Məhkəmə qərarları › İş №e-2(007)-1010/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1010/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1010/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada tutulmaqla 6060 AZN məbləğində ödənilmiş vəsaitin geri qaytarılması, 2000 AZN həcmində təmir işlərinin sökülməsi üçün tələb edilən vəsaitin, 350 AZN hüquqi yardıma görə ödənilmiş ödənişin, həmçinin 1000 AZN həcmində mənəvi zərərin, o cümlədən, dövlət rüsumu kimi ödənilmiş 114.10 AZN vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərdən müştərək qaydada tutulmaqla 6060 AZN məbləğində ödənilmiş vəsaitin geri qaytarılması, 350 AZN hüquqi yardıma görə ödənilmiş ödənişin, həmçinin 1000 AZN həcmində mənəvi zərərin, o cümlədən, dövlət rüsumu kimi ödənilmiş 114.10 AZN vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı öz yeni aldığı ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılması məqsədilə Cavabdeh1 MMC ilə xx.xx.2022-ci il tarixində təmir podrat müqaviləsi imzalamışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh şirkət tərəfindən ümumi sahəsi 43 kv.m. olan mənzil sahəsinin 1 kv.m–nin qiyməti 235 AZN olmaqla ümumilikdə 10.105 (on min yüz beş) AZN dəyərində razılaşdırılmış və nəticə etibarilə iddiaçı tərəfindən 14 noyabr 2022-ci il tarixində cavabdehə ümumilikdə 6060 (altı min altmış) AZN həcmində vəsait ödənilmişdir. İddiaçı tərəfindən ödəniş həyata keçirildikdən sonra cavabdehlərdən Cavabdeh2 tərəfindən öz əl yazması ilə 6060 AZN ödənişi nağd qaydada almasına dair müvafiq qəbz məzmunlu sənəd tərtib edilmiş və imzalanmışdır. Bununla yanaşı, Cavabdeh2 direktoru olduğu digər cavabdeh hüquqi şəxs Cavabdeh1 MMC-nin adına 2 ədəd olmaqla Seriya 425960 və 425992 saylı kassa mədaxil orderləri də tərtib edərək imza və möhür vurulmaqla hər biri 3030 (üç min otuz) olmaqla cəmi 6060 (altı min altmış) AZN məbləğində vəsaitin alınmasını təsdiq etmişdir. Ödənilmiş vəsaitin müqabilində cavabdeh tərəfindən 26 siyahıda əks edilən işlər müqavilə üzrə görüləcək işlər kimi iddiaçıya təqdim edilmişdir. Lakin, təəssüflər olsun ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu işlərin bir qismini ümumiyyətlə yerinə yetirməmiş, digər bir qismini isə tam şəkildə birmənalı qüsurlarla yerinə yetirmişdir. Hesab edir ki, bununla cavabdehlər iddiaçıya zərər vurmuşlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Beləliklə, cavabdeh tərəfindən görülmüş işlərin vəziyyəti aşağıda qeyd edildiyi kimi olmuşdur: Cavabdeh tərəfindən giriş qapısının ağzına mətbəx və sanuzel otağında isti pol çəkilib işlər düzgün və keyfiyyətli görülməmişdir. Bunu şəkillərdən aydın görmək mümkündür. Belə ki, su sızıntısı vardır, su buraxır və təzyiq aşağı düşür. İddiaçı isti polun düzgün çəkilmədiyi qənaətindədir. Elektrik işləri: cavabdeh şirkət tərəfindən 2 otağa, sanuzel otağına, balkona və mətbəxə və giriş qapısı ağzına elektrik işləri görülüb. Bu işlər tamamlanmamışdır. Həmçinin xəttlərin çəkilişində səhvlər mövcuddur. Enerjinin topraqlanma işləri düzgün rəngdə çəkilməyib, ən ucuz və keyfiyyətsiz karobkalar qoyulub. Bunların dəyəri 0.20-0.30 qəpik arasında olmuşdur. Halbuki razılaşmaya əsasən Türkiyə istehsalı olan təchizatdan istifadə edilməli idi. Beton işləri: İsti polun çəkilməsi üçün giriş qapısının ağzına, sanuzel otağına və mətbəxə müvafiq beton styaşka verilmişdir. Bu işlər tikinti normasına uyğun aparılmamışdır. Altına zibillər tökülməklə üstündə beton tökülüb. Bununla əlaqədar iddiaçı tərəfindən digər bir usta çağırılmış və bu usta tərəfindən yenidən yeni styaşka verilmişdir. 3 dəfə yeni styaşka edilməsinə baxmayaraq betonda çatlar vardır. Üzərində hərəkət edən zaman tərpənmələr hiss edilir ki, bu da gələcəkdə kafel-metlax işləri görülən zaman onların qalxmasına və sıradan çıxmasına gətirib çıxaracaq. Həmçinin beton styaşka giriş qapısıyla düzgün ölçüdə uyğunlaşdırılmadığı üçün kafel və metlax vurulduğu halda giriş qapısına dəymiş olur. Su borularında və isti polda su sızıntsı vardır. Məlum olmayan yerdən su buraxır, təzyiq aşağı düşür. Suvaq işləri: Divarlar müəyyən qədər alfamkaina suvağı ilə suvaq işi görülüb. Lakin, bu işlər də cavabdeh tərəfindən tam görülməmişdir. Əyri yerlər çoxdur. Əyri suvaq işlərinin düzəldilməsi yenidən usta işi tələb edir. Yəni iddiaçı əlavə xərcə düşərək usta çağırıb bu əyrilikləri düzəltdirməlidir. Santexnika işləri: santexnika işləri onunla razılaşdırılmadan həyata keçirilmişdir. Belə ki, santexnika işlərinin yerləri iddiaçı ilə dəqiqləşdirilmədən görülmüş, sonradan iddiaçı düzgün olmadığını bildirsə də heç bir düzəliş edilməmişdir. Mətbəx: Mətbəxin yerləşməsi giriş qapısına yaxın hissədə nəzərdə tutulmuşdur. Mətbəxdə su və kanalizasiya xəttləri çəkilmiş, keyfiyyətsiz və əyriliklərlə müşahidə olunur. Su boruları soyuğa qarşı izolyasiya edilməmişdir. Sanuzel otağında: Su və kanalizasiya boruları çəkilmiş, quruducu yeri çəkilmişdir. Su və kanalizasiya boruları iddiaçının göstərdiyi yerdən çəkilməmiş, dəfələrlə yerlərinin düzəldilməsi iradı bildirilsə də cavabdeh məhəl qoymamışdır. Unitaz yeri sağa çəkilməli olduğu halda çəkilməmişdir. Su boruları burda da soyuğa qarşı izolyasiya edilməmişdir. Təmirdə istifadə edilən materiallarla əlaqədar: ümumiyyətlə təmirdə istifadə edilən materiallardan heç biri 235 manatlıq komfort paketə uyğun qeyd edilən materiallar olmamışdır. Hazırda iddiaçı görülmüş təmir işlərinin keyfiyyətindən narazı olduğu üçün və görülməsi üçün dəyəri ödənilən, lakin, cavabdeh tərəfindən görülməyən təmir işlərinin həyata keçirilməməsindən birmənalı olaraq narazıdır. Ona görə də cavabdehə ödəmiş olduğu maddi vəsaitin geri ödənilməsi, həyata keçirmiş olduqları bütün işlərin sökülməsi və ya sökülməsi üçün tələb edilən vəsaitin hesablanaraq ona ödənilməsi, həmçinin mənəvi zərərin və bu halla əlaqədar üzləşdiyi bütün məsrəflərin ona ödənilməsidir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir ki, “Sifarişçi” “Podratçı”ya müvafiq bildiriş göndərməklə, bu Müqavilənin icrasını tam və ya qismən dayandırmaq və ya ona xitam vermək hüququ vardır. 8.2.1.-ci “Podratçı” Müqavilə üzrə öhdəliklərini həyata keçirməkdikdə, şərtlərini pozduqda və ya müvafiq olaraq lazımi şəkildə icra etmədikdə öz mülahizəsinə əsasən istənilən vaxt; 8.2.2. “Podratçı” Müqavilənin şərtlərini pozduqda və müvafiq olaraq icra etmədikdə; Beləliklə, müqavilənin xitam şərtlərinə iddiaçı tərəfindən əməl olunaraq, qarşı tərəfə müvafiq bildiriş ünvanlanmışdır. Həmçinin tərəflər arasındaki müqavilənin 9-cu bəndinin də tələbinə də iddiaçı tərəfindən əməl edilməklə qarşı tərəfə müvafiq pretenziya məktubu göndərilmişdir. Belə ki, müqavilənin 9.1-ci maddəsinin tələbinə əsasən Tərəflər arasında baş verə biləcək mübahisələr öz aralarında danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycan Respublikası qanunvericiliyi əsasında Azərbaycan Respublikası məhkəmələrində həll olunur. Müqavilənin bu tələbindən də irəli gələrək iddiaçı tərəfindən məhkəmədən öncə pretenziya qaydasında cavabdehlərə müraciət edilmişdir. Cavabdehlərin həm hüquqi şəxs olaraq həm də fiziki şəxs olaraq seçilməsində isə iddiaçının məqsədi ödənişlərin alınmasına dair fiziki şəxsin qəbzi təsdiq və tərtib etməsi, o cümlədən, iddiaçının ilk öncəsində cavabdeh tanıması olmuşdur ki, sonradan münasibətlərin rəsmiləşdirilməsi tələbi ilə hüquqi şəxslə müvafiq təmir müqaviləsinin bağlanması baş tutmuşdur. Belə ki, Cavabdeh2 özünü Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən təmir tikinti şirkətinin rəhbəri kimi göstərmiş, rəsmi şirkətinə aid sənədləri də göstərmişdir. Ona görə belə hesab edir ki, hazırki halda iddia tələbi hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Beləliklə, iddiaçı tərəfindən alınmış vəsaitin müqabilində görülmüş işin keyfiyyəti olduqca aşağıdır. Görülmüş təmir tamamilə yararsız vəziyyət olmaqla, razılaşdırılmış təmir işlərinin görülməsi başa çatdırılmamışdır. Eləcə də edilmiş işlər qüsurlarla bağlı icra edildiyi üçün bərpaya ehtiyac duyur, ona görə də həmin təmirin bərpa edilməsi əlavə vəsait tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 MMC-nin vəkili Vəkil bildirmişdir ki, hazırki mülki iş üzrə iddia tələbində göstərilən məbləği qismən, yəni 5142.10 manat məbləğdə qəbul edirlər. Təmir işlərinin sökülməsi üçün nəzərdə tutulan 2000 manat pul məbləğini isə qəbul etmirlər. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə ünvanlanan bildirişdən görünür ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli təmir podrat müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsini tələb edir. Müqavilə çərçivəsində ona göstərilmiş təmir xidmətinin keyfiyyətindən narazıdır. Ona vurulmuş ziyanla bağlı tələb irəli sürəcəyini bildirmişdir. - İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı cavabdehlərdən 6060 manat məbləğində ödənilmiş vəsaitin, 2000 manat məbləğində təmir işlərinin sökülməsi üçün tələb edilən vəsaitin, 350 AZN hüquqi yardıma görə ödənilmiş ödənişin, həmçinin 3000 AZN həcmində mənəvi zərərin 5 gün ərzində ödənilməsini tələb edir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 12.02.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 114 manat dövlət rüsumu ödəmişdir. - 25.01.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün 350 manat ödəniş etmişdir. - 22 sentyabr 2022-ci il tarixli 425960 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı təmir üçün Cavabdeh1 MMC-yə 3031 manat ödəmişdir. - 02 noyabr 2022-ci il tarixli 425992 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı təmir üçün Cavabdeh1 MMC-yə 3031 manat ödəmişdir. - İddiaçı (sifarişçi) ilə Cavabdeh1 (podratçı) arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci, 2.1-ci bəndlərinə əsasən “Sifarişçi” təmir-tikinti işlərinin yerinə yetirilməsini “Podratçı”ya həvalə edir və “Podratçı” da öz növbəsində bu işlərin görülməsini öz üzərinə götürür. Müqavilənin qiymətinin 30%-i əvvəlcədən, işin 40%-i tamamlandıqda 30% ödənilir, daha sonra işin 80 faizi görüldükdən sonra 30%-i ödənilir, qalan 10%-i isə iş tamamlandıqda nağd və ya köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “Podratçı”ya ödəniləcəkdir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, işlərin təhvil verilməsi 3 ayadək həyata keçirilir. - İddiaçı (sifarişçi) ilə Cavabdeh1 (podratçı) arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli podrat müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, təmir sahəsi 43 kv.m-dir. Görülən işin 1 kv.m üzrə dəyəri 235 manatdır. İşin ümumi məbləği 10105 manatdır. İlkin ödəniş 3031 manat, ikinci ödəniş 3031 manat, üçüncü ödəniş 3031 manat, sonuncu ödəniş 1010 manatdır. - Cavabdeh2 yazdığı 14 noyabr 2022-ci il tarixli əlyazmasından görünür ki, İddiaçı aldığı 6060 manata onun ünvan 1 ünvanında yerləşən mənzili həmin məbləğə tam təhvil veriləcək. Paketin dəyəri komfort -235 manatdır. Mənzil 22 dekabradək təhvil veriləcəkdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3061 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzildə görülmüş tikinti işləri İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli təmir podrat müqaviləsinin şərtlərinə uyğun aparılmadığı və istifadə olunan inşaat materialları müqaviləyə əlavədə göstərilən siyahıda qeyd olunan materiallara uyğun olmadığı müəyyən edilir. Eyni zamanda tədqiq olunan ünvanda aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3794.40 manat məbləğində müəyyən olunur. rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzildə görülmüş təmir-tikinti işlərində qüsurlar mövcud olduğu və mövcud olan qüsurların bərpa olunması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2876.5 manat məbləğində müəyyən olunur. - Dövlət Vergi Xidməti sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC_nin qanuni təmsilçisi Cavabdeh2dur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh1 (podratçı) arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli podrat müqaviləsinə əsasən təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiymətinin 30%-i əvvəlcədən, işin 40%-i tamamlandıqda 30%-i, daha sonra işin 80 faizi görüldükdən sonra 30%-i, qalan 10%-i isə iş tamamlandıqda nağd və ya köçürmə yolu ilə “Sifarişçi” tərəfindən “Podratçı”ya ödənilməsi razılaşdırılmışdır. İddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, 22 sentyabr 2022-ci il tarixdə 3031 manat və 02 noyabr 2022-ci il tarixdə 3031 manat olmaqla, ümumilikdə 6062 manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh öhdəliyini vaxtında və keyfiyyətli yerinə yetirməmişdir. Hazırda iddiaçı sözügedən müddət ərzində tikinti işlərinin başa çatmamasını, buna görə də görülməmiş işlərə görə ödənilmiş pulların geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus mənzildə görülmüş tikinti işləri İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli təmir podrat müqaviləsinin şərtlərinə uyğun aparılmamış və istifadə olunan inşaat materialları müqaviləyə əlavədə göstərilən siyahıda qeyd olunan materiallara uyğun deyildir. Həmçinin rəy ilə sözügedən mənzildə aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3794.40 manat, bununla yanaşı görülmüş təmir-tikinti işlərində qüsurlar mövcud olduğu və mövcud olan qüsurların bərpa olunması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2876.5 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilən 6060 manat pul vəsaitindən 3794.40 manat (mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri) çıxılmaqla qalan 2265.60 manat pul vəsaiti və mövcud olan qüsurların bərpa olunması üçün tələb olunan 2876.50 manat (2265.60+2876.50=5142.10), cəmi 5142.10 pul vəsaiti Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Ekspertin gəldiyi nəticələr əsas götürülməklə, həmçinin cavabdehin vəkili və nümayəndəsinin rəydə müəyyən olunmuş məbləğlə razı olduğunu nəzərə alaraq Cavabdeh1ndən ünvan 1 ünvanında yerləşən mənzildə görülmüş tikinti və təmir işlərinin dəyəri kimi 5142.10 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin “cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin qanuni təmsilçisidir. Müqavilə İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. İddiaçı təmir işlərinin görülməsi üçün ödənişi Cavabdeh1 MMC-yə etmişdir. Beləliklə müqaviləyə əsasən öhdəliyi yerinə yetirməyən Cavabdeh1 MMC-dir. Cavabdeh2 isə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olaraq üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Belə olan halda tələbinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia qismən təmin edilməli Cavabdeh1 MMC-dən 5142.10 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Göründüyü kimi Cavabdeh1 MMC-nin öhdəlikləri üçün Cavabdeh2 cavabdeh deyildir. Məhkəmə iddia tələbinin “1000 manat həcmində mənəvi zərərin tutulması” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə də, zərərin dəyməsi halları müəyyən edilməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Məhkəmə tələbin “hüquqi yardıma görə ödənilmiş 350 manat və ödənilmiş 114.10 manat dövlət rüsumunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə sübutlar təqdim etdiyindən tələb bu hissədə təmin edilməlidir. Beləliklə İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş olsa da Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Bu hal yuxarıda qeyd olunan ekspert rəyi ilə də öz əksini tapmışdır. Beləliklə, məhkəmə bələ qənaətə gəlir ki, iddiaçı tərəfindən artıq ödənilmiş pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən dəymiş ziyana görə 5142.10 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 350 manat və ödənilmiş 114.10 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 46.50 manatı Cavabdeh1ndən və 53.50 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən dəymiş ziyana görə 5142.10 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 350 manat və ödənilmiş 114.10 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 46.50 manatı Cavabdeh1ndən və 53.50 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar