Məhkəmə qərarları › İş №e-2(007)-1194/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1194/2025

11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1194/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:

1. Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində X11 “Ərizəçi” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti (Bakı şəhəri X7 İcrayə Komitəsinin) qərarı ilə 30 aprel 1964-cü il tarixli 06150 saylı orderlə mərhum atası X2 adına Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi (köhnə Jdanov) ev 74-də 3 otaqlı 8 saylı mənzil verilmişdir. Göstərilən orderdə ailə üzvləri qrafasının 5-ci sətrində onun (ərizəçinin) soyadı səhvən Əhmədov yox, Mamed kimi yazılmışdır. Ona məxsus bütün dövlət sənədlərində soyadı Əhmədov kimi göstərilmişdir. Bu səhv göstərilən mənzilin Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasını mümkünsüz edir. Buna görə də mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmağı üçün orderdə soyadının düzgün yazılması zəruridir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı Filialına müraciətlər olunsa da müraciətlərə müsbət cavab verilməyib.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

6. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Yaxşı münasibətləri var. Onu Ərizəçi kimi tanıyırlar və bələdiyyə, qaz, su idarəsindən əməkdaşlar gəlib soruşanda Ərizəçi soruşur.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi kimi tanıyırlar. Seçkilərə dair bildiriş gələndə Ərizəçi adına gəlir. Qapı qonşudurlar, o, evdə olmayanda bildirişi onlar götürürlər.

İş materialları:

9. İ-ИЕ seriyalı 676282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 17 avqust 1958-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuşdur. Ata qrafasında X3, ana qrafasında X4 qeyd edilmişdir.

10. 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində Ərizəçi adı “X11” qeyd edilmişdir.

11. AZ-İ seriyalı № 766288 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 may 1992-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 548 nömrə ilə qeyd edilmişdir.

12. Dövlət Arxivinin Bakı Filialının 06 noyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, X3 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Artyom rayon ZDS İK-nin arxiv fondu üzrə xx.xx.1964-cü il tarixli, 29 saylı protokoluna heç bir sənəd əlavə edilməmişdir.

13. 15.11.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində ərizəçinin adı və atasının adı düzgün göstərilsə də soyadı adı “Əhmədov” əvəzinə “Mamed” (Məmməd) kimi qeyd edilmişdir. Hazırda ərizəçi 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində X9 “Ərizəçi” ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

6-cı bəndindən göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin və onun vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, Ərizəçi soyadı “Mamed” (Məmməd) yox, “Əhmədov”dır. Odur ki, həqiqətən də 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində Ərizəçi soyadı düz yazılmamışdır və ərizəçi həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən oldu ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi (köhnə Jdanov) ev 74-də yerləşən 3 otaqlı 8 saylı mənzil orderlə X1 verilmişdir. X3 10 may 1992ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində adına qeydiyyata aldıra bilmir.

19. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində “Mamed” (Məmməd) Rauf Məmmədtağı oğlunun hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Qətnamə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Başçısının 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində “Mamed (Məmməd) Rauf Məmmədtağı oğlu” sözlərinin “Ərizəçi” sözləri ilə əvəz olunması üçün əsasdır.

Qət etdi:

Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində “Mamed” (Məmməd) Rauf Məmmədtağı oğlunun hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Başçısının 30 aprel 1964-cü il tarixli 06150 saylı orderin 5-ci sətirində “Mamed (Məmməd) Rauf Məmmədtağı oğlu” sözlərinin “Ərizəçi” sözləri ilə əvəz olunması üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar