Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-88/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh2 MMC-yə və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğvi, müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən əsassız və qanunsuz olaraq İddiaçı hesablanmış 39.395 manat borcun silinməsi və dövlət rüsumu üçün ödənilmiş 210 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona təqdim edilən xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən onun Cavabdeh2nə 39.395 manat borcu olduğu “müəyyən edilmişdir”. Cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış borc əsassız və qanunsuz olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin halları ilə bağlı qeyd etmək istəmişdir ki, iddiaçı tərəfindən borcun hesablanmasına əsas olmuş telefon nömrəsi ümumiyyətlə iddiaçı tərəfindən istifadə olunmamışdır. Ümumiyyətlə qeyd olunan telefon nömrəsinə dair iddiaçı ilə hər hansı müqavilə imzalanmamışdır. Tərəfindən vəkil sorğusu ilə müraciət edilmiş, müqaviləni əldə etdikdən sonra imza ilə bağlı məsələ tərəfindən məhkəmədə mübahisələndiriləcək, ekspertizanın keçirilməsi zəruriyyəti yaranacaqdır. Eyni zamanda borcun hesablanması mexanizmi isə qeyri-müəyyəndir. Belə ki, əgər borc məbləği hesablanmaqda idisə, bununla bağlı iddiaçıya bu zamana qədər hər hansı bildiriş və ya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmalı idi. Həmçinin, nə üçün borc, məsələn daha yüksək və ya digər başqa məbləğə çatdıqda deyil, 39.395 manat məbləğə çatdıqda icra ilə bağlı məlumat verilmişdir. Həmçinin cavabdehin bu qədər yüksək məbləğ tələbi də əsassızdır. Belə ki, iddiaçının borc məbləği yaransa belə, bu qədər yüksək müəyyən edilə bilməzdi. Borcun meydana gəlməsinin hər hansı mexanizminin olmaması, borc məbləği ilə bağlı bu vaxta qədər hər hansı yazılı və şifahi xəbərdarlıq edilməməsinin istifadə edilməyən telefon nömrəsi üzrə əsassız borcun hesablanması faktını təsdiq edir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və cavabdeh “Azerfon" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda “Müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 MMC tərəfindən əsassız və qanunsuz olaraq İddiaçı hesablanmış 39.395 manat borcun silinməsi və dövlət rüsumu üçün ödənilmiş 210 manat məbləğində pulun cavabdeh “Azerfon" MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, iş üzrə iddiaçı barəsində əsassız olaraq 39.395 manat məbləğində borc məbləği hesablanmışdır. Eyni zamanda iddia ərizəsində də qeyd olunduğu kimi, cavabdeh və iddiaçı arasında telefon nömrəsinə dair hər hansı müqavilənin bağlanılıb-bağlanılmamasına dair tərəfiindən “Azerfon“ MMC-ə sorğu ilə müraciət edilmişdir. Həmin müraciət xx.xx.2023-cü il tarixli məktub ilə cavablandırılmış. xx.xx.2007-ci il tarixli müqavilə və müqaviləyə əlavə təqdim edilmişdir. Məhkəmədə iddia qaldırılan zaman müqavilə əldə olunmadığı üçün tərəflər arasında müqavilənin olub-olmaması barədə məlumatı olmamış və iddia tələbi sadəcə olaraq borcun silinməsi barədə olmuşdur. Hazırda isə müqavilə tərəfindən əldə edildiyi üçün bildirmişdir ki, həmin müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, müqavilə iddiaçı tərəfindən imzalanmadığından onun iradə ifadəsini əks etdirmir. Müqavilənin tərəflərin imzasının qeyd olunduğu hissəyə nəzər yetirdikdə abunəçi hissədə qeyd olunan imza İddiaçı məxsus deyildir. İddiaçıya məxsus olan şəxsiyyət vəsiqəsində olan imzadan da bu halı müəyyən etmək mümkündür. Göstərilənlərdən əlavə bildirmişdir ki, müqaviləyə əlavəyə nəzər yetirdikdikdə “Service list” (Xidmət siyahısı) adlanan bölmədə qeyd edilən bütün məlumatlar qarşısında heç bir qiymət göstərilməmişdir. Halbuki, tərəfindən vəkil sorğusu ilə müraciət edilmiş və abonentin, yəni iddiaçının şəxsi hesab vərəqəsindən çıxarışların təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş olunmuşdur. Buradan da tələb olunan əsassız borc məbləğinin hesablanması mexanizminin qeyri-müəyyən olması davam etməkdədir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin hüquqi əsasının həcminin artırılması barədə ərizə təqdim etməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı barəsində əsassız olaraq 39.395 manat məbləğində borc məbləği hesablanmışdır. İlk olaraq qeyd etmişdir ki, müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbinin əvvəlki dəlilləri qüvvədədir, lakin işin hərtərəfli və obyektiv araşdırılması üçün mahiyyəti üzrə bir sıra məsələləri diqqətə çatdırmaq niyyətindədir. Qeyd etmişdir ki, cavabdehin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023cü il tarixli cavabı məhkəməyə daxil olmuşdur. Həmin sorğuda mübahisələndirilən borcun hesablanmasının formal əsasları qeyd olunub. Məsələn cədvəldə nömrə üzrə abunə haqqı standart olaraq 2.40 müəyyən olunmuş, daha sonra bəzi aylarda rəqəm dəyişmiş, müxtəlif rəqəmlər 9.40 qeyd edilmiş, daha sonra yenidən abunə haqqı 2.40 qəpik kimi müəyyən edilmişdir. Bu hansı normaya və ya hansı qaydalara əsasən müəyyən edilmişdir? Hətta imzası saxtalaşdırılmış müqavilədə bununla bağlı bənd yoxdur, "qüvvədə olan tarif planı" sözündən başqa hansı tarifdən istifadə ediləcəyi göstərilmir. Digər tərəfdən cədvələ baxanda müəyyən olunur ki, 39 383.84 manat məbləğində borcun 268 manatı zənglər və abunə haqqı üçün hesablanmış, qalıq 39115 manat isə internet xidmətlərinə görə qeyd edilmişdir. 268 manat hardasa zənglər və abunə haqqı üçün ağlabatan rəqəm kimi görünə bilər, lakin 39115 manat internetdən istifadə absurd və kosmik rəqəmdir, ağlabatan deyil. Bu məbləğə kimsə nəqliyyat vasitəsi, hətta ev ala bilər, bu qədər internetdən istifadə edilməsi mümkün deyil. Qeyd etdiyi bu hal cavabdeh tərəfindən sübuta yetirilməyib, çünki məhz cavabdeh 40000 manata yaxın borcun olduğunu iddia edirsə AR MPM 77.1-ci maddəsinin tələblərinə əsasən həmin borcun necə yarandığını sübut etməyə borcludur, belə ki, həmin normada sübutetmə yükünün bölüşdürülməsi nəzərdə tutulub. Əgər fərz edilsə ki, həmin borc həqiqətən mövcuddur, həqiqətən 39115 manat məbləğində internetdən istifadə edilib, belə olduğu halda isə bu cavabdehin hüquqdan sui-istifadəsidir. Belə ki, tərəflər arasında rabitə xidmətlərinin göstərilməsinin konkret şərtləri, internetdən istifadə qaydaları, internetə dair limit və hesablanma qaydası barədə müqavilə və ya razılaşma mövcud deyil, iddiaçının 39115 manat məbləğində internetdən istifadəsinə dair razılıq, iradə ifadəsinə iş materiallarında rast gəlinmir. AR MM-nin 385-ci maddəsinin tələblərinə əsasən öhdəliyin yaranma əsaslarından biri müqavilədir. Bu müqavilə ilə bağlı iş materiallarında bir məlumat yoxdur, sadəcə iddiaçının iradə ifadəsinin mövcud olmadığı müqavilə adlandırılan bir kağız parçası mövcuddur. Əgər həmin kağız parçasına da baxsaq görərik ki, (4.2.2-ci bənd) cavabdehin rabitə xidmətlərinin tarifini birtərəfli qaydada dəyişmək “hüququ” vardır. Qeyd etmişdir ki, əgər 39 115 manat borcun yaranmasına səbəb olmuş tarif cavabdeh tərəfindən birtərəfli qaydada təyin olunursa və bu borcu ödəmək öhdəliyi nömrəni istifadə edənin üzərinə düşürsə bu ilk öncə mülki hüququn təməl prinsiplərindən olan tərəflərin bərabərliyi prinsipinə ziddir. Digər tərəfdən isə AR MM-nrin 387-ci maddəsinin tələblərinə ziddir, belə ki, öhdəlik onda iştirak etməyən şəxslər üçün vəzifələr yarada bilməz. Qeyd olunan tarifin nömrəni istifadə edən şəxsdə xeyli məbləğdə borc yaradacağını nəzərə alaraq həmin tarifilə bağlı müqaviləyə əlavə imzalanmalı və həmin şəxsin iradə ifadəsini əks etdirən imzasının olması mütləq idi. Bundan əlavə, mövcud borcun yaranması mexanizmini görə bilməsək də borcun qərəzli araq yüksək məbləğdə hesablanılmasında cavabdehin sui-istifadəsini görmək olar. Belə ki, etibarsız müqavilənin hesab-faktura və ödəniş şərtləri adlı 5-ci bəndi var. Həmin bənddəki tələblərə əsasən Azərfon tərəfindən təqdim ediləcək hesab-fakturalar hesablaşma dövrünün əvvəlində tətbiq edilir. Buradan bir sual meydana çıxır? Cavabdeh mövcud nömrədə ilkin borclar yarandığı zaman niyə cavabdehi xəbərdar etməyib, bu barədə ona hesab-faktura və ya bildiriş təqdim etməyib? Halbuki o, özü nar nömrə istifadəçisidir paketdən kənar bir manat məbləğində internet istifadə etdikdə ona dərhal bildiriş gəlir, sərfəli paket alması barədə məlumatlandırılır. Necə ola bilər ki, 1 manat məbləğində internetdən istifadə ediləndə o, xəbərdar olunur, lakin iddiaçı 3000 manatlıq internetdən istifadə edib xəbərdar olunmayıb? Bundan əlavə, təqdim etdiyi bildirişdə paketdən kənar internet tariflərinin hansı qaydada hesablanacağı barədə o, xəbərdar edilmişdir. Sadə bir kazusdur ki, o, bu tarifdən xəbərdar olduğu üçün artıq xərclə üzləşməmək naminə yenidən internet paketi almış, artıq xərclərdən azad olmuşdur. Bu bildiriş iddiaçıya da verilsəydi (3000 manat internetdən istifadə etməsi barədə) əmindir ki, iddiaçı da hərəkətlərini bu bildirişə uyğun tənzimləyərdi, 39 115 manat məbləğində internetdən “istifadə etməzdi''. Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 3-cü maddəsinin tələbinə əsasən istehlakçının (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ nəzərdə tutulmuşdur. Məsələn 2019-cu ilin iyun ayında internet xidmətinə görə 60 manat borc yaranıb, 2 il sonra bu borc 3000 manatdan çox olub nəticədə külli miqdarda borc yığılıb. Daha bir sual yaranır, niyə cavabdeh illər ərzində borcun məhz 39000 manata qədər yüksəlməsini gözləyib, məsələn 5000 manat olanda niyə icra qeydi verməyib? Cavab çox sadədir, cavabdeh qərəzli olaraq borcun artmasında maraqlı olmuş, hüquqlarından sui-istifadə edərək iddiaçını əlverişsiz vəziyyətə salmağa çalışmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, 19 saylı Notariat Ofisini cavabdeh qismində cəlb etməklə İddiaçı və cavabdeh “Azerfon“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 175980 saylı ‘'Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda“ Müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən əsassız və qanunsuz olaraq İddiaçı hesablanmış 39.395 manat borcun silinməsi, 19 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-782 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, dövlət rüsumu üçün ödənilmiş 210 manat məbləğində pulun cavabdeh “Azerfon“ MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh işin məhkəmənin icraatında bir ildən çox olmasına baxmayaraq hələ də məhkəməyə borcun açıqlamasını, borcun hansı meyarlar əsasında hesablanlmasını, borcun real borc olması barədə sübutlar təqdim etməmişdir. Bundan əlavə, tərəfindən bəzi suallar cavabdehin nümayəndəsinə ünvanlanarkən ‘'tələb icra qeydinin ləğvi olmadığı üçün sualların araşdırılmasına ehtiyac yoxdur” deyə izahat vermişdir, həmçinin elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim etdikləri yazılı etirazlarında icra qeydini mübahisələndirmədiyinə görə borcun məbləğini və onu formalaşdıran amillərin olmasına zəruriyyət görməmişdilər. İşin hərtərəfli və obyektiv araşdırılması naminə tələbini artıraraq icra qeydinin ləğvi barədə tələb irəli sürməklə iddia tələbinin həcmini artırır. Bundan əlavə, icra qeydinin ləğv olunması üçün kifayət qədər qanuni faktiki əsasları vardır. Belə ki, icra qeydi verilərkən Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 76-cı maddəsi pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən yalnız borcun həqiqi olduğunu müəyyən edən sənədlər əsasında icra qeydi verilə bilər. Lakin, iş materiallarındakı onun sorğusuna cavab olaraq təqdim edilən icra qeydinə nəzər salınsa icra qeydi qoşmasız filansız, heç bir sübut əlavə edilmədən, borcu müəyyən edən hər hansı sənəd təqdim edilmədən sadə elektron ərizəyə əsasən verilmişdir. Maraqlıdır ki, notariat orqanı həmin ərizə əsasında 39 000 manat borcun olmasını necə müəyyən etmişdir? Göründüyü kimi, icra qeydi sadə yazılı ərizə əsasında verilmiş, ərizədə borcun müəyyən edilməsi barədə əsaslandırma və bu əsaslandırmaya dair sübutlar notariusa təqdim edilməmişdir. Bundan əlavə, notariata müraciət etməmişdən 20 gün əvvəl tərəfə icra qeydi verilməsi ilə bağlı bildiriş təqdim edilməli idi. Lakin ərizədə həmin bildirişdən də xəbər yoxdur. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bundan əlavə, cavabdehin icra qeydinin verilməsinə əsas olmuş müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər mübahisəni sülh yolu ilə, bu mümkün olmadıqda Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə həll edilir. Göründüyü kimi, cavabdeh pretenziya qaydasına da riayət etməmiş, riayət etməməyi ilə yanaşı məhkəməyə deyil notariusa müraciət etmişdir, halbuki müqavilənin bəndində məhkəməyə müraciət etmələri göstərilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, cavabdeh sonuncu məhkəmə iclasında excell formatında məhkəməyə sənəd təqdim etmiş, iddiaçının internetdən hansı həcmdə istifadə etməsi ilə bağlı məhkəməyəyə məlumatlar vermişdir. Qeyd etmişdir ki, ilk öncə excell formatındakı cədvəldəki məlumatlar insan faktoru tərəfindən yığılıb, həmin şəxs cavabdeh hüquqi şəxsin öz işçisidir, dolayısı ilə həmin sübut cavabdehin özü tərəfindən tərtib edilmiş sübutdur, mötəbərliyi şübhə altındadır. Bundan əlavə, həmin cədvəldəki məlumatların məhz iddiaçıya məxsus olması müəyyən edilmir, belə ki, həmin cədvəldə başqa şəxsin məlumatları da öz əksini tapa bilər. Cavabdehin təqdim etdiyi digər cədvəlnən hazırkı cədvəlin müqayisəli təhlilini aparılsa əmin olmaq olar ki, hər iki cədvəldəki məlumatlar iddiaçıya məxsus deyil. Cavabdehin təqdim etdiyi sübutlar bir-birinə ziddiyyət təşkil edir. Bir neçə misalnan bu ziddiyyətləri məhkəmənin nəzərinə çatdırmışdır: cavabdeh xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi cədvəldə 2018-ci ilin oktyabr ayında iddiaçının internetdən istifadə etmədiyini qeyd etmiş, internet yazılan xanada 0 rəqəmi qeyd edilmişdir. Lakin, yeni təqdim etdiyi cədvəldə qeyd olunan internet sərfiyyatı nəzərə alınsa və həmin sərfiyyat 0.10 qəpiklə hesablansa iddiaçının 2018-ci ilin oktyabr ayında 300 manatdan çox internetdən istifadə etdiyi "müəyyən olunur". Cavabdeh xx.xx.2023 tarixli məktubla təqdim etdiyi cədvəldə 2020-ci ilin aprel ayında iddiaçı tərəfindən 2372 manat məbləğində internetdən "istifadə etdiyini", lakin excell formatında təqdim etdiyi cədvəldə isə 2020 aprel ayında internet sərfiyyatının 0 olduğunu göstərir. Hər iki cədvələ baxanda belə uyğunsuzluqların, ziddiyyətlərin daha çox olduğunu görmək olar. Bu hal bir daha sübut edir ki, iddiaçının cavabdehə heç bir borcu yoxdur, cədvəldəki məlumatlar çox güman ki, digər abonentlərə məxsus olan məlumatlardır və hər iki cədvəli tərtib edərkən iki ayrı şəxsin məlumatlarından istifadə edilmişdir. Bu da MPM-nin 80-ci maddəsinin tələblərinə ziddir. Təqdim edilən ''sübutlar"a prosessual prizmadan yanaşılsa da mötəbər sübutlar hesab edilə bilməz. Cavabdehin özünün tərtib etdiyi cədvəllər əlbəttə ki, onun maraqlarına xidmət etmiş olacaq. Həmçinin sübutların mahiyyət etibarı ilə də bir-birinə ziddiyyət təşkil etməsi açıq-aydın görünür. Qeyd olunan sübutlardan iddiaçının cavabdehə borcunun olduğu müəyyən edilmir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf eməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli simkart dəyişikliyi barədə əməliyyat sənədində abunəçi qrafasındakı imza İddiaçı məxsusdur. Mobil rabitə xidmətinin məhz simkart vasitəsilə göstərildiyini nəzərə alaraq, simkart dəyişikliyi əməliyyatının cavabdehin şəxsən iştirakı vasitəsilə icra edilməsi nömrədən və xidmətlərdən cavabdehin istifadə etməsinə dəlalət edir. Müqavilə münasibətlərinin cavabdeh tərəfindən öz faktiki rəftarı ilə qəbul edilməsi isə müqavilənin etibarsız olmasını istisna edir. Borcun silinməsi tələbinə dair münasibətdə bildirdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş borca dair məlumatdan görünür ki, hesablanmış borc əsassız deyildir və faktiki sərfiyyata əsaslanır. Bu məlumat mobil operatorun billinq sistemindən əldə edilmişdir və borc məbləği avtomatlaşdırılmış qaydada sistem vasitəsilə faktiki sərfiyyata uyğun müəyyən edilir. Hesab etmişdir ki, borcun silinməsi üçün borcun bütünlükdə mövcud olmaması əsasdır. Hazırkı iş üzrə materiallardan görünür ki, nömrədə borcun olması sual doğurmur və bu səbəbdən də borcun silinməsi üçün əsas yoxdur. Borcun məbləğinin və onu formalaşdıran amillərin (tarif, xidmət növü və s.) araşdırılması isə hazırkı məhkəmə baxışının predmeti olmamalıdır. Təqdim olunmuş məlumatlar operatorların bilinq sistemindən çıxarılmışdır. Burada hər ay üzrə, hansı xidmət üzrə nə qədər borc yarandığı qeyd edilir. Bu məlumatı məhkəməyə təqdim etməkdə məqsəd odur ki, həqiqətən bu nömrədə sərfiyyət olub və borc real borcdur. Rabitə sahəsində belə bir təcrübə vardır ki, bütün mobil operatorlarda 2 ödəniş sistemi tətbiq edilir. 1-ci sonradan ödəniş sistemi, 2-ci əvvəlcədən ödəniş sistemidir. Əvvəlcədən ödəniş sistemində nə qədər vəsait balansa oturulursa həmin vəsaitə uyğun rabitə xidmətindən istifadə edilir, vəsait qurtardıqda xətt bağlanır. Cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi məhkəməyə müraciət edərək, mülki işin məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 8İ-782 reyestr nömrəsi ilə qeyd edilmiş "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh2-nun xeyrinə 70 210 07 71 nömrəli abunə müqaviləsinə əsasən vaxtında ödənilməmiş 39 395.87 manatın borclu İddiaçı tutulmasında dair icra qeydi verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC ilə abunəçi İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” 175980 saylı müqavilədən görünür ki, həmin müqavilə Azerfonun abunəçiyə nömrə, açıq rabitə xətti ayırması və rabitə xidmətləri ilə təmin etməsi, abunəçinin isə xidmətlərə görə bu müqavilə, qaydalar və tarif planına əsasən ödənişin həyata keçirməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 MMC ilə abunəçi İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əlavə A N175980 xidmətin göstərilməsindən görünür ki, abunəçiyə 70 210 07 71 saylı nömrə təqdim edilmişdir. İddiaçının vəsatətinə əsasən yuxarıda qeyd edilən müqavilələrlə bağlı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 52-53-cü vərəqlərində Cavabdeh2 LLC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Müqaviləyə Əlavə AN 175980 saylı xidmətin göstərilməsinə" dair sənədin 2-ci vərəqində “Abunəçi" qrafasındakı imza və 54-55-ci vərəqlərində Cavabdeh2 LLC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin" 1-ci vərəqində "ABUNƏÇİ" qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqində “ABUNƏÇİ” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair əlavə etdiyi bildirişə əsasən məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 125 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC ilə abunəçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə imzalanmış abunəçi məlumatlarının dəyişdirilməsi və tarif dəyişikliyi barədə əməliyyat sənədlərindən görünür ki, həmin əməliyyat sənədlləri 70 210 07 71 GSM nömrəsinə aid edilməklə B2B Pro 7 xidmətinin göstərilməsi haqqında imzalanmışdır. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən yuxarıda qeyd edilən sənədlərlə bağlı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 85- 86-cı səhifələrində olan "Azərfon” MMC ilə abunəçi İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli abunəçi məlumatlarının dəyişdirilməsi və tarif dəyişikliyi barədə əməliyyat sənədlərdə “Abunəçi” qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair əlavə etdiyi bildirişə əsasən məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 126 manat müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əlyazmalar və səslərin ekspertizaları” şöbəsinin aparıcı eksperti, İ dərəcəli ədliyyə qulluqçusu X2 izahatında bildirmişdir ki, təqdim olunan imza elementlərində və tərkibində hər hansı qiymətli əlamətə yəni həm uyğunlaşdırıcı həm də fəqrləndirici əlamətlərin olması, müqayisəedici təqdiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək mümkün olsun. Birbaşa çəkilən imzada nümunələr arasında müqayisədə imzalar uyğun gəlməmişdir. Yeni nümunələr təqdim olunduqda və digər ekspertə həvalə olunduqda qəti (müsbət və ya mənfi) bir rəyə gəlməsi mümkün olacaqdır. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə əlavə komission xətşünaslıq və ilkin sənədlərin texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, e-2(006)-1575/2023 saylı mülki 85-ci vərəqində olan xx.xx.2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”nin aşağı hissəsində “Abunəçi:" qrafasında “İddiaçı" yazılarının qarşısındakı imza; mülki, işin 86-cı vərəqində olan olan xx.xx.2018-ci il tarixli Tarif dəyişikliyi barədə əməliyyat sənədinin aşağı hissəsində “Abunəçi:" qrafasında "İddiaçı” yazılarının qarşısındakı imza eyni şəxs – İddiaçı tərəfindən icra olunmuşdur. Sənədlərin materiallarının tədqiqi üzrə rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən Əməliyyat sənədlərində (mülki işin 85-86-cı səhifələri) olan sənədlərin imzalanma tarixini müəyyən etmək mümkündürmü, mümkündürsə hansı tarixdə imzalanmışdır və həmin sənədlərin tərtib edilmə tarixini müəyyən etmək mümkündürmü sualları üzrə tədqiqat aparılmamışdır. Sənədlərin məhkəmə texniki ekspertizası üzrə təqdiqata təqdim edilmiş xx.xx.2018-ci il tarixli 0******* nömrəli əməliyyat sənədlərinin üzərlərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişlər. Təqdim edilmiş xx.xx.2018-ci il tarixli 0******* nömrəli əməliyyat sənədlərin blankları elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair əlavə etdiyi bildirişə əsasən məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 110 manat müəyyən edilmişdir. Məhkəmənin sorğusu əsasında Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş məlumata əsasən 70 210 07 71 kombinasiyalı mobil nömrədə yaranmış borc həmin nömrədə aktiv olan “Business+” tarifinə əsasən hesablanmışdır. Həmin tarifə əsasən aylıq abunə haqqı 1.5 manat, ölkədaxili səs, video zənglər (hər dəqiqə üçün) 0.05 manat, ölkədaxili sms üçün (hər ədəd üçün) 0.04 manat, beynəlxalq sms (hər ədəd üçün)-0.06 manat, internet (hər 1MB üçün)-0.1 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə yaranmış 39,395.86 manat borcun hazırki pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü müddətində "xxxx"a ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş 70 210 07 71 kombinasiyali mobil nömrə üzrə hesablanmiş borca dair məlumatda 39.383,84 manat borcun 2017-ci ilin oktyabr ayından 2022-ci ilin avrqust ayına qədər olması müəyyən edilmişdir. Məhkəmə ilk öncə iddia tələbinin “19 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-782 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Sadalanan normativ hüquqi aktların tələblərinə uyğun icra qeydi aparılmamışdan öncə icra qeydinin aparılacağı barədə 20 gün əvvəl borcluya məlumatın göndərilməsinin təsdiqini cavabdeh və notariat ofisi təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, notariat ofisi tərəfindən icra qeydinin qanuna uyğun qaydada verilməsinin sübutu olmadığından həmin icra qeydi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “İddiaçı və cavabdeh “Azerfon“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 175980 saylı ‘'Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda“ Müqavilənin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən isə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçı tərəfin müqavilənin etibarsızlığı iddiasını təşkil edən dəlillərin əsasında qeyd olunan telefon nömrəsinə dair iddiaçının hər hansı müqavilənin imzalamaması durmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi üçün işin məhkəmədə baxılması zamanı məhkəmə tərəfindən üç dəfə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən xx.xx.2007ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilənin" 1-ci vərəqində "ABUNƏÇİ" qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqində “ABUNƏÇİ” qrafasındakı imza - İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli rəyinə əsasən xx.xx.2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”nin aşağı hissəsində “Abunəçi:" qrafasında “İddiaçı" yazılarının qarşısındakı imza; xx.xx.2018-ci il tarixli Tarif dəyişikliyi barədə əməliyyat sənədinin aşağı hissəsində “Abunəçi:" qrafasında "İddiaçı” yazılarının qarşısındakı imza eyni şəxs –İddiaçı tərəfindən icra olunması qeyd edilmişdir. Məhkəmə, xx.xx.2018-ci il tarixli Abunəçi məlumatlarının dəyişdirilməsi barədə “Əməliyyat sənədi”ndə olan imzanın iddiaçıya məxsusluğu müəyyən edilidyindən ondan əvvələ aid xx.xx.2007-ci il tarixli 175980 saylı “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda müqavilə” də olan imzanın da iddiaçıya məxsusluğu qənaətinə gəlir. Belə ki, sonra bağlanılan müqavilə əvvəl bağlanılan müqavilə ilə sıx əlaqəli olmaqla, həmin müqaviləyə aparılan tarif dəyişikliyi/əlavəsi haqqındadır. Bu səbəblə onların hər ikisinin İddiaçı aid olması halı məntiqli və ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə də, müqavilənin etibarsızlığı əsası sübut olunmadığından qeyd edilən hissədə iddia əsaslı olmadığından, təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin "xxxx" MMC tərəfindən əsassız və qanunsuz olaraq İddiaçı hesablanmış 39.395 manat borcun silinməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Məhkəmə qeyd edir ki, silinməsi tələb edilən borc tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli “mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” 175980 saylı müqavilədən irəli gəlmişdir. Məhkəmə tərəfindən həmin müqavilənin etibarsızlığı sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, borcun silinməsi üçün əsaslar mövcud olmamaqla qeyd edilən hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, ödənilmiş 210 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməli, qalan 110 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edi ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-782 reyestr nömrəli icra qeydi ləğv edilməli, Cavabdeh2 MMC-dən 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin tərəflərin vəsatəti ilə təyin edilmiş ekspertiza tədqiqatlarının xərclərinin tutulmasının İddiaçı və Cavabdeh2 MMC-yə aid edilməli olması qənaətinə gəlməklə hesab edir ki, ümumilikdə 361 manat təşkil edən aparılmış üç ekspertiza tədqiqatının dəyərinə görə 251 manat İddiaçı, qalan 110 manat Cavabdeh2 MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 19 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ- 782 reyestr nömrəli icra qeydi ləğv edilsin. Cavabdeh2 MMC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 210 manat dövlət rüsumunun qalan 110 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 361 manatın 251 manat hissəsi İddiaçı, digər 110 manat hissəsi isə Cavabdeh2 MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-88/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-88/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver