Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-158/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək faktiki olaraq icarəyə verilmiş sahəni istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi səbəbindən mart ayı üzrə hər ay üçün 11,630 manat olmaqla ümumilikdə 34,890 manat məbləğində ödənilməmiş icarə haqqı, icarə predmeti olan sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərər və qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat, icarə sahəsi, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə 01.08.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq 31.11.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq 01.04.2021-ci il tarixdən 01.12.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində ümumilikdə 93040 manat məbləğ və istifadə olunan qaz təchizatına görə 4500 manat məbləğində borc olmaqla ümumilikdə 196498 manat vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətçi İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1.000 kv.m hissəsinin hər ay 11630 manat ödəmək şərti ilə icarəyə verilməsinə dair 01.08.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.3-cü bəndinə əsasən əgər tərəflərdən biri digərinə müqavilənin qurtarmasına ən azı 1 (bir) ay qalmış onun uzadılmaması haqqında bildirişi müqavilədə göstərilmiş elektron poçt ünvanına göndərməsə, müqavilə avtomatik olaraq növbəti 10 (on) aylıq müddətə uzadılmış hesab olunur. Cəmi belə uzadılmış müddətlərin sayı 3 (üç) ola bilər. Müqavilənin qeyd olunan müddəası rəhbər tutulmaqla tərəflər arasında olan icarə münasibətləri davam etdirilmiş, icarə müqaviləsinin uzadılmaması haqqında bildiriş 31.12.2020-ci il tarixədək daxil olmadığından icarə müddəti avtomatik olaraq növbəti 10 (on) aylıq müddətə, yəni cari ilin 31.11.2021-ci tarixinədək uzadılmış və aylıq icarə haqqı hesablanmışdır. İcarə müqaviləsi müddətinin uzadılmasına baxmayaraq 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödənilməmişdir. İcarəçi Cavabdeh MMC 18.02.2021-ci il tarixli, 01/21 nömrəli məktubla mülkiyyətçiyə müraciət edərək icarə haqqının qrafiklə həyata keçirilməsini xahiş etmiş, bununla da, icarə üzrə borcunun olmasını etiraf etmişdir. Bundan başqa, Cavabdeh MMC 15.02.2021-ci il tarixdə qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-təslim aktına uyğun şəkildə təhvil verilməmişdir. Halbuki, icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl qeyri-şərtsiz xitam verilə bilər. Bununla bağlı hər hansı tərəf qarsı tərəfi 1 (bir) ay qabaqcadan yazılı xəbərdarlıq etməklə razılaşmaya dəvət etməlidir. 7.2-ci bəndinə əsasən isə icarə müqaviləsində qeyd edilmiş təhvil-təslim aktı iki nüsxədə tərtib edilməklə tərəflərin imzaları ilə təsdiq edilir və hər bir tərəfdə bir nüsxəsi saxlanılır. Təhvil-təslim aktı hazırkı icarə müqaviləsinin ayrılmaz hissəsidir. İcarəçi Cavabdeh MMC icarəyə götürdüyü sahəni 15.02.2021-ci il tarixdə qabaqcadan xəbərdarlıq etmədən tərk etdiyindən, bu barədə mülkiyyətçi bir müddət sonra məlumatlanmış, icarəyə verilmiş sahə təhvil-təslim aktı ilə icarəçi tərəfindən təhvil verilmədiyindən əmlakın durumu və vurulmuş zərərin həcmini müəyyən etmək üçün mütəxəssislərə müraciət olunmuş və məlum olmuşdur ki, icarə müddətində yanlış istifadə nəticəsində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsinə Cavabdeh MMC tərəfindən ümumilikdə 62.568 manat zərər vurulmuş, bununla da icarə müqaviləsinin digər bəndləri də icarəçi tərəfindən pozulmuşdur. Belə ki, 01.08.2018-ci il tarixli icarə müqaviləsinə müvafiq olaraq icarəçi Cavabdeh MMC 3.2.7-ci bəndinə müvafiq olaraq bina üçün quraşdırılmış elektrik (transfarmator, ehtiyyat elektrik generatoru, stabilizatorlar və s.), qaz və su təchizatı sistemlər, havalandırma/kondisioner, telefon rabitəsi/intemet, yanğına qarşı sistemlər, binada quraşdırılmış lift və digər sistemlərin işlək vəziyyətdə olmasını və onların təmirini öz vəsaiti hesabına təmin etmək, 3.2.8-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti bitdikdə və ya ona vaxtından əvvəl xitam verildikdə icarə sahəsini saz (köhnəlmə və amortizasiya nəzərə alınmaqla istismara tam yararlı) vəziyyətdə icarəyə verənə geri qaytarmaq, 3.2.9-cu bəndinə uyğun olaraq qeyri-yaşayış sahəsinin tam və ya qismən nasaz vəziyyətə düşməsinə səbəb olan qəzanın qarşısını almaq, həmin qəzanın nəticələrini qısa müddət ərzində öz vəsaiti hesabına aradan qaldırmaq və icarə sahəsini öz vəsaitini hesabına təmir edərək onu icarəyə verilən anda olduğu vəziyyətə gətirmək vəzifələrinin icrasını üzərinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq icarə sahəsi və orada quraşdırılmış avadanlıqların (qurğuların) itməsinə, əskik gəlməsinə, xarab olmasına, sınmağına, sıradan çıxmasına və nasaz vəziyyətinə gəlib çıxmasına cavabdehdir və bunun üçün məsuliyyət daşıyır. İcarəyə verilmiş sahənin yararsız vəziyyətə gətirilməsi mülkiyyətçiyə həmin sahəni digər şəxslərə icarəyə verməsinin qarşısını almış, bununla da, əldən çıxmış fayda şəklində mülkiyyətçi zərərə uğramışdır. Eyni zamanda, icarə haqqının ödənilməməsi, icarəyə verilmiş sahənin heç bir xəbərdarlıq etmədən və təhvil-təslim aktına uyğun şəkildə təhvil verilmədən tərk edilməsi, istifadə müddəti ərzində əmlaka külli miqdarda zərər vurulması ilə yanaşı, Cavabdeh MMC tərəfindən istifadə olunan qaz təchizatına görə 4500 manat borc da ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, tərəflər arasında icarə müqaviləsi bağlanılmış və icarəyə obyekt verilmiş, müqavilənin bəndlərinə görə icarə müddəti avtomatik uzanmış və bundan bir necə ay sonra cavabdeh heç bir xəbər vermədən obyekti tərk etmişdir. Cavabdeh obyekti tərk edən zaman obyektdəki əşyalara da ziyan vurmuş və yarasız vəziyyətə salmış, kameraları da söküb aparmışdır. Orada obyektin təbii aşınmasından söhbət getmir, oradakı avadanlıqlar sındırılmış və dağıdılmışdır. Həmin obyekt üç korpusdan ibarətdir, orada bir korpus icarəyə verilmiş, lakin digər korpuslarında avadanlıqlarına zərər vurulmuş və digər korpusdan avadanlıqları bu korpusa gətirib işlədilmişdir. Bundan başqa müqavilə 10 aylıq bağlanıb, 31.12.2020-ci ilə kimi xəbərdarlıq etməliydilər, amma bunlar oradan xəbərdarlıq edilmədən mart ayında çıxmışlar, bununla da maddi zərərdən başqa müqavilənin bəndinə görə iddia tələbində 3 aylıq borc və 7 aylıq müddətdə əldən çıxmış fayda da qeyd edilmişdir. Eyni zamanda qazdan, sudan və işıqdan istifadə etmiş və pulu ödəməmişlər. Məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh barışıq üçün danışıqlar aparmaq istəmiş, amma sonradan onlardan xəbər çıxmamışdır. Orada bəzi avadanlıqlar var ki, iddiaşı tərəfindən onlar dəyişilmiş və təmir işləri aparılmışdır. 2018-ci il avqustun 1dən cavabdeh orada fəaliyyət göstərmişdir. O, həmçinin zərərin icarədə olan korpusa görə hesablandığını, orada kamera olmasaydı heç icarəyə götürülməyəcəyini, 90.000 yaxın zərər dəydiyini, qarşı tərəfin 20.000 manat təklif etmək isdədiyini bildirməsini, lakin barışıqla bağlı iddiaçıya müraciət olunmamasını, obyektin 3 korpusunun hər birində avadanlıqların və korpuslara giriş qapısının eyni olduğunu, girişdə mühafizə xidmətinin olduğunu, cavabdeh tərəfin onların istifadəsi nəticəsində əşyalar sıradan çıxdıqda gedib yenisini almaq əvəzinə digər korpusdakı avadanlıqlardan istifadə etdiklərini, cavabdeh tərəfin öz avadanlıqlarını avqust ayına qədər gəlib obyektdən götürmədiyini, ən sonda mebellərini gəlib götürüdüklərini, qarşı tərəfin əşyaları yerində olmadığını bildirməsin deyə girov saxlamadıqlarını, onların əşyalarında hər hansı zədə olsa idi, tərəfin bunu qeyd edəcəyini, pretenziya məktubunun qarşı tərəfin 13 iyul 2021-ci il tarixində aldığını, həmin müddətdən bəri qiymətləndirmə ilə bağlı hər hansı müraciət edilmədiyini, iddiaçı tərəfin cavabdehin öz fəaliyyətini dayandırdığını obyektə gəlib ətrafda işləyən şəxslərdən məlumat alaraq öyrəndiyini qeyd etdi. O, qiymətləndirməyə münasibətdə bildirdi ki, həm bu qiymətləndirmə rəyində, həm məhkəmənin təyin etdiyi qiymətləndirmənin nəticəsində üç korpusun üçündə də vurulan zərərdən söhbət getmir. Orada bir korpusun zərəri ümumi giriş qeydiyyat yerinin (reception) zərəri göstərilib. Obyektdə 1 korpus cavabdehdə olmuş, digər korpuslar heç kimin istifadəsində və icarədə olmamışdır. Qiymətləndirmə rəyində və onların iddiada qoyduğu əsas məsələ odur ki, ümumi istifadədə olan məsələn qeydiyyat yerini (reception) yalnız bunlar istifadə etmişdir. Ona görə də bu qiymətləndirmədə əks olunub. 2-ci və 3-cü korpusa aid kondisioner hər biri ayrılıqda vahid sistem təşkil edir, onun birində özlərinin istifadə etdiklərində bir detal xarab olanda gedib qonşu korpusdan çıxarıb gətirib istifadə edirdilər. Korpuslara giriş ümumi girişdən sonra ayrılır və hər biri də 3 mərtəbədir. Cavabdehə resepşindən daxil olanda sağdakı korpus icarəyə verilib, oraya giriş sağ tərəfdəndir və 3 mərtəbədən ibarətdir. Korpusların hər birinin ayrı-ayrı lifti və kondisioner sistemi var. Tərəflər arasında bu müqavilədən öncə 2 korpusun verilməsi ilə bağlı başqa müqavilə olmuş, sonra 1 korpus da onlara kifayət etdiyini bildirmişlər. Oradakı digər korpuslar əvvəl heç kimə icarəyə verilməmişdir. İndi hal-hazırda digər 2 korpusu icarəyə vermişlər. Bu korpusu icarəyə verə bilmirlər, çünki orada vəziyyəti bərbaddır. Hər mərtəbədə 2 ədəd sanuzer var və 6 sanuzer də bərbad vəziyyətdədir. Bu vəziyyətdə onlara verilsəydi onlar hər halda götürməzdilər. Qiymətləndirmədə olan binanın girişində qoyulan mühafizə otağıdır, yeraltı qaraja daxil olan da qapısıdır. Qiymətləndirilənlər sırf cavabdehin istifadəsində olanlardır. İddia tələbin əsası 62568 manatdır və 1500 manat da qiymətləndirmənin rəyiylə bağlıdır. Cavbdehin nümayəndəsi yanvardan çıxdıqlarını desə də, fevralda onların e-mailinə yanvarın 31-dən çıxmaları, icarə haqqını ödəyə bilməmələri barədə elektron məktub göndərmişlər. Fevral ayında çıxdıqlarından faktiki həmin vaxtın icarə haqqını istəyirlər. Onlar çıxandan sonra bu günə kimi oranı icarəyə verə bilmirlər, çünkü o vəziyyətdə heç kim icarəyə götürmür və oranı bərpa etmək lazımdır. O, həmçinin 18.02.2021-ci il tarixli məktubun məlumat xarakterli olduğunu, bildiriş olmadığını, məktubu mart ayında əldə etdiklərini, məktubu mühafizəçiyə verdiklərini, rəsmi qaydada təqdim etmədiklərini, məktubla bağlı qəbzin olmadığını, məktubdan da cavabdehin fevral ayında hələ də orada olduğunun göründüyünü bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini, qiymətləndirmə ilə razı olmadıqlarını, məhkəmə tərəfindən iddia tələbinin əsas məbləğ hissəsindən biri bu hissədə olduğuna görə oraya yerində baxış keçirməli olduğunu, onlara 1 korpusun icarəyə verildiyini, yanvarda fəaliyyətin dayandığını, fevralda binanı tərk etdiklərini, oradakı binada təbii aşınma ilə bağlı məsələlərin də zərər kimi hesablanmasının düzgün olmadığını, binanın vəziyyəti ilə bağlı aktlaşmanın olmadığını, kameraları aparan şəxslərin onlarla əlaqəsi olmadığını, əvvəlcədən orada icarədə olanların söküb apardıqlarnı, çünki onlar tərəfindən kameraların ora quraşdırıldığını, orada 65000 manat miqdarında zərərin olmadığını, cavabdehin fəaliyyətini rəsmi olaraq 2020-ci ilin yanvar ayında dayandırdığını bildirdi. O, həmçinin qeyd etdi ki, iddiaçı tərəf iddia tələbini irəli sürdükdə özü qiymətləndiriciylə müqavilə bağlayaraq dəymiş ziyanı o hissədə dəyərləndirmiş, sonra məhkəmədə iddiaçının vəsaləti təmin olunmuş və ümumi rəy kimi həmin qiymətləndirmə aparılarkən bütün tərəflərin iştirakının təmin olunacağı formalaşmışdır, lakin bu cavabdeh tərəfin xahişi deyildir. Rəy zamanı cavabdeh tərəf iştirak etməyə çalışmış, hətta əvvəl işə baxan hakimlə də iştirakın təmin edilməsi üçün əlaqə saxlamışlar.Qiymətləndirilmə ümumiyyətlə əmlakın hamısında aparılmış, müqaviləyə nəzər saldıqda orada təhvil-təslim aktı var, təhvil-təslim aktında 11 avadanlıq var, əslində o avadanlıqlara dəymiş zərəri onların işlək vəziyyətdə olub-olmaması müəyyən olunmalıydı. Orada elə bir hissələr var ki, onun cavabdeh tərəfə aidiyyatı yoxdur, binanın ağlayı dəyişilib onu cavabdehə şamil edirlər. Onlar ayda 10.000 manatdan çox icarə haqqı verirdilər. İcarə müqaviləsinin 4.2-ci bəndində qeyd edilir ki, əgər tərəflərdən biri icarə haqqını və vergini ödəmirsə, bu müqavilənin bir tərəfli imtinası kimi qəbul edilməlidir. Onlar müqavilənin şərtlərini yerinə yetirmədikləri halda müqavilə necə uzadıla bilər? O, eyni zamanda iddiaçıya ümumilikdə kommunal borclar və iki aylıq icarə haqqı daxil olmaqla 25.000 manat ödəyə biləcəklərini bildirdi. O, həmçinin əgər yerə vurulmuş kafelin bir hissəsi qırılarsa qırılmış kafelin bütün ətrafındakı hissələrin düzəldilməsini tələb etdiklərini, tərəflərin müqavilənin hər dəfə müddəti uzadıldığı zaman təhvil-təslim etməli olduqlarını, cavabdehin çıxmaqla bağlı məktub hazırladığını, ancaq qarşı tərəfə nə vaxt göndərdiklərini bilmədiyini, iddiaçı tərəfin yanvar ayından cavabdeh tərəfin fəaliyyətini dayandırdığını bildiyini, yanvar ayının icarə haqqını qəbul etdiklərini, fevral ayı da barışıq olduğu təqdirdə qəbul etdiklərini qeyd etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh MMC arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1.000 kv.m hissəsinin hər ay 11.630 manat ödəmək şərti ilə icarəyə verilməsinə dair 01.08.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.3-cü bəndinə əsasən əgər tərəflərdən biri digərinə müqavilənin qurtarmasına ən azı 1 (bir) ay qalmış onun uzadılmaması haqqında bildirişi müqavilədə göstərilmiş elektron poçt ünvanına göndərməsə, müqavilə avtomatik olaraq növbəti 10 (on) aylıq müddətə uzadılmış hesab olunur. Cəmi belə uzadılmış müddətlərin sayı 3 (üç) ola bilər. Cavabdeh MMC 3.2.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsindən bu icarə müqaviləsinin 1.2-ci bəndində göstərilmiş təyinata uyğun istifadə etmək, 3.2.4-cü bəndinə əsasən elektrik və istilik enerjisi, su, çirkab suların xıdılması, təbii qazın istifadəsi, internet, şəhərlərarası və beynəlxalq telefon haqları, habelə digər kommunal xərclərə görə ödənişləri vaxtında və tam məbləğdə ödəmək, 3.2.7-ci bəndinə əsasən, bina üçün quraşdırılmış elektrik (transfarmator, ehtiyyat elektrik generatoru, stabilizatorlar və s.), qaz və su təchizatı sistemlər, havalandırma/kondisioner, telefon rabitəsi/intemet, yanğına qarşı sistemlər, binada quraşdırılmış lift və digər sistemlərin işlək vəziyyətdə olmasını və onların təmirini öz vəsaiti hesabına təmin etmək, 3.2.8-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti bitdikdə və ya ona vaxtından əvvəl xitam verildikdə icarə sahəsini saz (köhnəlmə və amortizasiya nəzərə alınmaqla istismara tam yararlı) vəziyyətdə icarəyə verənə geri qaytarmaq, 3.2.9-cu bəndinə uyğun olaraq qeyri-yaşayış sahəsinin tam və ya qismən nasaz vəziyyətə düşməsinə səbəb olan qəzanın qarşısını almaq, həmin qəzanın nəticələrini qısa müddət ərzində öz vəsaiti hesabına aradan qaldırmaq və icarə sahəsini öz vəsaitini hesabına təmir edərək onu icarəyə verilən anda olduğu vəziyyətə gətirmək vəzifələrinin icrasını üzərinə götürmüşdür. Müqavilənin 3.2.4-cü bəndində qeyd olunan ödənişlərin icarə haqqına daxil edilmədiyi və icarəçi tərəfindən ayrıca ödənilməsi, 4.1-ci bəndinə əsasən icarə müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl qeyri-şərtsiz xitam verilə biləcəyi, bununla bağlı hər hansı tərəfin qarşı tərəfi 1 ay qabaqcadan yazılı xəbərdarlıq etməklə razılaşmaya dəvət etməli olduğunu, 4.2-ci bəndinə əsasən icarə haqqının cari ay üçün vaxtında və tam məbləğdə ödənilməməsi və/ və ya bu müqavilənin şərtlərinə uyğun olaraq icarəyə verənə ödənilən icarə haqqından 14% dərəcə ilə ödəmə mənbəyində icarəçi tərəfindən müstəqil qaydada hesablanaraq verginin tutulmaması və onun vaxtında və tam məbləğdə icarəçi tərəfindən büdcəyə ödənilməsi icarəçinin hazırki icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edildiyi, bu hal baş verdikdə habelə icarəçi hazırki icarə müqaviləsinin digər şərtlərindən hər hansı birini pozmuş olsa, icarəyə verən icarəçiyə yazılı bildiriş təqdim etməklə bu icarə müqaviləsini birtərəfl qaydada vaxtından əvvəl ləğv edə biləcəyi qeyd olunmuşdur. Həmçinin, müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq icarəçi icarə sahəsi və orada quraşdırılmış avadanlıqların (qurğuların) itməsinə, əskik gəlməsinə, xarab olmasına, sınmağına, sıradan çıxmasına və nasaz vəziyyətinə gəlib çıxmasına cavabdehdir və bunun üçün məsuliyyət daşıyır. 01.08.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi istifadəyə verildiyi zaman bina ilə yanaşı bəzi əşyaları da cavabdehə təhvil verilmişdir. Məhkəmə iclasında həmçinin Cavabdeh MMC tərəfindən təhvil-təslim aktı əsasında qeyd olunan əşyalarla yanaşı qeyriyaşayış sahəsində olan digər əşyalardan da istifadə olunmuşdur. Müqavilə 31.05.2019-cu il tarixədək qüvvədə olmuş, Cavabdeh MMC tərəfindən müqavilənin bitməsinə 1 ay qalmış uzadılma haqqında bildiriş e-mail ünvanına göndərilməmiş və müqavilə avtomatik olaraq 10 aylıq müddətə 31.03.2020-ci ilə, daha sonra yenidən 10 ay uzadılaraq 31.01.2021-ci il tarixinə və ən sonda 10 ay yenidən uzadılaraq 31.11.2021-ci il tarixinədək uzanmışdır. Cavabdeh MMC İddiaçı 18.02.2021-ci il tarixli, 01/21 nömrəli məktubla müraciət edərək icarə müqaviləsinin müddətinin 31.01.2021-ci il tarixində bitdiyini, yanvar ayının sonunda icarə haqqının və kommunal xərclərin yüksək olması barədə obyektdəki nümayəndə ilə danışıqlar aparıldığını, bu xərcləri növbəti dövr üçün ödəmək qabiliyyətində olmadıqlarından bildirildiyini, obyektin təhvil verilməsi prosesi fevral ayının 15-nədək ləngidiyini bildirmiş və icarə haqqının 31.01.2021-ci il tarixində sonlandırılması və ödəniş öhdəliyinin qrafiklə həyata keçirilməsi xahiş olunmuş və müqavilə müddətinin son tarixinədək olan dövr ərzində yaranmış bütün öhdəliklərin tam olaraq yerinə yetiriləcəyi bildirilmişdir. Eyni zamanda İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsinə vurduğu ziyanın hesablanması üçün qiymətləndirilmə aparılmış və "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş zərərin bazar qiyməti 62.568 manat təşkil etmiş, həmin rəy əsasından 1500 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə qərardadı ilə təyin edilmiş "xxxx" Hüquq və Konsaltinq Şirkətinin 30.12.2021-ci il tarixli mütəxəssis rəyi ilə isə dəymiş ziyanın məbləği 65597 manat təşkil etmişdir. İcarə haqqında Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2-ci maddəsinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.5-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 8.1-ci maddəsinə əsasən, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh MMC icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, icarəyə götürülmüş obyekti təyinatına uyğun istifadə etməmiş və buna görə də obyektə ziyan vurmuş, icarə haqqını ödəməmiş, bununla da müqaviləsinin şərtlərini, icarə ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Cavabdeh MMC tərəfindən təhviltəslim aktı əsasında Cavabdeh MMC-yə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi zamanı bina ilə yanaşı həmin aktda göstərilən əşyalar da cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən aktda qeyd olunan əşyalarla yanaşı qeyri-yaşayış sahəsində olan digər əşyalardan da istifadə olunmuşdur. Müqavilə 31.05.2019-cu il tarixədək qüvvədə olmuş, Cavabdeh MMC tərəfindən müqavilənin bitməsinə 1 ay qalmış uzadılma haqqında bildiriş e-mail ünvanına göndərilməmiş və müqavilə avtomatik olaraq 10 aylıq müddətə 31.03.2020-ci ilə, daha sonra yenidən 10 ay uzadılaraq 31.01.2021-ci il tarixinə və ən sonda 10 ay yenidən uzadılaraq 31.11.2021-ci il tarixinədək uzanmışdır. İcarə müqaviləsinin uzadılmasına baxmayaraq Cavabdeh MMC tərəfindən 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödənilməmişdir. Eyni zamanda Cavabdeh MMC 15.02.2021-ci il tarixdə qabaqcadan heç bir xəbərdarlıq etmədən icarə sahəsini tərk etmiş, bu zaman icarə predmeti mülkiyyətçiyə müvafiq təhvil-təslim aktına uyğun şəkildə təhvil verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən faktiki olaraq icarəyə verilmiş sahəni Cavabdeh MMC istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi üçün mart ayı üzrə hər ay 11,630 manat olmaqla, ümumilikdə 34,890 manat məbləğində ödənilməmiş icarə haqqı tutulmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC İddiaçı icarəyə verdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi ziyanın aradan qaldırılmasında maddi məsuliyyət daşıyan şəxsdir. Belə ki, Cavabdeh MMC tərəfindən həm qeyri-yaşayış sahəsində, həm də həmin sahədə yerləşən, icarəçi tərəfindən istifadə edilərək yararsız vəziyyətə salınan avadanlıqlara, qurğulara vurulan zərər nəticəsində maddi ziyan dəymiş və nəticədə həmin əşyalar yararsız hala düşmüşdür. Məhkəmə zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən aparılmış "xxxx" MMC-nin 04.06.2021-ci il tarixli qiymətləndirilmə rəyi ilə dəymiş zərərin bazar qiyməti 62.568 manat və məhkəmə qərardadı ilə təyin edilmiş "xxxx" Hüquq və Konsaltinq Şirkətinin 30.12.2021-ci il tarixli mütəxəssis rəyi ilə isə 65597 manat təşkil etmişdir. Rəylər əsasında da görünür ki, qiymətləndirmə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütün hissələri, qurğuları və avadanlıqları üçün deyil, Cavabdeh MMC tərəfindən istifadə edilmiş və zərər vurulmuş hissələr üçün keçirilmiş və zərər məbləği onun əsasında müəyyən edilmişdir. belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “icarə predmeti olan sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərər və qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manatın tutularaq Cavabdeh MMC-yə ödənilməsi” hissəsi də təmin edilməlidir. Məhkəmə eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 məhkəmə iclasında “qiymətləndirmə ilə razı olmadıqlarını, məhkəmə tərəfindən iddia tələbinin əsas məbləğ hissəsindən biri bu hissədə olduğuna görə oraya yerində baxış keçirməli olduğunu, onlara 1 korpusun icarəyə verildiyini” dəlili ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıq və qurğularına dəymiş ziyan üçün müxtəlif vaxtlarda "xxxx" MMC və "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən rəy keçirilmiş, hər iki rəydə bazar qiymətinin məbləği bir-birinə yaxın olmuş, həmin əraziyə baxış nəticəsində zərərin məbləği məhkəmə tərəfindən dəqiq müəyyən edilə bilinməyəcəyindən məhkəmə hesab edir ki, yerli baxış keçirilməsinə ehtiyac olmamışdır. Məhkəmə iddia tələbinin 93.040,00 manat əldən çıxmış fayda hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Cavabdeh MMC fevral ayında obyekti tərk etdiyindən və bir ay öncədən xəbərdarlıq etmədən tərk etdiyindən mart ayı üzrə də icarə haqqı tutulduğundan, müqavilənin müddəti 31.11.2021-ci il tarixinə kimi uzadıldığından, həmin müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıq və qurğularına cavabdeh tərəfindən ziyan vurulduğundan, icarəyə verilən sahə tam təmirli, bütün avadanlıq və qurğular hazır vəziyyətdə olmadığından, İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsinin icarəyə götürülmüş korpusu icarəyə verilə bilmədiyindən, qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti olduğundan iddia həmin hissədə də təmin edilməli, əldən çıxmış fayda olaraq 01.04.2021-ci il tarixdən 01.12.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində ümumilikdə 93040 manat məbləğ Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 01.08.2018-ci il tarixli icarə müqaviləsinin 3.2.4-cü bəndinə əsasən icarəçi elektrik və istilik enerjisi, su, çirkab suların xıdılması, təbii qazın istifadəsi, internet, şəhərlərarası və beynəlxalq telefon haqları, habelə digər kommunal xərclərə görə ödənişləri vaxtında və tam məbləğdə ödəmək öhdəliyini öz üzərinə götürmüş, eyni zamanda Cavabdeh MMC qaz təchizatına görə yaranmış pul vəsaitini qəbul etdiyini bildirmişdir. Buna görə də Cavabdeh MMC tərəfindən istifadə olunan qaz təchizatına görə 4500 manat borc Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi Vəkil2 “İcarə müqaviləsinin 4.2-ci bəndində qeyd edilir ki, əgər tərəflərdən biri icarə haqqını və vergini ödəmirsə, bu müqavilənin bir tərəfli imtinası kimi qəbul edilməlidir. Onlar müqavilənin şərtlərini yerinə yetirmədikləri halda müqavilə necə uzadıla bilər? ” dəlili ilə əlaqədar qeyd edir ki, icarə müqaviləsinin 4.2-ci bəndində əsasən icarə haqqının cari ay üçün vaxtında və tam məbləğdə ödənilməməsi və/ və ya bu müqavilənin şərtlərinə uyğun olaraq icarəyə verənə ödənilən icarə haqqından 14% dərəcə ilə ödəmə mənbəyində icarəçi tərəfindən müstəqil qaydada hesablanaraq verginin tutulmaması və onun vaxtında və tam məbləğdə icarəçi tərəfindən büdcəyə ödənilməsi icarəçinin hazırki icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edildiyi, bu hal baş verdikdə habelə icarəçi hazırki icarə müqaviləsinin digər şərtlərindən hər hansı birini pozmuş olsa, icarəyə verən icarəçiyə yazılı bildiriş təqdim etməklə bu icarə müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv edə biləcəyi qeyd olunmuşdur. 18.02.2021-ci il tarixli, 01/21 nömrəli məktubla mülkiyyətçiyə müraciət edərək icarə haqqının qrafiklə həyata keçirilməsini xahiş etmiş, lakin bu məktubu rəsmi qaydada mülkiyyətçi İddiaçı göndərməmiş, həmçinin məktubu fevral ayında iddiaçıya çatması ilə bağlı qaimə və qəbz məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında “cavabdehin çıxmaqla bağlı məktub hazırladığını, ancaq qarşı tərəfə nə vaxt göndərdiklərini bilmədiyini” bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı tərəf isə həmin məktubu onların mart ayında əldə etdiklərini bildirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən faktiki olaraq icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsini istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi səbəbindən mart ayı üzrə hər ay üçün 11,630 manat olmaqla ümumilikdə 34,890 manat məbləğində ödənilməmiş icarə haqqı, həmin sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərər, qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat, icarə sahəsi, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə 01.08.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq 31.11.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq 01.04.2021-ci il tarixdən 01.12.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində ümumilikdə 93040 manat məbləğ və istifadə olunan qaz təchizatına görə 4500 manat məbləğində borc olmaqla ümumilikdə 196498 manat vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən faktiki olaraq icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsini istifadə etdiyi 2021-ci ilin yanvar və fevral ayları, habelə bir ay öncədən xəbərdarlıq etmədən sahəni tərk etdiyi səbəbindən mart ayı üzrə hər ay üçün 11,630 manat olmaqla ümumilikdə 34,890 manat məbləğində ödənilməmiş icarə haqqı, həmin sahəyə, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğulara ümumilikdə 62568 manat vurulmuş zərər, qiymətləndiriciyə xidmət haqqı olaraq ödənilmiş 1500 manat, icarə sahəsi, orada yerləşən və ora üçün quraşdırılmış avadanlıq və qurğuların yararsız vəziyyətdə olması obyektin yenidən icarəyə verilməsinin qarşısını aldığından, habelə 01.08.2018-ci il tarixli icarə müqaviləsi avtomatik olaraq 31.11.2021-ci il tarixədək uzanmış hesab edildiyindən əldən çıxmış fayda olaraq 01.04.2021-ci il tarixdən 01.12.2021-ci il tarixədək hər ay üçün 11630 manat olmaqla əldən çıxmış fayda qismində ümumilikdə 93040 manat məbləğ və istifadə olunan qaz təchizatına görə 4500 manat məbləğində borc olmaqla ümumilikdə 196498 manat vəsait İddiaçı xeyrinə tutulsun. Cavabdeh MMC-dən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-158/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-158/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver