Məhkəmə qərarları › İş №e-2(006)-89/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-89/2025

20.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-89/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X28 oğlunun katibliyi, Birləşdirilmiş birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Birinci mülki iş üzrə cavabdeh (birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı) "xxxx" MTK-nın vəkilinümayəndəsi Vəkil2, Birinci mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (birləşdirilmiş ikinci mülki iş üzrə cavabdeh) Shirinzade Orkhanın vəkili-nümayəndəsi Nümayəndə2 iştirakları ilə Birinci mülki iş üzrə İddiaçı Shirinzade Orkhan və X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.”; Birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-nın İddiaçı, Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi və 16 saylı Mənzil Kommunal İstismar sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə birləşdirilmiş ikinci mülki iş üzrə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, cavabdeh "xxxx" MTK-dan iddiaçıya vurulmuş maddi zərərin qanuna müvafiq hesablanıb ödənilməklə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzilinin əvvəlki vəziyyətə qaytarılması və ya bu mümkün olmadıqda isə ona dəymiş 236.850 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumu olan 577 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 nömrəli evin 22 nömrəli mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfinfən verilmiş Seriya RX, ******* nömrəli (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il) Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bundan başqa, onun mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 ünvanında 110.8 kv.metr olan qeyri-yaşayış sahəsi də olmuşdur. Mənzili də həmin qeyri-yaşayış sahəsinin arxasında ona bitişik idi. İddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini 12 aprel 2016-cı il tarixdə kürəkəni ilə onu təhdid və şantaj edərək, hədə-qorxu yolu ilə alqı-satqı müqaviləsi bağlatmaqla əlindən almışdılar. Ondan sonra iddiaçı qeyri-yaşayış sahəsini əlindən alan şəxslərin qorxusundan mənzildə yaşaya bilməmiş, lakin hərdən gedib mənzilə baş çəkmişdir. Sonra iddiaçı qonşulardan eşitmişdir ki, həmin ərazidə yerləşən evlərin sökülərək yerində hündürmərtəbəli binalar tikilməsi barədə söz-söhbətlər gedir. İddiaçı da gözləyirmiş ki, həmin ərazini alan şəxslər onunla əlaqə saxlayıb, qanuna müvafiq olaraq mülkiyyətində olan mənzillə bağlı iddiaçı ilə müqavilə bağlanacaq, müqavilədən gələn qarşılıqlı razılaşmadan sonra mənzil söküləcəkdir. Bu yaxınlarda iddiaçı eşitmişdir ki, onun mülkiyyətində olan həmin mənzil sökülmüş və yerində hündürmərtəbəli bina tikilir. Bundan sonra iddiaçı müəyyənləşdirmişdir ki, "xxxx" MTK tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzili onun xəbəri olmadan, ona bildirilmədən, iddiaçının orada müvəqqəti yaşamamağından istifadə edərək qanunsuz olaraq sökməklə qəsdən məhv etmişlər. Cavabdeh "xxxx" MTK-nın rəhbəri iddiaçının statusunda olan bir şəxsi şəxsən özü axtarmalı və bu niyyəti barədə məlumatlandırmalı idi. Lakin cavabdeh iddiaçını xəbərdar etmədən özbaşına olaraq onun mülkiyyətində olan mənzili dağıtmışdır. İddiaçı bu özbaşınalığa dözə bilməz və sonuna qədər mübarizə aparacaq. Qeyd edilən özbaşınalıq onda və ailə üzvlərində çox ciddi psixoloji sarsıntı yaratmış, onlar mənəvi iztirab keçirmişlər, hazırda da bu sarsıntı davam edir. İddiaçının evi hər hansı sənəd və əsas olmadan özbaşına sökülmüş və o, evin altında yerləşən özünə məxsus torpaq sahəsindən məhrum edilmişdir. Bununla da cavabdeh "xxxx" MTK iddiaçının Konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı cavabdeh "xxxx" MTK-dan həmin ərazini hansı sənəd əsasında əldə etməsi və onun mülkiyyətində olan mənzilin sökülməsinə əsas verən sənədlərin verilməsi barədə şifahi olaraq müraciət etsə də, cavabdeh həmin sənədləri ona verməkdən imtina etmişdir. Bununla da cavabdeh "xxxx" MTK-dan iddiaçıya məxsus mənzilin əvvəlki vəziyyətə qaytarılması, əgər bu mümkün olmadıqda isə dəymiş 236.850 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumu 577 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq ona ödənilməsini tələb etmək ədalətli olardı.

3. İddiaçı "xxxx" MTK İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Shirinzade Orkhan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab olunması, 1.1-ci bəndin “Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Nəsimi rayonu, Azadlıq 54 ünvanında yerləşən Mülkiyyətçiyə məxsus, sahəsi 110.8 kv.m olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktiki sahənin ölçü parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə təmirli yeni inşa ediləcək binadan 121.88 kv.m ölçülü qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m olan bir qarajı Mülkiyyətçiyə verməyi öhdəsinə götürür” məzmununda, 2.1.1-ci bəndin isə “Mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışın köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin sahibi olduğu qeyri-yaşayışı "xxxx" MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1845 (min səkkiz yüz qırx beş) manat məbləğində kirayə haqqı ödəyir” məzmununda müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı "xxxx" MTK-nın iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı MTK qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü həyata keçirmək, cavabdehin istifadəsində olan faktiki sahəsi 155 kv.m., 2-ci mərtəbə (mansar) – 45 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzində yeni inşa ediləcək binadan 230 m2 sahəli qeyri-yaşayış sahəsini və ölçüsü 40 m2 olan bir ədəd qarajı cavabdehə verməyi öhdəsinə götürmüşdür. İddiaçıya təqdim edilən **********07-05101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında 110,80 m2 sahəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Cavabdeh qeyd edilən qeyriyaşayış sahəsinin bütün sahəsinin ona məxsus olduğunu, 110,80 m2 sahənin çıxarışda qeyd edildiyi, qalan sahənin isə qeydiyyata alınmadan özünün faktiki istifadəsində olduğunu iddiaçıya bildirmişdir. Buna görə də onunla ümumilikdə 210 m2 faktiki sahənin əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Lakin daha sonra İddiaçı tərəfindən mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətə qaytarılması və ya vurulmuş zərərə görə kompensasiya tələbinə dair iddia qaldırılmışdır. Həmin iş üzrə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında 22 saylı mənzilə dair reyestrdən çıxarışı mövcuddur. Həmin mənzil isə hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndində göstərilən, faktiki sahəsi 155 kv.m., 2-ci mərtəbə (mansar) – 45 kv.m. olan qeyriyaşayış sahəsinin bir hissəsi ilə eynilik təşkil edir. Bununla da müəyyən olunur ki, cavabdeh başqa şəxsə məxsus əmlakı öz qeyri-yaşayış sahəsinə qataraq iddiaçını aldatmış, ondan daha böyük sahəli əmlakın əldə edilməsi üçün bu yola əl atmışdır. Ona görə də hazırkı müqavilənin şərtlərinin, o cümlədən aylıq kirayə haqqının dəyişdirilməsi və həqiqi sahəyə uyğunlaşdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən yanlış məlumat verilməklə iddiaçı aldadıldığı üçün tərəflər arasında bağlanmış əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndləri etibarsız hesab olunmalıdır. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, cavabdeh özünün bildirdiyinə əsasən ona məxsus 210 kv.m. qeyri-yaşayış sahəsi müqabilində 10 % daha artıq sahəli 230 kv.m. sahənin və 1 ədəd 40 kv.m. qarajın verilməsinə razı olmuşdur. Buna əsasən yuxarıda qeyd edilən bəndlər etibarsız hesab edildikdən sonra tərəflərin razılığına əsasən cavabdeh 110,8 kv.m. sahəyə uyğun 10 % daha artıq 121,88 kv.m. qeyri-yaşayış sahəsinin və 1 ədəd qarajın cavabdehə verilməsi müəyyən edilməlidir. Eyni zamanda, hazırkı əvəzləşdirmə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, iddiaçı 210 kv.m. sahəyə görə 3.500 manat aylıq kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu isə 1 kv.m. üçün 16,66 manat deməkdir. Həmin qiymət əsasında 110,8 kv.m. üçün aylıq kirayə haqqı 1.845 manat müəyyən edilməlidir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya qarşı əvəzləşdirmə müqaviləsində göstərilən aylıq kirayə haqqının verilməsinə dair iddia tələbinə də Nizami Rayon Məhkəməsində baxılmaqdadır.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər birləşdirilərək, tələblərə bir icraatda baxılması qərara alınmışdır.

6. Birinci iş üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MTK-dan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzilinin sökülməsi nəticəsində ona vurulmuş 236.850 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumu olan 577 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci iş üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MTK-dan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzilinin sökülməsi nəticəsində ona vurulmuş ümumilikdə 600.000 manat maddi və mənəvi zərərin, ödənilmiş dövlət rüsumu olan 890 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Son olaraq birinci iş üzrə İddiaçı və vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MTK-dan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzilinin sökülməsi nəticəsində ona vurulmuş ümumilikdə 570.000 manat maddi, 30.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumu olan 890 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə prosesi:

9. Məhkəmə iclasında birləşdirilmiş birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) İddiaçı vəkili-nümayəndəsi Vəkil1 birinci iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında birinci mülki iş üzrə cavabdeh (birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı) "xxxx" MTK-nın vəkili-nümayəndəsi Vəkil2 birinci iddiaya etiraz edib, ikinci iddianı müdafiə edib, birinci iddianın rədd, ikinci iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında birinci mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (birləşdirilmiş ikinci mülki iş üzrə cavabdeh) Shirinzade Orkhanın vəkilinümayəndəsi Nümayəndə2 iddiaları qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və 16 saylı Mənzil Kommunal İstismar sahəsi (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara şahid ifadələri ilə birgə, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci iddia qismən təmin edilməli, ikinci iddia isə təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən ümumi sahəsi 65,1 m2, yaşayış sahəsi 51 m2, yardımçı sahəsi 14,1 m2 olan 3 otaqlı 22 nömrəli mənzilin 1 otaqdan ibarət payı xx.xx.2015-ci il tarixdə İddiaçı; 2 otaqdan ibarət payı isə X10 adlarına qeydiyyata alınmışdır.

15. Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında yerləşən ümumi sahəsi 110,8 kv.m. olan qeyri-yaşayış sahəsinin və 22 nömrəli mənzilin 18,0 kv.m. sahəsinin tam mülkiyyət üzrə ona məxsus 128,8 kv.m. hissəsini icarəçiyə aylıq 300 manata icarəyə vermişdir.

16. Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, MTK tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin kəsişmələrində binanın (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ərazidə tikiləcək bina (yaşayış və qeyriyaşayış) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsinə, həmçinin, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırkı müqavilənin predmetini təşkil edir. Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış və qeyri-yaşayış) İcra Hakimiyyəti tərəfindən razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə MTK arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcək.

17. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən ümumi sahəsi 110,80 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə Shirinzade Orkhanın adına qeydiyyata alınmışdır.

18. "xxxx" MTK ilə Shirinzade Orkhan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109 nömrəli əvəzləşdirmə müqaviləsindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə məxsus faktiki sahəsi 1-ci mərtəbə - 155 m2, 2-ci mərtəbə (mansard) – 10 m2, zirzəmi – 45 m2 olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktiki sahənin ölçü parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi -005 səviyyəsində olan 1,3 oxları ilə 3,7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 m2 Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq prospektinə baxmaq şərti ilə 230 m2 qeyriyaşayış sahəsini və ölçüsü 40 m2 olmaqla bir qarajı mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Obyekt təhvil verildikdən sonra çıxarış ilə müqavilə arasında fərq yaranarsa, tikinti şirkəti hər 1 m2 sahəyə görə mülkiyyətçiyə 15.000 manat ödəməyi öz öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan qeyri-yaşayış sahəsini söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. MTK mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayış sahəsini köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, sahibi olduğu qeyri-yaşayış sahəsini MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3.500 manat məbləğində kirayə haqqı ödəyir.

19. xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 577 manat və 313 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Vəkil1” təyinatı ilə 150 manat məbləğində pul müvafiq hesaba köçürülmüşdür.

21. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidəki mövcud yaşayış evləri XX əsrin əvvəllərində inşa edilmişdir və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16.206 nəfərin yaşadığı 5.771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyetklərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyriyaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 165 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin kəsişməsindəki ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MKT-nın istifadəsinə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 65 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin əhatə etdiyi məhəllədə yerləşən qəzalı vəziyyətdə olan binaların tikintisi nəzərə alınmaqla "xxxx" MKT tərəfindən təqdim olunmuş tikinti-planlaşdırma sənədləri təsdiq olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 291 nömrəli sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Beləliklə, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54, mənzil 22 ünvanında yerləşmiş mənzil "xxxx" MKT tərəfindən sökülmüşdür. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 165 nömrəli, xx.xx.2017-ci il tarixli, 65 nömrəli və xx.xx.2017-ci il tarixli, 291 nömrəli sərəncamları və həmin sərəncamların verilməsinə əsas olmuş sənədlər 5 ildən sonra qanuna müvafiq olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən arxivə təhvil verilmişdir. İstinad olunan hər üç sərəncam məktuba əlavə edilmişdir.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, ünvan 5 ünvanı ilkin olaraq Nəsimi Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 122 nömrəli və xx.xx.1991-ci il tarixli, 19/1 saylı qərarlarına, 25/V-1998 saylı Forma 2 arayışına, X14, X3, X4 və X5 razılıq ərizələrinə əsasən, xx.xx.1998-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 21 saylı DNK-nın xx.xx.1998-ci il tarixli, 3-M-A-370 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 1 otağı X8 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 6 saylı DNK-nın 2v-35 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan mənzilin X12 məxsus hissəsi (1 otaq) X1 adına rəsmiləşdirilmişdir. X6 ilə İddiaçı arasında imzalanmış Bakı şəhəri 6 saylı DNK-nın 4ə-176 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, həmin mənzilin 1 otağı sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. X11 vəfatı ilə bağlı Bakı şəhəri 13 saylı DNK-nın 2V- 125 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında mərhuma məxsus 2 otaq onun vərəsəsi olan X9 adına dövlət qeydiyyatın alınmışdır. 3 otaqdan ibarət mənzilin 2 otağı hazırda X9, 1 otağı isə İddiaçı xüsusi mülkiyyətindədir. Məktuba əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən ümumi sahəsi 65,1 m2 22 nömrəli mənzilin 1 otaqdan ibarət payı xx.xx.2015-ci il tarixdə İddiaçı; 2 otaqdan ibarət payı isə xx.xx.2016-cı il tarixdə X9 adlarına qeydiyyata alınmışdır. Məktuba, həmçinin, istinad olunan bütün digər sənədlər də əlavə edilmişdir.

23. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə Nəsimi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2016-cı il tarixli, 165 nömrəli, xx.xx.2017ci il tarixli, 65 nömrəli və xx.xx.2017-ci il tarixli, 291 nömrəli sərəncamları və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmiş və həmin sərəncamlarda vətəndaş İddiaçı barəsində heç bir məlumat olmadığı bildirilmişdir.

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hazırda Shirinzade Orkhanın mülkiyyətindədir. Sözügedən əmlakın növünün (yaşayış/qeyri-yaşayış) dəyişməsi barədə məlumat aşkar olunmamışdır. Məktuba qeyri-yaşayış sahəsinə dair sənədlər əlavə edilmişdir.

25. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiqlənmiş "xxxx" MTK ilə X17 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 67 nömrəli əvəzləşdirmə müqaviləsindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 7 ünvanında yerləşən mülkiyyətçiyə məxsus faktiki sahəsi 70 m2 olan mənzilin əvəzinə güzəştli şərtlərlə faktiki sahənin ölçü parametrlərinə uyğun yeni inşa ediləcək binanın B blokunun 6-cı mərtəbəsində 4 saylı 85 m2-dən ibarət qismən təmirli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. MTK mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı mənzildən köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, sahibi olduğu evi MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 manat məbləğində kirayə haqqı ödəyir. Əlavə olaraq hər ay 100 manat kirayə puluna yardım kimi ödəniləcək. Həmin müqavilədən əvvəl tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 67 nömrəli əvəzləşdirmə müqaviləsində “hüquqi sənəd əsasında 65,1 m2” qeyd edilmişdir.

26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında zirzəminin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin ünvandakı qeyri-yaşayış sahələrinin zirzəmilərinin olub-olmaması barədə dəqiq məlumat texniki pasportlarda mövcud deyildir.

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/40xx-xx/3824 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən 22 nömrəli, ümumi sahəsi 65,1 m2, yaşayış sahəsi 51,0 m2, 14,1 m2 orta təmirli üçotaqlı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin orta bazar qiymətləri müqayisə olunmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: köhnə tikili mənzillərə uyğun (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir) 30,0 kv.m. – 88.000 manat (1 kv.metr 2.930 manat), 65,0 kv.metr – 220.000 manat (1 kv.metr 3.380 manat). (2.930 + 3.380) : 2 = 3.155 manat. 65,1 m2 x 3.155 manat = 205.000 manat. yeni tikili mənzillərə uyğun (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir) 60,0 kv.m. – 165.000 manat (1 kv.metr 2.750 manat), 62,0 kv.m. – 180.000 manat (1 kv.metr 2.900 manat). (2.750 + 2.900) : 2 = 2.800 manat. 65,1 m2 x 2.800 manat = 182.000 manat. Tələb və təklifdən, həmçinin, tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Mənzillərin bir hissəsinin satışı barədə hər hansı məlumat mövcud deyil. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (45 m2-dən ibarət zirzəmi) texniki parametrləri, konstruktiv elementlərinin nədən ibarət olması (təmirlilik dərəcəsi) və s. məlum olmadığından, nəzəri qaydada qiymətləndirilməsi mümkün deyil.

28. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

29. Bakı şəhər Nəsimi rayon MKTB-nin 16 saylı MKİS tərəfindən verilmiş 341 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən, Azadlıq 54 saylı evin 22 №-li mənzilində qeydiyyat vəsiqəsinə əsasən yaşamışdır. 45 m2 olan zirzəmisinin çıxarışının olubolmaması barədə MKİS-də heç bir məlumat yoxdur.

30. Bakı şəhər Nəsimi rayon MKTB-nin 16 saylı MKİS tərəfindən verilmiş 285 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, həqiqətən, Azadlıq 54, m. 22-də yaşayıb. Azadlıq prospekti 54 saylı bina Nəsimi rayon MKTB-nin balansında olmuş və hazırda həmin bina tamamilə sökülmüşdür.

31. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, uçot baza məlumatlarına əsasən Shirinzade Orkhanın vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir. Dövlət reyestrində Shirinzade Orkhanın "xxxx" MMC-nin təsisçisi olması barədə məlumat mövcuddur.

32. İş materiallarına, həmçinin, qeyri-yaşayış sahəsinin texniki pasportu, həmin sahənin alqısatqısına dair müqavilələr də əlavə edilmişdir.

33. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, 2012-2013-cü illərdə iddiaçıya məxsus başqa əmlakları təmir etmiş, həmin vaxtdan iddiaçı ilə tanış olmuşdur. 2015-2016-cı illərdə isə hazırkı mübahisənin predmetini təşkil edən mənzili və obyekti təmir etmişdir. Belə ki, santexnik və kafel işlərini o, özü şəxsən görmüş, qalan işləri də usta tapıb ona həvalə etmişdir. Həmin əmlakların Amerika Səfirliyindən bir küçə aşağıda yerləşdiyini xatırlayır. Təmirə görə aldığı pulun hazırkı işə aidiyyəti olmadığını hesab etmiş, 3.000 manat pul alsa belə, bunun hazırkı işlə əlaqəsinin olmadığını bildirmişdir. Mənzildə əlavə ofis və mətbəx yaratdıqlarını, zirzəminin mənzilin altında yerləşdiyini, zirzəmini təmir edib, orada əlavə sanuzel yaratdıqlarını bildirmiş, hər birinin sahələrini dəqiqliklə xatırlayaraq ölçülərini qeyd etmişdir. Həmçinin, heç bir artırma etmədiklərini, mövcud sahənin içində işlədiklərini, mənzillə obyektin arasında qapı açdıqlarını bildirmişdir.

34. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, həm Shirinzade Orkhan ilə, həm də MTK-nın sahibi Rasim ilə qohumdur. Shirinzade Orkhan ilə MTK obyektin alqı-satqısı ilə bağlı razılığa gələ bilmədiklərinə görə Rasim ondan xahiş etmişdir ki, vasitəçilik etsin. Belə ki, Orkhan obyektinin əvəzinə 280 m2 sahəli əmlak istəmiş, MTK isə 200 m2 sahəli əmlak verə biləcəyini bildirmişdir. Sonda Orkhan onun xatirinə 230 m2 sahəli əmlakın verilməsinə razılaşmışdır. Sonradan Orkhan ona bildirmişdir ki, MTK icarə pulunu ödəmir, o, Rasimə zəng etsə də, Rasim zənglərini açmamışdır. Onun kimin nə qədər sahəsi olduğundan xəbəri olmamış, qaraj söhbətini isə eşitsə də, söhbətin nədən getdiyini bilməmişdir.

35. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, Shirinzade Orkhanla həm şərik, həm də dostdur. Orkhan Amerikada olduğu üçün bütün işlərini o aparmışdır. Obyekt sənəddə 110 m2 göstərilsə də, faktiki sahəsi çox olmuşdur. Obyekt "xxxx" mağazasına 3.000-3.500 manata icarəyə verilmişdir. MTK ilə 3.000 manat icarə puluna, zirzəmi əvəzinə 2 qaraj verilməsinə razılaşmışdılar. Belə ki, obyektin içərisində kiçik sahəli bir ofis, ofisin yanından zirzəmiyə düşməyə pilləkən olmuşdur.

36. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Shirinzade Orkhana məxsus 220 m2 sahəli obyektdə 2-3 il olar ki, işlər görmüşöıdür. Obyektdən 10 metr kənarda daxma kimi ev olduğunu, oradakı bir kişinin həmin evin sahibinin kürəkənini aldatmaları ilə bağlı danışdığını xatırladığını qeyd etmişdir. Obyektin zirzəmisinin və ofisinin olduğunu əlavə etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

37. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən ümumi sahəsi 65,1 m2, yaşayış sahəsi 51 m2, yardımçı sahəsi 14,1 m2 olan 3 otaqlı 22 nömrəli mənzilin 1 otaqdan ibarət payı xx.xx.2015-ci il tarixdə İddiaçı, 2 otaqdan ibarət payı isə xx.xx.2016-cı il tarixdə X9 adlarına qeydiyyata alınmışdır.

38. Həmin ünvanda yerləşən ümumi sahəsi 110,80 m2 olan qeyri-yaşayış sahəsi isə xx.xx.2021-ci il tarixdə Shirinzade Orkhanın adına qeydiyyata alınmışdır.

39. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 165 nömrəli Sərəncamı ilə müvafiq mənzilin və qeyri-yaşayış sahəsinin olduğu yeri əhatə edən – Azadlıq prospekti, Ruhulla Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin kəsişməsindəki ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MKT-nın istifadəsinə verilmiş, həmin tarixdə müvafiq məsələlərin tənzimlənməsi məqsədilə İcra Hakimiyyəti ilə MTK arasında müqavilə bağlanmışdır. Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 65 nömrəli Sərəncamı ilə sözügedən ərazidə yerləşən qəzalı vəziyyətdə olan binaların tikintisi nəzərə alınmaqla "xxxx" MKT tərəfindən təqdim olunmuş tikinti-planlaşdırma sənədləri təsdiq olunmuş, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 291 nömrəli sərəncamı ilə isə ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilmişdir.

40. "xxxx" MTK X17 ilə xx.xx.2021-ci il tarixdə əvəzləşdirmə müqaviləsi bağlayaraq, ünvan 7 ünvanında yerləşən hüquqi sənəd əsasında sahəsi 65,1 m2 olan mənzilin əvəzinə yeni inşa ediləcək binanın B blokunun 6-cı mərtəbəsində 4 saylı 85 m2-dən ibarət qismən təmirli mənzili verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 manat məbləğində kirayə haqqı və əlavə olaraq hər ay 100 manat kirayə puluna yardım kimi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırmaları aparılan dövrdə - xx.xx.2024-cü il tarixdə isə müqavilə tərəfləri Bakı şəhəri 23 saylı notariat ofisində yeni bir müqavilə bağlayaraq, yalnızca əvvəlki müqavilədəki “hüquqi sənəd əsasında sahəsi 65,1 m2” sözləri əvəzinə “faktiki sahəsi 70 m2” sözlərini müqavilədə qeyd etmişlər.

41. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK Shirinzade Orkhan ilə əvəzləşdirmə müqaviləsi imzalayaraq, həmin ünvanda Shirinzade Orkhana məxsus faktiki sahəsi 1-ci mərtəbə - 155 m2, 2-ci mərtəbə (mansard) – 10 m2, zirzəmi – 45 m2 olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə MTKnın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan Azadlıq prospektinə baxmaq şərti ilə 230 m2 qeyri-yaşayış sahəsini və ölçüsü 40 m2 olmaqla bir qarajı mülkiyyətçiyə verməyi, həmçinin, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3.500 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

42. Mənzilin və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın MTK tərəfindən tamamilə sökülməsi və hazırda yerində yeni bina tikilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Deməli, İddiaçı paylı mülkiyyətində olan mənzil əvəzində ona heç bir kompensasiya verilmədən, onunla bu barədə heç bir müqavilə bağlanmadan, razılığı alınmadan MTK tərəfindən sökülmüşdür.

43. Məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən 22 nömrəli, ümumi sahəsi 65,1 m2, yaşayış sahəsi 51,0 m2, köməkçi sahəsi 14,1 m2 orta təmirli üçotaqlı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin orta bazar qiymətləri müqayisə olunmaqla 1 kv.metrinin orta bazar qiyməti köhnə tikili mənzillərə uyğun 3.155 manat müəyyən edilmişdir.

44. MTK ilə Shirinzade Orkhan arasındakı müqavilədə qeyd edilən zirzəminin dövlət reyestrində qeydiyyata alınmaması, binanın Nəsimi rayon MKTB-nin balansında, müqavilə bağlanan vaxt isə zirzəminin faktiki olaraq Shirinzade Orkhanın istifadəsində olması iş materiallarında olan müvafiq sənədlərlə təsdiqini tapmışdır. İddiaçı zirzəminin mənzilin ona aid hissəsinin altında yerləşdiyini və öz istifadəsində olduğunu bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, habelə, bu hal məhkəmə sorğularına alınmış cavablarla da öz təsdiqini tapmamışdır. İddiaçının şahid qismində göstərdiyi şəxsin (təmirçi) ifadəsi də heç bir sənədlə öz təsdiqini tapmadığından, həmçinin, kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, sahə ölçüləri ilə bağlı hər detalının onun tərəfindən dəqiqliklə xatırlanması inandırıcı və ağlabatan olmamaqla məhkəmə tərəfindən mötəbər sayılmamışdır. Shirinzade Orkhanın vəsatəti ilə şahid qismində dindirilmiş şəxslərin ifadələri isə əvəzləşmə müqaviləsində Shirinzade Orkhana zirzəmi əvəzinə qaraj verilməsi barədə razılaşmanın olduğu nəzərə alındıqda, məhkəmə tərəfindən mötəbər hesab edilmişdir.

45. Hazırda birinci İddiaçı mülkiyyətində olan mənzilin (o cümlədən, zirzəminin) sökülməsi nəticəsində ona vurulmuş ümumilikdə 570.000 manat maddi, 30.000 manat mənəvi zərərin və məhkəmə xərclərinin "xxxx" MTK-dan alınaraq ona ödənilməsini; ikinci iddiaçı "xxxx" MTK isə Shirinzade Orkhan ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab olunmasını, həmin bəndlərin başqa məzmunda müəyyən edilməsini xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

46. Məhkəmə birinci iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı paylı mülkiyyətində olan mənzilin cavabdeh "xxxx" MTK tərəfindən ona heç bir kompensasiya ödənilmədən və ya hər hansı vəd verilmədən sökülməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilərək işin mübahisəsiz halını təşkil etdiyindən, MTK tərəfindən ona maddi və mənəvi zərər vurulması öz təsdiqini tapır.

47. Lakin iddiaçı ona vurulmuş maddi zərəri 570.000 manat məbləğində qiymətləndirsə də, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin aşağıdakı kimi qiymətləndirilməsi mülki hüququn ədalət, mütənasiblik və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə tamamilə uyğun olacaqdır. Belə ki, mənzil hazırda mövcud olmadığından, mənzildəki payının faktiki sahəsinin daha artıq olması barədə iddiaçının formal şifahi mülahizələrinin mötəbərliyini yoxlamaq qeyrimümkün olduğuna görə, məhkəmə məhz iş materiallarındakı çıxarışa əsasən iddiaçının mülkiyyətində olduğunu müəyyən etdiyi sahəyə uyğun ədalətli dəyərinin müəyyənləşdirilib ödənilməsini məqsədə müvafiq sayır.

48. İş materiallarına əsasən, iddiaçının mülkiyyətində olan 1 otağın 23 m2 sahədən ibarət olması, sadə hesablama əsasında bu sahənin isə mənzilin ümumi yaşayış sahəsinin 45 %-ni ((23 / 51) x 100) təşkil etməsi müəyyən edilmişdir. Buna müvafiq olaraq mənzilin köməkçi sahəsinin isə 45 %-nin, yəni 6,34 m2 (14,10 x 45 %) sahədən ibarət hissəsinin də onun mülkiyyətində olması müəyyən olunmuşdur. Deməli, iddiaçının mülkiyyətindəki ümumi sahə 29,34 m2 təşkil etmişdir.

49. Burada qeyd edilməsi zəruridir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli 506- İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunverciliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülki Məcəllənin 11.1-ci maddəsində isə göstərilir ki, mülki hüquq münasibətləri mülki qanunverciliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvercilik normaları tətbiq edilir (qanunun analogiyası). Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mənzili dövlət ehtiyacı üçün deyil, bilavasitə vətəndaşların marağı və onların təhlükəsizliyi üçün sökülmüş olsa da, oxşar münasibətləri tənzimləyən mülki qanunvercilik normaları tətbiq edilməklə (qanunun analogiyası) iddiaçıya mülkiyyətində olan mənzil payının dəyəri 20 % əlavəsi (29,34 x 20 % = 5,868) ilə birlikdə, yəni cəmi 35,208 m2 sahənin əvəzi ödənilməlidir.

50. Mənzilin köhnə tikili binada yerləşməsi mübahisəsiz olduğundan məhkəmə hesab edir ki, ekspert rəyində köhnə tikili mənzillərin 1 kv.m.-nin dəyərinin 3.155 manat müəyyən edilməsi əsas götürülməklə iddiaçıya məxsus sahənin 20 % əlavə ilə birlikdə dəyəri olan cəmi 111.084 manat maddi zərərin əvəzi cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı verilməlidir.

51. Məhkəmə iclaslarında "xxxx" MTK-nın İddiaçı verməli olduğu pulun ya Shirinzade Orkhana, ya da Orucov Vəfadara verildiyi mübahisələndirilsə də, məhkəmə hesab edir ki, bu hallar iddiaçının iddiasının təmin edilməməsi üçün heç bir əsas vermir. Çünki iddiaçının paylı mülkiyyətində olan mənzilin ona kompensasiya verilmədən məhz cavabdeh MTK tərəfindən sökülməsi mübahisəsizdir. Belə olan halda iddiaçıya vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyəti də məhz cavabdeh MTK daşımalıdır.

52. Mənəvi zərərin məbləği ilə bağlı isə məhkəmə hesab edir ki, cavabdeh MTK iddiaçının paylı mülkiyyətində olan mənzili sökməklə ona mənəvi zərər vursa da, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 30.000 manat məbləğində qiymətləndirilməsi ağlabatan deyildir. Belə ki, iddiaçının özünün də izahatından müəyyən edilir ki, o, uzun müddət mənzilinin olduğu əraziyə başqa şəxslərin hədə-qorxularına görə gələ bilməmiş, mənzilin sökülməsindən də qızı xəbər tutduqdan sonra ona bildirmişdir. İddiaçının əmlaka münasibəti ilə bağlı bu xüsusatlar və diqqətəlayiq bütün digər hallar nəzərə alındıqda, məhkəmə heç bir əvəz verilmədən mənzilinin sökülməsi nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin 1.000 manat məbləğində qiymətləndirilməsini daha ağlabatan və ədalətli hesab edir. Məhkəmə burada qeyd etməyi zəruri sayır ki, cavabdeh MTK-nın bu hərəkəti nəticəsində iddiaçının həyəcan keçirməsi, stres yaşaması, əzab çəkməsi nəzərə alınsa, hazırkı kompensasiya məbləği onu mənəvi cəhətdən rahatlaşdırmağa xidmət edəcəkdir. Çünki mənəvi zərərin kompensasiya olunmasında məqsəd məhz zərərçəkəni zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaqdır.

53. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci mülki iş üzrə iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MTK-dan maddi zərərin əvəzi kimi 111.084 (bir yüz on bir min səksən dörd) manat, mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat olmaqla, cəmi 112.084 (bir yüz on iki min səksən dörd) manat məbləğində pul İddiaçı verilməli, birinci iddia qalan hissədə təmin edilməməlidir.

54. Məhkəmə ikinci iddia tələbi ilə bağlı isə qeyd etməyi zəruri sayır ki, iddiaçı "xxxx" MTK cavabdeh Shirinzade Orkhanın özünə aid hissələrlə yanaşı, İddiaçı məxsus olan sahələri təqdim etməklə daha artıq kompensasiya aldığını iddia etsə də, bu iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddiaçının iddiasının əksini sübuta yetirmişdir. Belə ki, cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə müqayisəli tədqiq olunarkən belə müəyyən olunur ki, müqavilə, həqiqətən də, məhz cavabdehə məxsus faktiki sahə və onun faktiki istifadəsində olan zirzəmi ilə əlaqədar iddiaçı MTK tərəfindən ona kompensasiya ödənilməsi niyyəti ilə bağlanmışdır. Hətta iddiaçının vəkilinümayəndəsi mülkiyyətçilərlə razılığa gəlinən zaman zirzəmi və s. kimi çıxarışı olmayan sahələrin kimin istifadəsində olmasına baxaraq, həmin şəxslərə buna mütənasib əvəz verdiklərini təsdiq etmişdir. Deməli, cavabdeh tərəfindən mübahisəli zirzəmiyə dair sərəncam əqdi bağlanmamış və iddiaçı MTK cavabdehin zirzəmiyə heç bir sənəd əsasında hüququnun olmadığını bildiyi halda, həmin sahənin ona verilməsi qarşılığında könüllü şəkildə cavabdehi qaraj və s. ilə təmin etmək öhdəliyi götürmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllə ikitərəfli müqavilənin bağlanmasının əsas şərtlərindən biri kimi tərəflərin razılaşdırılmış iradə ifadəsinin mövcud olmasını zəruri hesab edir və nəzərdə tutur ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Sadalanan maddi hüquq normalarının tələbləri əsasında belə qənaətə gəlmək olar ki, tikini şirkətləri tərəfindən çoxmənzilli yaşayış binalarının inşası zamanı sökülməsi nəzərdə tutulan yaşayış sahələrində hər hansı qanunla qorunan mülkiyyət və istifadə hüquqları olmadan faktiki yaşayan, köməkçi sahələrdən faktiki istifadə edən şəxslərin də əvəz ilə təmin olunması (kompensasiya ödənilməklə həmin sahənin boşaldılması) barədə tərəflərin iradə ifadələrinə uyğun etibarlı müqavilələr bağlana bilər və bu cür müqavilələr həmin tərəflər üçün öhdəliklər yaradır. Bu baxımdan hazırkı iş üzrə mübahisələndirilən bəndlərin etibarsız olması barədə iddiaçının dəlilləri əsassız sayılır.

55. İşin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən müqavilə bəndlərinin hər biri etibarlı bəndlərdir, onların etibarsız hesab edilərək, məzmununun məhkəmə tərəfindən müəyyən edilməsinə heç bir əsas yoxdur. Çünki müqavilə bəndləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş və könüllü imzalanmış, tərəflərin birinin digərini məcbur etməsi, aldatması və ya ona hər hansı başqa formada təsir göstərməsi, habelə iddiaçının ümid etməyə haqqı çatanlardan daha azını əldə etməsi halı müəyyən edilmir.

56. Bu tələb həm də ona görə əsassız hesab olunur ki, tələbdə müqavilənin bəzi bəndlərinin etibarsız hesab edilərək məzmununun başqa formada müəyyən edilməsi göstərilsə də, tələbin özü mahiyyət etibarilə müqavilə şərtlərinin dəyişdirilməsinə uyğun gəlir, hansı ki, bu, mülki qanunvericiliyin müqavilələr azadlığı və tərəflərin iradə sərbəstliyi (onların müqavilə şərtlərini müəyyənləşdirməkdə sərbəstliyi) prinsiplərinə zidd hesab olunur. Çünki müqavilə şərtlərini dəyişmək yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkündür. Qanunvericilikdə məhkəmə tərəfindən müqavilənin dəyişdirilməsinin mümkün olduğu hallar isə hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmir. Onu da qeyd etmək zəruridir ki, iddia tələbi etibarsız hesab edilmə formasında qoyulduğundan, məhkəmə hazırkı iş üzrə iddiaçının məhkəməyə müraciət etməzdən qabaq cavabdehə pretenziya qaydasında müraciət etməməsini düzgün saymış, həmçinin, məhkəmə araşdırmaları zamanı cavabdeh tələblə razılaşmadığından, mübahisələndirdiyindən, yəni tərəflərin bu məsələni öz aralarında həll etməsinin qeyri-mümkünlüyü müəyyən edildiyindən, məhkəmə həm də əlavə süründürməçiliyə yol verilməməsi üçün bunun zəruri olmadığını hesab etmişdir.

57. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birləşdirilmiş ikinci mülki iş üzrə iddia təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

58. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1, 6.1.2, 6.1.4-6.1.5. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.4. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

59. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

60. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

64. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

65. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, birinci mülki iş üzrə iddia qismən təmin edilməli, birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan maddi zərərin əvəzi kimi 111.084 (bir yüz on bir min səksən dörd) manat, mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat olmaqla, cəmi 112.084 (bir yüz on iki min səksən dörd) manat məbləğində pul birinci mülki iş üzrə İddiaçı verilməli, birinci mülki iş üzrə iddia qalan hissədə təmin edilməməli, birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-nın birləşdirilmiş ikinci mülki iş üzrə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

68. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, birinci iddia qismən təmin edildiyindən, həmin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 170 (bir yüz yetmiş) manat hissəsi və hüquqi xidmət xərcinin 30 (otuz) manat hissəsi birinci mülki iş üzrə cavabdeh "xxxx" MTKdan alınaraq birinci mülki iş üzrə İddiaçı verilməli, məhkəmə xərclərinin qalan hissəsi birinci mülki iş üzrə İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 19 (on doqquz) manat hissəsi birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan, qalan 81 (səksən bir) manat hissəsi isə birinci mülki iş üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, ikinci iddia təmin edilmədiyindən, birləşdirilmiş ikinci mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-ya aid edilməlidir.

Nəticə:

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Birinci mülki iş üzrə İddiaçı birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan maddi zərərin əvəzi kimi 111.084 (bir yüz on bir min səksən dörd) manat, mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat olmaqla, cəmi 112.084 (bir yüz on iki min səksən dörd) manat məbləğində pul birinci mülki iş üzrə İddiaçı verilsin. Birinci mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 170 (bir yüz yetmiş) manat hissəsi və hüquqi xidmət xərcinin 30 (otuz) manat hissəsi birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan alınaraq birinci mülki iş üzrə İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi birinci mülki iş üzrə İddiaçı aid edilsin. Birinci mülki iş üzrə iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 19 (on doqquz) manat hissəsi birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan, qalan 81 (səksən bir) manat hissəsi isə birinci mülki iş üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-nın birləşdirilmiş ikinci mülki iş üzrə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş ikinci mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-ya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar