Məhkəmə qərarları › İş №e-2(007)-160/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-160/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-160/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi, təhvil verilmə zamanı qanunsuz təsirlərin və maneələrin cavabdehə qadağan edilməsi və kirayə haqqı” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, təhvil verilmə zamanı qanunsuz təsirlərin və maneələrin cavabdehə qadağan edilməsi və kirayə haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, təhvil verilmə zamanı qanunsuz təsirlərin və maneələrin cavabdehə qadağan edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57,6 kv.m olan, 195 nömrəli mənzilin təmirli şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi; mənzillərin təhvil verilməsi zamanı qanunsuz təsirlərin və maneələrin cavabdeh "xxxx" MMC-yə qadağan olunması; cavabdeh "xxxx" MMC-dən 5.000 (beş min) manat kirayə haqqının alınıb iddiaçıya verilməsi; vəkilin göstərdiyi hüquqi yardıma görə 3.000 (üç min) manat, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 17,25 manat məbləğində notariat qaydasında çəkilmiş xərclərin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33, 21 nömrəli mənzil və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33, 88 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33, 88 nömrəli mənzilə dair iddiaçıya Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə Seriya MH ******* № Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin mənzil **********96-05101-093011 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. (xx.xx.2007-ci il tarixli Seriya MH ******* № Çıxarışın surəti əlavə edilir) Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33, 21 nömrəli mənzilə dair iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə Seriya RX ******* № Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin mənzil **********96-05101-093014 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. (xx.xx.2014-cü il tarixli Seriya RX ******* № Çıxarışın surəti əlavə edilir). 2016-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndələri iddiaçının da yaşadığı sakinlərin binasına gələrək bu binanın yaşayış üçün təhlükəli vəziyyətdə olduğunu, binanın sökülməsini və yerində yeni yaşayış binasının tikilməsinin vacibliyini bildirdilər. Digər sakinlər kimi iddiaçı da MMC-nin direktoru X1 ilə görüşmüşdür. MMC-nin direktoru sakinlərə bildirdi ki, yaşadığınız bina yaşayış üçün təhlükəlidir və ona görə də sökülməlidir. Narahat olmayın, yeni tikiləcək binanın bünovrəsi qoyulduqdan sonra 16 ay müddətində tikinti işləri başa çatacaq və mənzilləriniz Sizə təhvil veriləcəkdir. Hamı kimi iddiaçı da xüsusi mülkiyyətində olan mənzilləri boşaldıb hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə təhvil vermişdir. Bununla bağlı xx.xx.2016-cı il tarixdə iddiaçı ilə hər iki mənzilin təhvil verilməsi və yeni mənzillərin tikilib iddiaçıya verilməsi barədə müqavilə bağlanmışdır (hər iki müqavilənin surəti əlavə edilir). Bundan sonra xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin direktoru X1 ilə iddiaçı arasında hər iki mənzilə pay hüququna dair müqavilə bağlanmışdır. Belə ki, cavabdeh təşkilatla iddiaçı arasında bağlanılan xx.xx.2020-ci il tarixli 192001 nömrəli müqavilənin 1-ci bəndinə əsasən icraçı - "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 51,3 kv.m olan, 192 nömrəli mənzil izolə olunmuş 1 otaqdan ibarət olub təmirli mənzili bir pay kimi verir. xx.xx.2020-ci il tarixli 195001 nömrəli müqavilənin 1-ci bəndinə əsasən icraçı - "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57,6 kv.m olan, 195 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olub təmirli mənzili bir pay kimi verir. Müqavilə bağlandığı dövrdən illər keçməsinə baxmayaraq cavabdeh - "xxxx" MMC hər dəfə bir bəhanə ilə mənzilləri iddiaçıya qaytarmaqdan imtina edir. Cavabdeh əsas kimi onu gətirir ki, əvvəlki inşası nəzərdə tutulan bina 16 mərtəbəli olmalı idi, hazırki tikilmiş bina isə 18 mərtəbəlidir. Ona görə də iddiaçıya məxsus evlər 7-ci mərtəbədə deyil, 6-cı mərtəbədə yerləşir, mənzillər arasında sürüşmə baş vermişdir. Bu səbəbdən də iddiaçıya verilməli olan mənzil hazırki günədək təhvil verilməmiş və cavabdeh tərəfindən süni maneələr yaradılmaqda davam edilir. Eyni zamanda cavabdeh xx.xx.2016-cı il tarixli müqavilənin 2.1.2-ci bəndinin tələblərini pozaraq 10 aydan çoxdur ki, hər iki evə görə aylıq kirayə haqqı olaraq 250 manat pulu ödəmir. Buna görə də cavabdehin hal-hazırda iddiaçıya hər bir evə görə ayrı-ayrılıqda 2500 manat olmaqla, ümumilikdə hər iki evə görə 5000 manat kirayə haqqı borcu vardır. Hal-hazırda bina tam tikilmiş və təmirə tam hazır vəziyyətdədir. Digər sakinlər və müqavilə əsasında pul ödəyib mənzil əldə edən şəxslər təmir işlərini həyata keçirməkdədirlər. Göründüyü kimi müqavilə bağlanan dövrdən hal-hazırki müddətədək, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Hesab edir ki, iddiaçının mənzilin təhvil verilməsi və kirayə haqqı tələbi haqlıdır. Həmçinin qeyd edilməlidir ki, hüquqi xidmət olaraq vəkilə 3000 (üç min) manat xərc çəkilmişdir. Bu xərcin də cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir (xx.xx.2024-ci il tarixli 01 nömrəli ödəniş qəbzinin əsli əlavə olunur).

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı bina sakini olub. İddiaçıya cavabdeh tərəfindən bildirilib ki, mənzillər sürüşdürülüb. Cavabdeh tərəf əvvəl 16 mərtəbəli bina tikməli idilər, sonradan 18 mərtəbəli bina tikiblər. Binanın 1-ci mərtəbəsini əvvəl ev kimi, sonradan isə obyekt kimi rəsmiləşdirdiklərini deyirlər. Hal-hazırda bildikləri qədərilə cavabdeh şirkətin rəhbəri həbsdədir. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İş materialları:

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96-05101-093014 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33, 21 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2014-cü il tarixdə **********9 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

9. MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33, 88 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

10. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01 avqust 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 40.0 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

11. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01 avqust 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 25.6 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 250 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür.

12. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli, 192001 və 195001 saylı müqavilələrə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 51.3 kv.m olan, 192 nömrəli izolə olunmuş 1 otaqdan və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 195 nömrəli izolə olunmuş 1 otaqdan ibarət olub təmirli bir pay kimi verir.

13. 07 iyun 2024-cü il tarixli qəbzin surətindən görünür ki, “Femida” Vəkil Bürosuna 3000 manat məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01 avqust 2016-cı il tarixli müqavilələrə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 40.0 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 25.6 kv metr təmirli mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57,6 kv.m olan, 195 nömrəli mənzilin təmirli şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi; mənzillərin təhvil verilməsi zamanı qanunsuz təsirlərin və maneələrin cavabdeh "xxxx" MMC-yə qadağan olunması; cavabdeh "xxxx" MMC-dən 5.000 manat kirayə haqqının alınıb iddiaçıya verilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

20. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 01 avqust 2016-cı il tarixli müqavilələr bağlanmış, müqavilələrin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərlərinə müvafiq öhdəliklər götürmüşlər.

21. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 51.3 kv.m olan, 192 nömrəli izolə olunmuş 1 otaqdan və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 195 nömrəli izolə olunmuş 1 otaqdan ibarət olub təmirli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilənədək hər iki mənzilə dair hər ay 250 manat kirayə haqqının ödənilməsi təşkil edir.

22. Göründüyü kimi tərəflər arasında bağlanmış 01 avqust 2016-cı il tarixli müqaviləyə əsasən müqavilədə qeyd olunan mənzillər təhvil verilənədək hər ay hər iki mənzilə görə 250 manat kirayə haqqı verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən 10 aydır ki, hər iki mənzilə görə kirayə haqqı ödənilməmişdir. Beləliklə, iddia tələbi bu hissədə təmin edilməli, "xxxx" MMC-dən 5.000 manat kirayə haqqı tutulmalıdır.

23. Odur ki, hazırda müqavilədə qeyd olunan İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 51.3 kv.m olan, 192 nömrəli izolə olunmuş 1 otaqdan və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m olan, 195 nömrəli izolə olunmuş 1 otaqdan ibarət olub təmirli mənzillər cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilənədək hər iki mənzilə görə hər ay 250 manat kirayə haqqı tutularaq iddiaçılara ödənilməlidir.

24. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən yerində müayinə aktına əsasən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasına yerində müayinə keçirilmişdir. MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, binanın tikilməsi əvvəl 16 mərtəbəli nəzərdə tutulsa da daha sonra 18 mərtəbə tikilmişdir. Bu səbəbdən mənzillərin mərtəbələri və nömrələri uyğun gəlmir. Müqavilədə olan 7-ci mərtəbədə yerləşən 192 və 195 nömrəli mənzillər təxminən 4-cü və 5-ci mərtəbəyə uyğun gəlir. 4-cü mərtəbədə sağ tərəfdə yerləşən mənzilin üzərində (ev sahibi: ***-***-**-**), həmin mərtəbədə sol tərəfdə yerləşən 1 otaqlı mənzilin üzərində (alınıb Sahib-Cavid ***-***-**-**) qeyd olunmuşdur. 5-ci mərtəbədə yerləşən 1 otaqlı mənzilin qapısı olmasa da mənzilin içərisində nömrəsi və adı (***-***-**-** Valeh) qeyd olunmuşdur. Beləliklə yerli baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən mənzillərin sakinləri (alıcıları) var və iddiaçıya məxsus mənzilləri müəyyən olunmadı. Göründüyü kimi cavabdeh tərəfindən müqavilələrin şərtlərinə əməl edilməmişdir.

25. Məhkəmə iddia tələbinin “mənzillərin təhvil verilməsi zamanı qanunsuz təsirlərin və maneələrin cavabdeh "xxxx" MMC-yə qadağan olunması” hissəsinə münasibətdə qeyd edir ki, müqavilə şərtlərinə əsasən mənzillər iddiaçıya təhvil verilməlidir və bu zaman hər hansı maneələrin edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilən zaman qanunsuz təsirlərin və maneələrin edilməsi cavabdehə qadağan edilməlidir.

26. İddia tələbi hüququ yardım üçün ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmişdir. Odur ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 3000 manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmə xərcləri:

28. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, 17,25 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 51,3 kv.m olan, 192 nömrəli mənzil və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57,6 kv.m olan, 195 nömrəli mənzil təmirli şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməli, mənzillərin təhvil verilməsi zamanı qanunsuz təsirlər və maneələr cavabdeh "xxxx" MMC-yə qadağanmalı, 5.000 (beş min) manat kirayə haqqı, vəkilin göstərdiyi hüquqi yardıma görə 3.000 (üç min) manat, 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, 17,25 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər cavabdehdən tutulub iddiaçıya verilməlidir.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 51,3 kv.m olan, 192 nömrəli mənzil və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57,6 kv.m olan, 195 nömrəli mənzil təmirli şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilsin. Mənzillərin təhvil verilməsi zamanı qanunsuz təsirlər və maneələr cavabdeh "xxxx" MMC-yə qadağan olunsun. Cavabdeh "xxxx" MMC-dən 5.000 (beş min) manat kirayə haqqı, vəkilin göstərdiyi hüquqi yardıma görə 3.000 (üç min) manat, 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, 17,25 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər cavabdehdən tutulub iddiaçıya verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar