Məhkəmə qərarları › İş №e-2(006)-879/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-879/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-879/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının hələ azyaşlı olduğu 2007-ci ildə qohumu (əmisi Elnur Məlikov) onun adına "xxxx" ASC-nin Mərkəz filialında “uşaq yığım” əmanət hesabı açmış, sonra müxtəlif zamanlarda həmin depozit hesaba vəsaitlər əlavə olunmuşdur. Sonuncu dəfə onunla Bank arasında olan müqavilə 14 noyabr 2016-cı ildə imzalanmışdır. Həmin müqavilənin 1.3-cü bəndində əks olunan şərtlərinə əsasən xeyrinə əmanət qoyulan şəxs bu müqavilə üzrə yaranmış hüquqlara əsaslanan ilk tələbini bankın filialına ərizə ilə müraciət edərək bildirdiyi andan əmanətçi hüququ qazanır. Əmanət qoyulan şəxs istənilən zaman tələb hüquqlarını banka bildirə bilər (tələb hüquqlarını 18 yaşı tamam olanadək bildirdikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilməsi şərtilə) əmanətçi əmanətdən xeyrinə əmanət qoyulan şəxs əmanətçi hüquqlarından istifadə niyyətini bildirənədək istifadə edə bilər bank tərəfindən qəbul edilən məbləğ 4108,11 AZN təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən əmanət 14 noyabr 2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, illik 13% faiz dərəcəsi ilə qoyulur. Onun 18 yaşı tamam olduqdan sonra ona məxsus pul vəsaitini depozit hesabdan əldə etmək üçün banka müraciət etdiyində, bank əməkdaşları müqavilə öhdəliklərinin icra etməmələri halını aşkarlamışdır. X4nə təkrar kapitallaşma opsiyası da nəzərə alınsa müqavilə üzrə bank öhdəliklərini yerinə yetirəcəyi halda əldə edəcəyi pulun məbləği 8500 manatdan az ola bilməzdi, bankın əməkdaşı isə ona 5560 manat təklif etmiş, bank əməkdaşlarının hüquqlarını kobud şəkildə pozduğunu görüb, onların bu təklifini qəbul etməmişdir. Bankın əməkdaşlarına müqavilə öhdəliklərini xatırlatdığında isə, əvvəl bildirmişlər ki, onlarda olan müqavilə başqadır, sonra da iddia etmişlər ki, onda olan müqavilə əvvəlki işçilərin zamanında olmuş və həmin işçilər səhv etmişlər. Problemlə bağlı Mərkəzi Banka şikayət ərizəsilə etdiyi müraciətə gələn cavabdan sonra bir daha banka müraciət etdiyində bankın mövqeyindən dəyişiklik olmadığını görmüş və məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini məcburi icra etməsi, ona depozitə qoyulmuş 5000 manat pulun, ona hesablanmış faizlərin, üstəlik məhkəmə qətnaməsinin icra edildiyi günədək gecikdirməyə görə əlavə faizlərin və 70 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini məcburi icra etməsi, ona aid depozitə qoyulmuş cəmi əsas məbləğ 6508,11 AZN və bu depozit məbləği üzrə hesablanmış cəmi faizlər məbləği 5672,84 AZN pulu və 70 AZN onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı onlara qarşı qaldırdığı iddianı qəbul etmirlər və iddia tələblərinin bütünlüklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Belə ki, İddiaçı sübut etməyə çalışır ki, güya o banka 14 noyabr 2016-cı il tarixdə 4108 manat 11 qəpik, sonra isə xx.xx.2017-ci ildə 700 manat, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə isə 700 manat mədaxil etmiş və qeyd olunan məbləğləri “toplamaqla” güya onun tərəfindən banka ümumilikdə - 6508 manat 11 qəpik pul qoyduğunu, fazilərin isə məhz həmin məbləğdən hesablanmasını iddia edir. Halbuki, həqiqətdə bu belə olmamış, İddiaçı qohumu Elnur Məlikov, sonradan isə iddiaçı tərəfindən ümumilikdə mədaxil edilən məbləğlər aşağıdakı kimi olmuşdur: 1) 12 noyabr 2007-ci ildə - 270 manat; 2) 04 avqust 2017-ci ildə - 700 manat; 3) xx.xx.2021-ci ildə - 1000 manat; 4) xx.xx.2021-ci ildə isə 700 manat mədaxil etmiş, ümumilikdə İddiaçı (onun xeyrinə Elnur Məlikov) tərəfindən 1670 manat pul mədaxil edilmişdir. Hesaba pul məbləğinin daxil edilməsini təsdiq edən sənəd, əgər məbləğ nağd şəkildə mədaxil edilirsə - kassa mədaxil orderi (elan), köçürmə yolu ilə keçirilirsə - ödəniş sənədi (ödəniş tapşırığı) hesab olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 sentyabr 2021-ci il tarixli, 24/1 №-li Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarında kassa əməliyyatlarının həyata keçirilməsi, nağd pul və digər qiymətlərin saxlanması və inkassasiyası Qaydası”-nın 7.1.-ci bəndinə əsasən Müştərilərdən nağd pulun kassaya qəbulu “Nağd pulun mədaxili üçün Elan” (Əlavə 7), digər qiymətlərin qəbulu “Digər qiymətlərin balansdankənar mədaxili üçün Elan” (Əlavə 8) (bundan sonra birlikdə işləndikdə - “mədaxil sənədi”) istifadə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 sentyabr 2013-cü il tarixli, 19/1 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”-ın 2.1.2.-ci bənidnə görə, ödəniş sənədi - nağdsız hesablaşmaların həyata keçirilməsi üçün ödənişlər və ya vəsait alan kağız və ya elektron daşıyıcılarda verilən məlumat hesab olunur. Beləliklə, nə qədər ki, İddiaçı 14 noyabr 2016-cı il tarixli Əmanət Müqaviləsi ilə 4108 manat 11 qəpik vəsaitin bankın kassasına ödənilməsini təsdiq edən sənəd təqdim etməyibsə, həmin məbləğin mötəbər sübut kimi qəbul edilə bilməz və nəzərə alınmamalıdır. İddiaçı isə, nə kassa mədaxil orderini, nə də ki, ödəniş tapşırığını təqdim etməmişdir. Ümumiyyətlə, İddiaçı əmanətçi tarixçəsindən məlum olur ki, onunla qohumu Elnur Məlikov tərəfindən İddiaçı adına 12 noyabr 2007-ci il tarixdə, 270 manat məbləğində 15 il müddətinə, illik 13 faiz dərəcəsi ilə, ildə bir dəfə faizləri kapitallaşan “X4” Müqaviləsi bağlanmışdır. Faizlərin hesablanması aşağıdakı kimi olmuşdur: 1) xx.xx.2008ci il tarixə faiz gəliri – 35.71 manat, qalıq – 310,39 manat; 2) xx.xx.2009-cu il tarixə faiz gəliri – 40,35 manat, qalıq – 350,74 manat; 3) xx.xx.2010-cu il tarixə faiz gəliri – 45,60 manat, qalıq – 396,33 manat; 4) xx.xx.2011-ci il tarixə faiz gəliri – 51,52 manat, qalıq – 447,86 manat; 5) xx.xx.2012-ci il tarixə faiz gəliri – 58,22 manat, qalıq – 506,08 manat; 6) xx.xx.2013-cü il tarixə faiz gəliri – 65,79 manat, qalıq – 571,87 manat; 7) xx.xx.2014-cü il tarixə faiz gəliri – 74,34 manat, qalıq – 646,21 manat; 8) xx.xx.2015-ci il tarixə faiz gəliri – 84,01 manat, qalıq – 730,22 manat; 9) xx.xx.2016-cı il tarixə faiz gəliri – 94,93 manat, qalıq – 825,15 manat; 10) xx.xx.2017-ci ildə əmanətçi əmanət məbləğini artıraraq 700 manat mədaxil etmişdir və həmin tarixə qalıq – 1511,17 manat; 11) xx.xx.2017-ci il tarixə faiz gəliri – 144,18 manat, qalıq – 1669,33 manat; 12) xx.xx.2018-ci il tarixə faiz gəliri – 217,01 manat, qalıq – 1886,34 manat; 13) xx.xx.2019-cu il tarixə faiz gəliri – 245,22 manat, qalıq – 2131,57 manat; 14) xx.xx.2020-ci il tarixə faiz gəliri – 277,10 manat, qalıq – 2408,67 manat; 15) xx.xx.2021-ci ildə əmanətçi əmanət məbləğini artıraraq 1000 manat mədaxil etmişdir və həmin tarixə qalıq – 3408,11 manat; 16) xx.xx.2021-ci ildə əmanətçi əmanət məbləğini artıraraq 700 manat mədaxil etmişdir və həmin tarixə qalıq – 4473,10 manat; 17) xx.xx.2021-ci il tarixə faiz gəliri – 417,26 manat, qalıq – 4525,93 manat; 18) xx.xx.2022-ci il tarixə faiz gəliri – 513,19 manat, qalıq – 5039,12 manat təşkil etmişdir. Bir müddət əvvəl iddiaçı Mərkəzi Banka şikayət etmiş və ona 566,12 manat fərq ödənilmişdir. Elnur Məlikov bununla bağlı bankın əməkdaşı Tamillaxanım Əlibəyliyə elektron poçt vasitəsilə müraciət edərək əmanətin məbləği barədə sual vermiş, əmanət üzrə fazilərin hesablanması barədə ətraflı məlumat verilmiş, yekun olaraq xx.xx.2021-ci ilin qalığı üzrə 3408.11 manat pul vəsaitinin olması bildirilmişdir. Bu cavab Elnur Məlikovu qane etmiş, hətta o, əməkdaş Tamillaxanım Əlibəyliyə öz təşəkkürünü də bildirmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbləri bütünlüklə əsassız olduğundan təmin edilməməlidir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun hələ azyaşlı olduğu 2007-ci ildə əmisi Elnur Məlikov onun adına Cavabdeh ASC-nin Mərkəz filialında “uşaq yığım” əmanət hesabı açmış, sonra müxtəlif zamanlarda həmin depozit hesaba vəsaitlər əlavə olunmuşdur. Sonuncu dəfə onunla bank arasında olan müqavilə 14 noyabr 2016-cı ildə imzalanmışdır. Həmin müqavilənin 1.3-cü bəndində əks olunan şərtlərinə əsasən xeyrinə əmanət qoyulan Şəxs həmin müqavilə üzrə yaranmış hüquqlara əsaslanan ilk tələbini bankın filialına ərizə ilə müraciət edərək bildirdiyi andan əmanətçi hüququ qazanır. Əmanət qoyulan şəxs istənilən zaman tələb hüquqlarını banka bildirə bilər əmanətçi əmanətdən xeyrinə əmanət qoyulan şəxs əmanətçi hüquqlarından istifadə niyyətini bildirənədək istifadə edə bilər. Bank tərəfındən qəbul edilən məbləğ 4108,11 AZN təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən əmanət 14 Noyabr 2016-cı il tarixindən xx.xx.2022 tarixədək, illik 13 % faiz dərəcəsi ilə qoyulur. Onun 18 yaşı tamam olduqdan sonra ona məxsus pul vəsaitini depozit hesabdan əldə etmək üçün banka müraciət etdiyində, bank əməkdaşlarının müqavilə öhdəliklərinin icra etməmələri halını aşkarlamışdır. X4nə təkrar kapitallaşma opsiyası da nəzərə alınsa müqavilə üzrə bank öhdəliklərini yerinə yetirəcəyi halda əldə edəcəyi pulun məbləği 8500 manatdan az ola bilməzdi, bankın əməkdaşı isə ona 5560 manat təklif etmişdir. Bankın əməkdaşlarının hüquqlarını kobud şəkildə pozduğunu görmüş, onların bu təklifini qəbul etməmişdir. Bankın əməkdaşlarına müqavilə öhdəliklərini xatırlatdığında isə əvvəl bildirmişlər ki, onlarda olan müqavilə başqadır, sonra da iddia etmişlər ki, onda olan müqavilə əvvəlki işçilərin zamanında olmuş və həmin işçilər səhv etmişlər. Problemlə bağlı Mərkəzi Banka şikayət ərizəsi ilə etdiyi müraciətə gələn cavabdan sonra bir daha banka müraciət etdiyində bankın mövqeyindən dəyişiklik olmadığını görmüş və məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və məhkəməyə təqdim edilən etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçının iddia tələbi ona əsaslanır ki, 2007-ci ildə onun adına bizim bankda uşaq yığım əmanət hesabı açılmışdır. Həmin əmanət hesabı üzrə 4 dəfə mədaxil həyata keçirilmişdir. Həmin mədaxillər ayrı-ayrılıqda olmaqla 270 manat, 700 manat, 1000 manat və 700 manat məbləğində olmuşdur. Lakin iddiaçı əlavə olaraq məhkəməyə xx.xx.2016-cı il tarixli bir müqavilə də təqdim etmişdir və həmin müqavilə üzrə pul tələb edir. Baxmayaraq ki, müqavildə qeyd edilən məbləğ fərqlidir, lakin iddiaçı iddia tələbinə dəqiləşdirmədə əsas məbləğ kimi 6580 manat, faiz kimi isə 5672 manat məbləğin olduğu qeyd etmişdir. Yəni, iddiaçının təqdim etdiyi müqavilə ilə iddia ərizəsi uyğun gəlmir. Burada əsas məqam əmanətçi tərəfindən banka pulun mədaxil olmasıdır. Lakin iddiaçı tərəf mövcud olmayan müqaviləyə istinad edir və etiraf edir ki, banka heç bir pul mədaxil edilməmişdir. Bundan başqa banka pulun daxil edilməsini təsdiq edən heç bir sübut da təqdim edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmanət kitabçasında da pulun mədaxil olması qeyd edilməmişdir. Adıçəkilən müqavilə üzrə qoyulmuş pulun məbləği də şübhəlidir. Belə ki, həmin məbləğ sadəcə iddiaçının adına 2007-ci ildə açılan əmanət müqaviləsi üzrə qoyulmuş əmanətlərin 2016-cı ilə olan məbləğidir. Sadəcə həmin məbləğ götürülərək yeni bir əmanət müqaviləsi bağlanılmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2007-ci il tarixli əmanət müqaviləsi (X4) bağlanmış, həmin əmanət hesabı üzrə 4 dəfə mədaxil həyata keçirilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2016-cı il tarixli əmanət müqaviləsi (X4) bağlanmışdır. Hazırda İddiaçı 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə ona aid depozitə qoyulmuş əsas məbləği və bu depozit məbləği üzrə hesablanmış faizlər məbləği cavabdehdən tutularaq ona ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmanət müqaviləsindən (X4) görünür ki, “əmanətçi”yə qoyduğu əmanətin hansı müddətə qoyulmasından aslı olmayaraq faiz ildə yalnız bir dəfə hesablanır və əsas məbləğin üzərinə mədaxil olunur. Hesablanmış faizlər ildə bir dəfə əsas məbləğin üzərinə daxil edilir və daxil edilmiş məbləğədə faiz hesablanır. Əmanət üzrə hesablanmış faiz məbləğləri yalnız əmanət müddəti bitdikdə əmanət məbləği ilə birlikdə ödənilir.

11. Mülki işin materiallarında olan bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmanət müqaviləsindən (X4) görünür ki, bu müqaviləyə əsasən Bank Əmanətçidən və ya Əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi, əmanət məbləğini Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, illik 13% faiz dərəcəsi ilə qoyulmuşdur.

12. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə Bank tərəfindən qəbul edilən məbləğ 4108,11 AZN təşkil edir. Əmanətçi Əmanət məbləğini bu Müqavilənin 1.6-cı bəndində nəzərdə tutulmuş şərtlərlə və qaydada artıra bilər.

13. Qeyd olunan müqavilənin 4.3.1-ci bəndində əmanət məbləği bu Müqavilə imzalandığı gün əmanət hesabına mədaxil etmək əmanətçinin vəzifəsi kimi göstərilmişdir.

14. Mülki işin materiallarında olan mədaxil qəbzlərindən müəyyən olunur ki, X1 tərəfindən xx.xx.2017-ci ildə - 270 manat, xx.xx.2017-ci ildə - 700 manat, xx.xx.2021-ci ildə - 1000 manat, xx.xx.2021-ci ildə - 700 manat mədaxil edilmişdir.

15. Mülki işin materiallarında olan əmanət kitabçasının surətindən görünür ki, xx.xx.2017ci ildə - 270 manat, xx.xx.2017-ci ildə - 700 manat, xx.xx.2021-ci ildə - 1000 manat, xx.xx.2021-ci ildə - 700 manat mədaxil edilmişdir. Qalıq hissədə ümumilikdə 4108,11 manat qeyd edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

17. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmanət müqaviləsinin 4.3.1-ci bəndinə əsasən əmanət məbləği bu müqavilə imzalandığı gün əmanət hesabına mədaxil edilməlidir.

18. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

19. Belə ki, hazırda İddiaçı iddia tələblərinin əsası kimi yalnız məhkəməyə təqdim etdiyi xx.xx.2016-cı il tarixli Əmanət müqaviləsini əsas tutur. Müqavilənin mətnində qeyd olunan məbləğin bank kassasına mədaxil edilməsi ilə bağlı kassa mədaxil orderi və ya ödəniş sənədi təqdim etməmişdir.

20. Həmçinin iddiaçı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2016-cı il tarixli Əmanət müqaviləsi üzrə 4108,11 manat bankın kassasına mədaxil etməmişdir.

21. Göründüyü kimi, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olmuşdur. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, sözügedən sonuncu müqavilə formal olaraq bağlanmış, cavabdehin izahatlarına əsasən texniki qüsurlu olaraq tərtib edilmişdir. Həmin müqavilədən görünür ki, qoyulması nəzərdə tutulan əmanətin miqdarını təşkil edən 4108,11 manat pul elə əvvəlki müqavilə üzrə və üzərinə gələn artımların cəmi olmuşdur. Bu isə onu deməyə əsas verir ki, həqiqətən iddiaçı (nümayəndəsi) tərəfindən belə bir əmanət yerləşdirilməmiş və əvvəlki müqavilənin davamı kimidə rəsmiləşdirilməmişdir.

22. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

23. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

24. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

25. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

26. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

27. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

28. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar