Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-743/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliklərin icra olunması, mənzilin təhvil verilməsi və vəsaitin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliklərin icra olunması, mənzilin təhvil verilməsi və vəsaitin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, ərizəçi ilə cavabdeh təşkilat arasında bağlanılmış 07 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən ərizəçi, ona məxsus ümumi sahəsi 34 kv.m, faktiki sahəsi 44,98 kv.m olan birotaqlı mənzili (ünvanı: ünvan 1 bunun müqabilində ərizəçinin mülkiyyətinə yeni inşa edilən binanın A blokunun 7-ci mərtəbəsində perimetri 96 kv.m olan təmirsiz mənzili (mənzilə giriş qapısı, pəncərə qoyulması və divarların suvanması şərtilə) ərizəçinin mülkiyyətinə verilməsi öhdəliyi götürüb. Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq nəzərdə tutulmuş mənzili ərizəçiyə verməli idi. Binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulub. Yəni müqavilə şərtlərinə görə bina uzağı 2021-ci ilin oktyabrında hazır olmalı, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili təhvil verməli idi. Lakin binada hələ də işlər gedir, o hazır deyil. Bu ilin avqustunda ərizəçi Azərbaycana gələrkən cavabdeh təşkilat onun üçün nəzərdə tutulmuş mənzili göstərib. Lakin binanın nə lift, nə də başqa ümumi kommunikasiya qurğuları hazır olmayıb, mənzilin isə quru divarlarından savayı heç nə olmayıb. Beləliklə, cavabdeh, daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını bugünə artıq 36 aydır ki, yubadır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil ərizəçiyə vaxtında, yəni 2021-ci ilin oktyabrında veriləcəyi təqdirdə ərizəçi həmin mənzili kirayə verə bilərdi. Müqavilə üzrə 18 ay müddətində kirayəyə görə kompensasiyanın verilməməsinin nəzərdə tutulması məhz onunla bağlı idi ki, ərizəçi mənzilin müqavilə ilə nəzərdə tutulmuş müddətdə hazır olacağı və onun mülkiyyətinə veriləcəyinə inanmışdı. Qiymətləndirmə sahəsində Azərbaycanda və onun sərhədlərindən uzaqlarda tanınmış "xxxx" MMC şirkətinin arayışına əsasən cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən 2-otaqlı mənzillərin aylıq icarə bazar dəyəri 800 (səkkiz yüz) manat təşkil edir. Beləliklə, cavabdehin qanuna və müqaviləyə zidd davranışı nəticəsində ərizəçiyə bugünə artıq 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğindən məhrum olub. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Göstərilənlərə əsasən cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə: a. hər aya görə 800 (səkkiz yüz) manat pul vəsait b. həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 (beş) faiz vəsait, c. əlavə olaraq vəsaitin tam məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz [4] vəsaitin tutulması və iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Sonradan və son olaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə: a. hər aya görə 1.100 (bir min yüz) manat pul vəsait b. həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 (beş) faiz vəsait, c. əlavə olaraq vəsaitin tam məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz [4] vəsaitin tutulması və iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, binada tikinti işləri hələ də davam edir. Tərəflər öhdəlik götürübsə, bu öhdəlikləri yerinə yetirməyə borcludur. İddiaçı hal-hazırda xaricdədir və Böyük Britaniyada yaşayır. Onun niyyəti məhz ondan ibarət idi ki, həmin mənzili təmir etdirib, kirayə verə bilsin və həmin mənzildən qazanc əldə edə bilsin. Öhdəliklərin hələ də icra edilməməsi iddiaçının hüquqlarını pozur. Mənzildə 2024-cü ilin sentyabr ayından təmir başlanıb və təxminən 2025-ci ilin fevral ayında onlar iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim təqdim etdikləri zaman artıq 2 həftə idi ki, mənzildə işıq, elektrik enerjisi yox idi və təmir işləri də dayanmışdı. Təmir işləri 2 ay ləngimişdir. Mənzildə təmir işləri aparılıb. Amma təhvil-təslim aktı olmayıb. Hal-hazırda o binada yaşayış yoxdur. Ümumiyyətlə, mənzilin yerləşdiyi binada qaz və su yoxdur. Belə bir vəziyyətdə anlaşılır ki, qarşı tərəfin dedikləri əsassızdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq mənzilin 2024-cü ilin sentyabr ayında təhvil alındığını və mənzilin 3 otaqdan ibarət olduğunu bildirmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, həmin mənzili onlar 2024-cü ilin fevral-mart aylarında təhvil vermişdilər və mənzildə təmir işlərinə başlanmışdı. Təmir işləri ilə bağlı 800 manat ödəniş etmişdilər. Divar sökülüb yenidən tikilmişdir. İddiaçının Böyük Britaniyada yaşadığını nəzərə alaraq, təhvil-təslim aktı bağlamamışdılar. Sonda iddia tələbinin təmin edilməməsini xahiş etmiş, əlavə suallara cavab olaraq iddiaçının İngiltərədən gələndən sonra mənzilə baxış keçirdiyini, divarın sökülməsini, zal ilə mətbəx birləşdirilməsini istədiyini, onların da iddiaçıya bu işin mümkün olacağı təqdirdə edə biləcəklərini, təmir işlərinin 800 manat təşkil etdiyini və 2023-cü ilin yay aylarında onların həmin məbləği ödədiklərini və hal-hazırda həmin binada yaşayışın olduğunu bildirmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 27 dekabr 2016-cı il tarixli, 245 nömrəli sərəncamından görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq və Cavabdeh MMC-yə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx-1546 nömrəli şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerinə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. 9.Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Cavabdeh MMC arasında bağlanan 28 fevral 2017-ci il tarixli, 01 nömrəli “Qəzalı vəziyyətdə olan binanın sökülüb yenidən qurulması barədə” müqavilədə göstərilmişdir ki, şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülərək yenidən tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir (bənd 1.2). 10.Həmin Müqavilənin 2.3-cü b) bəndinə əsasən köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində hər ayın birinci həftəsi ərzində 1 otaqlı mənzillər üçün ayda 250 manat, 2 otaqlı mənzillər üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün ayda 350 manat, 4 otaqlı mənzillər üçün ayda 400 manat, 5 otaqlı mənzillər üçün ayda 450 manat ödənilməsi nəzərdə tutulmuşdur. 11.Həmin Müqavilənin 3.7 və 3.8-ci bəndlərinə əsasən hazırki müqavilə üzrə tikiləcək sahənin layihə sənədləri müvafiq qaydada təsdiq edildikdən və tikintinin başlanması üçün tələb olunan icazələr alındıqdan sonra tikintinin 1-ci mərhələsini 18 aya, 2-ci mərhələsini 36 ay müddətinə tam başa çatdırıb istismara qəbul üçün təqdim edək və əgər binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda və ya başqa yararlı mənzil sahələri ilə təmin edilərsə, bu halda 3.7 maddə nəzərdə tutulan müddətə xx.xx.2021-ci il tarixədək məhdudiyyət qoyulması şirkətin öhdəliklərinə aid edilmişdir. 12.Mülki işin materiallarında olan podratçı Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi X2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 086 saylı qərarı ilə Nəsimi rayonun sosialiqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon icra hakimiyyətinin bu işlərə sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova küçəsi, ev 189-da 1 mərtəbəli evdə dövlət reyestrindən çıxarış üzrə 1 otaqlı ümumi sahəsi 34 kv.m faktiki sahəsi 44.98 kv.m sahəsi olan yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilləri olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək tikiləcək yeni binada A blokunda 7ci mərtəbədə perimetri 96 kv.m uyğun təmirsiz mənzilin inşasını təmin edəcəyini və inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi, mülkiyyətçi isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün podratçıya müqavilə imza edildikdən sonra 7 gün müddətində akt əsasında sənədlər ilə təhvil verməyi və sonradan bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. 13.Həmin müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən sifarişçi tərəfindən mülkiyyətçiyə reyestrdən çıxarış üzrə ona məxsus ümumi sahəsi 34 kv.m faktiki sahəsi 44.98 kv.m sahəsinin əvəzinə 96 kv.m təmirsiz yaşayış sahəsi təklif olunduğundan, mülkiyyətçi ona aid hissədə tikinti başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə birotaqlı mənzil üçün 250 manat kirayə haqqından və mövcud binadakı mənzildən mülkiyyətçinin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün ona ödənilməli olan birdəfəlik 300 manat məbləğində vəsaitdən imtina edir. 14.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə təmirli mənzili təhvil vermək podratçının hüquq və vəzifələrinə aid edilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 16.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, **********8 nömrəli pulun köçürülməsinə dair çıxarışdan görünür ki, 416973******5742 nömrəli kartdan 416974******3036 nömrəli karta 1150 manat məbləğində pul köçürülmüşdür. 17.Mülki işin materiallarında olan "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2025ci il tarixli, MB 18/0142 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 189 ünvanında yerləşən 3 otaqlı mənzilin (A bloku, 7-ci mərtəbə) 17 fevral 2025-ci il tarixinə mövcud normativ və qanunvericiliyə uyğun olaraq hesablanmış faktiki tikinti sahəsi 83.91 kv.m orta aylıq kirayə dəyəri isə 1100 manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə müqaviləyə əsasən sifarişçi Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova küçəsi, ev 189-da 1 mərtəbəli evdə dövlət reyestrindən çıxarış üzrə 1 otaqlı ümumi sahəsi 34 kv.m faktiki sahəsi 44.98 kv.m sahəsi olan yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilləri olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək tikiləcək yeni binada A blokunda 7ci mərtəbədə perimetri 96 kv.m uyğun təmirsiz mənzilin inşasını təmin edəcəyini və inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi, mülkiyyətçi isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün podratçıya müqavilə imza edildikdən sonra 7 gün müddətində akt əsasında sənədlər ilə təhvil verməyi və sonradan bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Hazırda iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edərək, müqavilə üzrə mənzilin ona təhvil verilməsini, 2021-ci ilin oktyabr ayından hesablanmaqla qətnamə tam icra olunanadək hər aya görə ona 1100 manat kirayə haqqının, gəmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsaitin, əlavə olaraq tam vəsait məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz vəsaitin tutulması və məhkəmə xərclərinin onun xeyrinə tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.6-cı maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 20.“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusiyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərin hesablanmasının aparılması, qaşı tərəfin hərəkt və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 21.Məhkəmə ilk öncə iddianın “xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil artıq 2024-cü ilin sentyabr ayında iddiaçıya təhvil verilmişdir. Odur ki, hazırki tələb üzrə təhvil verilməsi tələb edilən mənzil artıq iddiaçıya təhvil verildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. 22.Məhkəmə iddia tələbinin “2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər ay görə 1100 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə yuxarıda qeyd edilən hüquqi yanaşmaya görə əsaslıdır və qismən təmin edilməlidir. 23.Belə ki, tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə müqaviləyə əsasən cavabdeh yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18 ay müddətinə başa çatdırmaqla mülkiyyətçiyə təmirli mənzilin təhvil vermək öhdəliyini üzərinə götürmüş, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh bu öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.İddiaçı tərəf binanın təməlinin 2019-cu ilin mart ayında qoyulduğunu qeyd etsə də, mülki işin materiallarında olan “Monolit beton işləri jurnalı”ndan görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsi ərazisində binanın təməlinin betonlanması xx.xx.2021-ci il tarixdə olmuşdur. 25.Demək ki, binanın təməli 2021-ci ilin yanvar ayında qoyulduğundan və tərəflər arasında bağlanmış müqaviləyə əsasən məhz həmin vatxdan başlayaraq 18 ay müddətində, yəni 2022-ci ilin iyul ayında cavabdeh mənzili iddiaçıya təhvil verməli olsa da, MMC bu öhdəliyini pozmuş, yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.6-cı maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 26.Belə olan halda, iddiaçının həmin mənzilin ona təhvil verilməsinin gecikməsi ilə bağlı əldən çıxmış fayda kimi zərəri tələb etmək hüququ mövcuddur. Əldən çıxmış faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsi barədə məhkəmə qeyd edir ki, son illər kirayə mənzilə ehtiyacın olduqca yüksək olduğu Bakı şəhərində iddiaçının yeni binadakı mənzilini kirayəyə verərək, ondan gəlir əldə etməsi ehtimalı çox yüksək və realdır. 27.İddiaçı tələbin kirayə haqqına münasibətdə sübut növü kimi "xxxx" MMC qiymətləndirmə şirkətinin 17 fevral 2025-ci il tarixli arayışını təqdim etmişdir ki, həmin arayışda Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 189 ünvanında yerləşən 3 otaqlı mənzilin (A bloku, 7-ci mərtəbə) 17 fevral 2025-ci il tarixinə mövcud normativ və qanunvericiliyə uyğun olaraq hesablanmış faktiki tikinti sahəsi 83.91 kv.m orta aylıq kirayə dəyərinin isə 1100 manat təşkil etməsi qeyd edilmişdir. 28.Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın əvəzi kimi aylıq kirayə haqqı kimi tutulmalı məbləğin tələb edilən həddə yox, 350 manat məbləğində müəyyən edilməsi hazırki işin halları baxımından daha real və ağlabatandır (müqavilə üzrə 3 otaqlı mənzillər üçün ayda 350 manat kirayə haqqının müəyyən edilməsi baxımından). Bundan əlavə, məhkəmə 350 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı əlavə olaraq qeyd edir ki, hazırki iddiaçı mübahisəli (təhvil verilmiş) mənzili təhvil almasında gecikdirilməsi onun 3 otağa münasibətdə gözləntisi olduğundan və bu gecikmə də cavabdehin təqsiri səbəbindən olduğundan iddiaçıya əvvəlki qaydada razılaşdırılmış müqaviləyə əsasən nəzərdə tutulmuş məbləğdə pulun verilməsi daha ədalətlidir. 29.Beləliklə də, mənzilin təhvil verilməli olduğu vaxtdan, yəni 2022-ci ilin iyul ayından mənzilin iddiaçıya təhvil verildiyi vaxtadək, yəni 2024-cü ilin sentyabr ayınadək cəmi 9.100 manat (2022-ci ilin iyul ayından başlamaqla 2024-cü ilin sentyabr ayınadək, yəni 2 il 2 ay, cəmi 26 ay x 350 manat =9.100 manat) əldən çıxmış faydanın faydanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi həmin qalan hissədə təmin edilməməlidir. 30.Daha sonra məhkəmə tələbin “həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələblər əsassız hesab edilməklə rədd edilməlidir. 31.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 32.Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 33.İddiaçı tərəf həmin hissədə tələbini qeyd edilən maddi hüquq normaları baxımından əsaslandırmışdır. Halbuki, həmin tələblərin qanuni əsası kimi nəzərdə tutulan MM-in 445.7 və 449-cü maddələri aşkar şəkildə pul öhdəliyinin icra edilməməsi ilə bağlə məsuliyyətlə əlaqədardır. Hazırda tərəflər arasında pul öhdəliyi mövcud olmayıb, yalnız tikilməli binada mənzilin inşa edilib verilməsi ilə bağlı öhdəlik mövcuddur. Odur ki, həmin hissədə tələblər əsassız hesab edildiyindən təmin edilməməlidir. 34.Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun və vəkil xərclərinin tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmiş, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 38.İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1150 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 1150 manat məbləğində pul tutulmalıdır. 39.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin İddiaçı təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından mənzilin iddiaçıya təhvil verildiyi vaxtadək, yəni 2024-cü ilin sentyabr ayınadək əldən çıxmış faydanın əvəzi kimi cəmi 9.100 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 101 manat dövlət rüsumunun və 1150 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 42.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin İddiaçı təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından mənzilin iddiaçıya təhvil verildiyi vaxtadək, yəni 2024-cü ilin sentyabr ayınadək əldən çıxmış faydanın əvəzi kimi cəmi 9.100 (doqquz min yüz) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun və 1150 (min yüz əlli) manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-743/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-743/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver