Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-794/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında rəsmi nikaha daxil olmuşdur. Toydan sonra özünə məxsus cehiz əşyalarını da özü ilə gətirməklə dövlət mənzil fonduna aid olan ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə gəlin köçmüşdür. Ora gəlin köçərkən mənzildə cavabdeh və ona analıq edən bibisi yaşayırdı. Həmin nikahdan üç uşaqları doğulub. İddiaçı son bir ilədək uşaqları ilə birgə mübahisəli mənzildə yaşamış və ona məxsus cehiz əşyalarının hamısı orada yerləşir. Cavabdeh mənzili təmir etdirmək adı ilə onları kirayədə yaşamağa aparmış va sonra onları mənzilə buraxmaqdan boyun qaçırmağa başlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və onların saxlanılması üçün cavabdehdən cəmi 660 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Nikahın pozulması ərəfəsində cavabdeh öz bibisini də kirayədə yaşadıqları mənzildən aparmaqla mübahisəli mənzilə köçmüş və onu uşaqlarla ora buraxmaqdan imtina edir. İddiaçı mübahisəli mənzilə gəlin gələrkən ora dövlət mənzil fonduna aid idi və mənzilin kirayədarı xx.xx.1994-cü il tarixdə ölmüş cavabdehin nənəsi X1 olmuşdur. Mənzildə cavabdeh öz bibisi ilə yaşayırdı və onu gəlin gətirərkən həmin mənzilə özləri köçürmüşdür. Bütün bu müddət ərzində iddiaçı orada yaşamış, cavabdehlə birgə təsərrüfat aparmış, üç uşaqları doğulmuşdur. Özünə aid olan cehiz əşyaları da orada yerləşir. Göstərilənlərə əsasən iddiaçının ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına, azyaşlı uşaqları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birgə həmin mənzilə köçürülmələrinə, ilkin mediasiya sessiyası xərci kimi ödənilmiş 60 manatın və iddia arizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 50 manatın Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2006-cı il tarixdə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra iddiaçı mübahisəli mənzilə köçmüş, cavabdehlə orada yaşamağa başlamış və birgə nikahdan üç övladları olmuşdur. Daha sonra tərəflərin nikahları 2024-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuş, nikah pozulmamışdan əvvəl tərəflər mübahisəli mənzildən çıxıb kirayə yaşamağa başlamışlar. Müəyyən edilmişdir ki, mübahisəli mənzil cavabdehin nənəsinə məxsus olmuş və nənəsi vəfat etdikdən sonra müvafiq sərəncam əsasında evin icarədarı kimi cavabdeh təyin edilmişdir. Hazırda iddiaçı özünün mübahisəli mənzilə istifadə hüququnun tanınmasını və uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. 8.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-334/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması və cavabdehdən iddiaçının xeyrinə aliment tutulması qət edilmişdir. 9.Mülki işin materiallarında olan AZ-İİ seriyalı, 037420 nömrəli, AZ-İİİ seriyalı, 074196 nömrəli və AZ-İV seriyalı, 440689 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3, X4 və X6 tərəflərin birgə övladlarıdırlar. 10.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, ******* nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin 28 mart tarixində xitam verilmişdir. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 150 nömrəli sərəncamına əsasən Ş.Əzizbəyov küçəsi 174 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m olan 8 nömrəli mənzilin icarədarı X1 olmuş, xx.xx.1994-cü ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Həmin Mənzildə keçmiş icarədarın nəvəsi Cavabdeh 1991-ci il tarixdən qeydiyyatda olmaqla hal-hazırda 1 nəfər ailə tərkibi ilə (özü) yaşayır. Ş.Əzizbəyov küçəsi 174 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m olan 8 nömrəli mənzilinin icarə müqaviləsi vətəndaş Cavabdeh ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi sərəncamda qeyd edilmişdir. 12.Mülki işin materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. 13.Mülki işin materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1, 8 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi müvafiq reyestrin aparılması üçün əsasdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 299-cü maddəsinə əsasən Dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahəsindən kirayədarla — mənzil-istismar təşkilatı ilə (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilatla) kirayəçi — adına order verilmiş vətəndaş arasında bağlanan yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. 15.2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 17.Tərəflər arasında hüquq münasibətlərinin 2009-cu il oktyabrın 1-dək yarandığını, yəni iddiaçının cavabdehlə 2006-cı ildə nikaha daxil olmaqla, həmin tarixdən həmin mənzilin sahibinin ailə üzvü kimi mübahisəli mənzildə yaşamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıbyaranmadığı məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 19.İddiaçı hazırkı iddiasında mübahisəli mənzildə yaşamasına cavabdeh tərəfindən maneə yaradıldığına istinad edərək sözügedən mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini xahiş edir. 20.Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində qeyd edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 21.Tərəflər arasında mövcud olan münasibətlərin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailəüzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 22.Digər tərəfdən məhkəmə qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Belə ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 23.Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır. 24.Hazırkı halda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir. Həmçinin, sonuncu məhkəmə iclasında cavabdeh tərəf də iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmiş və iddiaçını özü tərəfindən çıxarılmasını qeyd etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil ilkin olaraq cavabdehin nənəsi Ənsərova Saqiyənin adına müavfiq orderlə rəsmişləşdirilmiş, daha sonra onun vəfatı ilə əlaqədar xx.xx.2015-ci il tarixdə Nəsimi Rayon icra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı ilə hazirki cavabdehlə icarə müqaviləsi bağlanmışdır. Bu isə onu dəməyə əsas verir ki, iddiaçının həmin mənzilə ilk gəldiyi gündən cavabdehin nənəsinə münasibətdə istifadə hüququ yaranmış və bu hüquq icarəçi dəyişdikdən sonra belə davam etmişdir. Məhkəmə qeyd edilənləri, iddiaçının mənzildən istifadə hüququnun olmasını, verilmiş orderin mülkiyyət hüququnu təsdiq edən sənəd olmasını, iddiaçının başqa yaşayış yeri olmamasını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. 25.Beləliklə də iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edildiyindən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququ tanınmalı, iddiaçı, uşaqları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020ci il təvəllüdlü X6 ilə birgə həmin mənzilə köçürülməlidir. 26.Məhkəmə tələbin məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə isə onu qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. 27.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 28.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair istifadə hüququ tanınsın. İddiaçı uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 ilə birgə həmin mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-794/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-794/2025
22.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver