Məhkəmə qərarları › İş №e-2(007)-1433/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1433/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1433/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi, yenidən hesablama aparılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi, yenidən hesablama aparılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı və iki övladı ilə birlikdə (cəmi 4 nəfər) 2021-ci ilin mart ayından etibarən ünvan 1 ünvanında yerləşən mənzildə faktiki yaşayır. xx.xx.2021-ci il tarixində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə həmin mənzilin su təchizatı ilə bağlı 44126052 nömrəli müqavilə (bundan sonra - Müqavilə) bağlamışdır. Müqaviləyə uyğun olaraq mənzili üzrə **********290 saylı abonent kodu açılmış və mənzilində sudan istifadənin həcmi 779336 nömrəli mexaniki su sayğacının göstəricilərinə əsasən hesablanmağa başlanmışdır. Həmin vaxt sayğacın ilkin göstəricisi 1682 olaraq müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində, "xxxx" ASC-nin qaynar xəttinə müraciət edərək, yaşadığı mənzildə bir aydan da az müddətdə 136 manat borc yazılmasını əsassız hesab edərək, sayğacın yoxlanılmasını xahiş etmişdir. Həmin vaxt, əvvəlki ay üçün də faktiki istehlakdan dəfələrlə çox - 60 manat borc yazılmışdı. Müraciəti ilə bağlı ASC-nin əməkdaşı mənzildəki sayğaca vizual baxış keçirmiş və yazılan borcun gündəlik istehlaka uyğun gəlmədiyini şifahi şəkildə təsdiq etsə də, heç bir dərin yoxlama aparmamışdır. Lakin, buna baxmayaraq, mənzilə yazılan borc hələ də aktiv qalmış, müraciətinə verilmiş cavabda sayğac göstəricisinin nəticələrinə uyğun olaraq ödəniş etməyinin məcburiliyi bildirilmişdir. Həmin vaxt yay dövrünə düşdüyündən, sudan istifadənin çox ola bilməsi, axıntı olması, həmçinin etdiyi ödənişlərin Cavabdehya çata bilməməsi ehtimalını nəzərə alaraq, bir müddət bu məsələnin üzərində çox dayanmamışdır. Lakin cari ilin yanvar ayında yeni hesab faktura daxil olarkən müəyyən olundu ki, xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixinədək olan dövrdə mənzilindəki sayğacın göstəricisi 2019-dan 2058-ə qədər dəyişmiş, yəni 34 gün ərzində 39 m3 su istifadə olunmuşdur. Bu rəqəmin heç bir halda real ola bilməyəcəyinə əmin olduğundan, özü sayğacı yoxlamağı qərara almışdır. Müəyyən etmişdir ki, sayğac 2059 897 rəqəmini göstərərkən, 19 litr su istifadə etdikdən sonra yeni göstərici 2059 929 (yəni, 32 litr) olmuşdur. Əminlik üçün eksperimenti bir daha təkrarlamış, bu dəfə sayğacın göstəricisi 2059 929-dan 2059 865-ə qədər (36 litr) dəyişmişdir. Artıq sayğacın mövcud sərfiyyatdan xeyli çox sərfiyyat qeydə aldığına əmin olduqdan sonra, onun yoxlanması üçün “ASAN kommunal” xidmətinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində müraciəti ilə bağlı Elsevər adlı (mobil telefon: *** *** ** **) əməkdaş digər bir əməkdaşla birlikdə sayğaca baxış keçirdilər. Yenə onların iştirakı ilə yuxarıda qeyd etdiyi eksperimenti təkrarlamış, sayğac 2069 164 rəqəmini göstərərkən, 19 litr su istifadə etdikdən sonra yeni göstərici 2069 196 (yəni, 32 litr) kimi qeydə alınmışdır. Eksperiment bir dəfə də təkrarlandı, əməkdaşlar sayğacın faktiki istifadə edilən sudan xeyli artıq yazdığını təsdiq edərək onu dəyişdilər. Beləliklə, abonent müqaviləsinin qüvvədə olduğu dövrdə sudan istifadəyə görə faktiki sərfiyyatdan xeyli artıq pul ödəməyi üzə çıxmışdır. Bunu mövcud rəqəmlər də təsdiq edir. Belə ki, ötən ilin aprel ayının 19-dan, cari ilin yanvar ayının 17-dək olan dövrdə sayğac üzrə sərf edilən suyun həcmi 2058-1682=376 m3 olmuşdur. Bu rəqəmi həmin dövrdəki ayların sayı üzrə bölsək aya təqribən 42 m3 düşür! Halbuki, yeni sayğacın göstəricilərinə əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (yəni yarım ay ərzində) istifadə edilən suyun həcmi 11 m3, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək istifadə edilən suyun həcmi isə 18 m3 təşkil etmişdir. Həmin rəqəmlər əsasında orta aylıq normanı müəyyən etsək onda sudan aylıq istifadənin həcmi cəmi 22 m3 təşkil edir! Qeyd edir ki, sayğac dəyişdirildikdən sonra vicdanlı davranaraq heç bir süni qənaətə yol verməmişdir və sudan istifadə gündəlik qaydada davam etdirilmişdir. Bütün göstərilənlər onu təsdiq edir ki, abonent müqaviləmin qüvvədə olduğu dövrdə mənzilinə faktiki istifadə edilən həcmdən iki dəfədən artıq borc yazılmışdır. Hazırda yaşadığı mənzil üçün müəyyən edilən borc məbləği 140 manat təşkil edir ki, bu rəqəmin yaranmasının səbəbi də məhz sayğac göstəricisinin düzgün olmamasıdır. Yuxarıda qeyd edilən faktlar sadalanmaqla pozulmuş hüquqlarının bərpası ilə bağlı cavabdehə müraciət etsə də, 11 mart tarixində ona ünvanlanmış cavab məktubunda (məktub ona yalnız xx.xx.2022-ci il tarixində çatdırılmışdır), tələbləri təmin edilməmiş, sadəcə qeyd edilmişdir ki, Cavabdeh ASC-nin X3 İdarəsinin “X1 Labaratoriyası”nın xx.xx.2022-ci il tarixli rəyinə əsasən, mənzilində quraşdırılmış sayğac yararsız vəziyyətdə olmuşdur. Cavabdehlə bağladığı müqavilənin 2.1-ci maddəsinə əsasən, istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir. Yuxarıda göstərilən faktlar təsdiq edir ki, mənzilində quraşdırılmış sayğac elə müqavilə rəsmiləşdirilən dövrdə nasaz olmuşdur. Buna görə də müqavilə qüvvədə olduğu dövrdə istifadə etdiyi suyun dəyəri yenidən hesablanmaqla aylıq ailəvi normaya uyğun (20 manat) müəyyən edilməlidir. Yuxarıda qeyd edilən faktlar sübut edir ki, mənzilində quraşdırılmış su sayğacı qüsurlu olmuş, bunun nəticəsində onun göstəriciləri istifadə edilən suyun qiyməti barədə irəli sürülən tələblərə cavab verməmiş, bunun nəticəsində faktiki istifadə etmədiyi suyun dəyəri müqavilə ilə müəyyən edilmiş qiymətdən iki dəfəyədək çox olmuşdur. Bu isə təchizatçının satdığı malda (suda) qüsur olduğunu təsdiq edir. Mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən mənzildə (**********290 saylı abonent kodu) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan istifadəyə görə hesablanmış borcun ləğv edilməsi, həmin mənzildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan istifadəyə görə 2021-ci ilin aprel ayının 19-dan, 2022-ci ilin yanvar ayının 26-dək olan dövr üçün yenidən hesablama apararaq, aylıq ailəvi normaya (20 manat) uyğun olaraq, ödədiyi vəsait də nəzərə alınmaqla yeni borc müəyyən edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qüsurlu mal satılması nəticəsində istehlakçı hüquqları pozulduğu üçün ona dəymiş 3000 (üç min) manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq göstərmişdir ki, sayğac "xxxx"da, mənzilin içində yerləşir. O, yayda sayğacı dəyişməzdən əvvəl birinci dəfə ASC-yə xəbərdarlıq etmişdir, həmin vaxt münasibət bildirilməmişdir. İkinci dəfə müraciətindən sonra sayğacı dəyişmişlər. Sayğac xx.xx.2021-ci il tarixdə dəyişdirilib. Sərfiyyat 35-40 m3 arası dəyişir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib, izahatında göstərdi ki, hal-hazırda iddiaçının 193 manat borcu var. Onunla müqavilə xx.xx.2021-ci ildə bağlanılıb, ondan əvvəl mənzilin mülkiyyətçisi başqa şəxs olub. Müqavilə bağlanan tarixdə isə sıfır borcla sayğac mülkiyyətçinin adına keçib. İstismar müddəti bitdiyi üçün sayğac xx.xx.2022-ci il tarixdə dəyişib. Abonent kartından görünür ki, 2022-ci ildə iddiaçı heç bir ödəniş etməyib. İddia tamamilə əsassızdır, buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron hökümət” portalından çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 9, mənzil 229 İddiaçı xüsusi mülkiyyətindədir və ********** nömrə ilə qeydiyyata alınmışdır. - Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 44126052 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslə bağlanan” müqavilədən görünür ki, həmin tarixdə **********290 kodlu, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı ilə ASC arasında içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, istehlakçının istifadə etdiyi 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0.30 manat müqabilində aparılır. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlandığı xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/13939 nömrəli məktubdan görünür ki, istehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Bu Qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM) smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmi belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilmiş sənədlərə istinadən xx.xx.2021-ciil tarixdə 44126052 nömrəli müqavilə bağlanaraq **********290 saylı abonent kodu açılmış və mənzilinizin su xətti üzərində quraşdırılmış SSS-15 markalı, 779336 nömrəli mexaniki su sayğacının göstəricisinə əsasən hesabat aparılır. Hazırda sayğac göstəricisi 1875 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə gorə abonent hesabınızda 136 manat borc var. Qeyd edilən borc sayğac göstəricinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirilmişdir ki, Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək, abonent hesabında yaranmış qalıq borcunu öyrənə və ödəyə, hesab fakturalarına və ödənişlərinə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-nə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilər. Eyni zamanda bildirir ki, “Sudan istifadə Qaydaları”nın 7.15-ci yarımbəndinə uyğun olaraq göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Nizami rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalaması tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən su təchizatının müvafiq qaydada dayandırılacğı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Cavabdeh ASC-nin elektron sistemindən görünür ki, abonent İddiaçı xx.xx.2021-ci il tarixdən 2021-ci ilin sonunadək olan borcu 136 manat təşkil edir, o cümlədən il ərzində 60 manat məbləğində ödəniş edilmişdir. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışdan görünür ki, abonent İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 100 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışdan görünür ki, abonent İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 122 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışdan görünür ki, abonent İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 169 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından çıxarışdan görünür ki, abonent İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 193 manat təşkil edir, abonent tərəfindən sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə 30 manat olmuşdur. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/3558 nömrəli məktubdan görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-ci il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Qeyd olunan ünvanda yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2021-ci il tarixində 44126052 nömrəli müqavilə bağlanaraq **********290 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat 779336 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Qeyd edilən sayğac xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-nin X3 İdarəsinin “X1 Laboratoriyası”na göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixində verdiyi 79336/0155791 saylı rəyə əsasən, sayğac təmirə və istismara yararsız hesab edilmişdir. Sözügedən sayğac xx.xx.2022-ci il tarixində son göstərici 2069 m3 olmaqla su xətti üzərindən sökülmüş və yerinə 21755252 nömrəli, İSS-15M markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda sayğacın son göstəricisi 12 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 122 manat təşkil edır. Qeyd edilən borc istismardan çıxarılmış və yeni quraşdırılmış su sayğacının göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirir ki, Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalarına və ödənişlərinə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilər. Eyni zamanda bildirilmişdir ki, “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissəhissə ödəyə bilər. Bunun üçün Nizami rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacağı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ASC ilə İddiaçı arasında **********290 kodlu, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı ilə ASC arasında içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edən xx.xx.2021-ci il tarixli 44126052 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, istehlakçının istifadə etdiyi 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0.30 manat müqabilində aparılması müəyyən edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasına əsasən, abonent İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş yekun borcu 193 manat təşkil etmişdir. Hazırda iddiaçı, sudan istifadəyə görə hesablanmış borcun silinməsini, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənişləri nəzərə alınmaqla yeni hesablama aparılması və dəymiş maddi ziyanın əvəzinin ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1, 4.1.1, 4.1.2, 4.1.3 və 4.1.7-ci maddələrinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçının vəzifələridir. 5.1 və 5.1.8-ci maddələrinə əsasən STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüququdur. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan qaydada sudan istifadəyə görə müqavilə bağlanmış, iddiaçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməyi öhdəsinə götürsə də, sayğacda qüsur olması əsası ilə xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üçün 193 manat borcu ödəməmiş, hansı ki, işdə olan hesab-fakturadan da müəyyən edilir ki, abonent tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə yəni, tərəflər arasında bağlanmış müqavilədən əvvəlki dövrdə cəmi 30 manat olmuşdur. O cümlədən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istehlakçı olan iddiaçı qanunla qorunan hüququ kimi STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılması barədə rəsmi şəkildə yalnız xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-yə müraciət etmiş, müraciət ASC tərəfindən araşdırılmış və iddiaçıya 136 manat borcunun olması bildirilmişdir. Eyni zamanda, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə də ASC-də baxılmış və müraciətə cavabda bildirilmişdir ki, “...mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2021-ci il tarixində 44126052 nömrəli müqavilə bağlanaraq **********290 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat 779336 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Qeyd edilən sayğac xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-nin X3 İdarəsinin “X1 Laboratoriyası”na göndərilmişdir. Laboratoriyanın xx.xx.2022-ci il tarixində verdiyi 79336/0155791 saylı rəyə əsasən, sayğac təmirə və istismara yararsız hesab edilmişdir. Sözügedən sayğac xx.xx.2022-ci il tarixində son göstərici 2069 m3 olmaqla su xətti üzərindən sökülmüş və yerinə 21755252 nömrəli, İSS-15M markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda sayğacın son göstəricisi 12 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 122 manat təşkil edır. Qeyd edilən borc istismardan çıxarılmış və yeni quraşdırılmış su sayğacının göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir...”. Göründüyü kimi, sayğac qüsur olması səbəbindən artıq hesablanmış borc istismardan çıxarılmış və yeni quraşdırılmış su sayğacının göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsi iddiaçıdan tələb edilmişdir. Buna görə də, məhkəmə iddia tələbinin “ünvan 1 ünvanda yerləşən mənzildə (**********290 saylı abonent kodu) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan istifadəyə görə hesablanmış borcun ləğv edilməsi, həmin mənzildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan istifadəyə görə 2021-ci ilin aprel ayının 19-dan, 2022-ci ilin yanvar ayının 26-dək olan dövr üçün yenidən hesablama apararaq, aylıq ailəvi normaya (20 manat) uyğun olaraq, ödədiyi vəsait də nəzərə alınmaqla yeni borc müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına quraşdırılmış sayğac mənzilin içində "xxxx"da quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacına kənar şəxs tərəfindən müdaxilələr edilməsi qeyri-mümkündür, o cümlədən sayğacın yararsız hala düşməsinin məhz cavabdehlə əlaqəli olması işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Sözügedən sayğacdakı qüsur abonentin rəsmi müraciətindən sonra aradan qaldırılmış, mənzilə yeni sayğac quraşdırılmış və qüsurlu sayğacın hesabladığı borc əsas borcdan silinmişdir. Buna görə də, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əsassız borcun hesablanması müəyyən edilmədiyi halda, məhkəmə hesab edir ki, iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsində də təmin edilməsi yolverilməzdir, iddia həmin hissədə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri yəni qüsurlu mal satılması nəticəsində istehlakçı hüquqları pozulduğu üçün maddi ziyan dəyməsini sübut edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi, yenidən hesablama aparılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi, yenidən hesablama aparılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar