Məhkəmə qərarları › İş №e-2(007)-1758/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1758/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1758/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 291.99 (iki yüz doxsan bir manat, doxsan doqquz qəpik) manat məbləğində bоrcun və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 26 oktyabr 2018-ci il tariхli Expresso universal bank kartı üzrə hesab müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmış və əməliyyatların aparılması üçün istifadə müddəti müddəti 4 il olan bank kartı verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ08AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 4.11-ci bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə texniki overdraft yaranır və Hesab sahibi Bankın ilk tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.11-ci və 4.13-cü bəndlərini pоzmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən 291.7 manat məbləğində online ödəniş edilmişdir. Lakin, AzəriCard əməliyyat sistemində xəta baş verdiyindən həmin ödəniş təsdiq olunmamış və vəsait onun hesabına geri qaytarılmışdır. Sonradan, həmin ödənişin təsdiqi xx.xx.2022-ci il tarixdə aparılmışdır. Odur ki, ödəniş təsdiq edilən günü kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və bu səbəbdən də 291.99 manat məbləğində overdraft yaranmışdır. Odur ki, Expresso universal bank kartı üzrə hesab müqaviləsinin 5.4.1-ci bəndinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək vəzifələrini müştəri öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən, müqavilədə göstərilən hesaba əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitini “hesab sahibi”nin sərəncamı olmadan həmin hesabdan akseptsiz qaydada silmək və bunun ardınca müvafiq bank əməliyyatlarını aparmaq kimi Bankın hüquqları var. Həmin müqavilənin 5.1.9-cu bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Müştəri tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 11 may 2023-cü il tarixinə borclunun Expresso universal bank kartı üzrə hesab müqaviləsinə əsasən yaranmış overdraft üzrə 291.99 manat məbləğində bоrcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli, 595436/20181026 nömrəli istehlak “bank hesabı müqaviləsi”ndən görünür ki, Cavabdeh adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq bank hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. İşə əlavə olunmuş İddiaçı ASC-nin 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 291.99 manat borcu vardır. İşə əlavə olunmuş İddiaçı ASC-nin 06 iyun 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehin İddiaçı ASC-də olan cari kart hesabında 291.99 manat mənfi qalıq (overdraft) yaranmışdır. Cari hesab üzrə artıq istifadə edilən bu məbləğ dərhal geri qaytarılmalıdır. Bu bildiriş məhkəməyə müraciət olunması üçün görülən son tədbirdir. İşə əlavə olunmuş 11 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada bank hesabı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq bank hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bu müqavilənin 4.11-ci bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə texniki overdraft yaranır və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Odur ki, Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.11-ci və 4.13-cü bəndlərini pоzmuşdur. 26 oktyabr 2018-ci il tarixli bank hesabı müqaviləsinin 5.4.1-ci bəndinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək vəzifələrini müştəri öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1.9-cu bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Hesab sahibi tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək Cavabdeh 291.99 manat borcun, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 291.99 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar