Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1131/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X24 cavabdeh X28, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X13, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X14 qarşı olan iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Pərvin Nofəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh X23 nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı X24 cavabdeh X28, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X13, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X14 qarşı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:
1. İddiaçı X31 cavabdeh X28, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X13, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X14 qarşı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində iddiaçı X31 tərəfindən X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsi etibarsız hesab edilməsi, eyni zamanda Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixdə cavabdeh X23 adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında DƏDK və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən X23 adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X24 anası X25 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzili ½ payında mülkiyyət hüququ ilə Nasima Belayevaya məxsus olmuşdur. Mənzilin digər ½ payı 2014-cü ildən cavabdeh Ruslan Belaeva mülkiyyət hüququ üzrə məxsusdur. Son iki ildə X15 Belaevin Moskva vilayəti Podolsk şəhərində yerləşən evində yaşamış və tam oğlunun himayəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə X22 Belaevin evində ölmüşdür. Rafael Belaev anasının meyitini təyarrə ilə Bakı şəhərinə çatdıraraq onu ölən yaxın qohumlarının yanında şəhər qəbirstanlığında dəfn etmişdir. xx.xx.2023-cü il tarixində Rafael Belaev 5 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək, anasının ölümündən sonra qalan əmlakın vərəsə kimi onun qeydiyyata alınmasını xahiş etmişdir. Bu zaman Rafael Belaevin yanında qardaşı Ruslan Belaev və vətəndaş X19 olmuşdur. Rafael Belaev Azərbaycan dilini bilmədiyi üçün vətəndaş Rüfət Süleymanov vasitəsilə notariusla söhbət etmişdir. Notariat ofisində texiniki işçi tərəfindən ərizə tərtib edilmişdir və bu ərizə Rafael Belayev tərəfindən imzalanmışdır. Notariusda ərizəni imza edərkən Rafael Belayev anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınması üçün bir ərizə imzaladığına əmin idi. X37 şəhərindəki evinə gəldikdən sonra cavabdeh Ruslan Balayev onunla əlaqə saxlamağı dayandırmışdır. Qardaşının nəsə gizlətdiyini hiss edən Rafael Belaev yenidən Bakıya uçmuşdur. Vərəsəlik şəhadətnaməsini nə zaman alacağını öyrənmək üçün 5 saylı “ASAN xidmət”in notariat ofisinə gələn Rafael Belayev burada vərəsəlik payından imtina barədə ərizəyə imza atdığını öyrənmişdir. Bu zaman o qardaşı Ruslan Belaev və Ruslanın qohumu Rüfət Süleymanov tərəfindən aldadıldığını başa düşmüşdür. Miras payından imtina ərizəsini ləğv etmək üçün Rafael Belaev vəkillə müqavilə bağlayaraq 5 saylı “ASAN xidməti” mərkəzinin notariat ofisində Rafael Belaevin nümayəndəsi və vəkili Nina İsgəndərovaya qeyd olunan ərizənin ləğvi ilə bağlı ərizə vermişdir. Sonra məlum olmuşdur ki, cavabdeh Ruslan Belaev 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda Rafael Belaevin ərizədən istifadə edərək, anası Nasima Belaevanın ölümündən sonra qalan əmlakın yeganə vərəsəsi kimi özünü elan etmişdir və həmin gün vərəsəlik haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinə əsasən, cavabdeh Ruslan Belaev nümayəndəsi DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə çıxarış almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmişdir.
İş materialları:
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı mənzil mülkiyyət hüququ ilə ½ hissədə X26 və ½ hissədə X10 məxsusdur.
4. AZ-İİ seriyalı 389356 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1057 nömrə ilə qeyd edilmişdir.
5. X31 tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində verilən ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X4 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Həmçinin Azərbaycan Respublikası MM-nin 1256, 1268 və 1269-cu maddələrinin tələbləri ona izah edilməsinə dair ərizədə qeyd edilmişdir.
6. Bealev Ruslanın əvəzinə X19 tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisində verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X11 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhaadətnaməsi verilməsini xahiş etmişdir.
7. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 27 yanvar 2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi Belaev Ruslan miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak ünvan 1 ünvanındakı mənzilin mərhuma məxsus ½ hissəsindən ibarətdir.
8. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin X24 nümayəndəsi və vəkili X2 göndərdiyi 10 fevral 2024-cü il tarixli, 286 nömrəli məktubdan görünür ki, məktubda qeyd olunmuşdur ki, X31 tərəfindən xx.xx.2023-cü il tarixində 8İ-56202 reyestr nömrəsi ilə qeyd edilmiş ərizə elektron notariat informasiya sistemi vasitəsilə ilə “mirasdan imtina” ilə bağlı tərtib olunmuş və çap edilərək notarius tərəfindən vərəsəyə izah olunaraq razılığı ifadə olunduqdan (həm şifahi, həm də imzalayaraq) sonra təsdiqlənmiş ərizədir. Mülki Məcəllənin 1268-ci maddəsinin 1-ci bəndinə əsasən (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz) ərizənin notarius tərəfindən ləğv edilməsi mümkün deyildir.
9. 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanladığı 26 aprel 2024-cü il tarixli 996 nömrəli cavab məktubundan görünür ki, məktubda qeyd olunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin ərizə tərtib edilərkən vətəndaş X17 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri, ərizənin məzmunu izah edilmişdir. X27 öz iradə ifadəsini bildirdikdən sonra həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən iddiaçı X24 nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı doğulduğu vaxtdan 17-18 yaşına kimi Azərbaycanda yaşamışdır. Azərbaycan yaşadığı vaxtda rus dilində danışmış, rus bölməsində təhsil almışdır. İddiaçı əsgərliyini də Rusiya çəkmişdir. İddiaçı milliyətcə tatardır, lakin yalnız rus dilində danışır. O, 30 ildir ki, Azərbaycanda yaşamır, Rusiyada yaşayır. O, latın qrafikasını bilmir, kiril əlifbasını bilir. İddiaçının yanında onun qohumu Süleymanov Rüfət olmuş, iddiaçı, ona inandığı, onun vasitəsilə notariusla əlaqə saxladığı üçün tərcüməçi tələb etməmişdir. Notarius Azərbaycan dilində danışmışdır. İddiaçı deyir ki, notarius onu texniki işçinin yanına yönəltmişdir. Ev əvvəlcə iddiaçının atasına məxsus olmuşdur.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh X23 nümayəndəsi və vəkili X20 iddia tələbini qəbul etməyərək məhkəmədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, cavabdehin anası Moskva şəhərində vəfat etdikdən sonra anasını Bakıya gətirmişlər. X29 məlumat vermişlər, o da cavabdehin anasının dəfn edilməsi, dəfn mərasiminin keçirilməsində köməklik etmişdir. Ruslan deyir ki, anasını vəfat etdikdən sonra onların bibisi gətirib bükmənin içərisində onların anasından onlara miras kimi qalmış pul vəsaitini və qızılları onlara təhvil vermişdir. İddiaçı böyük qardaş kimi təqdim edilən bükmədəki puldan 2600 euro pulu özünə götürmüş, anasının xarici ölkədən vətənə gətirilməsi xərclərinin əvəzi kimi, 1000 ABŞ dolları pulunu Ruslana vermiş, qalan pulu da qəbir daşının düzəltdirilməsi üçün ayırmışdır. Qızılları da iddiaçı özünə götürmüşdür. İddiaçı özü bildirmişdir ki, o anasının evindən ona qalacaq ½ payı istəmir. Ona izah edilmişdir ki, onda o, əmlakdan imtina etməlidir. Buna görə də həmin əmlakdan imtina etmək üçün səhərisi gün notariat orqanına getmiş, özü orada bildirmişdir ki, miras əmlakdan imtina etmək istəyir. Notariusa iki qız onun yanında olmuş, ona rus dilində izah vermişlər. İddiaçıya bildirilmişdir ki, bu ərizəni verirsənsə, sonra geri götürə bilməyəcəksən. İddiaçı sonradan Moskvaya getmiş, onun həyat yoldaşı ona nələrsə dedikdən sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki,iddiaçı da, cavabdehdə Azərbaycan dilini bilirlər, danışmaqda çətinlik çəkirlər. İddiaçı Azərbaycanda doğulmuşdur.
13. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X21 məhkəmə iclasına gəlməmişdir, onun nümayəndəsi və vəkili X9 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, notarius özü rus dilini bilir, iddiaçıya hansı hərəkəti etdiyi notariusun özü tərəfindən izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb olunmamışdır.
Şahid ifadəsi:
14. Məhkəmə iclasında iştirak edən şahid X19 məhkəmə iclasında bildirdi ki, o, Rafael və Ruslanın doğma kiçik bibisinin həyat yoldaşıdır. O, 30 ildir ki, onların xeyir-şər mərasimlərinə başçılıq edir. Ruslanda, Rafaeldə onun üçün qardaş oğludurlar. Ruslan və Rəfael ayın 4-ü və yaxud 5-i ona zəng edib bildirdilər ki, anaları vəfat edib, Bakıya gəlirlər. O, aeroporta onları qarşılamışdır. İddiaçının anasını Suraxanı qəbristanlığnda dəfn ediblər. Yas mərasimindən sonra onun yoldaşı gətirib stolun üstün içərisində qızıl və pul olan bükmə qoyub bildirdi ki, analarından qalmışdır. Rafael yol xərci çəkdiyi üçün puldan özünə götürmüş, 1000 dollar pulu Ruslana vermiş və bir hissəsini isə 40 mərasimini vermək ayırmışdır. Qızılları isə Rusiyada bölüşdürmək üçün çantasına qoymuşdur. Rafsel həmçinin qeyd etmişdir ki, Bakıda analarından qalan əmlak var, onu Bakıya bağlayan anası olduğundan, o da vəfat etdiyindən satmaq istədiyini bildirmişdir. Ruslan isə ata evini satmaq istəmirdi. Rafael həmin əmlakdan pay istəmədiyini, Bakıya gəlib-gedə bilmədiyini, vaxtı olmadığını bildirərək indidən əmlak ilə bağlı məsələni həll etmək istədiyini bildirdi. O isə iddiaçıya bildirmişdir ki, bunun üçün notarial ərizə yazmaq lazımdır. Onlar səhəri günü Asan Xidmətə getmişlər. "Asan Xidmət" mərkəzinin əməkdaşı iddiaçının Azərbyacan dilini bilmədiyini başa düşmüş, digər əməkdaşa nə isə demişdir. Bundan sonra digər əməkdaş iddiaçı ilə rus dilində danışmağa başlamışdır. O tərcüməni özü etməsini təklif etmişdir. Onlar isə buna icazə verməmişlər. Əməkdaş Rafaeldən soruşdu “kimin xeyrinə payından imtina edirsən?- deyə soruşmuş, o isə qardaşının adına keçirtmək istədiyini bildirmişdir. Əməkdaş bu sənədin geriyə qüvvəsinin olmayacağını rus dilində başa salmışdır. Bundan sonra iddiaçı oturmuş, onun şəklini çəkmişlər. Notarius onun rus dilli olmasını görüb onunla rus dilində danışmağa başlamışdır. Ondan nə üçün imtina ərizəsi yazmasının səbəbi soruşanda o, demişdir ki, Moskvada işləyir, yaşayır, evi və maşını var, Bakı da heç bir işi yoxdur. Notarius bu ərizənin geriyə qüvvəsi olmadığını bildirdikdən sonra ərizə imzalanmış və sonra notariat ofisindən çıxmışlar. Sənədləri topladıqdan sonra o, 18 saylı notariat ofisinə getmişdir və Ruslan ona etibarnamə vermişdir ki, şəhadətnamə ala bilsin. 1 həftə onun evində qaldıqdan sonra Rafael və Ruslan Moskvaya getmişlər. 1 ay sonra Rafaelə həyat yoldaşı nə isə dedikdən sonra o Bakıya gəlmişdir. Özünə vəkil tutmuş iddia qaldırmışdır. İddiaçı onun yalan danışdığını bildirir. Halbuki, o bir qohum kimi onların bütün işlərində köməklik etmişdir. O, etibarnamə aldıqdan sonra notariusa yaxınlaşmış və vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Notarius əvvəlcə 6 aylıq vaxt lazım olduğunu bildirsə də, sonra imtina ərizəsinin olduğunu görüb işin qısa müddətə həll ediləcəyinin mümkün olduğunu söyləmişdir. Şəhadətnamə hazır olduqdan sonra çıxarış alınmaq üçün DƏDRX-nə sənədlər göndərilmişdir. Həmçinin qeyd etmişdir ki, Rafael ancaq rus dilində başa düşüb, danışa bilsə də, Ruslan isə həm tatar dilini, həm də Azərbaycan dilini bilir.
İşin faktiki halı :
15. ünvan 1 ünvanındakı mənzilin ½ hissəsi mülkiyyət hüququ ilə cavabdeh X28, ½ hissəsi isə mərhum X12 məxsus olmuşdur. X18 xx.xx.2023-cü il tarixdə ölmüş və onun ölümündən sonra həmin hissə miras əmlak olaraq qalmışdır. İddiaçı xx.xx.2023-ü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək miras əmlakın ona çatası hissəsindən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə Bealev Ruslanın əvəzinə X19 Bakı şəhəri 18 saylı notariat ofisinə ərizə verərək X11 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhaadətnamə verilməsini xahiş etmişdir. 27 yanvar 2024-cü il tarixdə cavabdehə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
16. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin imtina ərizəsinin onun etibarsız hesab edilməsini xahiş etmişdir.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
20. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:
13. Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.
21. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
9. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq edilən faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
24. İddiaçı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbini onun mirasdan imtina barədə ərizəni verərkən aldadılması, onun miras əmlakın qəbuluna dair ərizə vermək üçün notariat ofisinə getməsinə baxmayaraq, onun rus dilli olması ilə əlaqədar tərcümə zamanı iradə ifadəsinin bilərəkdən səhv təfsir edilməsi, mirasdan imtina barədə ərizənin tərtib edilməsi, azərbaycan dilini bilməməsi ilə əlaqədar ərizənin məzmununundan xəbərsiz olaraq həmin ərizəni imzalaması ilə əsaslandırmışdır.
25. İlk olaraq məhkəmə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
26. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir.
27. Mülki qanunvericiliyə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (MM1268.1m).
28. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçı X31 və cavabdeh X23 anası X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsi miras əmlak olaraq qalmışdır.
29. İşin faktiki hallarından görünür ki, X7 iki oğlu qanun üzrə birinci növbə vərəsə olmuşlar. Vərəsələrdən iş üzrə iddiaçı X31 xx.xx.2023-cü il tarixdə miras əmlakdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə cavabdeh X32 (əvəzinə Süleymanov Rüfət) mirasın açıldığı yer üzrə notariat ofisinə ərizə ilə müraciət edərək anasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Həmin tarixdə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən miras əmlaka tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
30. Hazırda iddiaçı miras əmlakın ona çatası hissəsindən imtina barədə ərizəni verərkən həmin ərizəni aldatma nəticəsində imzalaması ilə əlaqədar ərizənin etibarsız hesab edilməsini istəyir.
31. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında veridiyi izahatda qeyd etmişdir ki, iddiaçının notariat ofisinə müraciət etməkdə əsl niyyəti miras əmlakı qəbul etmək olmuşdur. Lakin o, rus dilli olduğu və Azərbayca dilini bilmədiyi üçün onların yanında olmuş Süleymanov Rüfət vasitəsilə notariusla söhbət etmişdir. Süleymanov Rüfət tərəfindən isə onun iradə ifadəsi səhv təfsir edilmişdir. Həmçinin qeyd etmişdir ki, 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən ərizə təsdiq edilərkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, iddiaçı notarius tərəfindən tərcüməçi ilə təmin edilməmişdir. Bu səbəbdən ərizənin məzmununundan xəbərsiz (məlumatsız) olaraq həmin ərizəni imzalamışdır.
32. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
33. Mülki qanunvericiliyə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli, çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
35. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
36. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur.
37. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
38. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: I. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; II. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; III. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
40. Yuxarıda qeyd olunanlardan göründüyü kimi aldatma, bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır.
41. Məhkəmə qeyd edir ki, iddiaçı Belaev Rafael əqdi aldatma nəticəsində imzaladığını iddia edərək əqdin etibarsızlığı tələbini irəli sürməsinə baxmayaraq öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki öz iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür.
42. Hazırki halda etibarsız hesab edilməsi tələb edilən “mirasdan imtina” ərizəsi birtərəfli əqd olub, onun aldatma nəticəsində etibarsız hesab edilməsi üçün iddiaçı onun notarius tərəfindən aldadıldığını sübut etməlidir. Belə ki, həmin “mirasdan imtina” ərizəsi notariat orqanında rəsmiləşdirilməli və ərizəni almış notarius vərəsənin şəxsiyyətini müəyyən etməli, onun imzasının həqiqiliyini yoxlamalıdır. Həmçinin notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinin tələblərinə riayət edilməlidir.
43. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur.
44. Göründüyü kimi əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir.
45. Belə olan halda məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir.
46. Belə ki, cavabdeh 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkəti etdiyi, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir.
47. Həmçinin 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir.
48. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən Süleymanov Rüfət izahatında bildirmişdir ki, o iddiaçı və cavabdehin bibisinin yoldaşıdır. Hər iki tərəflə çox yaxındır. İddiaçı özü miras əmlakdan imtina etmək istədiyini bildirmiş, o isə bunun üçün ərizə verməli olduğunu bildirmişdir. Bu səbəbdən notariat ofisinə yaxınlaşmışlar. Notariat ofisində isə onlar kənarda gözləmiş, ümumiyyətlə onun tərcümə etməsinə icazə verməmişlər. Notariat ofisinin işçisi tərəfindən ona imtina barədə ərizənin nəticələri izah edilməklə ərizə tərtib edilmiş, daha sonra isə notarius tərəfindən ona rus dilində sonradan imtina barədə ərizəni geri götürməyin mümkünsüzlüyü izah edilmişdir.
49. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir.
50. Belə ki, iddiaçı X24 nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı notariat ofisinə müraciət edərkən tərcüməçi tələb etməmişdir. Belə ki, o Süleymanov Rüfətə inanmışdır. Həmçinin qeyd etmişdir ki, notaius rus dilini bilmir və tərcümə onun tərfindən yox Süleymanov Rüfət tərəfindən həyata keçirilmişdir. Lakin işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
51. Məhkəmə qeyd edir ki, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
53. Həmçinin məhkəmə onuda qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir və bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
54. Məhkəmə qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
55. İddiaçı Belayev Rafaelin nümayəndəsi və vəkili öz iddia tələbinin əsası kimi tərcümənin Süleymanov Rüfət tərəfindən aparılmasına, notariusun rus dilini bilməməsinə, notarius tərəfindən iddiaçının tərcüməçi ilə təmin edilməməsinə (halbuki özü qeyd edir ki, iddiaçı tərcüməçi tələb etməmişdir), notarius tərəfindən iddiaçıya ərizənin mahiyyətinin izah edilməməsinə istinad etmiş, lakin istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
57. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
58. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.
59. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
60. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
62. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, notariat – mübahisəsiz faktları və hüquqları təsdiq etməklə vətəndaşların hüquqlarını məhkəmədənkənar qaydada müdafiə edir, fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin və mülki dövriyyənin mübahisəsizliyini, sabitliyini təmin edir. Notariat institutu qabaqlayıcı (önləyici) ədalət mühakiməsi (yurisdiksiya) adlandırılır. Bu da insanların notariat xidmətlərindən istifadəyə üstünlük verməsini və bu xidmətə etimad göstərməsi meylini şərtləndirir.
63. Notarius, Azərbaycan Respublikası adından qanunvericilik aktlarında nəzərdə tutulmuş notariat hərəkətlərini apararaq öz fəaliyyəti çərçivəsində vətəndaşların konstitusyon hüquqlarının həyata keçirilməsini təmin edir. Notariat haqqında qanunvericilik ilə notariusların üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Belə ki, notariuslar notariat hərəkətlərini aparakən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli və qanunvericilik aktlarının tələblərinə əməl etməlidirlər.
64. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatlar ilə 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən iddiaçının imzaladığı ərizənin məzmunu barədə məlumatı olub-olmadığını aydınlaşdırmadan, ona hüquq və vəzifələrini izah etmədən, aparılan notariat hərəkətinin nəticəsini izah etmədən ərizəni təsdiq etməsini iddia etməklə, bununla da o, notarius tərəfindən öz vəzifələrini pozmasını, layiqincə yerinə yetirməməsini iddia etmiş olur. Bu isə notariat orqanlarına, notariuslar tərəfindən təsdiq edilən notariat hərəkətlərinə olan etimadı sübhə altına almağa yönəldiyindən iddiaçının həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutları mövcud olmalıdır.
65. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Başqa sözlə, tərəf yazılı əqdi imzalamaqla orada göstərilən şərtin özünün iradə ifadəsini əks etdirdiyini qəbul edir. İddiaçı isə mübahisələndirilən “mirasdan imtina” ərizəsinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübutlar təqdim etməmişdir
66. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi yalnız 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən aparılan notariat hərəkətini deyil, həmçinin Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılan notariat hərəkətini də şübhə altına almağa çalışmışdır.
67. Belə ki, o qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq necə olur ki mübahisəli miras əmlaka dair cavabdeh X3 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir.
68. Məhkəmə isə iddiaçı tərəfindən öz iddia tələbinin təmin edilməsinə nail olmaq üçün notariuslara, onlar tərəfindən aparılan notariat hərəkətlərinə etimadı şübhə altına almağa çalışmasına tənqidi yanaşaraq qeyd edir ki, belə iddia tələbləri üzrə məhkəməyə təkzibedilməz sübutlar təqdim edilməlidir.
69. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir(MM1322m).
70. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələbinə də qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, həmin normanın tələbinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
71. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
72. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddət ötürülməmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, miras əmlaka dair cavabdeh xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
73. Məhkəmə qeyd edir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.
74. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən 5 saylı “Asan Xidmət” mərkəzi notariat ofisində xx.xx.2023-cü il tarixli “mirasdan imtina” ərizəsinin aldatma nəticəsində imzalanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə xərcləri :
75. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
76. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı X24 cavabdeh X28, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X13, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X14 qarşı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva