Məhkəmə qərarları › İş №e-2(006)-706/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-706/2023

09.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-706/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 06 oktyabr 2022-ci il tarixli 443-K saylı əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi; onun işə bərpa olunması; məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməsi; əmək müqaviləsinə 06 oktyabr 2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı 04 oktyabr 2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının ona ödənilməsi; ilkin mediasiya sessiyasına görə Mediasiya şurasına ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 06 oktyabr 2022-ci il tarixli 443-K saylı əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi; onun işə bərpa olunması; məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməsi; əmək müqaviləsinə 06 oktyabr 2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı 04 oktyabr 2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının ona ödənilməsi; ilkin mediasiya sessiyasına görə Mediasiya şurasına ödədiyi 50 manat məbləğində pulun, "xxxx" ASC-dən bank hesabından çıxarışı 09 yanvar 2023-cü il tarixdə əldə etdiyinə görə banka ödədiyi 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə «Təhlükəsizlik şöbəsinin Təhlükəsizlik rəisi» tam iş rejimli vəzifəsinə işə qəbul edilmiş, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixli 443-K №-li əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №-li bildirişi» elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Cavabdeh MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə zidd olaraq onun əmək müqaviləsinə xitam verilmiş, işəgötürən tərəfindən digər qanun pozuntularına da yol verilmişdir. Belə ki, onunla MMC-nin icraçı direktoru arasında bağlanmış əmək müqavilənin şərtlərinə görə müqavilə ilkin olaraq 6 ay müddətinə bağlanmışdır. «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx000100 №-li bildirişi» elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix xx.xx.2020-ci il göstərilmişdir. xx.xx.2020-ci tarixdə razılıq ərizəsinə əsasən o, «Təhlükəsizlik qrup rəhbəri» vəzifəsinə köçürülmüşdür. Bu barədə Əmək müqaviləsinə əlavədə qeyd edilmiş, o və MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və bununla bağlı «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx000101 №-li bildirişi» elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021-ci il göstərilmişdir. Yəni əmək müqaviləsinin müddəti 9 aya qədər müddətə uzadılmışdır. Bundan sonra, 2021-ci ildə Əmək müqaviləsinin müddəti 1 il müddətinə uzadılmış, bu barədə "xxxx"si onun və MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və bununla bağlı «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx000102 №-li bildirişi» elektron informasiya sisteminə daxil edilmişdir, lakin işəgötürən tərəfindən ona bu bildiriş verilməmişdir. Sonra, yəni xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən əmək haqqı ştat cədvəlinə əsasən 1.300 manat məbləğinə dəyişdirilmişdir. Bu barədə Əmək müqaviləsinə əlavədə qeyd edilmiş, onun və MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və bununla bağlı «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx000103 №-li bildirişi» elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021ci il göstərilmişdir. xx.xx.2022-ci il tarixdə razılıq ərizəsinə əsasən o, «Təhlükəsizlik şöbəsinin Mühafizə və Nəzarət Bölməsinə (1-ci qrup) tam iş rejimli Mühafizə və X6» vəzifəsinə köçürülmüşdür. Bu barədə Əmək müqaviləsinə əlavədə qeyd edilmiş, onun və MMC-nin İdarə Heyətinin sədri tərəfindən imzalanmış və bununla bağlı «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx000104 №-li bildirişi» elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021ci il göstərilmişdir. Yəni, yuxarıda qeyd etdiyi kimi, ilkin əmək müqaviləsi 6 müddətinə bağlansa da, sonrakı dəyişikliklərə (elektron informasiya sisteminə yerləşdirilmiş xxxxxxx000101 №-li bildirişdə göstərilən məlumata əsasən) görə əmək müqaviləsinin müddəti 9 ay müddətinə uzadılmışdır. Bundan sonra isə əmək müqaviləsinin müddəti (xxxxxxx000102, xxxxxxx000103 və xxxxxxx000104 №-li bildirişlərdə göstərilən məlumata əsasən) 1 il müddətinə uzadılmışdır. Yəni işəgötürən tərəfindən elektron informasiya sisteminə yerləşdirilmiş məlumatlara (bildirişlərə) əsasən onun əmək müqaviləsinin qurtardığı tarix müvafiq olaraq xx.xx.2022-ci il tarixdə bitməli idi. Buna baxmayaraq, MMCnin müvafiq vəzifəli şəxsi tərəfindən əmək müqaviləsinin müddəti ilkin müqavilədə göstərilən 6 ay kimi hesablanmış, həqiqətdə isə müqavilənin vaxtı 1 il olmaqla xx.xx.2023cü il tarixdə bitməli idi. Yəni, onun əmək müqaviləsinin müddətinin qurtarmasına 6 ay qaldığı halda, işəgötürən tərəfindən onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Bildirir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bildirişlərdə göstərilən əmək müqaviləsinin qurtardığı tarixdən sonra, xx.xx.2021-ci il tarixdə bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 1 ilə uzadılmışdır. Eyni hal xx.xx.2022-ci il tarixdə baş vermiş, yəni tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, buna görə müqavilə əvvəl müəyyən edilmiş müddətə – xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Buna baxmayaraq, işəgötürən tərəfindən Qanunun bu tələbinə əməl edilməyərək müqavilənin qurtarma tarixi xx.xx.2022-ci il tarixi kimi səhvən müəyyən edilmiş, nəticədə onun əmək müqaviləsinə vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilmişdir. Əlavə olaraq bildirir ki, onun əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verildiyi halda, əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilmişdir. Belə ki, MMC-nin ona ünvanladığı İR-2511 №-li «xəbərdarlıq məktubu»nda xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam veriləcəyi bildirilərək işlərinin yekunlaşdırılması və sənədlərinin təhvil alınması üçün MMC-nin ofisinə yaxınlaşması xahiş edilmiş, o, xx.xx.2022-ci il tarixdə MMC-nin ofisinə gəldikdə ona sənədləri və işlərini yekunlaşdırmağa 2 gün vaxt verilmiş, tam iş rejimli qaydada həmin 2 gün o, işdə olmuş, əmək funksiyasını yerinə yetirmiş, lakin işəgötürən tərəfindən həmin 2 gün əsassız olaraq nəzərə alınmamış, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilməklə 2 günün əmək haqqı ona ödənilməmiş, əmrin surəti ona verilməmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü 2-ci hissəsində göstərilən «əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir» tələbi kobud şəkildə pozulmuşdur. Bundan başqa, tutduğu vəzifəyə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi və göstərdiyi xidmət daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu və Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar olmadığı halda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı idi, lakin cavabdehin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl edilməmiş, əmək müqaviləsi müddətli bağlanılmışdır. Yuxarıda qeyd etdiyi faktlar onu göstərir ki, işəgötürən (Cavabdeh MMC) tərəfindən elektron informasiya sistemində əmək müqaviləsinin bildirişlərində göstərilən məlumata (əmək müqaviləsinin qurtardığı tarixə) zidd olaraq müqaviləyə 6 ay vaxtından əvvəl xitam verməklə Əmək Məcəlləsinin 45, 46, 49-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Onun faktiki işdə olduğu 2 günün əmək haqqını ödəməməklə işəgötürən (Cavabdeh MMC) tərəfindən Əmək Məcəlləsinin 83 (2)-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, əmək bildirişini elektron portaldan iddiaçı özü şəxsən daxil olaraq çıxarış edə bilər. Əmək müqaviləsi 6 ay müddətində bağlanılmışdır. 6 ayın sonunda isə əmək müqaviləsinin uzadılması müddəti bitmişdir və cavabdeh tərəfindən əmək müqaviləsi uzadılmamışdır. İddiaçı tərəfindən işdə iki gün əlavə işləməsi halı olmamışdır. Elektron bildiriş bir gün gecikmə ehtimalı ola bilər. Əvvəlki məhkəmə iclaslarında qeyd etmişdir ki, araşdıracaq, əgər iki gün ödəniş edilməmişdirsə, şirkət tərəfindən ödəniş ediləcəkdir. İddiaçının məzuniyyətdən geri çağırılmasını qəbul etmirlər və bununla bağlı iddiaçının heç bir sübutu yoxdur. Hesab edir ki, İddiaçı «işə bərpa və s.» tələbləri əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı «işə bərpa və s.» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı Cavabdeh MMC-nin icraçı direktoruna yazdığı 01 aprel 2020-ci il tarixli ərizəsindən görünür ki, o, həmin MMC-nin təhlükəsizlik rəisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla, 6 ay müddətinə bağlanmışdır. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış, Bədəlov X1 rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmış, aylıq əmək haqqının məbləği 795 manat müəyyən edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin icraçı direktoruna yazdığı ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən Təhlükəsizlik qrup rəhbəri vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: xx.xx.2020-ci il tarixdən Cəmiyyətin Təhlükəsizlik şöbəsinə Tam iş rejimli Təhlükəsizlik qrup rəhbəri vəzifəsinə keçirilir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 795 manat təşkil edir. Əmrə əlavədə həmçinin iş vaxtı, nahar fasiləsi və əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsinə dair məsələlər də yer almışdır. - xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin təhlükəsizlik qrup rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 795 manat qeyd olunmuşdur. - xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin təhlükəsizlik qrup rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 795 manat qeyd olunmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Təhlükəsizlik şöbəsinin Tam iş rejimli Təhlükəsizlik qrup rəhbərinin əmək haqqı dəyişdirilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1.300 manat təyin edilmişdir. Əmrə əlavədə işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsinə, əmək haqqının xx.xx.2022-ci il tarixdən tətbiq edilməsinə dair məsələlər də yer almışdır. - xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin təhlükəsizlik qrup rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 1.300 manat qeyd olunmuşdur. - İddiaçı Cavabdeh MMC-nin idarə heyətinin sədrinə yazdığı 30 mart 2022-ci il tarixli ərizədən görünür ki, o, 30 mart 2022-ci il tarixdən Təhlükəsizlik şöbəsinin Mühafizə və Nəzarət bölməsinə (İ qrup) tam iş rejimli Mühafizə və X6 vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Təhlükəsizlik şöbəsinin Mühafizə və Nəzarət bölməsinə (İ qrup) tam iş rejimli Mühafizə və X6 vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1.300 manat təyin edilmişdir. Əmrə əlavədə işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsinə, iş vaxtı, nahar vaxtına dair məsələlər də yer almışdır. - xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. - xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin mühafizə və X6 İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixi göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 1.300 manat qeyd olunmuşdur. - İddiaçı Cavabdeh MMC-nin icraçı direktoruna yazdığı ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdən Mühafizə və Nəzarət şöbəsinin Mühafizə və Nəzarət bölməsinə bölmə müdiri vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Mühafizə və Nəzarət şöbəsinin Mühafizə və Nəzarət bölməsinə tam iş rejimli Bölmə Müdiri vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1.300 manat təyin edilmişdir. Əmrə əlavədə işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsinə, iş vaxtı, nahar vaxtına dair məsələlər də yer almışdır. - xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. - xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin mühafizə və X6 İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 1.300 manat qeyd olunmuşdur. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli JR-2511 saylı məktubdan (xəbərdarlıq məktubundan) görünür ki, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcəyini bildirmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işlərin yekunlaşdırılması və sənədlərin təhvil alınması üçün mərkəzi ofisə yaxınlaşması xahiş olunmuşdur. - xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2022-ci il tarixli 9/2102 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, əmək müqaviləsi üzrə aylıq əmək haqqı 1.300 manat olduğu halda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işçiyə ödənilməmiş əmək haqqının məbləği 118,18 manat məbləğində olması müəyyən edilir, o cümlədən: oktyabr ayı üzrə əmək haqqı 1.300 manat; istehsalat təqviminə əsasən oktyabr ayı üzrə iş günlərinin sayı 22 gün; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş günlərinin sayı 2 gün. 1300 manat / 22 gün x 2 gün = 118,18 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - Bakı 2 saylı X3 mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 noyabr 2022-ci il tarixli MŞB/2-1759 saylı arayışdan görünür ki, tərəflərin nümayəndələri 17 noyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - 09 yanvar 2023-cü il tarixli "xxxx" ASC-nin FJB**********717 saylı qəbzindən görünür ki, iddiaçı bank hesabından çıxarış üçün 30 manat ödəmişdir. İddiaçı tələbində işəgötürən (Cavabdeh MMC) tərəfindən Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə zidd olaraq əmək müqaviləsinə 6 ay vaxtından əvvəl xitam verməklə Əmək Məcəlləsinin 45, 46, 49-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasını, faktiki işdə olduğu 2 günün əmək haqqını ödəməməklə Əmək Məcəlləsinin 83 (2)-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasını göstərməklə qeyd edilən qanun pozuntularına yol verilməsini iddia etmiş, cavabdeh isə iddiaya etiraz edərək tələblərin əsassız olmasını bildirmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 5-1-ci bəndində göstərilir ki, əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - 7-ci maddəsinin 2-ci bəndinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. - 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45.4. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. - 47.F. tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68.2-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. - 73.1-ci maddəsində göstərilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış, bundan sonra, müxtəlif vaxtlarda yəni, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə saziş bağlanılmışdır. Bağlanılmış əmək müqaviləsinin müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdə isə işəgötürən tərəfındən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) 443-K saylı əmr ilə əmək müqaviləsinə xitam verilmiş, bu barədə «Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №-li bildirişi» elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə 06 oktyabr 2022ci il tarixdə xitam verildiyi halda əmək haqqı 04 oktyabr 2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqı iddiaçıya ödənilməməsi ilə onun hüquqları pozulduğundan iddia tələbi – 2 gün əlavə iş üçün ödənilməmiş əmək haqqının əvəzinin cavabdehdən tutulmasına dair və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdehdən tutulmalı olmasına dair hissələrdə əsaslıdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə 06 oktyabr 2022-ci il tarixdə xitam verildiyi halda iddiaçı faktiki işdə olduğu 2 günün əmək haqqını ödəməməklə onun tərəfindən Əmək Məcəlləsinin 83 (2)-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinə məzmununa əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Müəyyən edilmişdir ki, iddiaçıya əmək fəaliyyəti ilə məşğul olduğu 2 iş günü üçün ödənilməmiş əmək haqqı 118,18 manat təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tələbin qeyd edilən hissəsinin sübutu olan "xxxx" ASC-dən bank hesabından çıxarışı 09 yanvar 2023-cü il tarixdə əldə etdiyinə görə banka 30 manat məbləğində pul ödəmişdir. Lakin məhkəmə iddianın qalan hissəsinin əsassız olduğu üçün təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işin araşdırılmış hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlandıqdan sonra müxtəlif vaxtlarda yəni, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə sazişlər bağlanılmışdır. Bağlanılmış əmək müqaviləsinin müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdə isə işəgötürən tərəfindən 443-K saylı əmr ilə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə də, iddiaçının əmək müqaviləsinə vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilməsinə dair dəlilini məhkəmə əsassız sayır. Məhkəmə həmçinin iddiaçının tutduğu vəzifəyə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi və göstərdiyi xidmət daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu və Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar olmadığı halda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olmasına, lakin cavabdehin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl edilməyərək, əmək müqaviləsinin müddətli bağlanılmasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, məhkəmə iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi müddətsiz olmaqla hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən təsdiq edilməmiş və bu mövqe əmək münasibətlərinin könüllü xarakter daşıması faktı, habelə işçinin işə qəbul zamanı müqaviləyə imza çəkərək könüllü iradə ifadəsini əks etməsi faktı, eyni müqavilə forması üzrə əmək münasibətinin davam etməsi faktının nəzərə alınmalı olması ilə əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin mövqeyi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin məzmunu ilə uzlaşdığından iddiaçının buna dair dəlilləri əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı işəgötürən tərəfindən işdən azad edilərkən, eləcə də, onunla müddətli əmək müqaviləsi bağlanarkən və həmin müqaviləyə əlavə və dəyişikliklər edilərkən, onun hər hansı hüququ pozulmasına dair iddiaçı tərəfin irəli sürdüyü dəlilləri hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından bu nəticəyə gəlir ki, iddiaçı tələbinin 06 oktyabr 2022-ci il tarixli 443-K saylı əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi; onun işə bərpa olunması; məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməsi hissəsində öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanılarkən, həmin müqaviləyə əlavə və dəyişikliklər edilərək əmək münasibətləri davam edərkən və həmçinin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar