə zamin olmağı haqqında məlumat olmadığı görünsə də, X3 "xxxx" X12 Səhmdar Cəmiyyətindən aldığı 4000 manat kredit məbləğinin ödənilməmiş qalan 3723,59 manat borcuna zaminlik öhdəliyi mövcuddur. Müqavilənin bitmə tarixindən 8 il müddət keçmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) zaminlik öhdəliyi olduğu barədə məlumat görünməsə də, 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X3"xxxx" X8 Səhimdar Cəmiyyətindən aldığı 4000 manat kredit məbləğinin ödənilməmiş qalan 3723,59 manat borcuna zaminlik öhdəliyinin olması iddiaçının həmin müqavilə üzrə işini mümkünsüz qədər çətinləşdirir. Belə ki, həmin zaminlik öhdəliyi olduğu müddətdə iddiaçı kredit almaq üçün heç bir banka müraciət edə bilmir. Bu zaminlik öhdəliyi üzərində olduğu müddət ərzində həm də iddiaçı mənəvi cəhətdən də əzab çəkir. "xxxx" X12 Səhimdar Cəmiyyəti tərəfindən müraciətinə cavab olaraq 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin surəti ona təqdim edilmişdir. Qeyd olunan məsələyə aydınlıq gətirməyi üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışları hazırki ərizəyə əlavə etmişdir. Göstərilənlərə əsasən İddiaçı 13 noyabr 2014-cü il tarixli, № 4738micSHEK/14-EM nömrəli kredit müqaviləsi üzrə öhdəlikdən azad edilməyi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zaminlik öhdəliyindən azad edilməyinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zaminlik öhədliyindən azad olma tələbi ilə verdiyi iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı ərizəsində əsas olaraq mübahisə predmeti olan kredit müqaviləsinin bitmə tarixindən 8 il müddət keçdiyini bildirir. Sözügedən kredit müqaviləsində zaminliyin xitamı ilə bağlı müddəa əks olunmamışdır. Qoşmaya əlavə edilən maliyyə arayışında iddiaçının zamin olduğu kredit müqaviləsi üzrə qalıq borc əks olunmuşdur. Buradan da görünür ki, müqavilə üzrə öhdəlik tam yerinə yetirilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışda hər hansı öhdəliyə zaminliyinin olması barədə məlumatın olmamasını qeyd edir. Qeyd edilir ki, MKR-dən olan çıxarış mötəbər mənbə deyil, belə ki, çıxarışın sadəcə bir səhifəsi təqdim edilib. Bununla yanaşı, borc müqaviləsində İddiaçı zamin kimi müqaviləni imzalamış və Oğuz rayon məhkəməsinin 2(054)-747/2015 saylı məhkəmə əmrində də o, X9 ilə birgə borclu kimi tanınmışdır. Sözügedən məhkəmə əmri hələ də qüvvədədir və məhkəmə aktlarının stabilliyi prinsipi, xüsusilə, onun tərkib hissəsi olan məhkəmə aktlarının kolliziyasının yolverilməməsi prinsipinə əsasən, həmin məhkəmə aktına zidd olan başqa bir məhkəmə aktı qəbul edilməməlidir. İddiaçının iddia ərizəsində istinad etdiyi iddia müddəti barədə və kəsici müddət barədə müddəalarının təyinatı qeyd olunmayıb. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etmişdir. 6.Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, cavabdehlə Z.Ağalarov arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə o, zamin olaraq göstərilmişdir. Həmin kredit müqaviləsi üzrə Z.Ağalarova 4.000 manat kredit ayrılmışdır. Lakin Z.Ağalarov həmin krediti ödəməkdən yayınmışdır. Bununla əlaqədar bank onlara qarşı məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Bundan sonra bir müddət onun əmək haqqından tutulmalar aparılmış, lakin daha sonra tutulmalar dayandırılmışdır. Lakin hazırda da Z.Ağalarovdan tutulmalar davam edir. Eyni zamanda həmin müqavilənin bitmə tarixindən artıq 8 il keçmişdir. Hesab edir ki, onun barəsində zaminliyə xitam verilməlidir. Sonda iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 7.Hazıki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan “X5” Açıq Səhmdar Cəmiyyəti (borcverən), X6 (borcalan) və İddiaçı (zamin) arasında bağlanan 13 noyabr 2014-cü il tarixli, 4738micSHEK/14-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə və həmin tarixli əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən Ağalarov Zakirə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, İddiaçı Ağalarov Zakirlə birgə Bank qarşısında birgə öhdəliyi öz üzərinə götürmüşdür. 10.Mülki işin materiallarında olan 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli tələb hüququnun satılması haqqında müqavilədən görünür ki, “X5” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını “BOA Kollektor Agentliyi“ Məhdud Məsuliyyətli Cəmiyyətinə satır. 11.Mülki işin materiallarında olan “BOA Agency“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-747/2015 saylı icra sənədinə əsasən X7 və İddiaçı 3723.59 manat məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. X1 və İddiaçı 4738micSHEK/14-EM nömrəli kredit müqaviləsi üzə 2155.09 manat kredit borcu qalmışdır. 12.Mülki işin materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-747/2015 saylı məhkəmə əmrinə əsasən 18 yanvar 1976-cı il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, həmin kənddə yaşayan borclu X7 və xx xxxx 1975-ci il tarixdə Oğuz rayonu Mollaları kəndində anadan olmuş, həmin kənddə yaşayan borclu İddiaçı müştərək qaydada kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3350.14 manat əsas borc, 302.65 manat faiz borcu, 70.80 manat cərimə və 20 manat dövlət rüsumu-cəmi 3743 manat 59 qəpik tutulmalıdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13 noyabr 2014-cü il tarixli, 4738micSHEK/14-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə və həmin tarixli əlavə kredit müqaviləsinə əsasən “X5” ASC tərəfindən əsas borclu X4 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, İddiaçı həmin müqavilə üzrə zamin durmuşdur. Hazırda İddiaçı müqavilənin müddətinin bitməsindən artıq 8 il keçdiyini, zaminliyinə xitam verildiyini, həmçinin Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışda zaminlik öhdəliyinə dair məlumatın görünməməsini iddia edərək, onun 13 noyabr 2014-cü il tarixli, 4738micSHEK/14-EM nömrəli kredit müqaviləsi üzrə öhdəlikdən azad edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələbini yönəltdiyi cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi “X5” ASC isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Bununla bağlı iddiaçıya məhkəmə tərəfindən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu səbəbdən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə təklifin verilməsi mümkün olmamışdır. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 19.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 20.Hazırki iş üzrə araşdırılan hallardan göründüyü kimi iddiaçının tələbini yönəltdiyi cavabdeh “X5” ASC-nin tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tələb hüquqlarını "xxxx" ASC-yə ötürmüşdür. Belə olan halda da hazırki vəziyyətdə “X5” ASC i iş üzrə subyektiv cavabdehlik daşımır. 21.Məhkəmə həmçinin, onu da qeyd edir ki, “X5” ASC iş üzrə subyektiv cavabdehlik daşımış olsa idi də belə, yenə də iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. 22.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 23.Həmin Məcəllənin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 24.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 25.Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 26.Həmin Məcəllənin 470-ci maddəsinin tələblərinə əsasən isə zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında aşağıdakı hüquqi mövqe müəyyən edilmişdir: - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. - Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır. - Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. - Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. - Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. 28.Məhkəmə tərəfindən müəyyən edildiyi kimi iddiaçı tələbinin əsasını təşkil edən 13 noyabr 2014-cü il tarixli, 4738micSHEK/14-EM nömrəli kredit müqaviləsi üzrə əsas borclu tərəfindən götürülən kreditə zamin durmuşdur. Hazırda iddiaçı müqavilənin müddətinin bitmə tarixindən 8 ildən artıq müddət keçməsini iddia edərək öhdəliyinə xitam verilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı onun tələbinin əsasını təsdiq edə biləcək faktlar aşkar edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə Bank daha əvvəl zamin olaraq iddiaçı və kredit müqaviləsi üzrə əsas borclu olan şəxs tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmiş və Oğuz Rayon Məhkəməsinin 2(054)-747/2015 saylı məhkəmə əmrinə əsasən X7 və İddiaçı ödənilməmiş borc tutulmalıdır. Həmçinin, iş materiallarından göründüyü kimi hazırki vaxta qədər də Bank qarşısında borcluların ödənilməmiş borcu qalmaqdadır. 29.Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına və yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə də xitam verilir. Halbuki, qeyd edildiyi kimi öhdəlik tam yerinə yetirilmədiyinə görə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi əsassız olmuşdur. Məhkəmə iddiaçının müqavilənin müddətinin bitməsindən 8 ildən artıq vaxt keçməsi dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Halbuki, tərəflər arasında bağlanan müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır. 30.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı "öhdəlikdən azad edilmə" tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı "öhdəlikdən azad edilmə" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar