Məhkəmə qərarları › İş №e-2(007)-1603/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1603/2023

03.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1603/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47-ci mənzildən istifadə hüququna 11.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, həmçinin 50 manat mediasiya və 50 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47-ci mənzildən istifadə hüququna 28.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci ildə rəsmiləşən nikahla X3 ilə ailə qurmuşdur. Ailə qurduqları gündən iddiaçının atası X5 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 84V, mənzil 47 ünvanında yaşamışlar. xx.xx.2013-cü il tarixdə iddiaçının atası X8 vəfat etmişdir. Bundan sonra Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84 V saylı evin 47-ci mənzili vərəsəlik əsasında İddiaçı adına keçirilmiş, onun daşınmaz əmlak hüquqları xx.xx.2014-cü il tarixli ******* nömrəli dövlət reyestr qeydiyyatı ilə təsdiq edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı ilə X3 arasında olan nikah pozulmuşdur. (nikahın pozulması barədə şəhadətnamə əlavə edilir). Lakin tərəflər arasında nikahın pozulmasına baxmayaraq bu günədək həmin mənzildə Cavabdeh1, Cavabdeh2 və iddiaçının anası X1 Vaqif Əşrəf oğlu ilə birlikdə yaşayırlar. Əlavə olaraq qeyd edir ki, iddiaçının birgə nikahından X9, Cavabdeh2 və X10 dünyaya gəlib. Fidan Fətəliyeva və Kamal Fətəliyev ailə quraraq mənzili tərk etmişlər. İddiaçının hazırda cavabdehlərlə eyni mənzildə yaşaması mümkünsüzdür. Mənzildə yaşayan X3 və Cavabdeh2 iddiaçı tərəfindən mənzilə heç vaxt istifadə hüququ verilməmişdir. Cavabdehlər iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Məmmədova (Fətəliyeva) İlhamə Nəriman qızına və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84 saylı evin 47-ci mənzildən istifadə hüququna 11 000 AZN məbləğində kompensasiya ödəməklə xitam verilməsi, həmçinin 50 AZN mediasiya və 50 AZN dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, müvəkkili Fətəliyeva (Məmmədova) İlhamə Nəriman qızı xx.xx.1991-ci il tarixində rəsmiləşən nikahla İddiaçı ilə ailə qurmuşdur. Ailə qurduqları gündən bəri orderlə iddiaçının atası X4 istifadəsinə verilmiş Bakı şəhəri, ünvan 1 ünvan üzrə qeydiyyatda olmuşdur. Birgə nikahlarından olan övladlarının hər üçü, X9, Cavabdeh2 və X2 ünvanda dünyaya gəlmiş, həmin ünvanda yaşamış və qeydiyyatda olmuşlar. Daha sonra qızı Fidan Fətəliyeva ailə quraraq ailədən ayrılmış və həyat yoldaşının yaşadığı ünvana qeydiyyata düşmüşdür. X17 isə ailə qursa da özünə məxsus hər hansı bir daşınmaz əmlak sahibi (mülkiyyətçisi) deyil, hal-hazırda kirayə evdə yeni ailəsi ilə yaşayır, lakin o, da qeyd olunan ünvan üzrə (ünvan 2 Cavabdeh1 və oğlu Cavabdeh2 da hal-hazırda yuxarıda qeyd olunan tarixdən bu yana sözügedən ünvanda yaşayır. Xüsusi qeyd etmək istəyir ki, müvəkkilləri başqa hər hansı daşınmaz əmlak mülkiyyətçisi deyil və yaşamaq üçün başqa daşınmaz əmlakları (mənzilləri və ya fərdi yaşayış evləri) yoxdur. İddiaçı iddia ərizəsində “Mənzildə yaşayan Məmmədova (Fətəliyeva) İlhamə Nəriman qızına və Cavabdeh2 iddiaçı tərəfindən mənzilə heç vaxt istifadə hüququ verilməmişdir” arqumentini qeyd etsə də yuxarıda qeyd olunanlardan aydın şəkildə görünür ki, Cavabdeh1 həmin mənzilə olan istifadə hüququ 1991-ci ildən yaranıb və övladlarının istifadə hüququ isə doğulduqları vaxtdan artıq yaranmışdı (faktiki yaşamaq və qeydiyyatda olmaqla). Bu faktlar iddiaçı tərəfindən də mübahisələndirilməyən faktlar kimi qəbul olunmuşdur və iddia ərizəsində öz əksini tapmışdır. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının qərəzli iddiasının təmin edilməsi Cavabdeh1 və övladı Cavabdeh2 yeganə yaşayış yeri olan yaşadığı mənzildən qanunsuz olaraq məhrum edəcək və başqa yaşayış yeri olmayan ana və övladının faktiki olaraq “küçəyə atılması” ilə nəticələnəcək. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 qız xx.xx.2023-cü il tarixdə ərizə verərək bildirmişdir ki, iş üzrə qiymətləndirilmiş daşınmaz əmlaka görə iddiaçı tərəfindən nümayəndəsi olduğu şəxslərə (Məmmədova (Fətəliyeva) İlhamə Nəriman qızına və Cavabdeh2) 80000 AZN məbləğində kompensasiya və ya daşınmaz əmlakın rəsmi qaydada satılaraq əldə olunan məbləğin 40%-nin ödənəcəyinə dair razılaşma imzalandığı təqdirdə iddiaçının buna uyğun təklifini qəbul etməyə hazırdırlar. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyib, etirazda göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, etirazda göstərdikləri ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ İ seriyalı, 441946 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə 02 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadın “Məmmədova” soyadını götürmüşdür. - 85 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 69 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilində Cavabdeh1, Cavabdeh2 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********44-05101-093051 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində vərəsəlik əsasında hüquq qeydiyyata alınmışdır. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. - V İİİ ЖГ seriyalı, 370942 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X3 qeyd edilmişdir. - X13 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli YDQM 004-070/2023 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilin bazar dəyəri 165950 manat, aylıq kirayə haqqı 620 manatdır. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzili İddiaçı tam payda xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona verilmiş çıxarış, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mənzil iddiaçıya atasından vərəsəlik əsasında keçmişdir. Cavabdeh1 iddiaçı ilə xx.xx.1991ci il rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və həmin dövrdən digər Cavabdeh2 isə doğulduğu vaxtdan etibarən iddiaçıya məxsus mənzildə yaşayırlar. Hazırda iddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehlərə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə nəzərə alır ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmin mənzil iddiaçıya atasından miras qalmışdır, hansı ki, bu işin mübahisəsiz halıdır. Bundan əlavə Cavabdeh1 qeyd olunan mənzilə 1991-ci il tarixdə gəlin köçmüş və həmin tarixdən mənzilə istifadə hüququ yaranmışdır. Digər Cavabdeh2 isə doğulduğu vaxtdan etibarən iddiaçıya məxsus mənzildə yaşadığından mənzilə istifadə hüququ yaranmışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlər iddianı, kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində faktiki olaraq qəbul edirlər, onların mübahisələndirdikləri hal yalnız kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, mənzil iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. Cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onların tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, cavabdehlər əmək qabiliyyətlidirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, həmin ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini özünün mülkiyyət, cavabdehlərin isə istifadə hüquqlarını nəzərə almışdır və iddia tələbinin həcmini artıraraq 28000 manat kompensasiya təklif etmişdir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 28000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. O cümlədən, nəzərə alınmalıdır ki, təklif olunan kompensasiya məbləği faktiki olaraq sözügedən mənzilin bazar dəyərinin 1/6 hissəsindən artıq təşkil edir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə məhkəmə hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzildən istifadə hüquqlarına 28000 manat kompensasiya verilməklə xitam verilməli, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilindən çıxarılmalı, İddiaçı 2800 manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən çıxarılması eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşməsində dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzildən istifadə hüquqlarına 28000 manat kompensasiya verilməklə xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilindən çıxarılsınlar. İddiaçı 28000 manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mənzildən çıxarılması eyni vaxtda icra olunsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar