Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-680/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X7” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X7” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş ezamiyyət məbləğinə görə 70720.00 manat, istirahət/qeyri iş günü hesab edilən bayram günlərinə, o cümlədən iş vaxtından ortalama 3 saat artıq vaxt ərzində əmək funksiyalarınn icrasına cəlb edilməsinə görə ödənilməmiş 28785.09 manat, istirahət/qeyri iş günü hesab edilən bayram günlərinə, o cümlədən iş vaxtından ortalama 3 saat artıq vaxt ərzində əmək funksiyalarının icrasına cəlb edilməsinə görə ödənilməli məbləğin gecikdirilməsinə görə 49305.69 manat, son-haqq hesab üzrə 4943.26 manat, müvafiq məbləğlərin gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə 5400 manat (3000 avro) mənəvi zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləgi, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 50 manat; ödənilmiş dövlət rüsumuna görə 400 manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 320 manat; cəmi 159924.04 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2023 tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə (ən son yük və kommersiya şöbəsinin rəisi) işləmişdir. İşlədiyi dövr ərzində İran İslam Respublikasına ezam olunmuşdur. Lakin, buna baxmayaraq bugünədək ona cavabdeh tərəfindən ezamiyyətlə bağlı hər hansı ödəniş edilməmişdir. O, cümlədən işlədiyi dövr ərzində istirahət və bayram günlərində işlədiyinə, o cümlədən iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı düzgün hesablanmamışdır. Bununla bağlı mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi cəhdləri nəticəsiz qalmışdır. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı olaraq bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə MMC-yə Yük Kommersiya və Texniki sahə şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə isə işdən azad olunmuşdur. İddiaçı işlədiyi dövr ərzində MMC-nin müvafiq əmrinə uyğun müxtəlif vaxtlarda İran İslam Respublikasına ezam olunmuş və buna uyğun bütün xərclər ödənilmişdir. Belə ki, E.X8 Respublikasında mənzil, qida, nəqliyyat, rabitə xidmətləri və yüksək məbləğli əmək haqqı ilə təmin olunmuşdur. Yəni, cavabdeh tərəfindən İddiaçı bütün ezamiyyə xərcləri tam olaraq ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının qeyd etdiyi 260 gün ölkə xaricində olması da həqiqətə uyğun deyildir. İddiaçının özü tərəfindən təqdim edilmiş sənədlərdən belə görünür ki, o tez-tez Azərbaycana qayıdıb və 260 gün ərzində davamlı olaraq İran İslam Respublikasında qalmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının 90 gün istirahət və iş günü hesab edilməyən bayram günlərində də işləməsi həqiqəti əks etdirmir. İddiaçı istirahət və bayram günləri ilə tam təmin edilmiş, əgər həmin günlərdə işə cəlb olunsa da qanunvericilikdə nəzərdə tutulan ödənişlərlə təmin olunmuşdur. Bir sözlə, İddiaçı əmək münasibətlərində qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 3-cü bəndinin 4-cü yarımbəndinə əsasən bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4- cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçıla əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən bağlanılmış və həmin dövrdən o, İran İslam Respublikasına ezamiyyətə göndərilmişdir, yəni hesab edildiyi hüququn pozulmasını həmin tarixdən bilmişdir və 1 il ərzində məhkəməyə müraciət etməmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. İddiaçı xx.xx.2023-cü ildə MMC-yə Yük Kommersiya və Texniki sahə şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə isə işdən azad olunmuşdur. İddiaçıla əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən bağlanılmış və həmin dövrdən o İran İslam Respublikasına ezamiyyətə göndərilmişdir. E.X8 Respublikasında mənzil, qida, nəqliyyat, rabitə xidmətləri və yüksək məbləğli əmək haqqı ilə təmin olunmuşdur. Yəni, cavabdeh tərəfindən iddiaçının bütün ezamiyyə xərcləri tam olaraq ödənilmişdir. Baxmayaraq ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ezamiyyə göndərilmişdir, məhkəməyə yalnız 2024-cü ilin oktyabr ayında müraciət etmişdir, yəni hesab edildiyi hüququn pozulmasını xx.xx.2023-cü ildən bilən iddiaçı 1 il ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, iddiaçı ilə "xxxx" MMC-də bərabər çalışmışlar. Ezamiyyətdə olan zaman onlara rəsmi olaraq əmək haqqı və artıq işlədiyinə görə əlavə ödənişlər aparılmışdır. İşlədiyi dövr ərzində onunla bağlı hər hansı əmr təqdim olunmamışdır. Yalnız məzuniyyətə çıxdığı halda məzuniyyət əmri olmuşdur. Onun kartına ödənilən məbləğdən məxaric edib şirkət rəhbərinə ödəniş etmişdir. İddiaçı səhər saat 7-də 8-də işə gəlib gecə saatlara kimi çalışmışdır. İki növbədə də işi olmuşdur. Əlavə saatlara görə əmək haqqı kim nə qədər işləyibsə hesablanmışdır. Yəni əlavə saata görə üst limit müəyyən edilməklə 60 saat işlədiyin halda 36 saat kimi hesablanmışdır. İmamverdiyev Vəzir-mühasib İrana ezamiyyətə gəlmiş onlarla bərabər qalmışdır. Aktların tərtib olunmasının məqsədi daxili auditə nəzarət və daxil olan pulların nəyə xərcləndiyini müəyyən etmək olmuşdur. Həmin aktlara əsasən həm rəsmi həm də qeyri-rəsmi daxil olan pulların ADR rəhbərliyinə təqdim etmək üçün müəyyən edilmişdir. Ezamiyyətə gedən zaman gedib-gəliş Astaraya taksi ilə və ya şirkətin maşını ilə rəhbərliklə təşkil edilmişdir. Qidanlanmaq isə orada yeməkxana olmasına baxmayaraq ancaq İran vətəndaşları üçün nəzərdə tutulmuşdur. Eyni zamanda oranın yeməkləri yaxşı deyildir. Həm restoranda həm də alıb evdə yemək yemişlər. Qalmaq yeri ilə bağlı iddiaçı evlə təmin olunmuşdur. Qida ilə bağlı orada adları olmamışdır. Ezamiyyətdə olan zaman çəkilmiş bütün xərclər barəsində işəgötürənə hesabat verməmişlər. Həmçinin ezamiyyət əmrinin verilməsi barədə xəbəri olmamış və yalnız işdən ayrıldıqdan sonra bu barədə məlumatı olmuşdur. Ezamiyyətdə olduqları zaman orada qalmaq və nəqliyyat xərclərini kim tərəfindən ödənilməsi barədə məlumatı olmamışdır. Ezamiyyət barədə onlara məlumat verilməmişdir. Yalnız onlara məlumat verilmişdir ki, iki növbəli iş rejimi tətbiq olunmuş və ona görə də əlavə iş saatlarına görə ödəniş aparılacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Astara Terminal MMC-nin ezamiyyət haqqında xx.xx.2023-cü il tarixli əmr №068/23-dən görünür ki, Astara Terminal MMC-nin Yük kommersiya və texniki sahəsir şöbə rəisi İddiaçı xx.xx.2023-cü il tarixdən müvafiq tikinti və quraşdırma (sazlanma) işlərinin yerinə yetirilməsi müddətində ezam edilmişdir. Ezamiyyətinin məqsədi İran İslam Respublikasının “X4” LLC tərəfindən idarə edilən “X9”nda yük kommersiya xidmətlərir təşkili ilə əlaqədar texniki imkanların formalaşdırılması, idarəetmənin qurulması bununla bağlı tikinti və müvafiq avadanlıqlaı quraşdırılması (sazlanması) işlərinə yuxarı təşki olan "xxxx" MMC adından cari nəzarət edilməsi və əlaqələndirilməsidir. İş materiallarında olan Astara Terminal MMC-nin direktoruna xx.xx.2023-cü il tarixdə “X2” MMC-nin direktoru tərəfindən ünvanladığı məktubda qeyd olunur ki, İddiaçı “X2” MMC-yə ezam olunması barədə göstəriş verilməsi xahiş olunur, onun ezamiyyəsi ilə bağlı bütün xərclərin “X2” MMC tərəfindən ödəniləcəyi bildirilmişdir. İş materiallarında olan Astara Terminal MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 068/23 №-li əmrindən görünür ki, İddiaçı işlərin yerinə yetirilməsi müddətinə xx.xx.2023-cü il tarixdən İran İslam Respublikasının Astara şəhərinə ezam olunmuş, ezamiyyə xərclərini ödəyən qurum kimi “X2” MMC olması göstərilmişdir. İş materiallarında olan Astara Terminal MMC-nin iş vaxtından artıq işlərə cəlb edilmə haqqında xx.xx.2023-cü il tarixli əmr №069/23-dən, xx.xx.2023-cü il tarixli əmr №074/23dən, xx.xx.2023-cü il tarixli əmr №078/23-dən, xx.xx.2023-cü il tarixli əmr №083/23-dən, xx.xx.2023-cü il tarixli əmr №086/23-dən, xx.xx.2023-cü il tarixli əmr №089/23-dən, xx.xx.2023-cü il tarixli əmr №094/23-dən, xx.xx.2024-cü il tarixli əmr №009-1/24-dən, xx.xx.2024-cü il tarixli əmr №016-1/24-dən, xx.xx.2024-cü il tarixli əmr №026-1/24-dən, xx.xx.2024-cü il tarixli əmr №033-1/24-dən, xx.xx.2024-cü il tarixli əmr №062-1/24-dən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük-kommersiya və texniki sahənin şöbə rəisi İddiaçı “X6”nda yükaşırma xidmətlərinin texniki imkanların genişləndirilməsi və bununla bağlı tikinti və müvafiq avadanlıqların quraşdırılması (sazlanması) işlərinə yuxarı inzibati nəzarətin təşkili zamanı fors-major hallarda nəzərətin və əlaqələndirmənin operativ davam etdirilməsi üçün ezam edilmişdir. İşçiyə münasibətdə təsdiq edilmiş və təqdim olunmuş iş vaxtının uçot sənədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “X2” şirkətinin hesabından cari işlər üçün çəkilən xərclər barədə xx.xx.2023-cü il tarixli akt №X-377-ə əsasən İddiaçı 100 000 000 rial, xx.xx.2023cü il tarixli akt №X-441 üzrə 22.05.23-22.03.23-100 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-473 üzrə 75 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-475 üzrə 21.04.23-21.05.23- 12 676 056 rial, xx.xx.2023-cü il tarixli akt №X-486 üzrə 22.05.23-22.06.23-12 676 056 rial, xx.xx.2023-cü il tarixli akt №X-482 üzrə 22.06.23-22.07.23-100 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-488 üzrə 75 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-537 üzrə 22.06.23-22.07.23-12 676 056 rial, xx.xx.2023-cü il tarixli akt №X-543 üzrə 23.07.23- 22.08.23-85 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-547 üzrə 23.08.23-22.09.23-100 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-565 üzrə 23.07.23-22.08.23-12 676 056 rial, xx.xx.2023-cü il tarixli akt №X-574 üzrə 8 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-575 üzrə 25.09.23-25.09.24-370 600 rial, xx.xx.2023-cü il tarixli akt №X-581 üzrə 23.08.23- 22.09.23-12 676 056 rial, xx.xx.2023-cü il tarixli akt №X-590 üzrə 85 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-615 üzrə 23.10.23-21.11.23-100 000 000 rial, xx.xx.2023-cü il tarixli akt №X-620 üzrə 23.09.23-22.10.23 - 12 676 056 rial, xx.xx.2023-cü il tarixli akt №X-645 üzrə 22.11.23-21.12.23-100 000 000 rial, xx.xx.2024-cü il tarixli akt №X-008 üzrə 21.11.23-21.12.23 - 12 676 056 rial, xx.xx.2024-cü il tarixli akt №X-020 üzrə xx.xx.2024- 19.02.24 – 100 000 000 rial, xx.xx.2024-cü il tarixli akt №X-053 üzrə 20.02.24-19.03.24 – 100 000 000 rial, xx.xx.2024-cü il tarixli akt №X-054 üzrə 22.12.23-20.01.24 – 12 676 056 rial, xx.xx.2024-cü il tarixli akt №X-057 üzrə 21.01.24-19.02.24 – 12 676 056 rial, xx.xx.2024-cü il tarixli akt №X-068 üzrə 20.02.24-19.03.24 – 12 676 056 rial, xx.xx.2024cü il tarixli akt №X-080 üzrə 150 000 000 rial, xx.xx.2024-cü il tarixli akt №X-099 üzrə 20.03.24-19.04.24 – 19 014 085 rial ödəniş edilmişdir. Qeyd olunmalıdır ki, 100 000 000 rial mövcud məzənnə üzrə təxminən 4000 manat təşkil edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən, iddia müddəti Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. İlk növbədə qeyd edilmədir ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Belə olduğu təqdirdə, iddia müddətinin ötürülməsini müəyyən etmək üçün onun hesablanmasının başlanğıcının müəyyən edilməsi zəruridir. İşçinin hüquqlarının pozulduğunu aşkar etdiyi gün olaraq qanunverici ona müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün kimi müəyyən etmişdir (Əmək Məcəlləsinin 296.3-cü maddəsi). İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad edilmiş, həmin tarixdə son haqq-hesab verilmiş, xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olması dəlillərinin əsasında İddiaçıla əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən bağlanılması və həmin dövrdən o İran İslam Respublikasına ezamiyyətə göndərilməsi durmuşdur. Lakin, həmin tarix iddiaçının hüquqlarının pozulmasının aşkar etdiyi gün hesab edilə bilməz. Beləliklə, iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmçinin mənəvi ziyanın ödənilməsi barədə olduğundan bu tələblərə isə iddia müddəti şamil edilmədiyindən ərizə bu əsasla da əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegıyasının xx.xx.2012-ci il tarixdə təsdiq etdiyi “X1”-nın 7-ci bəndində göstərilmişdir ki, Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. İşçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, hər məntəqədə gəlmə və getmə günü haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. Dövlətlərarası razılaşmaya əsasən ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. Təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır. Həmin qaydaların 5-ci bəndinə əsasən, ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur. Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, yaşayış yerinin kirayə edilməsi və gedişgəliş xərcləri haqqında sənədlər avans hesabatına əlavə edilir. Cavabdeh tərəfindən təqdim edilən aktlardan müəyyən edilir ki, işəgötürən tərəfindən İddiaçı iş vaxtından artıq işlədiyi üçün ödənişlər vaxtında aparılmış, ezamiyə barədə əmrə əsasən ezamiyə xərclərini ödəməli olan qurum tərəfindən ödənişlər mütəmadi və vaxtında həyata keçirilmiş, müqavilə müddətinin sonuna ona son haqq-hesab verilmişdir. Beləliklə iddiaçının işəgötürən tərəfindən hər hansı ödəniş edilməməsi, ödənişlərin gecikdirilməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «X7” Şirkətinin Bakı Filialına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-680/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-680/2025
29.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver