Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-958/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1352№-li, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri, inzibati tənbeh barədə F-368 №-li əmrin ləğv edilərək onun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnzibati tənbehi barədə xx.xx.2022-ci il tarixli F-368№-li əmrinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-1352 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin ləğv edilərək onun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, xx.xx.1982-ci ildə 13№li məktəbdə müəllimə, xx.xx.1986-cı il tarixdə 24№li məktəbdə müəllimə, xx.xx.1987-ci il tarixdə Təhsil şöbəsində əmək təlimi üzrə metodist, xx.xx.2013cü il tarixdə Sumqayıt şəhər 34№li məktəbdə direktor vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdən 205-№li məktəbin direktoru, xx.xx.2018-ci il tarixdən 15 iyul 2019-cu il tarixədək Bakı şəhəri, 179 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra bağlanmış müddətli əmək müqaviləsinin müddəti 15 iyul 2020-ci il tarixədək, sonra isə 15 iyul 2021-ci il tarixədək bir il müddətinə uzadılmışdır. Məktəb iki korpusdan ibarətdir, hər iki korpusun idarə olunmasına, daxili nizam-intizam qaydalarına əməl olunmasına işlədiyi müddətdə ciddi nəzarət etmişdir. Lakin, xx.xx.2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) xitam verilmişdir. (Əmr № 1629/k, xx.xx.2022-ci il). O, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1629/k saylı əmrlə razılaşmır. Belə ki, o, əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etmişdir. İş zamanı əmək vəzifələrini pozmamışdır. Belə ki, onun tərəfindən 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbin 4 (dörd) fiziki tərbiyə müəllimindən pul almağına dair əsassız iddialar var. Ona müəllimlər pul olan zərfi verərkən o, onun içərisində həqiqətən pul olduğunu bilmirdi, zərfi götürən zaman ona içərsində şikayət ərizəsi olduğunu dedilər, o da həmin zərfi şikayət ərizəsinə baxmaq, məlumatlanmaq üçün qəbul etdi. Otağında zərfi açıb baxdıqda içərisində pul olduğunu gördü və bununla əlaqədar xx.xx.2022-ci il tarixdə həmin 4 fiziki tərbiyə müəlliminin də iştirakı ilə 100 saylı akta əsasən ona verilmiş zərfdə olan pulu həmin müəllimlərə geri qaytardı. Bundan başqa, 24-25 oktyabr 2022-ci il tarixdə işdə olmamağının səbəbi Türkiyə Respublikasına müayinəyə getməyi olub. Belə ki, 20 oktyabr 2022-ci il tarixdə kadrlar üzrə məsləhətçi Gülnar Abbasovaya zəng edərək istifadə etmədiyi məzuniyyət günlərindən dörd gün (24- 27 oktyabr) tarixlərinə icazə almışdır. Həmin vaxt o, ona ərizəsinin və onu əvəz edəcək adamın ərizəsinin ona göndərməyini dedi. Növbəti gün özü və təlim–tərbiyə işləri üzrə direktor müavininin ərizələrini Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərmişdir. Ərizələri aparan müəlliməyə dəfələrlə tapşırmışdır ki, ərizələr mütləq Gülnar xanımın özünə çatdırılsın. İdarəyə yaxınlaşan zaman ərizəni aparan müəlliməyə bildiriblər ki, Gülnar xanım işdə yoxdur. O, onunla əlaqə saxlayıb. O da ona demişdir ki, gözləsin və ya ərizələri polis nəfərinə versin. Polis məktubu götürməyib ki, özü ilə əlaqə saxlayın. Bir müddət gözlədikdən sonra nahar fasiləsi başlayıb. Qəbul otağında olanlar gələnə qədər hətta mühafizəçiyə deyib ki, ərizələri götürüb, insan resurslarına çatdırsın. Mühafizəçi imtina edib. Nahar fasiləsi bitdikdən sonra ərizələri qəbul otağında Nuridə xanıma verib və dediyinə görə məhz həmin gün Gülnar Abbasovaya çatdırmasını xahiş edəndə ona “narahat olmuyun, mütləq çatacaq” deyilib. Həmin müəllimlə onun vatsap yazışması da var. O, cari ilin iyun ayının 17-də və iyul ayının 25-də iki əməliyyat keçirmişdir. Hər ikisi narkozla və çox çətin olub, işlədiyi məktəbdə iş çoxluğunu və çətinliyini nəzərə alaraq o, xəstəxanadan çıxdıqdan sonra belə reabilitasiya üçün xəstəlik vərəqəsindən imtina etmişdir. Hər ikisindən sonra əmək məzuniyyətinin bir hissəsini götürmüşdür. BŞTİ-nə göndərdiyi ərizədə də qeyd etdiyi kimi müayinəyə ehtiyacı olduğu üçün qalan məzuniyyət günlərindən dörd gün üçün icazə verilsin ki, ümumi müayinəyə getsin. Bakı şəhər təhsil sistemində işlədiyi dövrdə hər zaman belə olub. Öncədən İR-na müraciət olunub. Əgər ərizə ilə müraciət edin deyiblərsə, bu razılıq kimi qəbul edilib. O da bu səbəbdən işə çıxmamışdır. 24 oktyabr 2022-ci il tarixdə G. Abbasovaya zəng vurub bildirəndə ki, icazə verilməyib o artıq hava limanında təyyarəyə minirdi. O, artıq qeydiyyat işlərini bitirmiş, baqajı da təhvil vermişdi. Yanında qızı və körpə uşaq da var idi. Biləndə ki, ona icazə verilməyib artıq geri dönə bilməzdi. İstanbula çatdıqda geri dönmək qərarı verdi və geri bilet almaq üçün müxtəlif aviaşirkətlərə müraciət etməli oldu. Elə həmin gün axşam (gecə saatlarında) həqiqətən bilet üçün hava limanında olduğu barədə vatsapla məkanı Gülnar xanıma göndərmişdir. Yalnız 25 oktyabr 2022-ci il tarixdə bilet tapmışdır və 26 oktyabr 2022-ci l tarixdə gecə saat 5-də geri dönüb saat 7:30-da işə çıxmışdır. Baxmayaraq ki, bileti hər iki istiqamətə idi. O, yeni bilet alaraq Bakıya geri dönmüşdür. BŞTİ-nə müraciət etdiyi məktuba isə rəsmi cavabı xx.xx.2022-ci il tarixdə almışdır. Həmin məktubu idarənin əməkdaşı T.Mahmudovanın göstərişinə əsasən məktəbin katibəsi onun vatsap ünvanına şəklini atıb. İşlədiyi dövrdə o, heç vaxt bir gün belə işdən səbəbsiz qalmamışdır. Əksinə, hər gün saat 7:30-dan axşam saat 19:00-dək (hətta 21:00-dək) işdə olmuşdur. Hər zaman subardinasiyaya böyük önəm vermişdir. Bütün bunlardan başqa xx.xx.2022-ci il tarixli əmrə əsasən BŞTİ-nin “İctimayyətlə əlaqələr işinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrin 5.6-cı və 5.7-ci bəndlərinə əsaslanaraq ona töhmət verilib. Töhmət verilməsinə səbəb olan hadisə o olub ki, məktəbdən kənarda deyilənə görə məktəbin giriş qapısında məktəbin şagirdlərinə naməlum bir qadın tərəfindən konfet şəklində narkotik vasitə paylanılmışdı. Əmrdə bildirilir ki, o, bu hadisə ilə bağlı BŞTİ-si ilə razılaşdırılmadan " Space" kanalına açıqlama vermişdir. Halbuki, bu da səhv məlumatdır. O, nəinki “Space” kanalına, hətta həmin vaxt məktəb ərazisində olan Baku.tv kanalında belə açıqlama verməmişdir. Hər iki videosujetdə jurnalistlər onun açıqlama verməkdən imtina etdiyini bildirirlər. Hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir. Elə həmin vaxt da o, 11:18-də və 11:58-də ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla əlaqə saxlayıb olanlar barədə məlumat vermişdir və nə edəcəyini soruşmuşdur. İzahatında da bildirdiyi kimi o ona “ bu barədə ictimayyətə açıqlama vermək məktəbin səlahiyyəti daxilində deyil. Bu barədə mediaya açıqlama verməyin” demişdir. O da bu göstərişə əsasən hərəkət edərək məktəbin daxilində olmuşdur və mediya ilə görüşməmişdir. xx.xx.2022-ci il tarixdə ictimaiyyətlə əlaqədar sektorunun əməkdaşı Lalə Qarayeva olanlarla bağlı izahat yazmağını bildirdi. Elə həmin gün Outlook vasitəsi ilə onun və təlimtərbiyə işləri üzrə direktor müavini Kənan Quliyevin izahatlarını BŞTİ-nə göndərmişdir. xx.xx.2002-ci il tarixli 98-N li əmrə əsasən tərbiyə işləri üzrə direktor müavini X6 Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq elan edilib. Onların tam açıqlanmasını izahatında göstərmişdir. Hadisə baş verən vaxt 43-cü polis bölməsinə müraciət etmək üçün belə o, ictimayyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla razılaşdırmışdır. Yəni, özbaşına heç bir hərəkət eləməmişdir. Buna baxmayaraq iş yeri üzrə rəhbərlik əmək müqaviləsini ləğv etmiş və səbəb kimi guya onun 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbin 4 (dörd) fiziki tərbiyə müəllimindən pul almağı, bununla da təhsilverənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyi, 24-25 oktyabr 2022-ci il tarixlərdə üzrlü səbəb olmadan 2 (iki) tam iş günü işdə olmamağı və əmək vəzifələrini kobud şəkildə pozmağı bəhanələrinə qanunsuz əsaslanaraq onu işdən azad etmişlər. Həmçinin, bunun nəticəsi olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04 noyabr 2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Qeyd edilənləri nəzərər alaraq, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqqında Əsasnamənin”13.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, onunla bağlanmış əmək müqaviləsi təhsil müəssisənin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmri verilmişdir. Bu əmri əsassız və qanunsuz hesab edir. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Ona görə də hesab edir ki, onun işdən çıxarılmağı əsassız və qanunsuzdur. xx.xx.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Sonda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı 4 nəfər müəllim tərəfindən pulun zərfdə təklif edilməsi və Bayaz xanım tərəfindən onun qəbul edilməsinin özü pozuntu halıdır. Digər tərəfdən, İddiaçı işəgötürən tərəfindən heç bir razılıq olmadan ölkə hüdudlarını tərk etmiş və üzürsüz səbəbdən işə gəlməmişdir. İddiaçı ilə əlaqə saxlanıldıqda o, Türkiyə Respublikasında olduğunu və 28 oktyabr 2022- ci il tarixdə ölkəyə qayıdacağını bildirmişdir. Məlumat araşdırıldığı zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri 179 nömrəli tam orta məktəbin direktoru İddiaçı xx.xx.2022-ci il tarixdə işəgötürən olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət etmiş, 2021/2022-ci iş ili hesabına istifadə etmədiyi məzuniyyətdən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir. Lakin, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı əmək məzuniyyəti günlərindən əvəzgün olaraq istifadə etməsi məqsədəuyğun hesab edilməmişdir. Bu barədə İddiaçı müvafiq cavab məktubu ünvanlanmışdır. Buna baxmayaraq İddiaçı vəzifə öhdəliklərini kobud şəkildə pozaraq işə gəlməmişdir. Beləlikə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclasında təqdimatda qeyd olunmuş məsələlər müzakirə olunmuş və təqdimat təmin olunaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Beləliklə, hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, əmrin verilməsinə səbəb Bayaz xanıma zərfin verilməsi olmamışdır. Əmrin verilməsinə əsas onun 24-25 oktyabr tarixlərində rəsmi işdə olmamasıdır. X2 qərarından tərəf narazı idisə, bununla bağlı yuxarı orqan Həmkarlar Təkilatına müraciət etməli idi. Əgər həmin qərardan şikayət verilməmişdirsə, deməli tərəf həmin qərarla razılaşmışdır. Digər tərəfdən, inzibati tənbeh tədbiri verilməsə belə, yenə də tərəfin 2 gün faktiki olaraq işdə olmaması onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin pozulması deməkdir. Odur ki, hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, 179№-li orta məktəbdə idman müəllimi işləyir. İddiaçı N.Bayazı tanıyır. 2018-ci il tarixdə onunla eyni vaxtda məktəbə gəlmişlər. Onunla eyni vaxtdan işlədiyinə, həm də gənc kadr kimi ona diqqət göstərdiyinə görə Bayaz xanımın xətrini çox istəmişdir. 5 oktyabr Müəllimlər günü münasibətilə məktəbin 4 idman müəllimi yığışıb Bayaz xanımı təbrik etmək qərarına gəldilər və hərəsi 50 manat olmaqla, cəmi 200 manat məbləğində pulu zərfin içərisinə qoyub Bayaz xanıma verdilər və verəndə də onların şikayət ərizələrinin olduğunu bildirdilər. Səhəri gün Bayaz xanım onları otağına dəvət etdi və bildirdi ki, onlar səhv iş görüblər. Buna ehtiyac yox idi. Pulları onları geri qaytarmış, bununla bağlı protokol tərtib olunmuşdur. Hətta bundan sonra onlara tənbeh də verilmişdir. Digər hadisə ilə bağlı isə qeyd etmişdir ki, onun evi şöbəyə yaxın olduğundan məktəbin şöbəyə çatdırılası bütün sənədlərini o aparıb şöbəyə təhvil vermişdir. Bayaz xanımın da məzuniyyət məsələsi ilə bağlı sənədi oktyabrın 21-i tarixində aparıb ümumi şöbədə Nuridə xanıma təhvil vermişdir. Nuridə xanıma təhvil verib qəbul etdi barəsində sənəd almamışdır. Bildirmişdir ki, ümumiyyətlə sənədləri təhvil verəndə şöbədə onun adı qeyd olunur və ona qəbul edilmə barədə hər hansı sənəd təqdim olunmur. Oktyabrın 21-də sənədi verdikdən sonra həmin sənədin nəticəsi barədə ondan hər hansı bir məlumat olmamışdır. Əlavə olaraq, məktəbin sənədlərinin ümumi şöbəyə verilməsi ilə bağlı onun hər hansı bir səlahiyyəti olmamışdır. Sadəcə evi yaxın olduğu üçün sənədləri o aparıb təhvil verirmiş. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 100№-li Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi adı ilə məktəbin direktoru N.Bayaza verilmiş zərfdə olan pul xx.xx.2022-ci il tarixdə həmin müəllimlərə geri qaytarılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, F-368№-li İntizam tənbehi barədə Əmrin surətindən görünür ki, Bakı şəhəri 179 nömrəli tam orta məktəbin direktoru N.Bayaz məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşırmadan Space televiziya kanalına açıqlama vermiş, nəticədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin “İctimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrinin 5.6-cı və 5.7-ci bəndlərinin tələblərini pozmuş, bununla da ona əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 114№-li məktubdan görünür ki, 179 nömrəli tam orta məktəbin direktoru N.Bayaz ona verilən xx.xx.2022-ci il tarixli, F- 368№-li əmrə münasibətdə bildirmişdir ki, o, əmrdə qeyd edildiyi kimi Space kanalına, hətta həmin vaxt məktəb ərazisində olan Baku.tv kanalına da açıqlama verməmişdir. Məhkəmə ilk öncə iddia tələbinin Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnzibati tənbehi barədə xx.xx.2022-ci il tarixli F-368№-li əmrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 29 sentyabr 2022-ci il tarixində təhsil müəssisəsindən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə ilə bağlı açıqlama vermişdir. İddiaçı həmin tarixdə heç bir kanala açıqlama vermədiyini iddia etmişdir. Lakin, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi xx.xx.2022-ci il tarixli F-368№-li əmrin ləğv edilməsi hissəsində yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin surətindən görünür ki, Bakı şəhəri 179 nömrəli tam orta məktəbin direktoru N.Bayaz ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 noyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Əsas kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/TQD-99-2825 nömrəli məktubu və Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixliİ, 80 nömrəli protokolundan çıxarışı və müvafiq sənədlər olmuşdur. Mülki işin materiallarında olan N.Bayaz tərəfindən verilən xx.xx.2022-ci il tarixli İzahatın surətindən görünür ki, 24-25 oktyabr 2022-ci il tarixində onun işdə olmamasının səbəbi Türkiyə Respublikasına müayinəyə getməyi olub. Bildirdiyinə görə o, əvvəlcədən lazımi sənədləri ümumi şöbəyə çatdırmış və “whatsapp” vasitəsilə kadrlar üzrə məsləhətçi Gülnar xanıma bildirmişdir. Sonradan onun məzuniyyət barədə sənədlərinə razılı verilmədiyi barədə xəbər tutduqdan sonra o, işinə geri qayıtmışdır. Mülki işin materiallarında olan AR Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən N.Bayaza göndərilən xx.xx.2022-ci il tarixli cavab məktubundan göründüyü kimi N.Bayaz bir neçə dəfə pozuntulara yol vermişdir. Belə ki, ilk öncə o, məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşırmadan Space televiziya kanalına açıqlama vermiş, bununla da açıqlamanın verilməsi hadisənin məktəbdə baş verməsinin təsdiqi kimi təqdim edilmişdir. Bundan başqa, 179 nömrəli məktəbə rəhbərlik etdiyi dövrdə məktəbin müəllimlərindən zərfdə pul almış, bu, məktəbin müşahidə kameraları vasitəsilə qeydə alınmış, həmçinin bunu o, öz izahatında da təsdiq etmişdir. Eyni zamanda, 24-xx.xx.2022-ci il tarixlərində üzrlü səbəb olmadan işdə olmamışdır. Mülki işin materiallarında olan AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, N.Bayaz tərəfindən 2021/2022-ci iş ili hesabına əmək məzuniyyətindən istifadə edilməyən 4 təqvim günündən 24-28 oktyabr 2022-ci il tarixlərində əvəzgün olaraq istifadə etməsi ilə bağlı məsələnin həlli məqsədəuyğun hesab edilməmiş və xx.xx.2022-ci il tarixində onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Aktların surətlərindən görünür ki, məktəbin direktoru N.Bayaz 24-25 oktyabr 2022-ci il tarixlərdə üzrlü səbəb olmadan işdə olmamışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 80 nömrəli protokolundan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli təqdimatı təmin edilmiş və N.Bayaz ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 10.40-11.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:R.Süleymanov). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı N.Bayaz 21 oktyabr 2022ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edərək 2021/2022-ci iş ili üzrə istifadə etmədiyi əmək məzuniyyətindən istifadə etməsinə dair icazənin verilməsini xahiş etmişdir. Lakin, həmin ərizəyə rəsmi cavab verilməsini gözləmədən (hansı ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən N.Bayazın əmək məzuniyyətinə çıxmasına razılıq verilməmişdir) 24-25 oktyabr 2022-ci il tarixlərində üzrlü səbəb olmadan 2 tam iş günü işdə olmamışdır. Bununla da onun tərəfindən vəzifə öhdəlikləri kobud şəkildə pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, işçi N.Bayazın əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-1352№-li Əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyindən, iddiaçının həmin hissədə də tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın işə bərpa, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi hissələrinə münasibətdə qeyd edir ki, həmin tələblər xx.xx.2022-ci il tarixli, K- 1352№-li Əmrin ləğv edilməsi tələb ilə bağlıdır və həmin tələbin təmin olunubolunmamasından asılıdır. Həmin hissədə də iddia tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-958/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-958/2023
14.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver