Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-161/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz inşa edilmiş radio baza stansiyasının sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və qanunsuz inşa edilmiş radio baza stansiyasının sökülməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 17.04.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1028 saylı bağ sahəsində Cavabdeh1 MMC tərəfindən quraşdırılmaqda olan radio baza stansiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCnin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1090T saylı bağ sahəsi İddiaçı3,1033 saylı bağ evi İddiaçı5, 1029a saylı bağ sahəsi İddiaçı2, 1029 saylı bağ sahəsi İddiaçı1 və 1090S saylı bağ sahəsi İddiaçı4 xüsusi mülkiyyətindədir. Uzun müddətdir ki, iddiaçılar qonşu olmaqla özlərinə məxsus bağ sahələrindən heç bir maneə olmadan istifadə edirlər. Bu yaxınlarda cavabdeh olan digər qonşu Cavabdeh2 məxsus 1028 saylı bağ sahəsində digər Cavabdeh1 MMC tərəfindən radio baza stansiyası inşa edilmişdir. Hazırda da həmin stansiya inşa edilməkdədir. Bununla bağlı cavabdehlər arasında 17.04.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin icarə müqaviləsi bağlanarkən iddiaçıların hüquqları nəzərə alınmamış və konstitusion hüquq olan mülkiyyət və istirahət hüquqları pozulmuşdur. Belə ki, quraşdırılmaqda olan radio baza stansiyası iddiaçıların sağlamlığına ciddi ziyan vuracaqdır. Beynəlxalq təcrübədə baza stansiyanın maksimal çıxış gücünə, antenanın növünə, şüalanma bucağına, şaquli və üfüqi səthlərdə istiqamətinə görə antenanın yaşayış sahəsindən uzaqlıqda yerləşmə məsafəsi təqribən 300 metrdən başlayaraq hesablanır. Lakin Cavabdeh1 MMC tərəfindən quraşdırılmaqda olan radio baza stansiyası iddiaçılara məxsus olan fərdi yaşayış sahələrinin 10 metrliyində yerləşir. Bu da iddiaçıların sağlam ətraf mühitdə yaşamaq hüququndan məhrum edir. Cavabdeh2 digər Cavabdeh1 MMC ilə qanunsuz olaraq iddiaçıların hüquqlarını nəzərə almayaraq 17.04.2021-ci il tarixdə radio baza stansiyasının quraşdırımasına dair icarə müqaviləsi bağlanmışdır. Halbuki icarə müqaviləsi bağlanarkən həmin stansiyanın yaxınlığında yaşayan vətəndaşların fikri də öyrənilməli, onların da razılığı alnmalı idi. “Sanitariya- epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi də bunu tələb edir. Belə ki, həmin Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları təşkilatlar və vəzifəli şəxslər tərəfindən istər təkbaşına, istərsə də kollegial qəbul olunan, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan qərarların hazırlanmasında və icrasına nəzarətdə iştirak etmək hüququna malikdirlər. Qeyd olunan radiobaza stansiyasının quraşdırılması iddiaçıların sağlamlığı və ətraf mühitə təsirlə bağlıdır. Lakin cavabdehlər bu hüquqa hörmətlə yanaşmayaraq icarə müqaviləsi bağlanmasına nail olmuşlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət orqanlarıictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait yaratmalıdırlar. Lakin Cavabdeh1 MMC bir müəssisə kimi digər Cavabdeh2 ilə iddiaçıların sağlamlığına və ətraf mühitə mənfi təsirlə bağlı olan icarə müqaviləsi bağlayarkən iddiaçıların fikrini soruşmamış, onların iştirakı üçün heç bir şərait yaratmamışdır. Onlar hesab edirlər ki, quraşdırılacaq stansiya iddiaçıların sağlamlığı üçün ciddi təhdiddir. Cavabdeh2 icarə müqaviləsi bağladığı torpaq sahəsində heç bir fərdi yaşayış evi mövcud deyil və orada hər hansı ev tikmək fikri də yoxdur. Ona görə də stansiyanın quraşdırılmasına razılıq vermişdir, çünki özü yaşamadığına görə ona heç bir təsiri olmayacaqdır. Əksinə illik 2000 manatdan çox gəlir əldə edəcəkdir. Lakin iddiaçılar isə özlərinə məxsus olan torpaq sahələrində yerləşən fərdi yaşayış evlərində yaşayır. Bu da onların hüquqlarını pozur. Daha sonra cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ölkə ərazisində göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətini daha da artırmaq məqsədilə yeni radio-baza stansiyalarının qurşdırılmasını planlaşdırır. Belə ki, stansiyaları biri də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1098 saylı bağ sahəsi torpaq sahəsinin çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətindədir və onun razılığı ilə qeyd olunan ünvanda torpaq sahibinin sahibi Cavabdeh2 ilə notarial qaydada icarə müqaviləsi bağlanılmış və radio-baza stansiyası həmin bağ sahəsində quraşdırılır. İddiaçılar iddia edirlər ki, quraşdırılacaq radio-baza stansiyası onların sağlamlığına ciddi ziyan vuracaq, onlara görə beynəlxalq təcrübədə baza stansiyanın-antenanın yaşayış sahəsindən uzaqlıqda yerləşmə məsafəsi təqribən 300 metrdən başlayaraq hesablanır. İddiaçıların hansı mənbəyə istinad etdiyi məlum deyil. Haradan bu 300 metr götürülüb məlum deyil. Bu yanaşma ilə iddiaçılar onu da əlavə edirlər ki, antena zəhərlidir. Onlar qeyd edir ki, həmin ərazidə RBS-nın quraşdırılma zərurəti çoxsaylı abunəçi şikayətləri əsasında yaranmış və həmin ərazinin telekommunikasiya şəbəkəsinə daha keyfiyyətli qoşulmasına xidmət edir. X2 rəsmi internet səhifəsində yayınlanmış məlumatlara əsasən baza stansiyaları və simsiz rabitə şəbəkələrinin yaratdığı elektromaqnit dalğalarının insan həyat və sağlamlığına zərəli təsir etməsi barədə mötəbər elmi məlumatlar mövcud deyil. Xüsusilə aparılmış tədqiqatlar baza stansiyalarının yaratdığı elektromaqnit dalğalarının ekoloji faktor kimi onkoloji və digər xəstəliklərin yaranma riskini artırmasi barədə heç bir müddəaya malik deyil. Beləliklə, RBS-nın yaratdığı elektromaqnit dalğalarının insan sağlamlığı üçün təhlükə törətməməsi hamıya bəlli olan hal və fakt qismində mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bundan əlavə qeyd edilməlidir ki, məqsədi qeyri-ionlaşdırıcı radiasiyanın müxtəlif növlərinin təsiri ilə bağlı ola biləcək insan sağlamlığı üçün risklərin tədqiqatı, bu təsirin məhdudlaşdırılması üzrə beynəlxalq təlimatların hazırlanması olan Qeyri-ionlaşdırıcı Radiasiyadan Qorunma üzrə Beynəlxalq Komissiya tərəfindən hazırlanmış “Elektrik, maqnit və elektromaqnit sahələrinin təsirinin məhdudlaşdırılması üzrə Təlimata” əsasən 10-300 GHz tezlikdə sahələr üzrə enerji selinin sıxılığının məhdudlaşdırılması həddi əhali üçün 10 Vatt/m2 müəyyən edilmişdir ki. Bu 1000 mikroVatt/sm2-ə bərabərdir. Göründüyü kimi beynəlxalq təcrübədə yol verilən hədd çox yumşaqdır. X7 də bu göstəriciləri əsas götürmüşdür. Bütün bunlardan əlavə qeyd olunmalıdır ki, Radio-baza ötürücü qurğuları iddiaçılar üçün hər hansı bir hədsiz təsirlər törətmədiyindən, ona öz sahəsindən istifadə etməkdə maneçilik yaratmadığından, iddiaçıların quraşdırılmış antenin mövcudluğuna dözmək vəzifəsi olmuşdur. Zərərli təsir yaradılması iddia edilən RBS və müvafiq avadanlıqlar Almanya və İsveç istehsalçılar tərəfindən istehsal edilmişdir. Onlar dünya və Avropa standartlarına tam cavab verməklə yanaşı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 04.06.2010-cu il tarixli “Uyğunluq Sertifikatı”na malikdirlər və bu qurğu və avadanlıqların ətraf mühitə və canlı orqanizmlərə, o cümlədən insan orqanizminə təsiri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış həmin avadanlıqların təhlükəsizliyi və ekoloji göstəricilərə uyğunluğu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmişdir və verilən uyğunluq sertifikatı müddətsizdir. Göründüyü kimi bu qurğu və avadanlıqların dövlət standartlarına (normativ sənədlərə) uyğun olduğuna zəruri əminliyi təmin edilməsini göstərən sənəd- uyğunluq sertifikatı rəsmi dövlət orqanı tərəfindən verilmişdir və dövlətin bu qəbildən olan avadanlıqlara qarşı irəli sürdüyü tələblərə tam uyğundur. Əks təqdirdə sertifikatlaşdırılmaz və uyğunluq sertifikatı verilməzdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X5 etiazın məzmununa uyğun izahat verdi, iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Radiobaza stansiyası daha quraşdırılmayıb, sadəcə beton tökülüb, həm də müqavilə sadəcə Cavabdeh2 ilə bağlanmışdır. İddiaçılar iddia edirlər ki, quraşdırılacaq radio baza stansiyası onların sağlamlığına ciddi ziyan vuracaq, onlara görə beynəlxalq təcrübədə baza stansiyanın-antenanın yaşayış sahəsindən uzaqlıqda yerləşmə məsafəsi təqribən 300 metrdən başlayaraq hesablanır. İddiaçıların hansı mənbəyə istinad edildiyi məlum deyil. O, həmçinin bildirdi ki, qurğu və avadanlıqların dövlət standartlarına) uyğun olduğu üçün zəruri əminliyi təmin edilməsini göstərən uyğunluq sertifikatı rəsmi dövlət orqanı tərəfindən verilmişdir və dövlətin bu qəbildən olan avadanlıqlara qarşı irəli sürdüyü tələblərə tam uyğundur. Bundan əlavə o həmin əraziyə yaxın sahədə yerləşən baza barəsndə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Gigiyeniya və Epidemologija Mərkəsi” PHŞ-nin Sanitariya Gigiyena Labarotoriyasının Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağları barəsində verilmiş 18.12.2020-ci il tarixli 585 saylı “Elektromaqnit şüalarının müayinəsi protokolu”nu və rəyi təqdim edərək həmin kateqoriya bazaların sağlamlığa ziyan olmamasını bildirdi. O iş üzrə İddiaçı3 ekspertiza keçirilməsinə dair vəsatətinin əsassız olmasını bildirərək təmin edilməməsini xahiş etdi. O bildirdi ki, radi baza hələ qurraşdırılmadan onun barəsində ekspertiza keçirilə bilməz və bu yalnız işin əsassız uzaılması ilə nəticələnəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 qız, İddiaçı4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1090T saylı bağ sahəsi onun mülkiyyətindədir. Digər iddiaçılar da həmin ərazidə yerləşən bağ sahələrindən istifdə edirlər. Onlar uzun müddətdir ki, orada yaşayırlar və qonşuların 90 faizinin də həmin ərazidə fərdi evləri mövcuddur. Cavabdeh2 həmin torpaq sahəsində yerləşən qonşu sahədədir. Onun ərazisində heç bir yaşayış sahəsi yoxdur. Cavabdeh2 ilə digər Cavabdeh1 MMC radio bazanın inşa edilməsi və icarəyə verilməsi ilə bağlı razılığa gəlmiş və icarə müqaviləsi bağlamışdırlar. Lakin bu müqavilədən nə onların, nə də qonşuların məlumatı olmamış və bundan sonra onlar qonşularla birlikdə həmin şəxsi tapmış və onların icazəsi olmadan necə belə etdiyini soruşmuşlar. Bilindiyi kimi radio baza stansiyası quraşdırılarsa ətrafda şüalanma güclü olur və bu da təkcə insan sağlamlığına deyil, həm də orada bitən bitkilərə, torpaqlara da ziyan vurur. Qonşularla iddia ərizəsi tərtib edərkən Beynəlxalq təcrübədə, müqavilələrdə radiobaza stansiyasının yaşayış binasından təxminən 300 metr uzaqda quraşdırılmalı olduğu, ondan yaxın məsafəyə quraşdırılmalı olmamağı qeyd olunmuşdur. Cavabdeh1 MMC tərəfindən quraşdırılmış radiobaza stansiyası onlara məxsus olan fərdi yaşayış evlərindən 10 m kənarda yerləşir və bu da onların sağlam ətraf mühitdə yaşamalarına maneə törədir. Bağlanmış icarə müqaviləsi etibarsızdır və sakinlərin icazəsi olmadan bağlanmışdır. Həmin stansiyanın ətraf mühitə ziyanı, nə qədər məsafənin insan sağlamlığı və ətraf mühitə ziyan vurduğu ekspertiza keçirilməklə də bilinər. Məhkəmənin 18.08.2021-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 17.04.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1090T saylı bağ sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" MMC-yə verilmiş 02.06.2021-ci il tarixli “Uyğunluq Sertifikatı”ndan görünür ki, avadanlığın standartlara uyğunluğuna dair normativ texniki sənədləri sertifikatın verilməsinə əsas olmuşdur və avadanlıq Respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin tələblərinə uyğundur. - Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən "xxxx" MMC-yə verilmiş 17.11.2020-ci il tarixli “Uyğunluq Sertifikatı”ndan görünür ki, “Kathrein” markalı 80010670 modelli baza stansiya anteni TP TC 004/2011, TP TC 020/2011 tələbinə uyğundur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 07.08.2020-ci il tarixli ekoloji ekspertiza rəyindən görünür ki, agentlik radio baza stansiyaları və RBS antenaları, onların yerləşdirmə və quraşdırılması ilə bağlı təqdim olunmuş layihə sənədlərinə ekoloji baxımdan etirazı olmadığını bildirmiş, gələcəkdə yeni radio baza stansiyalarının layihələndirilməsi zamanı həssas areallardan (yaşayış binası, uşaq bağçaları, xəstəxanalar, məktəblər, eyni zamanda qoruq, yasaqlıq) müvafiq məsafələrin saxlanması təmin edilməli, yeni baza stansiyalarının yerləşdiriləcəyi ərazilər aidiyyəti torpaq və əmlak mülkiyyətçiləri ilə müəyyən olunmuş qaydada öncədən razılaşdırılmalıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-epidemoloji rəyindən görünür ki, aparılmış müayinələr nəticəsində "xxxx" MMC tərəfindən radio baza stansiyalarının Mərkəzə təqdim olunmuş sənədlərdə göstərilən məlumatlara uyğun quraşdırıldığı müəyyən edilmiş, ötürücü avadanlıqlarının yaratdığı elektromaqnit sahələrin səviyyələri yaşayış-tikinti ərazisində yol verilən hədd daxilində olmuş, radio baza stansiyalarının istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 06.02.2015-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verdiyi müəyyən olunmuşdur. - 18.12.2020-ci il tarixli, 585 saylı “Elektromaqnit şüalarının müayinəsi protokolu”ndan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında "xxxx" MMC-nin radio baza stansiyasının tezliyi 900 MHz, 1800 MHz, 2100 MHz, enerji selinin sıxlığının yol verilən həddi 10 mkVatt/sm2 müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 17.04.2021-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1090T saylı bağ sahəsini "xxxx" MMC-yə icarəyə vermiş, Cavabdeh2 razılığı ilə "xxxx" MMC tərəfindən həmin ərazidə radio baza stansiyası quraşdırılır. 17.11.2020-ci il tarixli və 02.06.2021-ci il tarixli “Uyğunluq Sertifikatları”ndan görünür ki, avadanlığın standartlara uyğunluğuna dair normativ texniki sənədləri sertifikatın verilməsinə əsas olmuşdur və avadanlıq Respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və “Kathrein” markalı 80010670 modelli baza stansiya anteni TP TC 004/2011, TP TC 020/2011 tələbinə uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-epidemoloji rəyindən görünür ki, aparılmış müayinələr nəticəsində "xxxx" MMC tərəfindən radio baza stansiyalarının Mərkəzə təqdim olunmuş sənədlərdə göstərilən məlumatlara uyğun quraşdırıldığı müəyyən edilmiş, ötürücü avadanlıqlarının yaratdığı elektromaqnit sahələrin səviyyələri yaşayış-tikinti ərazisində yol verilən hədd daxilində olmuş, radio baza stansiyalarının istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 06.02.2015-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin “Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 17.04.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlandığından, hər iki tərəfin iradə ifadəsi öz əksini tapdığından, azad surətdə bu müqavilənin məzmununu müəyyənləşdirdiklərindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1998-ci il tarixli Qərarına əsasən uyğunluğun sertifikatlaşdırılması dedikdə lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standartlara və ya digər normativ sənədə uyğunluğunu inamlı şəkildə sübut edən üçüncü şəxsin fəaliyyəti nəzərdə tutulur. “Gaida Almaniyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi pozulmamış, mobil rabitə baza stansiyasının ərizəçinin evindən təxminən 20 metr uzaqda yerləşdiyi, baza stansiyasının müvafiq təhlükəsizlik qaydaları çərçivəsində olduğu, lisenziyalarının müvafiq əsaslara və qanuni müddəalara söykəndiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, lisenziyanın verilməsi iqtisadi rifah və qanuni məqəsd güdmüş və ərizəçinin təqdim etdiyi hallar, radiasiyanın zərərli təsirləri elmi cəhətdən sübuta yetirilmişdir. Qeyri-ionlaşdırıcı Radiasiyadan Qorunma üzrə Beynəlxalq Komissiya (İnternational Commissiaon on Non-ionizing Radiation Protection-İCNİRP) tərəfindən hazırlanmış “Elektrik, maqnit və elektromaqnit sahələrinin təsirinin məhdudlaşdırılması üzrə Təlimata” (Guidelines for Limiting Exposure to Time-varying Electric, magnetic and electromagntic Fields (up to 300 GHz). Health physics 74 (4): 494-522, 1998.) əsasən 10-300 GHz tezlikdə sahələr üzrə enerji selinin sıxılığının məhdudlaşdırılması həddi əhali üçün 10 Vatt/m2 müəyyən edilmişdir ki, bu da 1000 mikroVatt/sm2-ə bərabərdir. Göründüyü kimi 17.04.2021-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1090T saylı bağ sahəsini "xxxx" MMC-yə icarəyə vermiş, Cavabdeh2 razılığı ilə "xxxx" MMC tərəfindən həmin ərazidə radio baza stansiyası quraşdırılır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən quraşdırılmağa hazırlanan radio baza stansiyaları və avadanlıqları yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq konkret standartlara və ya digər normativ sənədə uyğun olduğu üçün 17.11.2020-ci il tarixli və 02.06.2021-ci il tarixli “Uyğunluq Sertifikatı” verilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-epidemoloji rəyi ilə aparılmış müayinələr nəticəsində "xxxx" MMC tərəfindən radio baza stansiyalarının Mərkəzə təqdim olunmuş sənədlərdə göstərilən məlumatlara uyğun quraşdırıldığı müəyyən edilmiş,ötürücü avadanlıqlarının yaratdığı elektromaqnit sahələrin səviyyələri yaşayış-tikinti ərazisində yol verilən hədd daxilində olmuş, radio baza stansiyalarının istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 06.02.2015-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı3 məhkəmə iclasında bildirdiyi “radio baza stansiyasının insan sağlamlığına, həm də orada bitən bitkilərə, torpaqlara da ziyan vurur. Qonşularla iddia ərizəsi tərtib edərkən Beynəlxalq təcrübədə, müqavilələrdə radiobaza stansiyasının yaşayış binasından təxminən 300 metr uzaqda quraşdırılmalı olduğu, ondan yaxın məsafəyə quraşdırılmalı olmamağı qeyd olunmuşdur.” dəlili ilə bağlı məhkəmə bildirir ki, İddiaçı3 bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və bildirdiyi halları sübut edə bilməmişdir. Məhkəmə həmçinin bildirir ki, "xxxx" MMC tərəfindən quraşdırılan radio baza stansiyaları dövlətin iqtisadi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Həmçinin, beynəlxalq təcrübədə də radio baza stansiyalarının elmi cəhətdən əhaliyə zərəri sübut olunmamışdır. Qeyri-ionlaşdırıcı Radiasiyadan Qorunma üzrə Beynəlxalq Komissiya tərəfindən hazırlanmış “Elektrik, maqnit və elektromaqnit sahələrinin təsirinin məhdudlaşdırılması üzrə Təlimata” əsasən 10-300 GHz tezlikdə sahələr üzrə enerji selinin sıxılığının məhdudlaşdırılması həddi əhali üçün 10 Vatt/m2 müəyyən edilmişdir. Bu isə 1000 mikroVatt/sm2-ə bərabərdir. Məhkəməyə təqdim edilmiş 18.12.2020-ci il tarixli, 585 saylı “Elektromaqnit şüalarının müayinəsi protokolu” ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında "xxxx" MMC-nin radio baza stansiyasının tezliyi 900 MHz, 1800 MHz, 2100 MHz, enerji selinin sıxlığının yol verilən həddi 10 mkVatt/sm2 müəyyən olunmuşdur. Göründüyü kimi oxşar ərazidə yerləşən "xxxx" MMC-nin oxşar radio baza stansiyasının tezliyi və sıxlığının yol verilən həddi təlimatda qeyd olunan normanı keçməmişdir. Bununla da "xxxx" MMC-nin qurraşdırılması nəzərdə tutulan radio baza stansiyasının əhaliyə ziyan vura bilməyəcəyi iş materialları ilə müəyyən olunmamışdır. Buna görə də məhkəmə iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1028 saylı bağ sahəsində Cavabdeh1 MMC tərəfindən quraşdırılmaqda olan radio baza stansiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin hesabına sökülməsi” hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə İddiaçı3 əvvəlki iclasda məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı şifahi vəsatətinə münasibətdə qeyd edir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1090T saylı bağ sahəsində radio baza stansiyasının quraşdırılmadığını və iş üzrə ekspertiz təyin olunmasının işin mahiyyəti üzrə uzanmasına səbəb olduğunu nəzərə alaraq vəsatət əsassız hesab edilərək təmin edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 17.04.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1028 saylı bağ sahəsində Cavabdeh1 MMC tərəfindən quraşdırılmaqda olan radio baza stansiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin hesabına sökülməsi” tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı3 tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 17.04.2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1028 saylı bağ sahəsində Cavabdeh1 MMC tərəfindən quraşdırılmaqda olan radio baza stansiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCnin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı3 tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-161/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-161/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver