Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1820/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Səlimli-Ələsgərova Sona İsmayıl qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Rüstəmov küçəsi, ev 54, ünvanında yerləşən 112 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. xx.xx.2024-cü il tarixli AR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində İddiaçı, X6, X8, X1, X9, Cavabdeh, X5, X7 qeydiyyatdadır. Qeydiyyatda olan iş üzrə Cavabdeh onun oğludur, həmin mənzildə qeydiyyatda olsa da, artıq 16 ildir ki, faktiki olaraq orada yaşamır və mülkiyyətində ayrıca əmlakları vardır. Cavabdehin adına dövlət qeydiyyatına alınmış və üzərində mülkiyyət hüquqları olan daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli cavab məktubunda qey edilmişdir ki, ünvan 2 ünvanı 5 saylı Bakı "ASAN Xidmət" mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 41369 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən hər birinə ½ hissə olmaqla X3 və Cavabdeh adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 4 ünvanı Cavabdeh adına Bakı şəhəri 12 saylı NO-nun 4ə-873 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdehin maddi imkanı yaxşı olduğu üçün mülkiyyətində nəqliyyat vasitələri də vardır. Cavabdehin adına dövlət qeydiyyatına alınmış və üzərində mülkiyyət hüquqları olan nəqliyyat vasitələri barədə məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə müraciət edilmişdir. Lakin sorğuya cavab hal-hazırda onlara təqdim edilmədiyindən bu barədə məlumatları təqdim edə bilmirlər. Onun ikinci dərəcəli əlillik statusu olduğu üçün onun sərbəst hərəkətetmə, davranışına nəzarətetmə,əmək fəaliyyəti məhdudlaşmış və beləliklə, əlavə dəstək və köməyə ehtiyac duymuşdur. Cavabdeh isə yaşayış sahəsində faktiki olaraq yaşamadığından ona heç bir dəstək göstərmir, bununla da valideynini saxlamaq vəzifəsini icra etməmişdir. Bir il öncə o, evi sataraq 1-ci mərtəbədən ev almaq istəmiş, lakin cavabdeh tərəfindən bu razılıq verilməmişdir. O, oğlu razılıq vermədiyi üçün evi sataraq 1-ci mərtəbədən daha rahat yaşaya biləcəyi evi ala bilmir. “Şəxsin ərazidə yaşamaması barədə” Aktla 4 qonşu – Qəmbərov Aydın, İsmayılova Nərminə, Əliyev Məzahir, Tumarov Vəçeslav imzaları ilə təsdiq etmişdir ki, Cavabdeh və onun övladları 2008-ci ildən bəri həmin ərazidə görünmürlər və həmin əraziyə gəlib-getmirlər. O, hazırkı yaşayış sahəsi köhnə tikili olduğu üçün infrastruktur baxımından bir sıra çatışmazlıqlar mövcuddur ki, bu da ona gündəlik həyatında maneələr törədir. Məhz buna görə də o, mülkiyyətində olan mənzili satmaq, əldə olunan vəsaitdən daha rahat yaşayışının təmin edəcək yeni yaşayış sahəsi almaq qərarına gəlmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən, hazırda cavabdeh ona evin satılması barədə razılıq verməkdən imtina edir. Bu məsələ ilə bağlı cavabdeh ilə onun arasında bir neçə dəfə mübahisə yaranmış, razılıq əldə olunmamışdır. O, mənzildən könüllü olaraq qeydiyyatdan çıxması barədə cavabdehlə razılığa gəlməyə çalışsa da, heç bir nəticəyə nail ola bilməyib. 15 mart 2024-cü il tarixində Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Nizami Rayon Polis İdarəsinə tərəflərindən müraciət edilmişdir. Nizami Rayon Polis İdarəsinin 28 mart 2024-cü il tarixli cavab məktubu ilə ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıq əldə edilməmişdir. İddiaçı hal-hazırda ikinci dərəcəli əlildir, yeriyə bilmir. Oğlu Cavabdeh neçə aydır ki, anası ilə əlaqə saxlamır, hətta ad günündə belə anasını təbrik etməmişdir. Cavabdeh 16 ildən çoxdur ki, qeyd edilən mənzildə yaşamır. İddiaçı evi satmaq istəyəndə cavabdehin qeydiyyatda olduğu üçün razılığı lazım olur, lakin cavabdeh evin satılmasına razı olmur. Mübahisəli mənzil alqı-satqı ilə alınmış, iddiaçı ailə üzvü kimi oğlunu həmin mənzilə köçürmüşdür. Cavabdeh uzun müddətdir ki, orada yaşamır. İddiaçının dediyinə görə o, bir neçə dəfə oğlu ilə danışmaq üçün cəhd etmiş, lakin oğlu ona ultimatum göndərib onu təhqir etmişdir. Lyubov xanımın adına anasından vəsiyyət əsasında ona keçmiş başqa bir ev də vardır. Lakin oğlu Dmitri o evin açarını anasına vermir deyə Lyubov xanım həmin evdə qala bilmir. Oğlu onu hədələyir ki, həmin evin açarını dəyişsə, polisə qızıl-brillinatını oğurladığını deyəcəkdir. Tərəflərin arasında münasibətlər gərgindir. İddiaçı cavabdehi evdən çıxartmaq istəmirdi, o evi satıb başqa yerdən ev almaq istəyirdi. Razılıq ala bilmədiyinə görə məcbur qalıb iddia ilə məhkəməyə müraciət etmişdir. Pandemiya vaxtı iddiaçı koronovirusa yoluxduğu üçün iddiaçının qızı qardaşına anasını xəstəxanaya aparmaq lazım olduğu üçün zəng etmiş, Dmirti bacısının xahişini qəbul edərək anasını həkimə aparmış, müalicə xərcinin yarısını isə qarşılamışdır. Lakin bundan sonra Dmitri anası ilə maraqlanmamış, anası ona zəng edəndə ona kobud cavab vermiş və onu təhqir etmişdir. Bütün qonşuların içində, polisin yanında anasını biabır edir, anasının alqokolik, spirtli içki xəstəsi olduğunu deyir. Lyubov xanım bir neçə dəfə ağlaya-ağlaya ona zəng edib oğlunun onu hər dəfə biabır etdiyini bildirmişdir. İddiaçının ona deməsinə görə o, cavabdehin uşaqları ilə görüşür və uşaqları çox sevir. İddiaçı cavabdehə mənzilə görə kompensasiya ödəmək istəmir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, qeydiyyatdan çıxmağa məsələnin etik tərəfinə görə razı deyildir, lakin əgər qanun onun mübahisəli məzildən çıxmağını tələb edirsə anasından heç nə, pul kompensasiyası belə istəmir və mənzildən çıxmağa razıdır. Lakin bundan sonra anası onun yanına gəlməsin. Anası heç vaxt ona zəng edib normal qaydada onunla danışmaq istəməmiş, həmişə ultimatum, şantaj formasında mənzildən çıxmasını, çıxmasa onu məhkəməyə verəcəyini demişdir. Anası onunla konfliktdədir, anası sprirtli içkini çox qəbul edir. O, anası ilə heç vaxt mübahisə etməmiş, amma anası həmişə onunla konfliktə girmiş, daimi olaraq içkili şəkildə onu təhqir etmişdir. O, həyat yoldaşı ilə 16 ildir ki, birlikdə yaşayır, onlar ailə qurandan sonra kirayə qalmışlar. Anası bu 16 ildə bir dəfə belə olsun ona dəstək verməmişdir. O, normal işdə işləyir və normal əmək haqqı alır. O, həmişə anasına içki içməməsini bildirmişdir, çünki onun içki içməsi ailəyə və özünə problem gətirir. O isə içkini nəvələrini görmədiyinə görə içdiyi bildirirdi. O da anasının nəvələrini görməsi və onlarla vaxt keçirməsi üçün onun yanına köçmüş və onunla yaşamağa başlamışdır. Birlikdə bir müddət normal yaşadıqdan sonra anası yenə içməyə başlamışdır. İçkili şəkildə təxminən oğlunun bir ya da iki yaşı olanda uşağı götürüb eyvana çıxmış, o da qorxub oğlunu onun əlindən almışdır. Bundan sonra anası onu söyməyə, təhqir etməyə başlamış və ona hörmət qoymadığını bildirmiş, onları evdən qovmağa başlamışdır. Anası ona mənzilə sevgilisini gətirmək istədiyini, bu evdə onlar yaşadıqları üçün sevgilisini gətirə bilmədiyini deyərək üzərinə qışqırmışdır. Bu danışdığı hadisələr 2010-2011-ci ildə baş vermişdir. Axşam saat 11-də uşaqlarının yüksək qızdırması olmuş, anası uşaqların yastıqlarını, evə alıb soyuducuya qoyduğu sosiskaları, kolbasaları hər şeyi blokdan atmışdır. O da həyat yoldaşına həmin evdən çıxmalarını bildirmişdir. Pandemiya vaxtı bacısı ona zəng edib, anasının qan təzyiqinin yüksək olduğunu bildirmiş, o da anası ilə danışmamasına baxmayaraq, anasını həmin gün həkimlərə aparmış və, 500 manat xərc çəkmişdir. Analizlərini verdikdən sonra çəkilən xərcin yarısını bacısı ona qaytarmışdır. Burada məsələ pul və mənzil söhbəti deyildir. Onun anası ona cəza vermək istəyir. O, anasını təhqir etməmiş, anası ona zəng edəndə blok etmişdir. Anası tərəfindən ona işkili vəziyyətdə göndərilən səsli mesaj vardır. O, həmçinin qeyd etdi ki, Albalılıq massivində yerləşən yerdə evi var, hansı ki, indi də orada yaşayırlar. Həmin evi 2 il əvvəl almış, evi almağa qayınatası kömək etmiş, ilkin ödənişi qayınatası vermişdir. Ev Buzovnada yerləşir ipoteka ilə alınmışdır, hal-hazırda da aylıq ipoteka ödənişi edir. İlkin ödəniş kimi 40000 manat verilmişdir, aylıq ödəniş olaraq isə təxminən 450 manat ödəyir. Bakı şəhəri Nərimanov rayonunda yerləşən evi isə ata nənəsi ona bağışlamış, evi onun və əmisioğlunun arasında ½ hissədə bölmüşdür. Ev tam olaraq ona məxsus deyildir və orada heç kəs yaşamır. Həmin ev 3 otaqlıdır. Nənəsi bu il fevral ayında 94 yaşında vəfat etmişdir. Əmisioğlu isə Rusiyada yaşayır. O, hazırda mübahisəli evdə yaşamır, həmin evdə elə çox da yaşamamışdır. Anası onları mübahisəli evdən qovandan əvvəlailəsi ilə heç 1 il orada yaşamamışlar. Mübahisəli evi atası qazanıb almışdır. Anası özü də onun olduğu situasiyada olmuş, tək fərq isə anasının anası onu məhkəməyə verməmişdir. Ana nənəsi də anası kimi heç kimdən məsləhət almırdı deyə babasının evi də, Razində olan 3 sot yerləri də əldən getmişdir. 2010-cu ildə ana nənəsi evində yaşamaq üçün ona icazə vermişdir.Təxminən 2010-cu ildən o evdə yaşamır. Həmin ev tam təmirsiz olmuş, anası həmin evin ona verilməsinə razılıq vermiş, o da həmin evi təmir etmiş, təxminən evə 10000 manat təmir xərci çəkmişdir. İki ildir ki, o evdən çıxmışdır. Uşaqlar Neftçilərdə məktəbə gedirlər. Yoldaşı uşaqları oraya aparır, gün ərzində uşaqlarla orada qalır, məktəbə gedib qayıdırlar. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi üzrə Qeydiyyat vəsiqəsi ilə ünvan 7 saylı evin 112 saylı mənzili İddiaçı adına xx.xx.1995-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməsi müəyyən edilmişdir. Hazırda idiaçı oğlunun həmin mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. Lakin, ünvan 7 ünvanında yaşayan qonşular arasında imzalanmış “şəxsin həmin ərazidə yaşamaması” barədə aktdan görünür ki, aktı tərtib etmiş şəxslərin yaşadıqları ünvanda əvvəllər yaşamış Cavabdeh və onun övladları artıq uzun müddətdir ki, təxminən 2008-ci ildən bəri həmin ərazidə görünmür və qeydiyyatda olduqları evə gəlib getmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə qeyd edilmişdir ki, ünvan 2 ünvanı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən hər birinə ½ hissə olmaqla Cavabdeh və X4 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin mənzil yüklü deyildir. ünvan 4 ünvanı xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda Cavabdeh mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlak hazırda "xxxx" ASC-nin xeyrinə yüklüdür. Cavabdeh adına hazırda Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh anası onu qeydiyyatdan çıxarmaqda təkid etdiyi üçün mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu, övladlarını da həmin mənzildən qeydiyyatdan çıxaracağını, mənzildən çıxmaq üçün iddiaçıdan kompensasiya istəmədiyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü, 60-cı və 87-ci, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarına və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri mübahisəli mənzil Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi üzrə Qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyətinə xx.xx.1995-ci il tarixdən keçdiyindən və onun oğlu xx.xx.1980-ci il təvəllüldü Cavabdeh övladı olaraq həmin mənzildə yaşadığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda məhkəmədə mübahisələndirilən mənzildə iddiaçı və cavabdeh qeydiyyatdadır, lakin cavabdeh ailə həyatı qurduqdan sonra 2008-ci ildən mübahisəli mənzildən çıxmış, 2010-2011-ci illərdə həmin mənzildə bir müddət ailəsi və iddiaçı ilə birlikdə yaşamış, həmin vaxtdan sonra isə aralarında mübahisə yarandığı üçün bu mənzildə yaşamamışdır. Qanunvericiliyin sadalanan normalarının məzmunundan göründüyü kimi, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi və həmin mənzilə olan ehtiyacının aradan qalxması müəyyən edilməlidir. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Bütün bunlara əsasən məhkəmə qeyd edir ki, Cavabdeh başqa mənzilə köçmüş, orada yaşamışdır. Hazırda özünün də bildirdiyinə görə ünvan 4 ünvanında yaşayır və bu evi alqısatqı və ipoteka müqaviləsi ilə əldə etmişdir. Bu ev ilə yanaşı ünvan 2 ünvanın ½ hissəsi onun mülkiyyətindədir. Cavabeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Göründüyü kimi məhkəmə araşdırması ilə onun mübahisəli mənzillə bağlılığının olması və mənzildə yaşaması üçün ehtiyacının aradan qalxmamasına dair hallar müəyyən olunmamışdır. Əksinə qarşı tərəf Cavabdeh mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmişdir. Həmçinin, cavabdeh anası ondan tələb etdiyi üçün mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxdığı üçün kompensasiya verilməsinə də zərurət yoxdur. İddiaçı tərəf izahatında cavabdehə kompensasiya verməyəcəklərini, cavabdeh isə mənzildən çıxmaq üçün iddiaçıdan kompensasiya istəmədiyini qeyd etmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh ünvan 7 saylı evin 112 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 7 saylı evin 112 saylı mənzilindən istifadə hüququna xitam verilsin. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1820/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1820/2024
02.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver