Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-944/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X4-Bank Kredit Təşkilatının nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdehlər Timoti Tarrant, Andree Simon, Cavabdeh X4-Bank Kredit Təşkilatı və “Finca İnternational”a qarşı "əmək kitabçasının təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Timoti Tarrant, Andree Simon, Cavabdeh X4-Bank Kredit Təşkilatı və “Finca İnternational”a qarşı "əmək kitabçasının təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycandakı Finca təşkilatında əmək fəaliyyətini 3 iyul 1998-ci ildə tam ştatlı kredit mütəxəssisi kimi başlamışdır. İddiaçını bu işə götürəndə o, şəxsi əmək kitabçasını Finca-ya vermişdi, çünki artıq iş stajı var idi. Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq (10 dekabr 1971-ci il tarixli), əmək kitabçası əmək fəaliyyətinin əsas sənədidir və analoji Əmək Məcəlləsinin 87-ci maddəsində göstərdiyi kimi işəgötürən 5 gündən çox işləyən hər bir işçi üçün əmək kitabçasını doldurmağa və əmək müqaviləsi ləğv edildikdən dərhal sonra işçiyə verməyə borcludur. İşçilərin əmək kitabçasının forması və onun tərtibi haqqında Qaydalarin 8.2.-ci bəndinə əsasən (Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmişdir) işəgötürən tərəfindən ciddi hesabat sənədləri olan kitabçaların saxlanma müddəti 50 ildir. Finca ondan kitabçasını əldə etmək üçün etdiyi çoxsaylı cəhdlərinə məhəl qoymadı və Əmək Nazirliyinə belə bir işçinin olmaması, yalnız 24 noyabr 1999-cu ildə ölkədə fəaliyyətə başladıqları barədə sorğuya cavab verdi. Təşkilatın bu bəyanatları məqsədli şəkildə yalandır. Əmək Nazirliyi məhkəməyə müraciət etməyi tövsiyə edib. Finca işçiləri və onun rəhbərliyi iddiaçını Əmək Nazirliyinin əməkdaşlarının qarşısında yalançı göstərdilər, hər cür hiylə və yalanlarla əmək hüquqlarını təmin etməkdən yayındılar, mediasiyaya gəlmədilər, əsəblərini, pulunu, vaxtını boş yerə xərcləməyə məcbur etdilər. İndi iddiaçı öz iş stajını bərpa etməli, Fincadan əvvəl işlədiyi uzun müddət ləğv edilmiş müəssisələrin arxivlərində sənədlər axtarmalı olacaqdır. Bu həm də Finca tərəfindən işçi hüquqlarının və ölkənin qanunlarının ilk qəsdən pozulması faktı deyil. “Finca İnternational” Azərbaycandakı Finca-nın rəhbər orqanıdır. Belə ki, işəgötürən iddiaçının əmək hüquqlarını qəsdən, rüsvayçılıqla pozmaqla yanaşı, ona illik 50 faizlə kreditlərdən hər il milyonlar qazanmaq imkanı yaradan ölkənin qanun və əxlaq qaydalarını kobud surətdə pozaraq, özünün təkəbbürlü və lovğalıqla təhqiredici davranışı ona əzab, mənəvi ziyan vurdu. Göstərilənlərə əsasən, cavabdehlərin birgə və ya ayrı-ayrılıqda öz vəsaitləri hesabına iddiaçıya kitabçanın verildiyi günə qədər iş stajını göstərməklə əmək kitabçası verməyini və onun itirildiyi halda onların hesabına əmək kitabçasındakı əvvəlki qeydləri bərpa etməyini, eləcə də iddiaçıya 300.000 manat məbləğində mənəvi ziyan və məhkəmə xərclərini ödəməyi cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini və iddia ərizəsində qeyd edilən xüsusatları müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 1971-ci ildə qəbul edilən əmək qanunvericiliyinin 19-cu maddəsinə əsasən işçi yalnız əmək müqaviləsi bağlandıqdan sonra iş yerinə buraxıla bilər. İş yerinə giriş-çıxışla bağlı isə onun əlində xidməti vəsiqəsi vardır ki, bu da tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan başqa, şahid ifadələri və s. sübutlar da göstərə bilər ki, o, həqiqətən Cavabdeh X4-Bank Kredit Təşkilatında işləmişdir. Onun 1998-ci ildə adının “Finca İnternational” olması və sonra onun səlahiyyətlərinin Cavabdeh X4-Bank Kredit Təşkilatına keçməsi o demək deyil ki, o, həmin müssisədə çalışmamışdır. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətən isə bildirmişdir ki, onun daha öncə əmək kitabçalarının Cavabdeh X4-Bank Kredit Təşkilatında saxlanması barədə məlumatı yox idi. O, qısa bir müddət öncə orada çalışan bir işçi vasitəsi ilə xəbər tutdu ki, əmək kitabçaları orada saxlanılır. Ona görə o heç nə edə bilməzdi.
4. Məhkəmə iclasında Cavabdeh X4-Bank Kredit Təşkilatının nümayəndələri X2 və X3 iddia tələbini qəbul etmədiklərini bildirərək və tərəflərindən verilmiş etirazı və iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun keçmiş iş yoldaşıdır. Belə ki, o, xx.xx.1999-cu ildən xx.xx.2001-ci il tarixinədək Cavabdeh X4-Bank Kredit Təşkilatında çalışmışdır. Bununla bağlı rəsmi sənədləri vardır. O, işə qəbul olanda İddiaçı artıq 5-6 ay idi ki, orada işləyirdi. Onların hamısı əmək müqavilələri bağlamaqla işə götürülmüşlər.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun keçmiş iş yoldaşıdır. Belə ki, o, 1998-ci ildə Cavabdeh X4-Bank Kredit Təşkilatında işə başlamışdır. Onun ilk əməkdaşlarından olmuşdur. 13 il həmin müssisədə çalışmışdır. Bununla bağlı rəsmi sənədləri vardır. İddiaçı da həmin vaxt orada çalışan işçilərdən biri olub. O, 2 ildən çox bir müddət orada çalışmışdır. 1998-ci ildə şirkət “Finca İnternational” adlanmış, daha sonra 1999-cu ildə isə Cavabdeh X4-Bank Kredit Təşkilatı yaradılmış və “Finca İnternational”da çalışan bütün işçilər Cavabdeh X4-Bank Kredit Təşkilatına keçirilmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə cavabdeh “Finca İnternational”-da işə başlamasını və əmək kitabçasını həmin təşkilata verdiyini, daha sonra onun səlahiyyətlərinin Cavabdeh X4- Bank Kredit Təşkilatına keçməsini və əmək kitabçasının cavabdehlərdə saxlanıldığını iddia edərək, hazırda ona kitabçanın verildiyi günə qədər iş stajı göstərilməklə əmək kitabçasının verilməsini və əmək kitabçasının itirildiyi halda isə cavabdehlərin hesabına əmək kitabçasındakı əvvəlki qeydlərin bərpa edilməsini və həmçinin, ona dəymiş mənəvi ziyanın və məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan Cavabdeh Şirkətinin direktoru Timoti Tarranta keçmiş işçi İddiaçı tərəfindən yazılan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, əmək kitabçasının təhvil verilməsini, 1996-2001-ci illərdə şirkətdə işləməsini və bu barədə kitabçaya əlaqəli qeydlərin yazılıb verilməsini xahiş etmişdir.
11. Mülki işin materiallarında olan Cavabdeh X4-Bank Kredit Təşkilatının Nizamnaməsindən görünür ki, Cavabdeh “Finca İnternational LLC” şirkəti tərəfindən maliyyə xidməti yönümlü təşkilat kimi təsis edilmiş, təşkilatın təsisçisi ABŞ-ın Merilend Ştatının qanunlarına uyğun olaraq təsis edilmiş və 02 oktyabr 1998-ci il tarixdə 670492 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş, ofisi 11 İst Çeyz küçəsində, Ballimor, MD 21202 ünvanında yerləşən “Finca İnternational LLC” şirkətidir.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “Finca Azərbaycan” X4-Bank Kredit Təşkilatının qeydiyyata alındığı tarix xx.xx.1999-cu ildir.
13. Mülki işin materiallarında olan Cavabdeh X4-Bank Kredit Təşkilatı tərəfindən məhkəməyə ünvanlanan ərizə ilə cavabdeh məhkəmənin icraatında olan əmək mübahisəsi tələbinə dair hazırki işə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MM QBKT-na ərizə ilə müraciətində eyni ilə aşağıdakıları qeyd etmişdir: “Xahiş edirəm mənim əmək kitabçamı təhvil verəsiz,1996-2001-ci illərdə şirkətdə işləmişəm və bu barədə kitabçaya əlaqəli qeydlər yazıb verəsiz”. İddiaçının qeyd edilən müraciəti ilə bağlı həmin ərizəsi qoşmaya əlavə edilib. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciətində eyni iə aşağıdakıları qeyd etmişdir: “Finca Təşkilatı mənə əmək kitabçasını qaytarmır və müraciətlərimə cavab vermir, bu məsələdə köməklik göstərilməsini xahiş edirəm”. İddiaçı həmçinin hazırki iş üzrə iddia ərizəsində də oxşar məzmunda qeydlər etmişdir. Beləliklə, yuxarıda qeyd edilən sənədlərlə mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçının əmək hüququnun pozulmasını iddia etdiyi tarixdən 23 ildən artıq müddət keçmişdir. Eyni zamanda həmin dövrdə Təşkilat ümumiyyətlə mövcud olmamışdır. Belə ki, iddiaçı Təşkilata ünvanladığı ərizədə 1996-cı ildən, iddia ərizəsində isə 1998-ci ildən Təşkilatda işlədiyini qeyd etdiyi halda Təşkilat 1999-cu ilin noyabr ayında ilk dəfə Azərbaycanda fəaliyyətə başlamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
17. Məlum olduğu kimi hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
18. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).
19. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.
20. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
21. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
22. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
23. Əmək Məcəlləsinin 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərə işçinin əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənəd tələb edilir.
24. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
25. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
26. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
27. Hazırki iş üzrə İddiaçı 03 iyul 1998-ci il tarixdən etibarən cavabdeh təşkilatda işə başlamasını və işə başladıqdan sonra əmək kitabçasını cavabdeh təşkilata verməsini iddia edərək, əmək kitabçasının ona geri qaytarılmasını tələb etsə də, tələbini əsaslandıracaq sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də iddiaçının həqiqətən də 1998-ci il tarixdə cavabdeh təşkilatda işə başlaması və əmək kitabçasının cavabdeh təşkilatda qalması halları müəyyən edilməmişdir.
28. Bununla bağlı, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iddianın təmin edilməsi üçün iddiaçı tərəfindən onun həqiqətən cavabdeh təşkilatda işləməsi, hansi müddətdə işə daxil olması, hansı müddətə qədər işləməsi və əmək kitabçasının cavabdehdə qalması sübut edilməlidir ki, məhkəmə tərəfindən də həmin əmək kitabçasının cavabdehdən alınıb iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilsin (əks halda hazırki vəziyyətdə iddianın təmin edilməsi gələcəkdə hazırki qətnamənin icrasını mümkünsüz edəcəkdir-işdən azad edilmə müddəti üçün). Hazırki vəziyyətdə nə iddiaçı təşkilatda işləməsini sübut edə bilir, nə də ki cavabdeh iddiaçının onun iddia ərizəsində qeyd edilən tarix aralığında özünün işçisi olmasını etiraf edir. Yəni cavabdeh hazırda iddiaçının ümumiyyətlə orada işləməsi faktını mübahisələndirir. Məhkəmə əlavə olaraq qeyd edir ki, əgər iddiaçı qeyd edilən halları sübuta yetirə bilsə idi, o zaman qanunvericiliklə nəzərdə tutulan sübutetmə yükü iddiaçının yox, cavabdehin üzərinə düşmüş olacaqdı.
29. Məhkəmə həmçinin iş üzrə izahaları alınmış şahid ifadələrinə münasibətdə qeyd edir ki, onlar məhkəmə iclası zamanı özlərinə məxsus əmək kitabçalarını gətirsələrdə, işlədikləri müddət dediklərinə görə üst-üstə düşsədə bu hal hazırki iddia tələbinin təmin edilməsinə yönələ bilməz və şahid ifadələri iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Qeyd edilən ifadələr yalnız gələcəkdə iddiaçının əmək stajının hesablanması və s. tələbi ilə bağlı olduğu təqdirdə məhkəmə araşdırmasının predmeti ola bilər.
30. Beləliklə, məhkəmənin hazırki iddia tələbi ilə bağlı gəldiyi qənaət budur ki, məhkəmə araşdırması zamanı hazırki iddia tələbinin kökündə iddiaçının həqiqətən də cavabdeh təşkilatda qeyd edilən tarix aralığında işləməsi faktının müəyyən edilməsi durduğundan və hər bir faktın müəyyən edilməsi də məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan məsələ olduğundan ilk öncə iddiaçının həqiqətən də cavabdeh təşkilatda işləməsi və əmək kitabçasının cavabdehdə qalması faktı müəyyən edilməli, daha sonra iddiaçı həmin əmək kitabçasının alınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması iddiasını irəli sürməlidir. Odur ki, hazırki iddia tələbi əmək kitabçasının cavabdeh tərəfindən iddiaçıya verilməsi hissəsində əsassız hesab edilməli və rədd edilməlidir.
31. Məhkəmə iddia tələbinin qalan hissələrinə (əmək kitabçası itirildiyi halda cavabdehlərin hesabına əvvəlki qeydlərin bərpa edilməsi və mənəvi ziyanın əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi) münasibətdə hesab edir ki, hazırda iddia tələbi əsas hissədə rədd edildiyindən və digər hissələr də əsas hissəyə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla həmin hissələrdə də iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə bildirir ki, bu halda (iddianın mahiyyətinə uyğun olaraq) subyektiv cavabdehlərin dairəsinin kim olmasının araşdırırlmasına da prosessual qənaət prinsipini nəzərə almaqla zərurət qalmamışdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Timoti Tarrant, Andree Simon, Cavabdeh X4-Bank Kredit Təşkilatı və “Finca İnternational”a qarşı "əmək kitabçasının təhvil verilməsi və s." tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.