Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1770/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10800 (on min səkkiz yüz) manat kompensasiya verməklə onların və sonuncunun azyaşlı oğlu, 14 aprel 2022-ci il təvəlludlü X2 ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 27 ünvanında olan 31 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 27 nömrəli evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzil 14 iyun 1996-cı ildən mərhum əri X1 mülkiyyətində olmuşdur. 28 mart 2018-ci ildə onun ölümündən sonra mənzil miras əmlak kimi ona verilmiş və mənzilə mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 17 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. X9 birgə nikahdan 3 övladı olmuşdur. Böyük övladı X5 1987-ci ildə Cavabdeh2 ilə evlənərək Rusiya Federasiyasına köçmüşlər. Onların birgə nikahından digər cavabdeh, 14 avqust 1989-cu il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. 1996-cı ildə oğlu Yusif Hüseynov ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və arvadı Cavabdeh2 ilə boşanaraq özü tək Rusiya Federasiyasına qayıtmışdır. Yusif sonradan özünə yeni ailə qurmuş, hazırda Qazaxıstan Respublikasında yaşayır və cavabdehlərlə heç bir əlaqəsi, bağlılığı yoxdur. O, mübahisəli mənzili aldıqdan sonra oğlunun Cavabdeh2 boşanmasına baxmayaraq, onu və digər cavabdeh olan nəvəsi Cavabdeh1 atmamış, onların yaşamağa yerləri olmadığı üçün göstərilən mənzilə yerləşdir. Bununla yanaşı, onlara mütəmadi olaraq maddi cəhətdən kömək etmişlər. Mənzilə yerləşdirildikdən bir müddət sonra Cavabdeh2 iddia tələbi əsasında Nizami Rayon Məhkəməsinin 15 may 1998-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildə yaşamaq hüququ tanınmış və o, qeydiyyata alınmışdır. Sonradan Cavabdeh2 xəbəri olmadan oğlu Cavabdeh1 və nəvəsi 14 aprel 2022-ci il təvəlludlü X3 da mənzilə qeydiyyata aldırmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə sonuncunun 14 aprel 2022-ci il təvəlludlü oğlu X6 artıq onun ailə üzvləri deyillər, onların onunla etibarlı ailə əlaqələri yoxdur. Onunla cavabdehlər arasında mənzilindən istifadə hüququnun əmələ gəlməsi barədə notarial qaydada təsdiqlənmiş yazılı müqavilə bağlanmamışdır. Cavabdehlərin və 1 azyaşlı övladının mənzilinə qeydiyyatları hər hansı hüquqi nəticə yaratmır. Onların həmin mənzildə qeydiyyatda olmaları formal xarakter daşımaqla yanaşı, bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, sərəncam hüququnu məhdudlaşdırır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün isə onun yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması tələb edilir. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi deyil, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Ailə üzvləri olmayan cavabdehlərlə bir evdə yaşamaqları mümkün olmadığına görə cavabdehlərin onun mülkiyyətində olan evindən istifadə hüquqlarına xitam verilməlidir. Aralarında istifadə hüququnun xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından bu hüquqa mülkiyyətçi olaraq onun məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməklə xitam verilməlidir. Mülkiyyətində olan mənzil bir otaqlı olmaqla ümumi sahəsi 32,2 kv.m-dir. Hazırda həmin ərazidə və ona yaxın yerlərdə bənzər şəraiti olan mənzillərin aylıq kirayə haqqı 300 manat təşkil edir. Cavabdehlərin oxşar şəraiti olan mənzildə davamlı surətdə (3 il) yaşaması üçün 10800 manat məbləğində pul kifayət edər. Odur ki, o, həmin məbləğdə pulu kompensasiya kimi verərək cavabdehlərin mənzilindən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərdən təmin edilməməlidir: İlk növbədə bildirirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1998-ci il tarixli, 2-339 nömrəli qətnaməsi ilə hazırki mülki iş üzrə cavabdehlərdən Əliağayeva Nəzihə İsrafil qızının mübahisə predmetini təşkil edən və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,2 kv.m təşkil edən mənzildə yaşamaq hüququ tanınmışdır. Belə ki, 17 iyun 1987-ci il tarixdə iddiaçının oğlu X5 ilə cavabdehlərdən Əliağayeva Nəzihə İsrafil qızı arasında nihah bağlanmaqla, ailə münasibətləri yaranmış və cavabdeh ünvan 2 ünvanına gəlin köçmüşdür. Nikahdan onların hazırki iş üzrə Cavabdeh1 anadan olmuşdur. Cavabdehlərdən Əliağayeva Nəzihə İsrafil qızı bir müddət Rusiya Federasiyasında əri ilə birlikdə yaşamış, sonra yenidən ünvan 2 ünvanına qayıtmışlar. Daha sonra ailə münasibətləri pozulduğuna görə, hazırki iş üzrə iddiaçı Hüseynova Şəfiqə Zöhrab qızının mərhum həyat yoldaşı Hüseynov Polad Qüdrət oğlu tərəfindən hazırki iş üzrə mübahisə predmeti olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,2 kv.m təşkil edən mənzil alınaraq, cavabdehlər Əliağayeva Nəzihə İsrafil qızı və Cavabdeh1 verilmiş və cavabdehlər faktiki olaraq xx.xx.1996-cı il tarixdən həmin mənzildə yaşamağa başlamışlar. Məhkəmə prosesində evin sahibi Hüseynov Polad Qüdrət oğlu bildirmişdir ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətidir, bu mənzili o, nəvəsi (Cavabdeh1) üçün almış və nəzərdə tutmuşdur ki, nəvəsi yetkinlik yaşına çatanda ona bağışlasın. Qətnamə qanuni qüvvəyə minmiş və bugünədək mübahisələndirilməmişdir. Göründüyü kimi cavabdehlər 1996-cı il tarixdən mübahisə predmetini təşkil edən mənzildə yaşamaqdadırlar. Lakin cavabdehlərdən Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra (2007-ci il) babası Hüseynov Polad Qüdrət oğlu sözünə əməl etməyərək, yaşayış sahəsini ona bağışlamamış, bununla belə cavabdehlərə qarşı mənzillə bağlı heç bir iddiası və ya tələbi olmamışdır. Hüseynov Polad Qüdrət oğlu 2018ci ildə vəfat etmiş və mənzil vərəsəlik əsasında onun həyat yoldaşı iddiaçı Hüseynova Şəfiqə Zöhrab qızının mülkiyyətinə keçmiş, lakin o da 5 il ərzində cavabdehlərə qarşı heç bir iddia qaldırmamış, yalnız 5 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mənzildə faktiki yaşayan Cavabdeh1 özü də ailə həyatı qurmuş və həyat yoldaşı və bir azyaşlı övladı ilə birlikdə, o cümlədən digər cavabdeh – anası Əliağayeva Nəzihə İsrafil qızı ilə birlikdə (4 nəfər) yaşamaqdadırlar. Artıq cavabdehlər 27 ildir ki, həmin mənzildə yaşayırlar və bu həm Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1998-ci il tarixli, 2-339 nömrəli qətnaməsi ilə müəyyən olunmuş, həm də şahid ifadələri ilə təsdiq etmək mümkündür. Lakin, iddiaçı tərəfindən 27 il sonra iddia ilə məhkəməyə müraciət edilməsi, haqlı olaraq sual meydana çıxarır ki, bu müddət ərzində iddiaçı hansı səbəbdən məhkəməyə müraciət etməmişdir və ya 27 il ərzində onların mülkiyyət hüquqları pozulmamışdırsa, bəs 27 il sonra nə baş vermişdir ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişlər? Cavabdehlərdən Cavabdeh1 iddiaçının nəvəsi, Əliağayeva Nəzihə İsrafil qızı isə məhkəmə qətnaməsi ilə yaşamaq hüququ müəyyən olunmuş keçmiş gəlinidir. Cavabdehlər 4 nəfər olmaqla, həmin mənzildə yaşayırlar və başqa yerdə yaşamaq üçün lazımi maddi imkanlara malik olmamaqla, əlavə xüsusi mülkiyyətləri də yoxdur. Belə ki, kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya ifadəsi latın dilindəki “compesatio” sözündən götürülüb, hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur: kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. “Əvəz” və “imkan” arasında bərbərlik işarəsi qoyulmalıdır. Qətnaməyə qədər bərabərliyin hər 2 tərəfi qeyri-müəyyəndir. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Göstərilən amilləri məhkəmə araşdırması keçirmədən müəyyən etmək mümkün deyil. Heç kəs kompensasiyanın məbləğini qabaqcadan müəyyən etmək qabiliyyətinə malik deyil, heç bir normativ-hüquqi aktda (Nazirlər Kabinetinin qərarında, Tarif Şurasının qərarında və s.) bu məbləğ göstərilməyib. Ona görə də qətnaməyə qədər “kompensasiya” anlayışı məbləğdən asılı olmayan anlayış kimi qəbul olunmalı, “kompensasiya nədir?” sualına “əvəzdir” cavabı verilməli, “əvəzin məbləği nə qədərdir?” sualına “hüququn verdiyi imkan nə qədərdirsə, o qədərdir” cavabı verilməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. Kompensasiyanın məbləğini müəyyən etmək səlahiyyəti məhkəməyə aiddir: qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsində isə fərqli qayda nəzərdə tutulmuşdur: əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Burada başqa razılaşma dedikdə tərəflər arasında bağlanmış və ikinci şəxsə mənzildən istifadə hüququ verən hər hansı müqavilə nəzərdə tutulur. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu zaman yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə Mülki Məcəllənin müvafiq maddəsi, ondan sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin müvafiq maddəsi şamil olunur. Mülki Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər. Qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bu məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-cil il qərarında göstərilən “əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu qərardakı qeyri müəyyənlik digər məhkəmələrin qərarlarına təsir göstərir. Belə ki, mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Həmçinin məhkəmə təcrübəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilən şəxsin maddi imkanlarını nəzərə alaraq 3 illik müddət müəyyən edir və kompensasiya müəyyənləşdirir. Bu zaman yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmaqla aşağıdakı məsələlər barədə nəticə çıxarılmalıdır: evdən istifadə etmək hüququ olan şəxslərin sayı; evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə mənsub olması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, yaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi, kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği. Yuxarıda qeyd olunan məsələləri müəyyənləşdirdikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməklə məhkəmə kompensasiya müəyyən etməlidir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etsə, cavabdehlərin məhkəmə qətnaməsi əsasında mübahisəli mənzildə yaşamaq hüquqlarının olmasını və faktiki 27 ildir ki, həmin mənzildə yaşamaqla (faktiki 4 nəfər) başqa xüsusi mülkiyyətləri olmadığını, etibarlı ailə münasibətlərinin davam etməsini göstərməmiş, eyni zamanda ədalətli kompensasiya məbləği (evdən istifadə etmək hüququ olan şəxslərin sayı, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya təklif olunan şəxsin maddi imkanları, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği nəzərə alınmamaqla) təklif edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğinin 15000 manat həcmində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qiymətləndirmə şirkəti əmlakın aylıq kirayə haqqı məbləğini şişirdərək artıq məbləğ yazmasına baxmayaq onlar ədalətli kompensasiya məbləği təklif edirlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda mübahisəli mənzildə 5 nəfər yaşayır, yəni iddiaçının keşmiş gəlini olan Nəzihə, nəvəsi Zöhrab və Zöhrabın həyat yoldaşı və iki azyaşlı uşağı yaşayır. Bu səbəbdən kompensasiya məbləği müəyyən edilərkən mənzildə yaşayan şəxslərin sayı nəzərə alınmalıdır. Mənzil bir otaqdan iki otağa düzəldilib, sənəd üzrə ümumi sahəsi 32,2 kv.metr, faktiki isə 40,5 kv.metrdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində № 2940-li reyestr kitabının 274383 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - AZ-İ № 937245 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018ci ildə 677 nömrə ilə qeyd edilmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* saylı arayışın surətindən görünür ki, İddiaçı, Cavabdeh1, xx.xx.2022-ci il təvəllüdlü X6, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X1 adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1998-ci il tarixli 2-239 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmışdır. - Məhkəmənin qərardadına əsasən mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmişdir, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli LP-155/2023 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzilin hazırkı likvid qiyməti 46000 manat, orta aylıq kirayə qiyməti (eyni ərazidə oxşar şəraitli evlərin orta aylıq kirayə qiymətlərinə əsasən) 400-430 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 iddiaçının keçmiş gəlini, Cavabdeh1 isə onun nəvəsidir. Hazırkı mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzili (ümumi sahəsi 32,2 kv.m) İddiaçı xüsusi mülkiyyətindədir. Daha əvvəl, yəni xx.xx.1996-cı il tarixdən həmin əmlak X1 mülkiyyətində olmuş, əmlak onun mülkiyyətində olan vaxt məhkəmənin 1998-ci il tarixli 2-239 saylı qətnaməsinə Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmışdır. Digər Cavabdeh1 da valideynlərinin yaşayış yeri üzrə həmin ünvanda yaşamış və qeydiyyata alınmışdır. İddiaçı cavabdehlərin 1996-cı ildən həmin mənzildə yaşadıqlarını qeyd edir. Hazırda iddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehlərə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Məhkəmə nəzərə alır ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixdən iddiaçının mülkiyyətində olsa da, Cavabdeh2 mübahisəli mənzilə 1998-ci ildə istifadə hüququ tanmışdır. Bundan əlavə, cavabdehlər 1996-cı il tarixdən mübahisəli mənzilə köçərək, yaşayırlar. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdehlər iddianı, kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində faktiki olaraq qəbul edirlər, onların mübahisələndirdikləri hal yalnız kompensasiyanın məbləği və iddiaçının 10800 manat kompemsasiya məbləği təklif etməklə qanunvericiliyin tələblərinə əməl etməməsi ilə bağlıdır. Belə ki, cavabdehlər etirazında onların 1996-cı ildən mənzildə yaşadıqlarını, evdən istifadə etmək hüququ olan şəxslərin sayı, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya təklif olunan şəxsin maddi imkanları, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləğinin nəzərə alınmaqdığını və iddia tələləbini qəbul etmədiklərini göstərmişlər. Daha sonra iddiaçı təklif edilən kompensasiya məbləğini artıraraq 15000 manat təklif etsə də, cavabdeh tərəf razılaşmamışdır. Qeyd etmək lazımdır ki, mübahisə predmeti olan əmlakın iddiaçıya məxsus olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. R.Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Belə ki, iş materialların alavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli LP-155/2023 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzilin hazırkı likvid qiyməti 46000 manat, orta aylıq kirayə qiyməti (eyni ərazidə oxşar şəraitli evlərin orta aylıq kirayə qiymətlərinə əsasən) 400-430 manat təşkil edir. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edildmişdir ki, mübahisəli mənzillə oxşar mənzilin orta aylıq kirayə haqqı 400-430 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 4800-5160 manat, iki il üçün 9600-10320 manat, üç il üçün 14400- 15480 təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlərə təqribən 03 ildən artıq müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumi yaşadığı dövr nəzərə alındığından ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmasına, eləcə də onlar tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, cavabdehlər əmək qabiliyyətlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Kompensasiyanın məbləğinin 15000 manatdan artıq müəyyən edilməsi üçün əsas yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehlərin isə istifadə hüquqlarını nəzərə almışdır. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 15000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə məhkəmə hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər ailədir və onlar bir ailə kimi mübahisəli mənzildə yaşadıqlarından 15000 manat kompensasiya məbləği onlara bərabər qaydada bölünməklə verilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 yetkinlik yaşına çatmamış övladı olan xx.xx.2022-ci il təvəllüdlü X2 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2022-ci il təvəllüdlü X2 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna 15000 (on beş min) manat kompensasiya verilməklə xitam verilməli, İddiaçı 15000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada bölünməklə verilməsi ilə eyni vaxtda onlar və xx.xx.2022-ci il təvəllüdlü X6 ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılmalı, İddiaçı 15000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada bölünməklə verilməsi ilə Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2022-ci il təvəllüdlü X2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2022ci il təvəllüdlü X2 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna 15000 (on beş min) manat kompensasiya verilməklə xitam verilsin. İddiaçı 15000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada bölünməklə verilməsi ilə eyni vaxtda onlar və xx.xx.2022-ci il təvəllüdlü X6 ünvan 3 ünvanında yerləşən mənzilindən çıxarılsınlar. İddiaçı 15000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada bölünməklə verilməsi ilə Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2022-ci il təvəllüdlü X2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1770/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1770/2023
27.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver