Məhkəmə qərarları › İş №e-2(007)-1373/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1373/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1373/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 08 iyul 2016-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən, cavabdeh tərəfindən ona borclu olduğu 9 ayın kirayə haqqının təşkil edən 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47 manat mənbləğində dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin yeddi ayı üzrə və 2025-ci ilin üç ayı üzrə ödənilməmiş 3000 manat kirayə haqqı və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən alınıraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyul 2016-ci il tarixdə onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 33 nömrəli binanın, 38 saylı mənzili cavadbeh tərəfindən sökülməsi, əvəzinə yeni yaşayış binasının tikintisini həyata küçürülməsini və həmin binada ona tam təmirli yeni mənzilin verilməsi cavabdeh öhdəliyinə götürüb. Müqavilənin 2.1.2-ci bəndinə əsasən cavabdeh, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqını ona ödənilməsini öhdəliyinə götürüb. Lakin doqquz aydır ki, cavabdeh tərəfindən onaə kirayə haqqı ödənilmir. Yeni tikilmiş bina yaşamaq üçün hazır deyil. Tərəfindən dəfələrlə cavabdehə kirayə haqqının ödənilməsi məqsədi ilə müraciət olunmasına baxmayaraq, hal-hazıradək doqquz ayın kirayə haqqısı ona ödənilməyib. Sonuncu dəfə 02 yanvar 2025-ci il tarixdə etibarnamə əsasında hüquqlarını təmsil edən şəxs Nümayəndə tərəfindən cavabdehin rəsmi ünvanına doqquz ayın kirayə haqqının verilməsi məqsədi ilə yazılı müraciət edilib. Lakin həmin məktubu cavabdeh tərəfindən ümumiyyətlə qəbul edilməsindən imtina edilib.

İş materialları:

4. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan mənzili boşaldaraq "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış üçün təhlükəsi vəziyyətdə 5 mərtəbəli binanın sökülməsini və yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətiçinin söküntüsü nəzərət tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində ümumi sahəsinə 25 faiz əlavə edilməkl 57,7 kv.metr təmirli mənzili mülkiyətinə verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

5. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 214001 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 79,5 kv.m olan, 214 №-li mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.

6. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2025xx.xx.2025-ci il tarixləri əhatə edən çıxarışlardan görünür ki, İddiaçı məxsus hesaba 2024cü ilin 5 ayı üzrə, hər ay 300 manat olmaqla, ümumilikdə 1500 manat mədaxil olub, 2025ci üzrə ödəniş olunmamışdır.

7. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 47 manat dövlət rüsumu ödəmişdir.

8. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 3 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

İşin faktiki halı:

13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il müqaviləyə əsasən, İddiaçı, faktiki olaraq onun istifadəsində olan mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə Şərifzadə küçəsi 33 ünvanında yerləşən yaşayış üçün təhlükəsi vəziyyətdə 5 mərtəbəli binanın sökülməsini və yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətiçinin söküntüsü nəzərət tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində ümumi sahəsinə 25 faiz əlavə edilməkl 57,7 kv.metr təmirli mənzili mülkiyətinə verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə tam şəkildə əməl etməmişdir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 08 iyul 2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər.

16. İşin mübahisəsiz hallarından məlum olur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı faktiki olaraq onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçının mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 57,7 kv.m təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, cavabdeh yeni binanın tikintisi başa çatanadək kirayə haqqı qismində hər ay mənzilə görə müvafiq olaraq 300 manat məbləğində iddiaçıya kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra isə tərəflər arasında 27 noyabr 2019-cu il tarixli müqavilə bağlanmış, bu müqaviləyə əsasən "xxxx" MMC tikinti işləri başa çatdıqdan sonra Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 79,5 kv.m olan, 214 nömrəli mənzilini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Bu müqavilədən aydın şəkildə görünür ki, tərəflərin məqsədi aralarındakı əvvəlki müqavilənin predmeti, nə də icra üsulunun dəyişdirilməsi olmamış, sadəcə əvvəlki müqavilənin icrası zamanı iddiaçıya təhvil veriləcək mənzilinin dəqiq ünvanı müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən, 08 iyul 2016-cı il tarixli müqavilə hazırda qüvvədə olduğundan və bu müqavilə əsasında cavabdeh tərəfindən hər ay 300 manat məbləğdə kirayə haqqının ödənilməsi barədə öhdəlik tam icra edilmədiyindən, 3000 manat məbləğdə kirayə haqqı (2024-cü ilin 7 ayı, 2025-ci ilin 3 ayı üzrə) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh 2024-cü ilin 5 ayı üzrə ödəniş etmiş, 2025-ci il üzrə isə ödəniş etməmişdir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir.

Nəticə:

18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 3000 manat məbləğində ödənilməmiş kirayə haqqı tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat ondan iddiaçının xeyrinə tutulmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 3000 manat məbləğində ödənilməmiş kirayə haqqı və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar