Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-75/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.000 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsi 100 saylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 25.000 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsi 100 saylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda olan daşınmaz əmlak onun mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterində qeydiyyat aparılmış və müvafiq çıxarış verilmişdir. Həmin mənzil Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V/1- 14 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş nənəsi X5 tərəfindən miras əmlakı olaraq ona verilmişdir. Həmin mənzil sənəddə 3 otaqlı kimi qeyd edilsə də, otaqların ölçülərinin kiçik olması səbəbindən 2 otağa düzəldilmişdir. O, 3 yaşından valideynlərini itirmiş, mərhum nənəsi X2 himayəsində qalmışdır. Nənəsi ağır xəstə olduğu, artıq yaşayacağına ümid olmadığı üçün ölümündən bir neçə ay əvvəl qohumları Cavabdeh1 və həyat yoldaşı X3 tərəfindən övladlığa götürülmüşdür. Bu barədə xx.xx.2007-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində övladlığa götürülmə haqqında şəhadətnamə verilmişdir. O, övladlığa götürüləndə, həmin ailədə artıq 1 yaşlı Teymur adlı qardaşı da vardı. Onlar dördü də vəsiyyətnamə ilə ona məxsus olan yuxarıda göstərilən ünvan 1 ünvanda yaşamağa başlamışlar. Atası Cavabdeh1 «nikahın pozulması» tələbinə dair iddia tələbinə əsasən anası X3 ilə aralarında qeydə alınmış nikah Nəsimi Rayon Məhkəməsinin 2(006)-470/2010 saylı qətnaməsi ilə pozulmuş, onun və qardaşı X1 anaları Diana Əsgərxanovanın yanında qalmaları və onların hər birinə yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh1 xx.xx.2009-cu il tarixdən başlayaraq hər biri üçün hər ay 100 manat aliment tutulması qət edilmişdir. Göstərdiyi kimi, valideynləri arasında nikah pozulduqdan sonra o və qardaşı anaları Diana Əsgərxanovanın himayəsi altında yaşamışlar və hazırda da onun himayəsi və qayğısı altında onun tərəfindən alınmış mənzildə birgə yaşayırlar. Atası Cavabdeh1 anası Diana Əsgərxanova ilə arasında nikah pozulduqdan sonra razılığa gəlmişlər ki, atası özünə başqa yaşayış yeri seçərək, ona məxsus həmin mənzili kirayə verib hər ay onların tələbatlarının ödənilməsi üçün kirayə pulunu onlara verəcək. Buna görə də, anası Diana Əsgərxanova məhkəməyə ərizə ilə müraciət edərək ona görə veriləcək alimentdən imtina etmişdir. Atası Cavabdeh1 isə qardaşı Əsgərxanov Teymur üçün aliment ödəmişdir və bu günə qədər də ödəyir. Lakin Cavabdeh1 həmin mənzildən onlara iki il müddətinə kirayə pulu vermiş, sonra özünə ailə quraraq həmin evdə yaşamağa başlamışdır və bu günə qədər də yaşayır. Ona məxsus mənzildə özü və qızı Cavabdeh2 pasport qeydiyyatındadır. Göründüyü kimi, atası Cavabdeh1 bir valideyn kimi üzərinə düşən valideynlik vəzifəsinin icrasından yayınmışdır. Onun təhsil xərclərinin ödənilməsində hər hansı bir iştirakı olmamış, bir valideyn kimi ona heç vaxt qayğı göstərməmişdir. Çünki Cavabdeh1 öz ailəsi var, onlarla məşğuldur. O, hazırda heç yerdə işləmir. İ.M.Seçenov adına X8 Tibb universitetinin Bakı filialının 6-cı kurs tələbəsidir. ünvan 1 ünvanda yerləşən mənzil Nəsimi rayonunun ərazisində yerləşir. Hazırda hesab edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdehlərə müvafiq kompensasiya verilməklə ona məxsus olan evdən istifadə hüquqlarına xitam verilməsi daha məqsədəmüvafiq olardı. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, valideynlərinin nikahları pozulduqdan sonra atası onunla bir dəfə belə olsun əlaqə saxlamamış, onunla maraqlanmamışdır. Həyatının ən önəmli məqamlarında anası və nənəsi iştirak etmişlər. Onu anası və nənəsi böyüdüb. Onun 24 yaşı var və özü müstəqil şəkildə kiminlə yaşamaq istədiyinə qərar verə bilər. Mənzilin onun mülkiyyətində olmasına baxmayaraq, cavabdeh öz ailəsi ilə birlikdə ona həmin mənzildə yaşamağı təklif edir. Lakin cavabdeh bilir ki, o, bu şərtlərlə razı olmayacaqdır. İlk öncə atasına istifadə hüququna xitam verilməklə, simvolik olaraq 7.000 manat mələğində kompensasiya təklif etmişdir. Düşünmüşdür ki, əgər cavabdeh özünü onun atası hesab edirsə, bu məbləği götürməkdən çəkinər və onun evini təhvil verər. Lakin düşündüyünün tam əksi baş vermiş, atası məhkəmə iclasında həqiqəti danışmamış və mənzildən çıxmaq istəmədiyini bildirmişdir. Belə çıxır ki, onu yalnız pul və öz rahatlığı maraqlandırır. Bu səbəbdən o, kompensasiya məbləğini 25.000 manatadək artırmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, düzdür, iddiaçı həmin mənzilin mülkiyyətçisidir, lakin bu o demək deyildir ki, iddiaçı, cavabdeh və onun ailəsini həmin mənzildən çıxarmalıdır. Qanunvericiliyin tələblərində də qeyd edilir ki, çıxarda bilər, lakin çıxarmalıdır deyə bir norma yoxdur. Hesab edir ki, bu imperativ norma deyildir. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü olmaqla, azyaşlıdır. Cavabdeh2 qanuni nümayəndəsi qismində atası Cavabdeh1 çıxış edir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 31 iyul 2008-ci il tarixli 2V/1-147 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən 02 fevral 2007-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V/1-14 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 08 mart 2007-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnaməsində göstərilən əmlakın vərəsəsi xx xxxxxx 2000-ci il tarixdə doğulmuş ünvan 1-də yaşayan İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: BTİ və MHQİ tərəfindən kitab 97, səhifə 14931, qeydiyyat 30/14931, qeydiyyat tarixi 05 noyabr 1997-ci il tarixdə verilmiş MH seriyalı 043266 saylı qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/21357 saylı 25 iyul 2008-ci il tarixli dövlət reyestrindən arayışa (forma № 1) əsasən Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi 100 nömrəli binada yerləşən yaşayış sahəsi 46,0 m2 olan 3 otaqlı 35 saylı mənzildən ibarətdir. - Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06 avqust 2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsində istifadədə olan 0,12114 ha torpaq sahəsində yerləşən 46 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 790 nömrəli reyestr kitabının 73707 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında 13 iyul 2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh2, X3, X4 ünvan 1 ünvanda qeydiyyatdadırlar. - 20 fevral 2023-cü il tarixli 05 saylı arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın 2«q» sinif şagirdidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 9/2509 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri Xətai rayonu Şəmsi Bədəlbəyli küçəsi 100 saylı, 7 mərtəbəli binada yerləşən 46,0 m2 sahəsi olan 35 saylı mənzilinin və ona oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. - 21 iyun 2023-cü il tarixli 01 saylı ödəniş orderindən görünür ki, X3 İddiaçı iddia tələbi üzrə mülki işlə əlaqədar təyin edilmiş ekspertiza xərcinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 60 manat pul vəsaiti ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 9/6643 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi 100 saylı evin 35 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 800 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçının cavabdehlərə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Göstərilən norma yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Məhkəmə hesab edir ki, qanunun bu müddəası imperativ olmasa da yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Belə ki, bu mülkiyyətçinin sərəncam səlahiyyətindən irəli gələn hüququdur. Dolayısı ilə yalnız mülkiyyətçi ona məxsus əmlakla bağlı istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli ünvan üzrə istifadə hüquqları mövcuddur və onların həmin sahəyə mülkiyyət deyil, istifadə hüquqlarının olması, sözügedən sahənin mülkiyyətçisinin onların bu hüququna bazar qiyməti ilə kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi kimi hüququndan istifadə etməsinə hüquqi şərait yaradır. Beləliklə də, iddiaçı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna (subyektiv hüquqa) malikdir. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Bundan başqa, məhkəmənin qənaətinə görə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Məhkəmə hesab edir ki, qanunverici mülkiyyətiçiyə istifadə hüququ olan şəxslərin hüquqlarına xitam verilməsi kimi iddia qaldırmaq hüququ verməklə yanaşı eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququnun yalnız bazar qiyməti ilə kompensasiya vermək yolu ilə xitam verilməli olmasını şərtləndirmişdir. Başqa sözlə, bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilmədiyi təqdirdə istifadə hüququ olan şəxsin bu hüququna xitam verilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, bu qəbildən olan işlər üzrə istər mülkiyyətçilər, istərsə də, istifadə hüququna xitam verilməsi tələb edilən şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsi təmin edilməli, təyin edilən, yaxud təklif edilən kompensasiya məbləği işin həqiqi hallarına uyğun olmalıdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən, təmirindən və şəraitindən asılı olaraq 800 manat müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya 25.000 manat təşkil etməklə, ədalətli həddədir. Göründüyü kimi, qeyd olunan məbləğdə kompensasiyanın ödənilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə bu halda cavabdeh kimi göstərilmiş qızı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh2 azyaşlı olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinin tələbləri baxımından (14 yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması) onun yaşayış yeri kimi Cavabdeh1 yaşayış yerinin müəyyən edilməsini nəzərə alır və hesab edir ki, qanuni nümayəndəsi qismində atası Cavabdeh1 kompensasiyanın ödənilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi özlüyündə azyaşlıya münasibətdə də ödənilməsini, beləliklə də qətnamənin Cavabdeh1 münasibətdə icra edilməsi özlüyündə azyaşlıya münasibətdə də icra edilməsini özündə ehtiva edir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 25.000 manat məbləğində kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi 100 saylı evin 35 saylı mənzilinə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, kompensasiya ödənilməsi ilə istifadə hüquqlarına xitam verilməsi eyni anda (vaxtda) icra edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 25.000 manat məbləğində kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi 100 saylı evin 35 saylı mənzilinə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 kompensasiya ödənilməsi ilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi eyni anda (vaxtda) icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-75/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-75/2024
06.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver