Məhkəmə qərarları › İş №e-2(006)-904/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-904/2025

14.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-904/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "kirayə haqqının ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilməklə Cavabdeh2 və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 30, mənzil 28, yeni qaydalarla A1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 58, M5, m1 mənzilindən öz əşyaları ilə birlikdə evdən çıxarılması, kirayə haqqı kimi ona olan borcundan 2030 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, tərəfindən ödənilmiş dövlət rüsumu olan 140 manat pulun və vəkil xərci olan 1000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 30, mənzil 28, yeni qaydalarla A1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 58, M5, m1 mülkiyyətində olmaqla xx.xx.2018-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin evi 2022-ci ilin fevralında şifahi razılıq əsasında cavabdehlərə kirayə verilmiş və kirayə məbləği aylıq 250 manat müəyyən edilmişdir..Ev verilərkən tam şəkildə əşyalarla birlikdə verilmişdir. Sonradan cavabdeh tərəfindən müvafiq olaraq, qeyd edilən mənzil üzrə ödənişlərini qismən etsə də, sonradan həmin ödənişləri etməmiş və 2023-cü il üzrə kirayə 3 aylıq kirayə borcu, yəni 750 manat, 2024-cü il üzrə isə 1280 manat borcu qalmışdır. Son borcdan ödəniş isə xx.xx.2024-cü il tarixdə 120 manat olaraq ödənilmiş, hazırda cavabdehlərin ona borcu ümumilikdə 2030 manat təşkil edir. Bildirir ki, bu barədə dəfələrlə özü və oğlu vasitəsi ilə xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymaraq, həmin evdə yaşamağa davam etmişdir. Hətta bunla bağlı tərəfindən rəsmi olaraq iki dəfə Nəsimi rayon Polis Bölməsinin 19-cu polis bölməsinə rəsmi müraciət etməsə də həmin müraciətlə baxılmamış və rəsmi cavab verilməmişdir. Hazırda xəbərdarlıq etməyinə baxmayaraq, nə kirayə pulu vermiş nə də evdən çıxmamış, həmin evə sahiblənməyə çalışmışdır. Hətta evin mülkiyyət sənədini tərəfindən təqdim etməyinə baxmayaraq, buna məhəl qoymamış, evin ona aid olmadığını iddia edərək onu öz evinə buraxmamışdır. Belə ki, hazırda özünün başqa yaşayış sahəsi mövcud deyildir və həmin evə köçüb yaşamaq istəyir, cavabdehləri isə onu evə buraxmır və evdən qovur. Hazırda oğlunun yanında müvəqqəti qalır. Hazırda cavabdeh mənzilində qanunsuz yaşamaqla mülkiyyət hüququnu pozur və bunla bağlı hesab edir ki, cavabdeh və ailə üzvləri evdən əşyalar birlikdə çıxarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə bir neçə dəqiqləşmə vermiş və məhkəməyə ünvanlanan son ərizəsindən görünür ki, məhkəmədən 2024-cü ilin noyabr ayının 15-də olan cavabdehlərin kirayə haqqı borcu 2030 manat təşkil etmiş, işin məhkəmə gedişində yəni noyabr ayının 15-dən mart ayının 13-dək həmin evdə yaşamağa davam etmiş və bunu nəzərə alaraq həmin dövr üzrə aylıq yəni noyabr ayının 15-dən fevral ayının 15-dək olan dövr üzrə hər ay kirayə haqqının 250 manat olmasını nəzərə alıb 750 manat əlavə olmaqla, ümumilikdə 2780 manat kirayə haqqı, tərəfindən ödənilmiş dövlət rüsumu olan 140 manat pulun və vəkil xərci olan 1000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, aylıq 250 manat kirayədə qalmışdır və uzun müddətdir borcu ödəyə bilmir və iddiaçının qeyd etdiyi miqdarda borcunun olduğunu etiraf edir. Bildirir ki, 3-4 aydır maddi sıxıntıları olduğuna görə ödəniş edə bilmirlər, həyat yoldaşı şəkər xəstəsi olduğu üçün məhkəməyə gələ bilmir. Ayın sonuna kimi evdən çıxacaqlarını, borcu olduğunu və maddi sıxıntılara görə ödəniş edə bilmədiklərini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında olan: Mülki işin materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 30, 28 saylı mənzil (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 58, M5, m1 saylı mənzil) üzərində tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə hazırki işə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və təqdim etdikləri sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçınun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 30, 28 saylı mənzil (Yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 58, M5, m1 saylı mənzil) şifahi kirayə müqaviləsi əsasında cavabdehlərə kirayəyə verilmişdir. İddiaçı müqavilənin şərtlərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqı vaxtı-vaxtında iddiaçıya ödənilməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuşdur. Cavabdehlər tərəfindən xx.xx.2025-ci il tarixdə mənzil təhvil verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 kirayə borcunun olmasını inkar etməmişdir. Beləliklə, məhkəmə ödənilməmiş kirayə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə görə, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə kirayə haqqını ödəmədiyindən, kirayə müqaviləsinə bir tərəfli qaydada xitam verildiyindən iddiaçının cavabdehdən ödənilməmiş kirayə haqqının ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2780 manat kirayə haqqı alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə ödənilmiş 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Belə ki, İddiaçı hüquqi yardım xərcinə görə vəkilə 1000 manat məbləğində pul ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2780 manat kirayə haqqı alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2780 (iki min yeddi yüz səksən manat) manat kirayə haqqı alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 140 (yüz qırx manat) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar