Məhkəmə qərarları › İş №e-2(006)-718/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-718/2024

29.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-718/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqqhesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildən Cavabdeh MMC-nin Lənkəran filialında operator kimi işə başlamışdır. Əsas işi satışların analizi və iadə olunan malların təhvil alınması olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin auditorlarının yoxlama aparılması zamanı guya mağazalardan yığılan pulların şirkətin hesabına keçirilməmişdir. xx.xx.2023-cü il tarixdən məcburi şəkildə işə buraxılmamışlar. xx.xx.2023cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdeh xx.xx.2023-cü il tarixdə artıq heç bir səlahiyyəti olmayan qanunsuz və birtərəfli audit keçirmişdir. Sözügedən audit keçirmə səlahiyyəti və lisenziyası olan bitərəf şəxs deyil, cavabdehin rəsmi əməkdaşı olan şəxslər tərəfindən həyata keçirilmişdir. xx.xx.2023cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdehin sözdə auditoru X9 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək barələrində 12.000 manat ziyan vurma ilə bağlı şikayət etmişdir. Lənkəran ŞRPŞ-nın TB-də araşdırma aparılmışdır. Araşdırma nəticəsində heç bir qanun pozuntusu aşkar edilməmiş, araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdehin şikayəti öz təsdiqini tapmasa da, heç bir hüquq normasına məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilərək ləgv olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. Xidmət tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/1-Ə-36612/2023 saylı cavab məktubu ilə cavab verilmiş, Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi qərarın qanunsuz olmasının müəyyən edildiyi, qanunsuz hərəkətlərinə görə Cavabdeh MMC barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimə şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət edilmişdir. Xidmətin əməkdaşları və onlar tərəfindən göndərilən məktubda cavabdehə qanun pozuntularının aradan qaldırılması üçün vaxt verildiyi qeyd olunmuş, cavabdehin mövqeyi barədə məlumat göndəriləcəyi bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən 0723 saylı məktub göndərilərək, əmrin sürətini və əmək kitabçasını götürmək üçün ofislərinə dəvət edilmişdir. Buna baxmayaraq o, Əmək Mübahisələri üzrə mediasiyadan keçmə tələblərinə uyğun olaraq cavabdehə təklif göndərmiş, lakin analoji olaraq cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Cavabdeh əmrin hüquqi əsası kimi «Dövlət qulluğu haqqında» Qanunun 70-ci maddəsinin «ç» bəndinə istinad etmişdir. Yəni, onun cavabdeh təşkilata maddi ziyan vurması ilə əsaslandırmışdır. Lakin bu hal nə audit rəyi, nə də DİN Lənkəran ŞPŞ-də aparılmış araşdırma zamanı müəyyən edilməmişdir. Cavabdeh öz qanunsuz əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntular X3 tərəfindən də müəyyən edilmiş, cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Öncəki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktı əsassız hesab edir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi sənədlərə əsasən qeyd edir ki, iddiaçı dəfələrlə işə gəlməmiş və cavabdeh şirkət bu barədə hər gün akt tərtib etmişdir. Hesab edir ki, həmin aktlar mövcud olmamış və sonradan tərtib edilmişdir, çünki tərəflər arasında Əmək Müfəttişliyində mübahisə olmuşdur. Əgər həmin aktlar həmin vaxt mövcud olsaydı, həmin mübahisə zamanı təqdim edilərdi. Bundan başqa, həmin aktları imza edən şəxslər bir aydan çox müddətdə eyni qələmlə imza etmişlər. Bu da göstərir ki, akt saxtadır və hesab edir ki, bu akt məhkəməni yanıltmaq üçün tərtib edilmişdir. Şirkət işdən kənarlaşdırma barədə əmri iddiaçıya 24 may 2023-cü ildə təqdim etmişdir. Burdan da görünür ki, cavabdeh şirkət işçinin işdən azad olunduğu, yəni 24 maydan 24 iyuna qədər olan günləri də aktlaşdırmışdır. Müddətin tətbiqi ilə əlaqədar onu deyə bilər ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə dövlət orqanlarına müraciət etmişdir. İddiaçı müddəti buraxmadan Əmək Müfəttişliyinə müraciət etmişdir. Bundan sonra dövlət orqanı inzibati akt qəbul etmişdir. Buna görə də, iddia müddətinin ötürülməsinə dair ərizəni əsasız hesab edir. Cavabdeh şirkət 01 iyun 2023-cü il tarixdə iddiaçının işdən çıxması barədə əmr vermişdir. Həmin əmrdən dərhal, yəni iyun ayının 11 və ya 14-də əmək müfəttişliyinə şikayət verilmişdir. Əmək müfəttişliyi araşıdrma aparmış və həmin əmrin qanunsuz və əsassız olması barədə qərar qəbul etmişdir. Mübahisə ilə bağlı Mediasiyaya 14 iyul 2023cü il tarixdə müracət edilmişdir. Cavabdeh son haqq-hesabı öz istədiyi formada hesablamışdır. İddiaçının alacağı son haqq-hesab 3.000 manatdır. Bununla bağlı Whatsapp yazışmaları vardır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X5 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı işlədiyi müddətdə müəyyən yeyintilər etmişdir. Bununla bağlı şirkətin insan resurları şöbəsi qanunvericiliyin tələblərini pozaraq 1 ay ərzində verməli olduğu inzibati tənbehi bir ay sonra vermişdir. Buna görə də, Əmək Müfəttişliyi, şirkəti 1.700 manat cərimə etmişdir. Qeyd edir ki, iddiaçı işə gəlmədiyi günlər olmuşdur. Bununla bağlı şirkət onu həm işə gəlmədiyi üçün, həm də yeyintilər etdiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etmişdir. Cavabdeh tərəfindən polisə müraciət edilmişdir. Polis tərəfindən mənimsəmə ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçının əməli dələduzluq kimi tövsif edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan şikayət verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı iddia müddətini də ötürmüşdür. İddia ərizəsini əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bir daha qeyd edir ki, iddiaçı işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı may ayının əvvəlindən iyun ayının 25-nə kimi işə gəlməmişdir. İddiaçının işə gəlməməsi ilə bağlı akt tərtib edilmişdir. İddiaçı işlədiyi müddətdə məzuniyyətdə olmuşdur və məzuniyyət pulu almışdır. İddiaçıya son haqq-hesab verilmişdir. Əmr 25 iyun 2023-cü ildə təqdim edilmişdir. İddiaçı da bu əmri 08 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almışdır. 25 iyun 2023-cü ildə iddiaçıya son haqq-hesab ödənilmişdir. Hesab edir ki, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. İddiaçının işdən kənarlaşdırılması ilə bağlı onu qeyd edir ki, iddiaçının işdən kənarlaşdırılması onu qorxutmaq məqsədi daşımışdır. İddiaçının pul öhdəliyi olmuşdur və o da pulu qaytarmadığı üçün cavabdeh tərəfindən onun işdən kənarladırılması barədə əmr tərtib edilmişdir. Həmin əmrdə hədə-qorxu yoxdu, sadəcə iddiaçı pulu qaytarmadığı üçün işdən kənarlaşdırılması qeyd edilmişdir. İşçinin davamiyyətini müəyyən etmək üçün gündəlik tabel mövcuddur. İddiaçı tərəfindən davamiyyət pozulduğu üçün aktlar tərtib edilmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarı əldə edə bilməmələrinə dair sübutları yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verilməmişdir. İddia əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia müddətinin tətbiqinə dair ərizədə qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci “ç” maddəsi ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX- 68-23 saylı əmrlə ləğv edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilə 22 aprel 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə ləğv edilmiş, elə həmin gün, yəni 25 iyun 2023-cü il tarixdə onu son haqq-hesabı onun əmək kartına köçürülmüşdür. Beləliklə İddiaçı 25 iyun 2023-cü il tarixdə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən çıxarılması ilə bağlı məlumatlı olmuşdur və Əmək Məcəlləsinə əsasən həmin tarix onun hüququnun pozulduğu aşkar etdiyi gün hesab olunur və həmin tarixdən etibarən 1 təqvim ayı ərzində əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Eyni zamanda, iddiaçı xx.xx.2023-cü il tarixdə 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmri və əmək kitabçasının götürülməsi təklifini rəsmi sürətdə almışdır. Lakin bunların hamısına baxmayaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərmiş, xx.xx.2023-cü il tarixdə ərizə ilə mediasiya qurumuna müraciət etmiş, 21,09.2023-cü il tarixdə mediasiya arayışı almış və xx.xx.2023-cü il tarixdə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onu da bildirmək lazımdır ki, iddiaçı ilkin olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət və Əmək Müfəttişliyi Xidmətinə şikayət məktubu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət və Əmək Müfəttişliyi Xidməti 15 sentyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı cavab məktubu göndərmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, 03 iyul 2023-cü il və 25 oktyabr 2023-cü il tarixli məktubları ilə Cavabdeh MMC İddiaçı müraciət edərək əmək kitabçasını şikayətdən götürülməsini xahiş etmiş, lakin İddiaçı müraciət məktubuna cavab verməmiş və əmək kitabçasını götürməmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı 21 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkili məhkəmə ilə əlaqə saxlayaraq, elektron məhkəmə informasiya sistemində yaranmış nasazlığa görə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlamağın mümkün olmadığını bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, mülki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan, eləcə də, iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 22 aprel 2022-ci il tarixli 19/22 saylı əmək müqaviləsindən görünür ki, tərəflər arasında İddiaçı Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilməsinə dair əmək müqaviləsi bağlanmışdır. - 17 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC İddiaçı ona təhkim edilmiş ərazidə yerləşən dükanlarda və şirkətdə audit yoxlaması aparılması barədə məlumat verilmiş və auditdə iştirak etmək hüququnun olduğu bildirilmişdir. Yoxlamanın 17 may 2023-cü il tarixdə saat 14:00-dan etibarən MMC-nin Lənkəran şəhərində yerləşən köhnə Nissan servisdə təşkil ediləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. - İddiaçı fəaliyyətinin yoxlanması barədə 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, Audit şöbəsinin auditi X6 və digər şəxslər Cavabdeh MMC-nin Lənkəran filialının növbəti yoxlaması zamanı satış təmsilçisi vəzifəsində işləyən İddiaçı və digər şəxs tərəfindən bir sıra qanun pozuntularına yol verildiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq İddiaçı təhkim olunmuş ərazi, ona təhvil verilmiş malların dövriyyəsi və şirkət tərəfindən ona verilmiş inventarların vəziyyətinin yoxlanılması icra edilmişdir. Yoxlamada iştirak etməsi üçün İddiaçı şifahi və yazılı olaraq məlumat verilmişdir. Lakin İddiaçı yoxlamada iştirak etməkdən imtina etmişdir. Araşdırma dövründə İddiaçı müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Araşdırma zamanı aşkar edilən hallar aktda ətraflı şəkildə qeyd edilmiş, aktı tərtib etmiş şəxslər aktı imzaları ilə təsdiq etmişlər. - Audit prosedurlarının aparılmasına dair 15 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor X7 Cavabdeh MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 62 saylı müqaviləyə əsasən cəmiyyətin satış təmsilçisi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə mal-pul dövriyyəsinin auditini aparmışdır. Satış təmsilçisi İddiaçı mal-pul dövriyyəsi terminalın və sistemin məlumatlarına (terminaldan və sistemdən çıxarışlara) ilkin sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı satış nöqtələrinə verdiyi mallar aşağıdakı kimi müəyyən olunur: 1). xx.xx.2023-cü il tarixə satış nöqtələrinə verilmiş malların hesabına müəyyən olunmuş çatışmazlıq 5.273 manat 29 qəpik (17 vərəqə üzləşmə aktı əlavə olunmuşdur). 2). xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək satış nöqtələrindən qaytarılmış malların qiymətini artırmaqla müəyyən olunmuş çatışmazlıq 10.660 manat 82 qəpik təşkil edir (bir vərəqə yaranmış fərq cədvəli akta əlavə olunmuşdur). Beləliklə, Cəmiyyətin satış təmsilçisi İddiaçı maddi məsuliyyətində xx.xx.2023-cü il tarixə 15.934 manat 11 qəpik borc qalığı qalmışdır. İddiaçı Cəmiyyətin daxili audit yoxlamasında iştirak etməmişdir. - Cavabdeh MMC-nin 01 iyun 2023-cü il tarixli 05/İD saylı məktubundan görünür ki, cavabdeh iddiaçıya müraciət edərək, aparılan yoxlamalar nəticəsində icra etdiyi işlərlə bağlı bir sıra ciddi pozuntulara yol verdiyi və bunun nəticəsində Cavabdeh MMC-yə xeyli miqdarda maddi zərər vurduğunun müəyyən edildiyi bildirilmiş, qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə izahat verməsi üçün işəgötürənin ofisinə gəlməsinin tələb olunduğu nəzərinə çatdırılmışdır. - Cavabdeh MMC-nin 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrindən görünür ki, Cavabdeh MMC ilə Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ləğv edilmişdir. Əsas kimi xx.xx.2023-cü il tarixli yekun yoxlama aktı qeyd edilmiş, iddiaçı ilə son haqq-hesab aparılması Maliyyə Departamentinə tapşırılmışdır. İstifadə olunmamış məzuniyyət günlərinin 25 gün olduğu qeyd edilmişdir. - Buraxılmış iş günlərinə dair aktlardan görünür ki, iddiaçının həmin aktlarda qeyd olunan tarixdə və vaxtda iş yerində olmamasına dair aktlar tərtib olunmuşdur. - Cavabdeh MMC-nin 03 iyul 2023-cü il tarixli 13 saylı məktubundan görünür ki, cavabdeh iddiaçıya məktub ünvanlayaraq aralarında bağlanmış əmək müqaviləsinin ləğv edildiyini bildirmiş və sonuncudan yaxınlaşaraq xidməti istifadəsində olan avadanlıqları təhvil verməsi (mövcud olduğu təqdirdə) və əmək kitabçasını götürməsi xahiş olunmuşdur. Həmin məktuba əmrin surəti əlavə edilmişdir. - 14 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və 24 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması 30 gün müddət müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin 15 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı və X1 Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanladıqları müraciətə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (AZ1060, ünvan 322794/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Qanunun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhər idarəsinə təqdim edilmiş sənədlərdən müəssisəyə İddiaçı tərəfindən maddi ziyan vurulması barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edildiyi, məsələ ilə bağlı araşdırma davam etdiyi müddətdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən kənar edildiyi, kənarlaşdırılma müddətində əmək haqlarının ödənilmədiyi, İddiaçı və H.Kərimli ilə Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2019-cu il tarixli müddətli əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) və 187-ci maddəsinin 2ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulduğundan Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-1VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 3-17-5/2-31905/2023 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMCnin rəhbərliyinə İddiaçı son haqq-hesabının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsini və 30 (otuz) gün ərzində İddiaçı və H.Kərimlinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, KX-68-23 nömrəli və xx.xx.2023-cü il tarixli, KX-69-23 nömrəli əmrləri ləğv edərək törədilmiş qanun pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X3 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Belə ki, əgər Cəmiyyətin rəhbərliyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqpozmanı 30 gün müddətində aradan qaldırmazsa, inzibati tənbeh vermə haqqında şərti qərar qüvvəyə minir. Eyni zamanda İddiaçı nəzərinə çatdırılmışdır ki, şərti qərarın qüvvəyə minməsi Cəmiyyətin rəhbərliyini törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İddiaçı müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - Bakı 3 saylı Mediasiya Təşkilatının 21 sentyabr 2023-cü il tarixli MŞB/3/2023- 00881 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, əmrin ləğvi, işə bərpa və s. tələbi barədə mübahisə üzrə tərəflər xx.xx.2023-cü il tarixdə saat 11:00-11:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına dəvət edilmişlər. İddiaçı tərəf nümayəndəsi vasitəsi ilə mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, qeyd olunan arayış verilmişdir. İddiaçı tərəf 50 manat mediasiya xərcini ödəmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)- 4724/2023 saylı qərarından görünür ki, şikayətçi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh MMC-nin 25 oktyabr 2023-cü il tarixli 07/23 saylı məktubundan görünür ki, cavabdeh iddiaçıya məktub ünvanlayaraq aralarında bağlanmış əmək müqaviləsinin ləğv edildiyini bildirmiş və sonuncudan yaxınlaşaraq xidməti istifadəsində olan avadanlıqları təhvil verməsi (mövcud olduğu təqdirdə) və əmək kitabçasını götürməsi xahiş olunmuşdur. Həmin məktuba əmrin surəti əlavə edilmişdir. - Cavabdeh MMC-nin Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı 02 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh MMC araşdırmanın nəticələrinə istinad edərək iddiaçının və digər şəxslərin barəsində tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. - Cavabdeh MMC-nin 19 fevral 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi Cavabdeh MMC tərəfindən 3181,42 manat əmək haqqı hesablanmış və ödənilmişdir. - "xxxx" ASC-nin Virtual Dəstək Departamentinin 21 fevral 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı əmək haqqı kartına əmək haqqı köçürmələrinin tarixləri və məbləğləri cədvəlin müvafiq bəndlərində qeyd olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX- 68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilərək ləgv olunmuşdur. İddiaçı hüquqlarının müdafiə edilməsi ilə bağlı məhkəməyə (əvvəlcə mediasiya orqanına) müraciət etməmişdən öncə dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. Xidmət tərəfindən aparılan araşdırma zamanı İddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) və 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulması məlum olmuşdur. Buna görə də, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdehin rəhbəri X8 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməklə 1700 manat məbləğində cərimə edilmişdir. Cavabdehin rəhbəri X8 Xidmətin qeyd edilən qərarından verdiyi şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4724/2023 saylı qərarı ilə təmin edilməmişdir. Məhkəmənin qərarından görünür ki, şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, Xidmətin qərarında göstərildiyi kimi işəgötürən tərəfindən işçilərin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyinə görə Əmək Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmişdir. Məhkəmə iddiaçının işə gəlmədiyi günləri olması ilə bağlı şirkətin onu həm buna görə, həm də yeyintilər etdiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etməsi kimi cavabdehin iddiaya olan etirazın əsası kimi istinad etdiyi bu dəlillərə qiymət verərək hesab edir ki, hazırki mübahisənin həllində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4724/2023 saylı qərarının məzmunları nəzərə alınmalıdır. Belə ki, bu sənədlər cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir. Lakin buna baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan bu hüquqlarının müdafiə edilməsi ilə bağlı məhkəməyə müraciət üçün iddia müddətini buraxmışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2023-cü ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. İddiaçı tərəfin izahatlarına əsasən 25 iyun 2023-cü il tarixli əmri 08 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almış və 14 iyul 2023-cü il tarixdə mediasiya orqanına müraciət etmiş, xx.xx.2023-cü ildə isə mediasiya təklif göndərilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının 21 sentyabr 2023-cü il tarixli MŞB/3/2023-00881 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, xx.xx.2023-cü ildə tərəflərə bildiriş göndərilmiş, mediasiya sessiyaları xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, medasiya icraatı dövründə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixli cavab məktubu göndərilməsi də nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulmasını bildiyi andan dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etməsi iddia müddətinin buraxılmasına üzrlü səbəb kimi qiymətləndirilmir. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, həmçinin cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq-hesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq-hesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar