Məhkəmə qərarları › İş №e-2(006)-94/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-94/2024

22.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-94/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci Məhəllə, 42b saylı evin 4 saylı mənzilinin və **-LU-*** dövlət qeydiyyat nişanlı “Seat Leon” markalı avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş məbləğin paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2 (006)- 10832/2016 saylı 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “birgə əmlakın bölünməsinə” dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 42b saylı evin 4 saylı mənzilinin və “Seat Leon” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla onların arasında bölünməsi, həmin əmlak üzərində İddiaçı ½ pay hüququ və Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli 2(103)- 6648/2017 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-10832/2016 saylı 05 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan 26 avqust 2019-cu il tarixli **********78 saylı məktubda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2 (006)-10832/2016 saylı 05 dekabr 2016-cı il tarixli icra vərəqəsinin icrasının təmin edildiyi, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllə, 42b saylı evin 4 saylı mənzilinin ½ hissəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli 19 iyun 2019-cu il tarixli elektron çıxarış hazırlandığı bildirilmişdir. Bundan sonra İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, onun adına ********** qeydiyyat nömrəli 19 iyun 2019cu il tarixli elektron çıxarış verilmişdir. Sonradan İddiaçı Cavabdeh qarşı“paylı mülkiyyətdə olan əmlak üzərində payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42B-dəki 4 saylı mənzilin və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı məxsus ½ payın naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(001)-199/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlak üzərində payların naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Binəqədi rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(001)-199/2021 saylı qətnaməsi öz qanuni qüvvəsini almışdır. Binəqədi rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(001)-199/2021 saylı qətnaməsində mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olduğundan iddiaçının öz payının naturada ayrılmasını tələb etməkdə haqlı olduğu, lakin mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 42 b saylı evin 4 saylı mənzilinin tərəflər arasında iki təcrid mənzil şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı qeyd olunmuş, həmçinin, məhkəmə iddia tələbinin 2011-ci il buraxılışlı “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi hissəsində də avtomobilin daşınar əşya olması səbəsindən faktiki olaraq bölünməsinin mümkünsüzlüyü səbəbindən iddia tələbinin həmin hissədə rədd edilməli olduğu qənaətinə gəlmişdir. Bundan sonra, iddiaçı özünə məхsus payın dəyərinin cavabdеh tərəfindən alınması üçün 10 yanvar 2023-cü il tariхində cavabdеhə təklif ilə müraciət еtmişdir. Bu məqsədlə onun qеydiyyatda olduğu ünvan 3 ünvanına və faktiki olaraq yaşadığı ünvan 4 ünvanına sifarişli xəbərnamə ilə təklif qaydasında göndərilmişdir. Lakin iddiaçı payının alınması ilə bağlı təklifinə hеç bir cavab ala bilməmişdir. Göstərilənlər və qanunvericiliyin əsasları İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci Məhəllə, 42b saylı evin 4 saylı mənzilinin və **-LU-*** dövlət qeydiyyat nişanlı “Seat Leon” markalı avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş məbləğin paylara uyğun bölüşdürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hüquqi əsas təşkil edir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzilin (reyestr nömrəsi: **********29-05301-093039) ½ hissədən ibarət payı ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Əmlakın ½ hissədən ibarət digər payının sahibi isə Cavabdehdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlak üzərində payların naturada bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (əmlakların naturada bölünməsinin mümkün olmaması müəyyən edildiyindən). İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 42b saylı evdə yerləşən 4 saylı mənzildə və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan payın alınması ona təklif edilmiş, əks təqdirdə həmin əmlakların hərracdan satılaraq əldə edilmiş məbləğin paylara uyğun bölünməsinə dair qətnamə qəbul edilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin rəsmi internet səhifəsinin “poçt göndərişlərinin izlənməsi” bölməsindən görünür ki, SS835152958AZ reyestr nömrəli məktub xx.xx.2023-cü ildə Cavabdeh verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2021-ci il tarixdə ekspertiza xərci hissəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə İsa-X3 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə nəqliyyat vasitəsinin mülkiyyətçisinin soyadı dəyişdirildiyi üçün AX082543 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. Hal-hazırda “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adında qeydiyyatdadır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-10832 saylı qətnaməsi, xx.xx.2016-cı il tarixli 2(006)-10832/2016 saylı, xx.xx.2015-ci il tarixli 2(103)-4873/2015 və xx.xx.2015-ci il tarixli 2(006)-3921/2015 saylı qərardadları əsasında “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyətin qoyulması barədə DİN Baş X8 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsasında “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi Cavabdeh qadağan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli 10/3563-9/3738 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 77.6 m2 olan, 4 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 153000.0 manat məbləğində müəyyən olunur. Tədqiqat obyekti olan 2011-ci il buraxılışlı “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 may 2023-cü il tarixdə, saat 12:00da tərəflərin iştirakı ilə Mərkəzdə ekspert baxışının keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə verilmiş 9/3738 nömrəli vəsatət təmin edilmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, qərarda göstərilən avtomobilin ekspert baxışına təqdim edilməsi xahiş edilmiş, lakin vəsatət təmin edilməmişdir. Buna görə də ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilin və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobiln hər birinin üzərində İddiaçı və Cavabdeh ½ hissədə payını müəyyən edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və aidiyyəti orqan tərəfindən icra edilərək, yəni əmlaklar üzərində tərəflərin paylarına mütənasib qeydiyyat aparılaraq müvafiq çıxarış verilmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42Bdəki 4 saylı mənzilin və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin paylarına mütənasib olaraq naturada bölünməsi tələbinə dair iddiası üzrə aparılan araşdırma nəticəsində əmlakların naturada bölünməsinin mümkün olmaması müəyyən edildiyindən təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, həmin qətnamələr hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdirlər. Hazırda İddiaçı həmin qətnamələrə istinad edərək, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42B-dəki 4 saylı mənzilin və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş məbləğin paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul еdilməsini məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə üzərində ½ hissədə payı və naturada bölünməsinin mümkün olmadığı müəyyən edilən əmlakların açıq hərraca çıxarılaraq satılmasını və satışdan əldə edilən gəlirin tərəflərin paylarına mütənasib bölünməsini tələb etməyə subyektiv hüququ vardır. Belə ki, işin faktiki hallarından görünür ki, mübahisəli əmlaklar tərəflərin paylı mülkiyyətindədir, həmin əmlakların naturada bölgüsü mümkün deyil və paylı mülkiyyətin mülkiyyətçiləri kimi onlar həmin əmlakdan istifadə üsulu və şərtləri haqqında hər hansı razılığa gələ bilmirlər. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması isə iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə tələblə əlaqədar vurğulamağı zəruri hesab edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu, yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları qismən təmin etməsi yaxud tam təmin etməməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsinə baxmayaraq, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmə qeyd edir ki, əslində iddiaçının niyyəti naturada bölünməsi mümkün olmayan əmlaklarla bağlı payına mütənasib kompensasiya almağa nail olmaqdır. Çünki münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər əmlakı eyni anda istifadə və istismar edə bilmirlər. İddia tələbi ilə əlaqədar aparılan araşdırma ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi «paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması və s.» olduğundan, onun cavabdehə məhkəmə mübahisəsindən əvvəl bildiriş göndərməsi, lakin cavabdehin bu bildirişi almasına baxmayaraq, hərəkətsiz qalması, məhz bundan sonra iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi məqsədilə naturada bölgüsü qeyri-mümkün olan və cavabdehin iddiaçının təklifinə heç bir münasibət bildirməməsi müəyyən edilən həmin əmlakların orta bazar qiymətini müəyyən etmək üçün iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı nəticəsində ünvan 5 ünvanında yerləşən, sahəsi 77.6 m2 olan 4 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 153.000 manat məbləğində müəyyən olunduğu, 2011-ci il buraxılışlı, “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə cavabdeh tərəfindən ekspert tədqiqatına təqdim edilmədiyindən həmin avtomobillə bağlı tədqiqat aparmağın mümkün olmadığı barədə xx.xx.2023-cü il tarixli ekspert rəyi tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Avtomobillə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf avtomobili ekspert tədqiqatına təqdim etməyərək, onun keçirilməsinə mane olduğundan, məhkəmə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyi yuxarıda da qeyd olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən edilmiş hallara əsaslanaraq, həmin avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiymətinin 12.000 manat (müvafiq zərər aktında qeyd edilən xərc tələb olunduğu (qüsurlu) halda orta bazar qiymətinin isə 7.500 manat) təşkil etməsini nəzərə alır və iddiaçının həmin avtomobildəki ½ hissədə olan payını 5.000 manat məbləğində dəyərləndirməsini ədalətli hesab edir. Bu məbləğin ədalətli olmadığını sübut etmək yükü məhz avtomobili ekspert tədqiqatına təqdim etmək vəzifəsini daşıyan cavabdehin üzərindədir. Lakin cavabdeh avtomobili ekspert baxışına təqdim etməkdən boyun qaçırmaqla məhkəmənin iddiaçının təklif etdiyi hazırki kompensasiya məbləğinin ədalətli olması qənaətinə gəlməsinə şərait yaratmışdır. İddiaçı məhkəmə prosesindən əvvəl bildiriş verməsinə baxmayaraq, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, həm də xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında əmlaklarda olan payını alması üçün mənzilə görə 76.500 manat və avtomobilə görə isə 5000 manat olmaqla, ümumilikdə 81.500 manat kompensasiya qarşılığında cavabdehə təklif etmiş, məhkəmə yuxarıda göstərilən əsaslara görə bu məbləğləri ədalətli hesab etmiş, cavabdehin vəkili-nümayəndəsi bu təklifə cavabdehin münasibətini öyrənmək üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında isə cavabdehin vəkilinümayəndəsi cavabdehin iddiaçının təklifini qəti qəbul etmədiyini, hazırki prosesin uzanmasını və məsələnin hərracla həll edilməsini istədiyini bildirmişdir. Beləliklə, naturada ayrılması qeyri-mümkün olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllə, 42b saylı evdə yerləşən 4 saylı mənzilə və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmamaları müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin mənzil və avtomobil açıq hərracda satılmalı və əmlakların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməlidir. Məhkəmə onu da qeyd edir ki, hərraca çıxarılmalı olan mənzilin və torpaq sahəsinin satış qiymətinin müəyyənləşdirilməsi zəruri deyildir. Belə ki, birincisi iddia ərizəsində həmin əmlakların qiymətinin müəyyənləşdirilməsi tələbi mövcud olmamışdır; ikincisi isə, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin həm də əmlakın hərracdan satış qiymətini müəyyənləşdirməli olması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 414.4-cü maddəsində hərracın auksion və ya müsabiqə formasında keçirildiyi, ən yüksək qiymət təklif etmiş şəxsin auksionda hərracı udmuş sayılacağı, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxsin isə müsabiqə üzrə hərracı udmuş sayılacağı müəyyənləşdirilmiş, beləliklə də əmlakın hətta real dəyərindən də yüksək qiymətə satılması üçün imkan yaradılmışdır. Hərracdan satılmalı olan əmlakın qiymətinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi mexanizmini nəzərdə tutan “İpoteka haqqında” Qanun isə hazırkı mübahisəyə tətbiq edilə bilməz; çünki həmin qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Hazırkı mübahisə isə eyni hüquqlu şəxslər arasında yaranmaqla onlar, açıq hərraca çıxarılacaq əmlaklarının ilkin satış qiymətini qarşılıqlı razılıq əsasında, razılıq əldə etmədikdə isə, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət etməklə müəyyən edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. - Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə müvafiq olaraq, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəməyə təqdim edilmiş ekspert rəylərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Hazırda rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat hazırda kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllə, 42b saylı evdə yerləşən 4 saylı mənzilə və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin mənzil və avtomobil açıq hərracda satılmalı və satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmənin xərclər məsələsinə qiymət verməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllə, 42b saylı evdə yerləşən 4 saylı mənzilə və “Seat Leon” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərəflərin bir-birlərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin mənzil və avtomobil açıq hərracda satılsın və satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar