Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1233/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2013-cü il tarixli, 457/1 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 62 saylı mənzil üzərində girova (ipotekaya) xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi, həmin mənzillə bağlı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı-cavabdehdən kredit öhdəliyi üzrə qalan 16846 ABŞ dolları əsas borc, 9846 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan 5375 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32067 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş cavabdehə məxsus mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 62 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Belə ki, qətnamədən apellyasiya şikayəti verilmiş, lakin prosessual müddətin ötməsi əsası ilə şikayət geri qaytarılmış, qərardaddan apellyasiya və kassasiya şikayəti verilməsinə baxmayaraq son olaraq Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-323/2020 saylı qərarı ilə müddət bərpa edilməyərək kassasiya şikayəti təmin edilməmişdir. Nəticə etibarı ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Sözügedən məhkəmə aktları əlavə edilmişdir. Bundan sonra Əmanətlərin Sığortalanması fonduna müraciət edərək mənzilə dair reyestrdən çıxarışın verilməsini xahiş etsə də, bundan imtina olunmuş və cavab olaraq bildirilmişdir ki, Xətai Rayon Məhkəməsinin sözügedən məhkəmə qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Cavab məktubunu əlavə edilmişdir. Cavabdehin mövqeyi əsassızdır. Belə ki, bank qarşısında mövcud olmuş öhdəliyə dövlətin adından çıxarılan və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən xitam verilmişdir. Yəni hazırki vəziyyətdə əmlak formal olaraq yüklülükdə qalmaqdadır. Belə ki, artıq cavabdehin əmlakı barəsində, yəni ipoteka predmeti olan mənzil barəsində tələbetmə hüququ, subyektiv hüququ məhkəmə qərarına əsasən kəsilmiş, mahiyyət etibarı ilə əsas və əlavə öhdəliyə xitam verilmişdir. Lakin cavabdeh formal olaraq onun üzərinə öhdəlik qoyulmaması əsası ilə sözügedən məhkəmə qərarının hüquqi nəticələrini tətbiq etməkdən imtina etmişdir.
İş materialları :
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7431/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-nin X2 Fondunun cavabdeh İddiaçı qarşı – cavabdehdən kredit öhdəliyi üzrə qalan 16846 ABŞ dolları əsas borc, 9846 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan 5375 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32067 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 62 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-323/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin X2 Fondunun İddiaçı ünvanlandırdığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məktubda iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 12 iyul 2013-cü il tarixli 080-K saylı kredit müqaviləsinın təminatı olaraq iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən 76 nömrəli evin 62 nömrəli mənzil ipoteka ilə yüklü edilməsi, kredit müqaviləsi üzrə öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilməsi, Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 7431/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə qərarı iddianın təmin edilməməsi və həmin məhkəmə qərarı ilə Əmanətlərin sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmaması bildirilmişdir.
6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2848/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin X1rşı olan eyni tələb üzrə üzrə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasına gəlməmişlər.
9. İddiaçı və cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək eyni tələb üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında iş olduğu üçün iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmasını xahiş etmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.
12. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :
1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
13. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.
15. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.
16. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla icraata xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 2(011)-2848/2024 saylı mülki iş vardır.
Nəticə :
17. Beləliklə, məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında iş olduğundan mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Transaksiya nömrəsi: İB432212704/07; qəbzin nömrəsi : 26284; büdcə səviyyə kodu: 1; büdcə təsnifat kodu: 142213; Xidmət kodu : 14221301; tarix: xx.xx.2024, saat: 20:50) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Transaksiya nömrəsi: İB432212704/07; qəbzin nömrəsi : 26284; büdcə səviyyə kodu: 1; büdcə təsnifat kodu: 142213; Xidmət kodu : 14221301; tarix: xx.xx.2024, saat: 20:50) dövlət büdcəsindən iddiaçıya qaytarılsın Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva