Məhkəmə qərarları › İş №e-2(007)-1553/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1553/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1553/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin gömrük bəyannaməsini düzgün tərtib etməməsi səbəbindən ona dəymiş 162,7 manat maddi zərərin və 30,40 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 193,1 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona məxsus bank hesabına (OJSC RABİTABANK, BAKU, AZERBAİJAN, m/h: AZ61NABZ********************, bank kodu: 507934, VÖEN: **********, SWİFT: RBTAAZ22, Alıcı adı: GASİMOV FARİD FARZALİ OGHLU, Alıcıhesabı:AZ28RBTA********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X2” şirkətinin ona təqdim etdiyi hesab əsasında Amerikanın avtomobil satışı ilə məşğul olan iaai.com saytında avtomobil hərracında iştirak edib, “Toyota Prius” markalı JTDKB20U193472706 vin kodlu avtomobili 1605 dollara udub, Azərbaycana gətirmək üçün sifariş vermişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə “X2” şirkətinin ona təqdim etdiyi “İnvoice No 44910-5029” saylı invoysa əsasən "xxxx" QSC vasitəsilə avtomobilin dəyəri olan 1605$ pul məbləğini həmin invoysa əsasən şirkətə ödəmişdir. Daha sonra avtomobilin Gürcüstana yaxınlaşmasına bir müddət qalmış, “İnvoice No CAİN 472706” saylı invoysa əsasən avtomobilin Azərbaycana qədər daşınma xərci olan 2277$ pul məbləğini "xxxx" vasitəsilə şirkətin hesabına ödəmişdir. Qeyd edir ki, avtomobilin hərrac üzrə oynanması “X2” şirkəti tərəfindən aparıldığı üçün bütün ödənişlər həmin şirkətin təqdim etdiyi invoyslar əsasında həyata keçirilir. xx.xx.2023-cü il tarixdə avtomobili Azərbaycan Gömrüyünə gətirildikdən sonra avtomobilin sənədləşməsini aparmaq üçün etibarnamə əsasında tanışı X1 etibarnamə verərək gömrük sənədləşmələrini aparmağı həvalə etmişdir. Gömrükdə avtomobilin gömrük dəyəri müəyyən edilməsi üçün əvvəlcə bəyannaməçi tərəfindən sifarişçinin təqdim etdiyi sənədlər əsasında avtomobilin ümumi dəyəri müəyyən edilir və bəyannaməçi sifarişçinin təqdim etdiyi sənədlərə əsasən gömrük dəyərini hesablayıb, gömrük bəyannaməsini sifarişçiyə təqdim edir, sifarişçi həmin gömrük bəyannaməsi əsasında avtomobilin gömrük dəyərinin ödənişini həyata keçirir. Əlbətə bununla bağlı sifarişçi ilə bəyannaməçi (bundan sonra təmsilçi) arasında xidmət göstərilməsi haqqında müqavilə bağlanır və bütün xidmətlər müqavilə əsasında həyata keçirilir. xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh MMC arasında xidmət müqaviləsi bağlanmış, həmin müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh sifarişçi olaraq onun təqdim etdiyi sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıması barədə öhdəlik qəbul etmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Gömrük bəyannaməsi tərtib olunmuş, Gömrük Bəyannaməsinə əsasən cavabdeh avtomobilin öz dəyəri ilə daşıma xərci olan dəyərini toplayaraq avtomobilin invoys dəyərinin 3882$ olduğunu bəyannamənin 42-ci bəndində qeyd etsə də, əsassız olaraq hansı əsasa uyğun olması bilinmədən 45-ci bənddə ümumi gömrük dəyərinin 7140$, 46-сı bənddə isə 4200$ qeyd edərək avtomobilin dəyərini 4051.31 AZN əvəzinə 4214,01 AZN ümumi gömrük ödənişi müəyyən edərək, yəni 162,7 manat əlavə gömrük ödənişi etməyinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Komitəsinin rəsmi elektron səhifəsində “Gömrük kalkulyatoru” bölməsi qeyd olunmuşdur. Həmin bölmədə rəsmi olaraq avtomobilin dəyəri və Azərbaycana qədər olan daşıma invoysları əsasında ödənilmiş məbləğlərin cəmi “Avtomobilin gömrük dəyəri” bölməsinə yazdıqda, eyni zamanda avtomobilin növünü, mühərrikin növünü, avtomobilin ilini və istehsal tarixini müvafiq bölmələrə daxil etdikdə avtomobil üzrə bütün gömrük ödənişləri ayrı-ayrı sadalanaraq yekunda ümumi gömrük ödənişi səhifədə göstərilir. Yuxarıda qeyd etdiyi üzrə “İnvoice No 44910-5029” saylı invoysa əsasən "xxxx" QSC vasitəsilə avtomobilin dəyəri olan 1605$ pul məbləğini və “İnvoice No CAİN 472706” saylı invoysa əsasən avtomobilin Azərbaycana qədər daşınma xərci olan 2277$ pul məbləğini ödədiyinə dair bank sənədləri təmsilçiyə təqdim olunmuşdur. Eyni zamanda bildiri ki, “İnvoice No CAİN 472706” saylı invoys sənədinin üzərində ingilis dilində “Prepayment price for Transportation to Azerbaijan” yəni daşıma xərcinin Azərbaycana qədər olduğu, yəni bütün yol üzrə olduğu qeyd olunmuşdur. Gömrük bəyannaməsi üzrə qeyd olunan halla bağlı gömrüyün qaynar xətti ilə əlaqə saxlayan zaman qaynar xəttə cavab verən xanım əlavə keçirdiyi ödənişlə bağlı gömrük əməkdaşlarının hər hansı təqsiri olmadığını, gömrük bəyannaməsinin bəyannamə yazmaq üzrə xidmət göstərən şirkət tərəfindən aparıldığı bildirilmiş, gömrük bəyannaməsinin səhv doldurulmasında gömrük əməkdaşlarının hər hansı məsuliyyəti olmadığı, gömrük bəyannaməsinin bəyannamə yazan şirkətlər tərəfindən tərtib olunduğu qeyd olunmuşdur. Hazırda iddia ərizəsinə qoşma olaraq Azərbaycan Respublikası Gömrük Komitəsinin rəsmi elektron səhifəsinin “Gömrük kalkulyatoru” bölməsində qeyd olunmuş avtomobilin dəyəri üzrə gömrük ödənişinə dair çıxarışını təqdim edir. Çıxarışdan göründüyü üzrə “Toyota Prius” markalı JTDKB20U193472706 vin kodlu avtomobilin gömrük ödənişi ümumilikdə 4051.31 AZN olmasına baxmayaraq Cavabdeh MMC tərəfindən avtomobilin gömrük dəyəri 3882$ əvəzinə 4200$ qeyd olunmuş, bu səbəbdən cavabdehin gömrük bəyannaməsini düzgün tərtib etməməsi səbəbindən 4214,01 AZN gömrük ödənişi ödəmək məcburiyyətində qalmışdır. Göründüyü kimi Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3.2-ci bəndinin cavabdeh tərəfindən pozulması, yəni cavabdehin gömrük bəyannaməsini düzgün tərtib etməməsi ona 162,7 AZN məbləğində zərər dəyməsinə səbəb olmuşdur. Hesab edir ki, cavabdehin gömrük bəyannaməsini düzgün tərtib etməməsi səbəbindən ona dəymiş 162,7 AZN zərər, eyni zamanda dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN pul cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda bildirir ki, avtomobil Amerikanın iaai.com avtomobil səhifəsində hərracda udulmuş, həmin avtomobil səhifəsində avtomobil 2009-cu il qeyd olunduğu üçün invoyslar və ödəniş tapşırıqları üzrə avtomobil 2009-cu il qeyd olunmuş, lakin avtomobil gömrükdə 2008-ci ilin buraxılışı olan avtomobil olduğu müəyyən edildiyi üçün gömrük bəyannaməsidə faktiki məxsus olduğu 2008-ci il qeyd olunmuşdur. (Qeyd olunan hal avtomobilin dəyişilməz kod hissəsi olan VİN KOD: JTDKB20U193472706 hissəsindən təsdiq edilir.) Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, cavabdeh müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh sifarişçi olaraq onun təqdim etdiyi sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır. - Azərbaycan Respublikası Gömrük Komitəsinin rəsmi elektron səhifəsinin “Gömrük kalkulyatoru” bölməsində qeyd olunmuş avtomobilin dəyəri üzrə gömrük ödənişinə dair çıxarışdan görünür ki, “Toyota Prius” markalı JTDKB20U193472706 vin kodlu avtomobilin gömrük ödənişi ümumilikdə 4051.31 manatdır. - Gömrük bəyannaməsindən görünür ki, “Toyota Prius” markalı JTDKB20U193472706 vin kodlu avtomobilin gömrük ödənişi ümumilikdə 4214.01 manatdır. - 44910-5029 nömrəli invoysun surətindən görünür ki, “Toyota Prius” markalı JTDKB20U193472706 vin kodlu avtomobilin dəyəri 1605 ABŞ dolları qeyd edilmişdir. - CAİN 472706 nömrəli invoysun surətindən görünür ki, “Toyota Prius” markalı avtomobilin Azərbaycana qədər daşınma xərci olan 2277 ABŞ dolları qeyd edilmişdir. - "xxxx" QSC-nin ******* nömrəli 15 dekabr 2022-ci il tarixli xarici valyuta ilə köçürmə orderindən görünür ki, İddiaçı tərəfindən 1605 ABŞ dolları köçürülmüşdür. - "xxxx" QSC-nin ******* nömrəli 16 mart 2023-cü il tarixli xarici valyuta ilə köçürmə orderindən görünür ki, İddiaçı tərəfindən 2277 ABŞ dolları köçürülmüşdür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı, “X2” şirkəti vasitəsi ilə iaai.com (ABŞ) saytında avtomobil hərracında iştirak etmiş, həmin hərracdan Toyota Prius markalı JTDKB20U193472706 vin kodlu avtomobili 1605 ABŞ dollarına udmuşdur. İddiaçı, “X2” şirkətinin təqdim etdiyi 44910-5029 nömrəli invoysa əsasən "xxxx" QSC vasitəsilə avtomobilin dəyəri olan 1605$ pul məbləğini şirkətə ödəmişdir. xx.xx.2023-cü il tarixdə avtomobil Azərbaycan Gömrüyünə gətirildikdən sonra avtomobilin sənədləşməsini aparılması üçün iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli Xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi, iddiaçı isə xidmət haqqının ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Xidmət göstərilməsi haqqında müqavilə bağlanılmışdır və müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh sifarişçi olaraq onun təqdim etdiyi sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır. İddiaçı, cavabdeh tərəfindən göstərilmiş xidmət üzrə Gömrük bəyannaməsinin düzgün tərtib olunmamasına görə ona ziyan dəydiyini iddia edir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, xidmətin düzgün göstərilməməsini sübut qismində təqdim edilmiş gömrük bəyannaməsi, invoys və ödəniş tapşırıqları ilə təsdiq edilir. Gömrük bəyannaməsi, invoys və ödəniş tapşırıqlarının qarşılıqlı təhlilindən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş Gömrük bəyannaməsində avtomobilin invoys dəyəri bəyannamənin 42-ci bəndində 3882 ABŞ dolları, 46-сı bənddə isə 4200 ABŞ dolları qeyd edilmişdir. Bununla da cavabdeh gömrük bəyannaməsini düzgün tərtib etməməklə avtomobilin dəyərini 4051.31 manat əvəzinə 4214,01 manat müəyyən etmiş və nəticədə 162,7 manat əlavə gömrük ödənişinin hesablanmasına səbəb olaraq iddiaçıya ziyan vurmuşdur. Halbuki, cavabdeh xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıması barədə öhdəlik qəbul etmişdir. Cavabdeh tərəfindən isə qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən və iddiaçı tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən məhkəmə xərci olan dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 162.70 manat məbləğində maddi zərər və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 162.70 manat məbləğində maddi zərər və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar