Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-7005/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.09.2021-ci il tarixli 69-k saylı ixtisar əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməklə müddətsiz (daimi xarakterli iş olduğu üçün) əmək müqaviləsi bağlanması, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın hesablanaraq ödənilməsi, vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri barədə müvafiq icra hakimiyyəti orqanlarına və hüquq mühafizə orqanlarına təqdimatların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona, yəni LPO Cavabdeh2 ASCnin Mühasibat Uçotu Departamentinin menecerinə qarşı gender bərabərliyinin pozulması və bu zəmində təqib, mənəvi təzyiq və iztirab üzrə təminat tələbi, həmçinin 07.09.2021-ci il tarixli 69-k saylı ixtisar əmrinin qanunsuz və əsassız olması səbəbindən ləğv edilərək müvafiq bərabər vəzifəyə işə bərpası, təqibə məruz qoyan və qanunsuz əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi və dəymiş mənəvi və maddi ziyanın hesablanaraq ödənilməsi üçün zəruri tədbirlər görülməsi üçün iddia ərizəsi ilə müraciət edərək bildirir ki, iyirmi ildən yuxarı bank sferasında mühasibatlıq stajı var. İlk iş yeri Əmanətbank, sonradan uzun illər Texnikabankda mühasib, sonra Ləğv prosesində Ləğvedici Əməanətlərin Sığortalanması Fondunun ümumi və birbaşa rəhbərliyi ilə həmin Bankda fəaliyyətini davam etdirmişdir. 2019-cu ildən ləğv prosesində olan Cavabdeh2da mühasibat şöbəsinin meneceri vəzifəsində çalışmışdır. Son dövrlərədək əmək qabiliyyəti və iş keyfiyyətlərinə görə həmişə rəhbərlik tərəfindən müsbət xasiyyətləndirilmişdir. Lakin qısa bir müddət əvvəl ƏSF-nin rəhbərliyi dəyişdikdən sonra fondun Mühasibatlığında (Baş mühasib Elnur Rzayev və onun müavini Vüqar Aslanzadə) fonda gəldikdən sonra ona qarşı ciddi ayrı-seçkiliyə başlanılmışdır. Əsasən ilk günlərdə V.Aslanzadə hələ müavin təyin edilməmiş təcrübə üçün maliyyə şöbəsinin otağında ilk gəldiyi gün onun iş kürsüsünü özü üçün götürmüşdür. O, iş faliyyətini davam etdirmək üçün kürsünü sonuncudan qaytarmasını xahiş edərək müvafiq təsərrüfat şöbəsinə ona yeni kürsü verilməsi üçün müraciət etməsini bildirmişdir. Sonuncu isə istehza ilə «mən də elə kreslo kimiyəm» cavabını verərək kresloda üzü ona tərəf fırlanıb istehza ilə ona cavab versə də, o, bu tərbiyəsizliyi abrına sığınaraq cavablandırmamışdır. Təsərüffat şöbəsi ilə əlaqə saxlayıb otağa yeni kürsünün gətirlməsini xahiş etmişdir. Elə həmin vaxtlardan V.Aslanzadə və E.Rzayev onu digərlərinə nisbətdə normadan artıq iş yükü ilə yükləmələrinə baxmayaraq çalışmışdır ki, işində yubanma olmasın (nümunə üçün deyir ki, mühasibat şöbəsinin aylıq iş normasının 30 %-ə qədəri təkcə onun üzərindədir). İşində nöqsan tapmayan bu «cənablar» əsassız bəhanələrlə dəfələrlə düzgün işlədiyi sənədləri geri qaytarır, gah icra üçün qısa müddət verərək saatla «siz 2 dəqiqə gec gətirdiz sənədi», «bu sənəd belə olmur», «sizin mühasibatlığın «M» hərfindən belə xəbəriniz yoxdur» kimi təhqiramiz ifadələrlə yanaşı, şit zarafatlara da «nə verəcəysiz bu sənədi keçirim və s.» kimi etik normalardan kənar hərəkət və sözlərini çalışmışdır ki, eşitməzliyə vursun. Qeyd edir ki, onun gün ərzində əməliyyat sisteminə yığdığı sənədlər həmin gün təsdiq edilmədikdə növbəti gün üçün həmin işləri yenidən təkrar görmək məcburiyyətində qalır. Bu şəxslərin iddiaları o həddə çatıb ki, ona departament direktoru vasitəsi ilə xəbər göndərirlər ki, «hər gün gəlib onlara salam verməlidir, baxmayaraq ki, biz onun salamını lazım bilsək alarıq». O isə öz növbəsində həm yaşca böyük, həm də qadın olduğunu nəzərinə çatdıraraq «mən salam verəndə salamı almadan üzlərini çevirmələrini» bildirmişdir. Bu tip müxtəlif eyham, işarələrinə, R.Səfərovla sətiraltı məna daşıyan sözlər göndərmələrinə baxmayaraq, bir tikə çörək üçün acizanə şəkildə işləmişdir. Dəfələrlə onu iş vaxtından artıq işdə saxlayıb, bəzi hallarda isə 6-cı günlər işə gəlməyə məcbur etmişlər. Bu gün üçün onun ay ərzində gördüyü iş yükü digər şəxslərin işlərindən dəfələrlə çoxdur, birbaşa maliyyə şöbəsinə aid olmayan işlərə də cəlb edilir. Bu qədər çox iş yükü ancaq ona münasibətdədir. Bütün bu xırdalıqları bəlkə də ciddi qəbul etməzdi, lakin iyul ayının ortalarında ona qaşı qısnamalar artdığından 14 günlük məzuniyyətə çıxıb müəyyən qədər istirahət etməyi qərarlaşdırmışdır. Əvvəlcə məzuniyyət ərizəsini müxtəlif səbəblərdən imzalamaqdan imtina etsələr də, uzun müzakirədən sonra məzuniyyətə çıxmışdır. Məzuniyyətin son günlərində səhhətində pisləşmə olduğu üçün birbaşa rəhbəri R.Səfərovla əlaqə saxlayıb müalicəsini davam etdirmək üçün 2-3 günlük bülletenə çıxacağını bildirmişdir. Həmin vaxt R.Səfərov zəng edib V.Aslanzadə və E.Rzayevin ona «Şəfəq gəlsin biz onu burda müayinə edək, dərmanın da verərik» kimi tərbiyəsiz ifadəsinə, o, «mühasibatlığı ginekologiya kabineti ilə səhv salıblar» cavabını vermişdir. Daha sonra R.Səfərov V.Aslanzadə və E.Rzayevin müxtəlif ürək bulandıran etikadan kənar sözləri ilə gəlib onlardan üzr istəməsini, yalvarmasını təkid edir. O, işə çıxdıqdan sonra ona izahat yazmasını tələb edib, həmin izahatı V.Aslanzadəyə təqdim etməyi R.Səfərov tələb etmişdir. O, 16.08.2021-ci il tarixdə V.Aslanzadənin otağına izahatı aparmışdır. Qeyd edir ki, V.Aslanzadənin adəti üzrə işə sprtli içki qoxusu verməsi heç kim üçün sirr olmadığı kimi, həmin gün də ondan gələn kəskin spirt qoxusu otağı bürümüşdü. V.Aslanzadə yaşına və tutduğu vəzifəyə, həmçinin qarşısındakı insana münasibətdə etik davranışlardan kənar əl və bədən hərəkətləri, iş etikasına və mühitindən kənar ifadələri ilə onu təqib və təzyiqlə hədələyərək, söz və hərəkətləri ilə müxtəlif sətiraltı məna daşıyan ifadələr işlətmişdir. Sonuncu ona işləmədiyini, bütün gün yerində olmadığını irad bildirsə də, o, bunun əksini sonuncuya bildirmiş və qeyd etmişdir ki, ondan sonra işə yeni götürülən (V.Aslanzadə və E.Rzayevin təqdimatı ilə) şəxslərin işini də ona gördürür, ancaq sonuncular da onunla eyni əmək haqqı alırlar, halbuki o, 20 illik iş stajı və əmək qabiliyyəti ilə əmək haqqı artımından illərdir kənarda qalır. Sonuncu həmin şəxslərdən birinin şəxsən T.Piriyevin tapşırdığını, digərinin isə cavan, heç bir təcrübəsi olmadığı halda onun «kişi» olduğunu bildirərək, onun da kiminsə himayəsində olmağını bildirmişdir. O, söhbətin çərçivələrdən çıxdığını, V.Aslanzadənin qeyri-etik hərəkət və ifadələrindən canını qurtarmaq üçün otağı tərk etmişdir. Bir gün sonra departament direktoru E.Rzayevin qeyd edilən məsələlərlə bağlı otağına keçmiş, sonuncu isə «mən vaxtım olanda sizi çağıracam» demişdir. Bu barədə təqribən 10.09.2021-ci il tarixdə E.Rzayev işçilərlə yığıncaq edərək bildirmişdir ki, «mən qəsdən belə dedim, daha o başa düşsün ki, mən kiməm». İxtisar barədə bildirişi aldıqdan sonra xatırlamır kim tərəfindən deyildiyini, E.Rzayevin onun barəsində «Şəfəq mənim otağımda dizini yerə qoyacaq, bu mənim qərarımdır, yoxsa görüm əmək kitabçasını necə alır» deyə bildirib. Bu səbəbdən onun əmək kitabçasını götürmək üçün üzülüşmə vərəqini şəxsən E.Rzayevə imzalatdırmasını tələb etsələr də, o, bundan qəti imtina edir. Bu səbəbdən hazırda ona əmək kitabçası müxtəlif bəhanələrlə yubadılaraq 20 gün sonra verilmişdir. Qeyd edir ki, ona qarşı edilən bu davranış «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin ciddi pozulmasıdır. Bütün bunlar azmış kimi hazırda əsassız olaraq «tələblərinə» riayət etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilməsi barədə işçilərin sayının azaldılması ilə əlaqədar bildiriş təqdim edilmişdir. Həmin bildirişdə də, onun hüquqları ciddi pozulmuşdur. Ona verilmiş xəbərdarlıqda ştatların və işçilərin ixtisarı qeyd edilsə də, son dövrlər ƏSF yeni işçilər cəlb edilməsini nəinki azaltmır, hətta artırır. İşə qəbul edilmiş yeni şəxslər həm peşəkarlığına, həm də təcrübəsinə görə dəfələrlə ondan geridə olmaları da göz qabağındadır. Göründüyü kimi, onun tutduğu ştat ixtisar edilməmişdən əvvəl vəzifəsinə uyğun olaraq boş ştatlar var və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi ƏSF-nin rəhbərliyi ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda həmin ştatlara işçi qəbul edir. İşəgötürən onun tutduğu peşəyə uyğun olmasını araşdırmamış, ixtisasını, iş stajını və peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da yenə də cinsi ayrı-seçkiliyə yol verərək onunla bağlanan əmək müqaviləsinə əsaslandırılmamış əmrə əsasən xitam verir. Beləliklə, ƏSF-nin rəhbərliyi tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşma və hüquqdan suiistifadəyə yol verildiyi aşkardır. Bildirir ki, himayəsində tək böyütdüyü 3 uşağın 2-si 16 yaşınadək, biri isə 1-ci kurs (əyani) tələbəsidir. Əlavə olaraq, onu ixtisar etdikdən sonra nəinki LPO Cavabdeh2 ASC-yə əlavə işçi qəbul edilmiş, hətta bilavasitə maliyyə şöbəsinə yeni əməkdaşlar işə qəbul edilmişdir. Ümumiyyətlə LPO banklara işçilər ixtisar edildikdən sonra çoxsaylı yeni işçilər daha yuxarı əmək haqqı ilə işə qəbul edilmişdir. Əgər bank ləğv prosesində olduğu üçün işçilər ixtisar edilirsə ixtisardan sonra işə qəbul edilən işçilər nə cür əsaslandırılır?! Yuxarıda qeyd etdiyi hallar onun daimi nigarançılıq, ruhi sarsıntı və iztirab, həyəcan, acizlik və məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik şəraitində işləməsinə və psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və alçalma hissləri ilə yaşamasına səbəb olur. İşdən müəyyən olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsası onun tutduğu ştatın ixtisarı ilə bağlı olsa da, iddiaçıya ixtisarla bağlı işəgötürən tərəfindən həm xəbərdarlıq edilməsindən, həm də onunla əmək müqaviləsinə xitam verildikdən sonra ştatlara çoxlu sayda işçilər qəbul edilmişdir, həmçinin peşakarlığına və təcrübəsinə görə daha zəif işçilər qəbul edilmişdir. Göründüyü kimi, onun tutuduğu ştat ixtisar edilməmişdən əvvəl onun tutduğu vəzifəyə uyğun olaraq boş ştatlar olmuş və cavabdeh ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda həmin ştatlara işçi qəbul etmişdir. Digər tərəfdən onun başqa vəzifəyə keçirilməsini ümumiyyətlə təklif etməməsi yenə də təqib, təzyiq və vəzifə cinayəti kimi hərəkət və ya hərəkətsizlik olmuşdur. İşəgötürən onun tutduğu peşəyə uyğun olmasını araşdırmamış, ixtisasını, iş stajını, peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da ayrı-seçkiliyə yol verməklə onunla bağlanan əmək müqaviləsinə əsaslandırılmamış əmrinə əsasən xitam vermişdir. Beləliklə, cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verildiyi aşkardır. İddiaçı məhkəməyə ərizə göndərərək, səhhəti və mövcud vəziyyətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «işə bərpa və s.» tələbinə dair e- 2(006)-7005/2021 saylı mülki iş üzrə izahat verərək bildirirəm ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31.08.2021-ci il tarixli 133U saylı əmri ilə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Cavabdeh2 ASC-nin yeni ştat cədvəli 01 sentyabr 2021-ci il tarixindən təsdiq edilmişdir. Müvafiq bildirişlə İddiaçı onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərti ilə ləğv ediləcəyi barədə qabaqcadan xəbərdarlıq edilməklə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğinin birdəfəlik ödənilməklə əmək müqaviləsinə xitam verilə bilməsi barədə məlumatlandırılmışdır. Bundan sonra İddiaçı 07.09.2021-ci il tarixli ərizəsi ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruna müraciət edərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07.09.2021-ci il tarixdən işdən azad edilməyinə etiraz etmədiyini bildirmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 07.09.2021-ci il tarixli 69-k saylı ixtisar əmri ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin Mühasibat Uçotu departamentinin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 07.09.2021-ci il tarixdən xitam verilmiş və son haqq-hesabın aparılması qanunamüvafiq qaydada işəgötürən tərəfindən tam şəkildə icra edilmişdir. Həmçinin onu da bildirmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi digər xüsusatlar da həqiqətə uyğun deyil. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «işə bərpa və s.» tələbinə dair e-2(006)-7005/2021 saylı mülki iş üzrə iddia ərizəsinin təmin edilməməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Cavabdeh2 ASC-nin Mühasibat Uçotu departamentinin meneceri vəzifəsində işləmişdir. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31.08.2021-ci il tarixli 133U saylı əmri ilə 01 sentyabr 2021-ci il tarixdən LPO Cavabdeh2 ASC-nin yeni ştat cədvəli təsdiq edilmişdir. İşəgötürən tərəfindən işçi İddiaçı Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla müvafiq bildiriş göndərilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq ləğv ediləcəyi barədə qabaqcadan xəbərdarlıq edilmiş, həmçinin ona xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğində birdəfəlik ödəniş edilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş 07 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, işçi İddiaçı 03 sentyabr 2021-ci il tarixli bildiriş məktubuna münasibət bildirərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07.09.2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə olunmuş LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 07.09.2021-ci il tarixli 69-k saylı əmrindən görünür ki, həmin ASC-nin Mühasibat Uçotu departamentinin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayının və ya ştatların ixtisar edilməsi) əsasən 07.09.2021-ci il tarixdən xitam verilmişdir. Həmçinin, son haqq-hesabın aparılmasının təmin edilməsi Maliyyə Menecmenti Departamentinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (ona qarşı ayrı-seçkilik, o cümlədən gender bərabərliyi prinsipinin ziddinə olan ayrı-seçkilik və s. kimi hallara yol verilməsinə) dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-7005/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-7005/2021
17.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver