Məhkəmə qərarları › İş №e-2(006)-682/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-682/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-682/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun ödınilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1266.18 manat pul vəsaiti, ödənilmiş 32.67 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********27 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləyə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABBnin rəsmi internet səhifəsində (abb-bank.az) yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əls olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. X1 1.11-ci bəndinə əsasən müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti və Tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq, borc və digər öhdəliklər “Texniki overdraft” adlandırılmışdır. X1 18.5.20-ci bəndinə əsasən ABB, habelə digər şəxslər tərəfindən Hesaba/Kart hesabına səhv olaraq daxil edilmiş və ya silinmiş pul vəsaitini müvafiq araşdırma apararaq yanlış əməliyyatın nəticəsi olduğunu dəqiqləşdirdikdən sonra Müştəriyə xəbər vermədən akseptsiz qaydada silmək və ya bərpa etmək Bankın müştəri qarşısında hüquqlarından biridir. X1 18.9.14-cü bəndinə əsasən Ödəniş kartından istifadə üzrə xidmət haqqını və ABB-nin Tariflərində nəzərdə tutulmuş halda digər məbləğləri (sığorta depoziti və s.), Ödəniş kartı vasitəsilə apardığı əməliyyatların məbləğlərini, ABBnin Tariflərinə uyğun olaraq komisyon haqları və cərimə faizlərini, eləcə də Ödəniş kartından istifadə ilə bağlı ABB-nin çəkdiyi digər xərclərin əvəzini, Kart hesabından istifadə nəticəsində ABB-ə dəyən zərəri, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini ABB-ə ödəmək ABB-ə ödəmək müştərinin Bank qarşısında vəzifələrindən biridir. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə cavabdeh tərəfindən Banka 1266.18 manat məbləğində vəsait qaytarılmalıdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 1266.18 manat olduğundan, tərəfimizdən 32.67 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********27 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləyə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmışdır. xx.xx.2024-cü il tarixli saylı maliyyə arayışından görünür ki, BPM**********27 saylı, xx.xx.2023-cü il tarixli Tam kart kredit müqaviləsi və ona edilmiş əlavə üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 1266.18 (bir min iki yüz altmış altı manat on səkkiz qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0 (sıfır) manat dəbbə borcu, cəmi 1266.18 (bir min iki yüz altmış altı manat on səkkiz qəpik) manat borcu vardır. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-33713/24 saylı bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş aparmadığı üçün vaxtı keçmiş borc yaranmış, ona rəsmi xəbərdarlıq göndərilmiş, dəfələrlə telefon danışıqları olmuş, ondan öhdəliyin yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəyinə dair xəbərdar olunmuşdur. Mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 32,67 (otuz iki manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 960-cı maddəsinə görə, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********27 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə kart verilmişdir. Cavabdeh həmin kart hesabında olan məbləğdən artıq istifadə etmişdir, nəticədə kart hesabında 1266.18 manat mənfi qalıq yaranmışdır. Məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin məbləği geri ödəməmişdir. Hazırda iddiaçı cavabdehin bankın hesabına əldə etdiyi 1266.18 manat məbləğində pulun ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia təmin edilməli, Cavabdeh 1266.18 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, çünki əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1266.18 manat məbləğində pul alınaraq iddiaçı «X2» ASC-yə verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödənilmiş 32,67 (otuz iki manat altmış yeddi qəpik) dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1266.18 (bir min iki yüz altmış altı manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 32,67 (otuz iki manat altmış yeddi qəpik) məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar