Məhkəmə qərarları › İş №e-2(007)-1100/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1100/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1100/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna və Cavabdeh2 MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğvi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı MMC cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 30 saylı notariat ofisinin notariusu X2 icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 30 saylı notariat ofisinin notariusu X2 icra qeydinə əsasən İddiaçı MMC-dən Cavabdeh2 MMC-nin xeyirinə 5380 manat 64 qəpik tutulması qət edilmişdir. Yuxarıda göstərilən pulun İddiaçı MMC-dən tutulması tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh2 MMC və İddiaçı MMC arasında 13 dekabr 2022-ci il tarixli “mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər üzərilərinə götürmüş olduqları öhdəlikləri (fors-major hallar istisna olmaqla) tam olaraq yerinə yetirməlidirlər. İşin mahiyyəti: Cavabdeh2 MMC-dən 100 ədəd korporativ nömrələrin alınmasında məqsəd Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən İddiaçı MMC-nin təsərrüfat sahəsində çalışan işçilərə paylanılması olmuşdur. Lakin həmin nömrələrin istifadə olunacağı ərazidə şəbəkə olmadığından nömrələr istifadə olunmamışdır. Mövcud vəziyyət barədə Cavabdeh2 MMC-yə məlumat verilmiş və onların müvafiq texniki qrupu əraziyə baxış keçirmişdir. Texniki qrupun baxışı nəticəsində İddiaçı MMC-nin rəhbərliyinə bildirilmişdir ki, ərazidə şəbəkə stansiyasının qurulması vacibdir. Tərəflər arasında şəbəkə stansiyasının qurulması ilə bağlı razılıq əldə olunmadığından, sözügedən 100 ədəd nömrə istifadə olunmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 MMC istifadə olunmamış (bu barədə məlumatlı olmuşlar) nömrələrə görə aylıq abunə haqqı olaraq müvafiq hesablama aparmışdır. Həmin hesablamanın qanunsuz olması və bu halın aradan qaldırılması məqsədilə Cavabdeh2 MMC-yə məktub ünvanlasalar da nəticə olmamışdır. Tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi Cavabdeh2 MMC İddiaçı MMC-yə mobil rabitə xidmətləri göstərməli və əvəzində razılaşdırılmış xidmət haqqını almalı idi. İşin faktiki hallarına əsasən Cavabdeh2 MMC İddiaçı MMC-yə mobil rabitə xidməti göstərə bilməmiş və bu səbəbdən İddiaçı MMC də xidmətdən istifadə edə bilmədiyindən razılaşdırılmış xidmət haqqını ödəməkdən imtina etmişdir. Bu haldan "xxxx" MMC də məlumatlı olmuş, lakin xəbərdarlıq etmədən "xxxx" MMC-yə bildiriş göndərmədən, birbaşa notariat kontoruna müraciət edərək, icra qeydi çıxartdırmışdır. Nəticə də Azərbaycan Respublikasının "Notariat haqqında" Qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur.

Cavabdehin etirazı:

3. Cavabdeh "xxxx" MMC-nin baş icraçı direktoru iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı "RK AGRO” MMC-nin cavabdeh '‘Bakcell" MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli 30 saylı notariat ofisinin notariusu X2 icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası ilə razı deyillər və hesab edirlər ki, iddia ərizəsi ləğv edilməlidir. Belə ki, tərəflər arasında imzalanmış 13 dekabr 2022-ci il tarixli, ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə görə Cavabdeh2 MMC iddiaçıya mobil rabitə xidmətlərini göstərir, iddiaçı isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ abunəçi tərəfindən təqdim etdiyi və hazırki müqavilənin 2 saylı qoşmasında əks olunmuş tariflərin arasından seçilmiş korporativ tarif əsasında xidmət haqqının vaxtıvaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1 saylı qoşmasına görə isə 100 ədəd nömrə iddiaçı “RK AGRO" MMC-yə təqdim edilmiş, sonuncu həmin nömrələri qəbul etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, “100-ədəd korporativ nömrələrin alınmasında məqsəd Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən İddiaçı MMC-nin təsərrüfat sahəsində çalışan işçilərə paylanılması olmuşdur. Lakin həmin nömrələrin istifadə olunacağı ərazidə şəbəkə olmadığından nömrələr istifadə olunmamışdır.” Bununla bağlı bildirmək istəyir ki, Cavabdeh2 MMC tərəfindən mobil rabitə xidmətləri bütün Azərbaycan ərazisində göstərilir və ölkənin əksər hissəsində yaşayan əhali mobil rabitə xidmətlərindən normal istifadə edirlər. Xaçmaz rayonu, Ləcət kəndində mobil rabitə xidməti işləməsə belə, ətraf ərazidə xidmətlərdən həmişə normal istifadə etmək olar. Buna görə də hesab edir ki, iddiaçı bu cür mövqe sərgiləməklə məsuliyyətdən qaçmaq istəyir. Əlavə edir ki, 13 dekabr 2022-ci il tarixli, ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə borcu 2022-ci ilin dekabr ayında 2023-cü ilin mart ayına olan dövr üçün olan borcdur. Həmin borc məbləğinin 4800 (dörd min səkkiz yüz) manat hissəsi ilə bağlı iddiaçıya 2023-cü ilin yanvar, fevral, mart və aprel aylarında elektron qaimələr göndərilmiş, İddiaçı MMC həmin qaimələrə heç bir reaksiya verməmişdir. Buna görə də qaimələr avtomatik olaraq sistem tərəfindən təsdiqlənmişdir. Əgər iddiaçı borc məbləğləri ilə razı deyildisə, elektron qaimələri geri qaytarmalı və ya ləğv etməli idi. Əlavə olaraq bildirir ki, borcun əksər hissəsi aylıq abunə haqqı (rent charge code) ilə bağlı borcdur ki, bu isə xidmətlərdən istifadə edib-etməməsindən asılı olmayaraq sistem tərəfindən hesablanır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə qarşı “xx.xx.2023-cü it tarixli 30 saylı notariat ofisinin notariusu X2 icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh "xxxx" MMC-nin baş icraçı direktoru elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoru məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Bakı şəhəri 30 saylı Dövlət Notariat ofisinin xüsusi notariusu X2 26 oktyabr 2023cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı MMC-dən Cavabdeh2 MMC-nin xeyirinə 5380 manat 64 qəpik və 28 manat dövlət rüsumu tutulması qərara alınmışdır.

10. "xxxx" MMC-nin İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron poçt vasitəsilə ünvanladığı məktubdan görünür ki, ərazidə şəbəkə vəziyyətinin yaxşılaşdırılmasdı üçün POG qurulması məqsədə uyğundur. Bunun üçün 25 kv.m ərazi ayırılması üçün köməklik edilməsi xahiş edilmişdir.

11. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli, ***- **** saylı mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən, Bu Müqavilə üzrə "Şirkət" "xxxx"yə Mobil Rabitə Xidmətləri göstərir, "xxxx" isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ abunəçi tərəfindən "Şirkətin" təqdim etdiyi və hazırki Müqavilənin 2 saylı Qoşmasında əks olunmuş Tariflərin arasından seçilmiş Korporativ tarif əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. Bu Müqavilə üzrə "Şirkət" "xxxx"yə Şirkətin şəbəkəsindən istifadə etmək üçün "Sim Kart" paketləri ilə birlikdə 100 (yüz) ədəd Nömrə təqdim edir. Müqavilə üzrə Nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırki Müqaviləyə Qoşma olunur. "xxxx" isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarifə (2 saylı Qoşmada göstərilmiş Tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqının vaxtı vaxtında ödənilməsini təmin edir.

12. "xxxx" MMC-nin İddiaçı MMC-yə ünvanladığı 09 iyun 2023-cü il tarixli pretenziyadan görünür ki, “"xxxx" MMC ilə Sizin aranızda imzalanmış müvafiq abunə müqaviləsinə əsasən Bakcell siyahısı Müqaviləyə əlavə edilmiş nömrələri və telekommunikasiya xidmətləri İlə Abunəçini təmin etməyi, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən Korporativ abunəçi istifadə edilən xidmətlərə görə ödənişləri vaxtıvaxtında etməlidir. Həmçinin Müqaviləyə görə Tərəflər bu Müqavilənin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və təqsirkar Tərəf digər Tərəfə vurulmuş ziyanı (real zərər) ödəməlidir. "xxxx"in təqdim etdiyi xidmətlər ilə bağlı yaranmış borca görə "xxxx" "xxxx" qarşısında tam məsuliyyət daşıyır və onun vaxtında ödənilməsinə zəmanət verir. Lakin tərəfinizdən abunə müqaviləsinin yuxanda göstərilən şərtləri pozulmuş, göstərilmiş rabitə xidmətlərinə görə yaranmış borclar ödənilməmişdir. X1-ə Müqaviləyə əsasən ödənilməmiş borcu qalmışdır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq sizdən Müqavilə üzrə öhdəliklərinizi yerinə yetirməyinizi, yaranmış borcunuzu hazırki pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü müddətində "xxxx"-ə ödəməyinizi xahiş edirik. Əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

13. “Azəri express” tərəfindən verilmiş qaimədən görünür ki, pretenziya məktubu 13 iyun 2023-cü il tarixdə qəbul edilmişdir.

14. İddiaçı MMC-nin “Bakcell" MMC-yə elektron poçt vasitəs ilə ünvanladığı məktubdan görünür ki, “sizdən götürdüyümüz 100 ədəd korporativ nömrələr Xaçmaz rayonu, Ləcət kəndində yerləşən təsərrüfat sahəsində işləyən işçilərə təklif olunmuşdur, lakin şəbəkə olmadığından nömrələr işləməmiş və işçilər tərəfindən geri qaytarılmışdır. Hal-hazırda heç bir nömrə işləmir. Qeyd etmək istəyirik ki, həmçinin sizin əməkdaşlarınız gəlib yoxlayıblar, bildiriblər ki, həqiqətən də şəbəkə yoxdur. Sonrakı mərhələdə isə əməkdaşlarınız tərəfindən şəbəkə sisteminin qurulması ilə bağlı heç bir addım atılmadı. Nömrələr alındığı taritxdən heç vaxt aktiv rejimə keçməyib, İddiaçı MMC-nin rəhbərliyi tərəfindən sizin əməkdaşlarınıza xəbərdarlıq olunub ki, bu nömrələr 1AZN ekvivalentinə çevrilsin, ən azı 1 AZN dəyəri ilə ödənilsin. Xahiş edirik sorğumuzu nəzərə alıb yaranmış problemləri aradan qaldırasınız.”

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 13 dekabr 2022-ci il tarixli, ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Cavabdeh2 MMC-dən 100 ədəd korporativ nömrə almışdır. Nömrələrin alınmasında məqsəd Xaçmaz rayonu, Ləcət kəndi ərazisində yerləşən İddiaçı MMC-nin təsərrüfat sahəsində çalışan işçilərə paylanılması olmuşdur. Lakin həmin nömrələrin istifadə olunacağı ərazidə şəbəkə olmadığından nömrələr istifadə olunmamışdır. “Bakcell" MMC İddiaçı MMC-yə 09 iyun 2023-cü il tarixli pretenziya məktubu ünvanlamışdır. Bakı şəhəri 30 saylı Dövlət Notariat ofisinin xüsusi notariusu X3 26 oktyabr 2023-cü il tarixli icra qeydi vermişdir və İddiaçı MMC-dən Cavabdeh2 MMC-nin xeyirinə 5380 manat 64 qəpik və 28 manat dövlət rüsumu tutulmuşdur. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli 30 saylı notariat ofisinin notariusu X2 icra qeydinin ləğv edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun:

76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:

161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda:

Qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

21. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan 13 dekabr 2022-ci il tarixli, ***-**** saylı mobil rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə (əqd) yazılı qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı MMC və Cavabdeh2 MMC tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.

22. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda iddiaçının mübahisələndirdiyi icra qeydinin verilməsinə səbəb tərəflər arasında bağlanmış “mobil rabitə xidmətlərinin göstərilməsi” haqqında müqavilə əsasında İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə borcunun yaranmasıdır.

23. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 50 saylı notariat ofisi qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı MMC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında 09 iyun 2023-cü il tarixli yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 26 oktyabr 2023-cü il tarixdə notariat ofisinin notariusu tərəfindən icra qeydi aparılmışdır. Həmçinin məhkəməyə təqdim olunan qaimədən görünür ki, pretenziya məktubu RK AGRO” MMC tərəfindən 13 iyun 2023-cü il tarixdə əldə edilmişdir.

24. Beləliklə “Notariat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Notarius isə bir iş günü müddətində icra qeydini aparır.

25. İş materiallarına əlavə olunmuş “Azəri express” tərəfindən verilmiş qaimədən görünür ki, İddiaçı MMC-yə pretenziya məktubu 13 iyun 2023-cü il tarixdə çatdırılmışdır. Notarius isə 26 oktyabr 2023-cü il tarixdə mübahisələndirilən icra qeydini aparmışdır.

26. Beləliklə, qanunvericilikdə icra qeydinin verilməsi üçün nəzərdə tututlmuş tələblərə tələbkar və notarius tərəfindən riayət olunmaqla icra qeydi aparılmışdır.

27. Göründüyü kimi iddiaçı qeyd olunanların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydinin ləğvi üçün əsaslar olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

29. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası rədd edilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar