Məhkəmə qərarları › İş №e-2(006)-730/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-730/2025

07.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-730/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdeh “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Babayeva Əsmər qızının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə ("xxxx" QSC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müavinətin artırılması tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə ("xxxx" QSC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 iyul 2024-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən ona aylıq ödənilən 900 manat məbləğində müavinətin xx.xx.2023-cü il tarixdən “Bakı Metropoliteni" QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əməkhaqqına uyğun şəkildə artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.2022ci il tarixdən başlayaraq cavabdeh "xxxx" QSC tərəfindən ödənilmiş 900 manat müavinət üzrə yaranmış fərqin Bakı Metropoliteni QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin illər üzrə (2022, 2023, 2024) orta aylıq əmək haqqına uyğun şəkildə birdəfəlik qaydada cavabdehdən tutlaraq İddiaçı Məmmədrəsul oğluna ödənilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı Məmmədrəsul oğluna ödənilən müavinətin Bakı Metropoliteni QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsi üzrə sonuncu artım (2024-cü il) nəzərə alınmaqla, cavabdeh tərəfindən hesablanaraq hər ay iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı 1967-ci ildən 1984-cü ilə kimi Bakı Metropolitendə işləmişdir. 02 fevral 1984cü il tarixdə Bakı Metropoliteninə məxsus vaqon ilə "xxxx" QSC-yə məxsus yük qatarının toqquşması nəticəsində başından xəsarət almışdır. Xəsarət aldıqdan sonra işdən xəstəliklə çıxmışdır. Daha sonra məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödəniş "xxxx" QSC tərəfindən ödənilməsinə qərar verilmişdir. Əmək xəsarətinə görə ödənişi 2022-ci ilin may ayına kimi almışdır. Lakin həmin ödəniş may ayından kəsilmişdir. Bununla əlaqədar Nəsimi rayon məhkəməsində cavabdehə qarşı müavinətin verilməsi tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi rayonu məhkəməsinin 2(006)-1677/2023 saylı, xx.xx.2023-cii il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmri ləğv edilərək 19 may 2022-ci il tarixdən cavabdeh "xxxx" QSC tərfindən ona aylıq müavinətin ödənilməsi davam etdirilməsi qət olunmuşdur. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qeyd olunan qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4580/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1677/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi 19 may 2022-ci il tarixdən cavabdeh "xxxx" QSC tərəfindən ona aylıq müavinətin ödənilməsi hissəsində ləğv edilərək xx.xx.2022-ci il tarixdən caavbdeh tərəfindən ona aylıq müavinətin ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3898/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin sözügedən qənaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən ona aylıq ödənilən 900 manat məbləğində müavinət ölkədə inflyasiya göstəricilərinin kəskin artması və qiymət artımı səbəbi ilə hazırki şəraitdə onun maddi tələbatının və ehtiyaclarının ödənilməsinə kifayət etmir, eyni zamanda həmin müavinət "xxxx" QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əməkhaqqına uyğun şəkildə təyin edilməmişdir. Halbuki, əvvəllər ona müavinət artırmaya uyğun verilmişdir. "xxxx" QSC-nin 11 dekabr 2023-cü il tarixli A/438 saylı arayışında qeyd edilmişdir ki, "xxxx" QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əməkhaqqı 2302 (iki min üç yüz iki) manat, əməkhaqqının 80%-i isə 1842 (min səkkiz yüz qırx iki) manat təşkil edir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmiş, lakin cavabdehin 24 iyul 2024-cü il tarixli məktubu ilə müraciəti baxılmamış saxlanılmış və ona təyin edilən müavinət bu günədək artırılmamışdır. Hesab edir ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona aylıq ödənilən 900 manat məbləğində müavinət, "xxxx" QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əməkhaqqına uyğun şəkildə artırılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmənin əvvəlki iclasındakı izahatında bildirmişdir ki, iddiaçı "xxxx" QSC-nin işçisi olmuşdur. 02 fevral 1984-cü il tarixdə "xxxx" QSC-yə məxsus vaqon ilə "xxxx" QSC-yə məxsus yük qatarı toqquşmuşdur. Toqquşma "xxxx" QSC-yə məxsus yük qatarını idarə edən maşinistin səhvinə görə olmuşdur deyə, "xxxx" QSC iddiaçıya müavinət ödəmişdir. 2022-ci ildə iddiaçı pensiya yaşına çatdığı üçün "xxxx" QSC verdiyi müavinəti kəsmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və iddia ərizəsi təmin olunmuşdur. 2022ci ilin avqust ayından yenidən iddiaçıya ödənişlərə başlanılmışdır. Hal-hazırda aylıq məbləğin nə qədər ödənilməsi barədə anlaşılmazlıq vardır. Məbləğ müəyyən olunduqdan sonra iddianın təmin olunmasına etiraz etmirlər. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, əvvəldən də bildirdikləri kimi, müavinəti ödəməyə etirazları yoxdur. Amma "xxxx" QSC tərəfindən göndərilən arayışa diqqət yetirdikdə görünür ki, orada orta aylıq əmək haqqına bəzi nüanslar daxil ediblər, bu baxımdan hesab edirlər ki, bunlar iddiaçıya şamil olunmaya da bilər. Bu özü bir müəmmalı məsələdir. Bunun nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1677/2023 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 198594 nömrəli əmrinin ləğv edilməsi, 19 may 2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4580/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabeh “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1677/2023 nömrəli qətnaməsinin qismən - “xx.xx.2022-ci il tarixdən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsinin davam etdirilməsi" hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməsi, xx.xx.2022-ci il tarixdən cavabdeh “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aylıq müavinətin ödənilməsi davam etdirilməsi və qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3898/2023 saylı qərarına əsasən cavabdeh “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Məmmədrəsul oğlunun cavabdeh “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən o, 1984-cü ildən Azərbaycan Dəmir Yol İdarəsi QSC-dən 2-ci qrup əlilliyi ilə 2-ci dərəcəli maşinist vəzifəsinin maaşının 80 faizi ilə pensiya almışdır. 2024-cü ildin artımlar olub. Ötən illərin artımı ona hesablanmayıb. Bu ərizədən xx.xx.2024-cü ildə göndərmiş, 6 aydır ki cavab yoxdur. Ona cavab verilməsini və pensiyasının ötən illərin artımlarını hesablanıb ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən X1 müraciətinə əsasən bildirilir ki, hal-hazırda "xxxx" QSC-də qatar maşinisti (2 dərəcə üzrə) orta aylıq əmək haqqı 2302 manat 80%-i isə 1842 manat təşikl edir. “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı Məmmədrəsul oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində adlğı xəsarətə görə ona ödənilən müavinət bərpa edilmişdir. 2022-ci ilin may ayından etibarən ödənilməyən müavinət məbləği tam qaydada hesabına köcəcəkdir. “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı Məmmədrəsul oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən ona qanunvericiliyə müvafiq qaydada ödəniş həyata keçiriləcəkdir. Bakı Metropoliteni «N.Nərimanov» elektrik deposunun xx.xx.2014-cü il tarixli məktubuna əsasən İddiaçı Məmmədrəsul oğlunun xəsarət alması ilə əlaqədar bildirilir ki, xx.xx.2013-cü il tarixdən İİ dərəcəli metropoliten maşinistinin orta aylıq əmək haqqı İX.2013-1127.75, X.2013-1344.68, Xİ.2013-1235.32, Xİİ.2013-1172.56 təşkil edir. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayşa əsasən "xxxx" QSC qatar maşinistin (2-dərəcə) üzrə orta əmək haqqı 2022-ci il 1767, 2023-cü il 2013 və 2024-cü il üçün 2224 manat təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Maddə 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Əmək Məcəlləsi Maddə 177. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Maddə 239. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”. Bənd 2.1. istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Bənd 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 02 fevral 1984-cü il tarixdə Bakı Metropoliteninə məxsus vaqon ilə "xxxx" QSC-yə məxsus yük qatarının toqquşması nəticəsində xəsarət almış, məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin "xxxx" QSC tərəfindən ödənilməsi qərara alınmışdır. Əmək xəsarətinə görə ödənişi 2022-ci ilin avqust ayından kəsilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdeh "xxxx" QSC tərəfindən ona xx.xx.2022-ci il tarixdən aylıq müavinətin ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı aldığı müavinətin məbləğinin xx.xx.2022-ci il tarixdən "xxxx" QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqına uyğun şəkildə artırılmasını tələb edir. Cavabdehin nümayəndəsi isə müavinətin məbləğinin artırılmasına etiraz etməyərək, aylıq məbləğin nə qədər ödənilməsi barədə anlaşılmazlıq olduğunu bildirir. Anlaşılmazlığın aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdən "xxxx" QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqının nə qədər təşkil etməsi barədə sorğu göndərilmiş, məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışda müvafiq vəzifə orta əmək haqqının 2022-ci il üzrə 1767 manat, 2023-cü il üzrə 2013 manat və 2024-cü il üzrə 2224 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən etibarən orta aylıq əmək haqqının hər il üzrə artım tempi nəzərə alınmaqla ödənilməmiş ödənc birdəfəlik olaraq və son il üzrə artım tempinə uyğun olaraq aylıq ödənc müəyyən olunmaqla ömürlük hər ay cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birdəfəlik tutulmalı artım məbləği xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə şamil olunmaqla hesablanmalıdır. Artım hesablanarkən iddiaçının peşəsinə uyğun artıma dair Azərbaycan Respublikası "xxxx" QSC-nin göstəriciləri nəzərə alınmalıdır: 2022-ci il üzrə 1767 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1413.6 – 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 513.6 manat x 4 ay (avqust 2022-ci ildən dekabr 2022-ci ilədək) = 2054,4 manat; -2023-cü il üzrə 2013 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1610,4 - 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 710,4 manat x 12 ay (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) = 8524,8 manat; -2024-cü il üzrə 2224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1779,2 - 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 879,2 manat x 12 ay (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) = 10550,4 manat olmaqla, cəmi 2054,4 + 8524,8 + 10550,4 = 21,129.60 manat xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə ödənilməmiş artıma görə birdəfəlik, - xx.xx.2025-ci il tarixdən başlayaraq (sonuncu artım - 2024-cü il) hər ay 1779,2 manat (2224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) aylıq ödənc cavabdeh "xxxx" QSC-dən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən (əlilliyinə görə) iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən İddiaçı Məmmədrəsul oğlunun xeyrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün ödənilməmiş artıma görə 21,129.60 (iyirmi bir min yüz iyirmi doqquz manat, 60 qəpik) manat birdəfəlik, xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 1779,2 (bir min yeddi yüz yetmiş doqquz manat, 20 qəpik) manat aylıq ödənc (ömürlük) tutulsun. Cavabdeh "xxxx" QSC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar