Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1283/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə "xxxx" MMC arasında 01 fevral 2023-cü il tarixdə bağlanmış əmək müqavilənə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda həmin vəzifənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, işçi statusunda onunla, yəni İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında 01 fevral 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin bağlanması ilə əlaqədar xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişi 20 fevral 2023-cü il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair dəfələrlə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq buna əməl edilməmişdir, yəni müraciəti cavabsız qalmışdır. Hesab edir ki, elektron hökumət internet portalında faktiki olaraq əsas iş yeri üzrə əmək fəaliyyətini kargüzar təsnifatı üzrə peşə kimi davam etdirməyi barədə əmək müqaviləsi bildirişinin aktiv görünməsi onun hal-hazırda başqa işəgötürənlə əsas iş yeri üzrə əmək müqaviləsi bağlamağına maneə yaratmaqla yanaşı, bu hal onu həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətə salmışdır. Eyni zamanda, onun mərkəzləşdirilmiş elektron informasiya sistemində əsas iş yeri üzrə işdən azad edilməyi barədə əmək müqaviləsinə xitam verilmədiyindən, yeni işə qəbulla bağlı müraciət etdiyi işəgötürənlər tərəfindən Əmək qanunvericiliyinə uyğun olaraq iki əsas iş yerində işləməyin mümkün olmaması səbəbindən əvəzçilik (əlavə iş yeri) üzrə işə qəbul edilməyi barədə təkliflər alır. Hörmətli məhkəmə, bildirmək istəyir ki, həm maddi, həm də mənəvi cəhətdən çox əziyyət çəkmişdir. Cavabdehlə ilə aralarında bağlanmış əsas iş yeri üzrə əmək müqaviləsinə xitam verilməsi barədə dəfələrlə müxtəlif vasitələrlə "xxxx" MMC-yə müraciət etsə də hər hansı bir formada əlaqə saxlanılması mümkün olmamışdır. Odur ki, mübahisə işəgötürən və işçi mübahisəsi olduğundan əmək mübahisəsi hesab olunur. Tərəfindən 06 dekabr 2024-cü il tarixdə cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən ona və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki qeydiyyatda olduğu ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. Tərəflərindən ilkin mediasiya sessiyasında iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına aralarında bağlanmış 01 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair yazılı olaraq xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeyd ilə akt tərtib edilərək geri qaytarılmışdır. Göründüyü kimi, işəgötürən "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl edilməyərək, halhazırda qanunsuz olaraq adı elektron informasiya sistemində saxlanılmaqdadır. Bu hal onun əmək hüquqlarını pozaraq əsas iş yeri üzrə başqa müəssisədə və ya şirkətdə işə düzəlməyində çətinlik yaradır. Hesab edir ki, hal-hazırda işləmədiyi bir müəssisənin işçisi olaraq adının sistemdə qalması əmək hüquqlarını məhdudlaşdırmaqla yanaşı, konstitusion hüquqlarını da pozur.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdehlə iddiaçı arasında 01 fevral 2023-cü ildə əmək müqaviləsi bağlanıb. 2024-cü ilin yay ayında iddiaçı öz ərizəsi əsasında işdən çıxıb. Amma faktiki olaraq işdən çıxmayıb, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Həmin şirkət bağlanıb artıq. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 yanvar 2025-ci il tarixli, MŞB/8/2024-02821 nömrəli arayışından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.
9. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, işçi statusunda mənimlə, yəni İddiaçı ilə işəgötürən qismində "xxxx" MMC arasında 01 fevral 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin bağlanması ilə əlaqədar xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişi 20 fevral 2023-cü il tarixdə “Elektron Hökümət” (e-gov.az) internet portalına daxil edilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsinə əsasən elektron hökümət internet portalında faktiki olaraq əsas iş yerim üzrə əmək fəaliyyətimi kargüzar təsnifatı üzrə peşə kimi davam etdirməyim barədə əmək müqaviləsi Bildirişinin aktiv görünməsi mənim hal-hazırda başqa işəgötürənlə əsas iş yeri üzrə əmək müqaviləsi bağlamağıma maneə yaratmaqla yanaşı, bu hal məni həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətə salmışdır. Odur ki, Əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq, əsas iş yerim üzrə aramızda bağlanmış əmək müqaviləsinə dair məlumatların elektron portaldan silinməsini və həmin əmək müqaviləsinə xitam verilməsini Sizdən xahiş edirəm. Bu olmadığı təqdirdə, Sizinlə aramızda bağlanmış əmək müqaviləsinə xitam verilməsi və məlumatlarımın “Elektron Hökümət” internet portalından silinməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranacaqdır.
10. 16.01.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə (Nizami rayonu, X2 küçəsi, ev 160A, mənzil 8) göndərdiyi məktubu ünvana aparılmış, lakin ünvançı bu ünvanda yerləşmədiyi üçün məktubu götürməkdən imtina edilmişdir.
11. Əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-də “kargüzar” vəzifəsinə işə götürülmüşdür və əmək haqqı 350 manat təşkil edir.
İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı "xxxx" MMC-də “kargüzar” vəzifəsinə işə götürülmüşdür və elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. İddiaçı öz ərizəsi ilə işdən çıxmışdır. Lakin onun əmək müqaviləsinə xitam verilməmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın:
3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı:
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır, iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
17. Beləliklə, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 fevral 2023-cü il tarixdə qanunvericiliyin tələbinə riayət olunmaqla əmək müqaviləsi bağlanmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müqavilədə qeyd olunan “kargüzar” vəzifəsində işə qəbul edilmişdir. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəsi xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilsə də cavabdeh şirkət iddiaçıya məlum olanda ünvanda yerləşmədiyi üçün məktubu götürməkdən imtina etmişlər. Göründüyü kimi Əmək Məcəlləsində təsbit olunmuş qaydada işə götürən işçinin əmək müqaviləsinə xitam verməmişdir. Əmək müqaviləsi qüvvədə qalmış və iddiaçının hüquqları pozularaq heç bir yerdə işə qəbul edilə bilməmişdir.
18. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxıl edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Hazırki halda isə işəgötürən Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirmədiyindən iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaranmışdır.
19. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəsini saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır.
20. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir.
21. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kim, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlansa da, sonradan onlar arasında mövcud olmuş işçi-işəgötürən münasibətləri kəsilmiş, əmək müqaviləsi formal olaraq qüvvədə saxlanılmışdır.
22. Əmək müqaviləsinin formal olaraq qüvvədə saxlanılması səbəbilə iddiaçı başqa işə düzələ bilməmiş və nəticə etibarı ilə onun qanunla təminat verilmiş hüquqları pozulmuşdur.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun:
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri:
25. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərclərinə aid olan 50 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
26. İddia ərizəsi təmin edildiyindən və iddiaçı tələb etdiyindən "xxxx" MMC-dən 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
27. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmədir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsin. "xxxx" MMC-dən 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan 50 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova