Məhkəmə qərarları › İş №e-2(007)-1831/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1831/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1831/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh İddiaçı xeyrinə 42702,96 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç) təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 835 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Böyük Britaniya, London School of Economics ali təhsil müəssisəsində “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi (magistratura) üzrə 2013-2014-cü tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 42.702,96 AZN vəsait ödənmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur.

3. Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, hazırki tələb üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, şəxsin hüquqlarının pozulduğu vaxtdan iddia müddəti başlayır. Onlar proqramdan xaric olduğu müddətdən hesablayırlar. İddia müddəti keçməyib. X6 Fonduna aid olsa da maliyyələşdirən Elm və Təhsil Nazirliyidir. Tələbə təhsil aldığı təhsil müəssisəsində təhsilini başa vurmalıdır. Bu öhdəlik pozulub. Cavabdehin 2013-2014-cü təhsil ilində 2 kəsri qalıb və yekun imtahan verib diplom ala bilməyib. Müqavilənin əsas şərtlərindən biri təhsili başa vurub diplom almaqdı. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" icrası ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasının xx.xx.2013-cü il tarixli 2/900 nömrəli məktubu əsasında verilmiş “X4" çərçivəsində təhsil alanların siyahısına daxil edilmə haqqında Təhsil Nazirliyinin xx.xx.2013-cü il tarixli 841 nömrəli əmri əsasında xaricdə təhsil alanların siyahısında daxil edilmişdir. Bundan əvvəl isə, yəni xx.xx.2013-cü il tarixində cavabdeh ilə Təhsil Nazirliyi arasında müqavilə bağlanılmış və həmin müqavilənin şərtləri müəyyən edilmişdir. Müqavilə əsasında cavabdehin xaricdə təhsil alması maliyyələşdirilmiş, məbləğin böyük bır hissəsi təhsil aldığı universitetin hesabına ödənilmişdir. Cavabdeh Dövlət Proqramı çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin “Mühasibat uçotu, təşkilatlar və institutlar" ixtisası üzrə magistratura təhsil səviyyəsinə qəbul alıb, bir il ərzində orada oxusa da, şəxsi məsələləri ilə əlaqədar olaraq, son kəsr fənni imtahanını verə bilməmişdir. Daha sonra ölkəyə geri qayıtmış və xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Hesablama Palatasında məsləhətçi vəzifəsinə təyin olunmaqla işə başlamış, bugünədək də ölkədə əmək fəaliyyətini davam etdirir. Bundan sonra 2019-cu ildə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun əməkdaşı Nərmin Bağırova cavabdehə zəng edərək, xaricdə təhsil ilə bağlı diplom təqdim etməsinin bildirmiş, o, isə diplom yox, transkripti təqdim edəcəyini bildirmişdir. Nərmin Bağırovanın təklifi və göndərdiyi nümunəyə uyğun olaraq Cavabdeh xx.xx.2019-cu il tarixində Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun əməkdaşı Nərmin Bağırovaya məxsus iş e-mailinə ərizə göndərərək, 2013-cü ildə Dövlət Proqramı çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin İqtisad məktəbinin “Mühasibat uçotu, təşkilatlar və institutlar ixtisası üzrə magistratura təhsil səviyyəsinə qəbul alıb, təhsilini bir il ərzində oxusa da şəxsi məsələləri ilə əlaqədar olaraq son kəsr fənni yenidən götürə bilmədiyini, universitet tərəfindən qeyd olunan səbəbdən diplom almasa da transkriptini təqdim etmişdir. Eləcə də həmin ərizəsində təhsili üçün çəkilən xərclərin geri qaytarılmamasında köməklik göstərilməsini xahiş etmişdir. Nazirlik tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, həmin ərizə Elm və Təhsil Nazirliyində xx.xx.2019-cu il tarixində H-7390 nömrəsi ilə qeydiyyata alınmış və Elm və Təhsil Nazirinin dərkənarına əsasən icraçılara baxılması tapşırılmışdır. Aid sənədlər hissəsinə diqqət yetirəndə görünür ki, həmin ərizə xx.xx.2021-ci il tarixli F-119 nömrəli əmrlə də əlaqələndirilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Nazirliyin xx.xx.2021-ci il tarixli F-119 nömrəli əmri işə əlavə olunmuşdur ki, həmin əmrdə qeyd edilmişdir ki, Cavabdeh və digərləri xaricdə təhsil alanların dövlət proqramından çıxılmışdır. Bu əmrin verilməsinə əsas isə Aparatın rəhbəri Muxtar Məmmədovun xx.xx.2020-ci il tarixli 1-05- 5681 nömrəli xidməti məlumatı olmuşdur. Həmin xidməti məlumatın sonuncu abzasında da qeyd olunmuşdur ki, cavabdeh və digər şəxslərə sərf olunmuş vəsaitin geri qaytarılması üçün Nazirliyin Hüquq şöbəsi tərəfindən müvafiq tədbirlər görülməsini məqsədəuyğun hesab edir və əmrin hazırlanması təklif olunur. Lakin Hüquq şöbəsi tərəfindən iddia ərizəsi hələ bu xidməti məlumatdan 3 il 3 ay 15 gün sonra, yəni xx.xx.2024-cü il tarixində, cavabdehin Nazirliyinə müraciətindən isə təxminən 5 il sonra Lerik Rayon Məhkəməsinə verilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, Elm və Təhsil Nazirinin əmri xx.xx.2021-ci il tarixində verildiyindən hüquqlarının pozulması anını həmin andan bildikləri üçün iddia müddətini ötürməmişlər. İş üzrə toplanılmış sübutlara əsasən müəyyən edilmişdir ki, Elm və Təhsil Nazirliyi tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Tərəflər arasında müqavilə münasibətləri xx.xx.2013-cü il tarixində başlamış və 2013-2014-cü illərdə cavabdehin təhsil almasını nəzərdə tutmuşdur. Təhsil müddətinin 2014-cü ildə başa çatmasını nəzərə alınsa, Nazirliyin iddia müddəti 2017-ci ildə ötürülmüşdür. Nazirlik isə hələ bundan 2 il sonra müqavilə üzrə tərəf olan hazırki iş üzrə cavabdehə müraciət etmiş, o, isə xx.xx.2019-cu il tarixində ərizə təqdim edərək, təhsil haqqının geri tələb edilməməsi barədə ərizə təqdim etmiş, həmin ərizənin təqdim edilməsindən isə təxminən 5 il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, hüquqlarının pozulmasının anının xx.xx.2021-ci il tarixli F-119 nömrəli əmrə əsasən bilinməsi barədə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında dedikləri qeyd olunan faktlara əsasən tam təkzib olunur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. O, dövlət proqramı çərçivəsində 2013-2014-cü illərdə təhsil almışdır. Həmin dövr ərzində iki kəsiri olub. 2015-ci ildə maddi imkanı ilə bağlı imtahanda iştirak edə bilmədi. Sonradan imtahandan keçmək üçün 2016-cı ildə müraciət etdi, lakin iki il keçdiyinə görə qəbul etmədilər. Sonra digər dərslərdə iştirak etdi və transkript aldı. Hazırda auditor sahəsi üzrə bakalavr diplomu ilə çalışır. Magistr diplomunu ala bilmədi. Dövlət tərəfindən təhsil almaq üçün ödənilmiş 42000 manatın 13000 manatı ona ödənilb qalanı universitetə ödənilib. 13000 manat məbləğində pul vəsaitinin hara xərclənməyinə dair qəbzləri Təhsil Nazirliyinə təqdim etmişdir. Transkripti 2019-cu ildə Təhsil Nazirliyinə təqdim etmişdir. Ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə ona müraciət olunmayıb. Lakin sonradan məhkəməyə müraciət etdiklərini bilmişdir.

İş materialları:

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmrinin surətindən görünür ki, Böyük Britaniya, London School of Economics ali təhsil müəssisəsində “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi magistratura səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir.

9. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasının xx.xx.2013-cü il tarixli, 2/900 nömrəli məktubuna əsasən Cavabdeh Təhsil üzrə Komissiyanın xx.xx.2013-cü il tarixli, 835 saylı əmri ilə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilmişdir.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Cavabdeh arasında bağlanmış 27 sentyabr 2013-cü il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Müqavilə 1 il müddətinə bağlanmışdır.

11. 26 aprel 2024-cü il tarixli hesabatdan görünür ki, yaşayış xərci xx.xx.2013-cü il tarixdə 13323.24 manat şəxsi hesaba, təhsil haqqı xx.xx.2013-cü il tarixdə 28212.31 manat ali təhsil müəssisəsinin hesabına, yol xərci xx.xx.2013-cü il tarixdə 213.51 manat şəxsi xx.xx.2014-cü il tarixdə 566 manat "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

12. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı 23 may 2019-cu il tarixli ərizənin surətindən görünür ki, 2013-cü ildə Dövlət Proqramı çərçivəsində London İqtisad Məktəbinin “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi üzrə magistratura təhsil səviyyəsinə qəbul alıb, təhsilini 1 il ərzində oxusa da şəxsi məsələləri ilə əlaqədar olaraq son kəsr fənni yenidən götürə bilməmişdir. Universitet tərəfindən qeyd olunan səbəbdən diplom almasa da transkriptini təqdim edir. Təhsili üçün çəkilən xərclərin geri qaytarılmamasında köməklik göstərilməsini xahiş etmişdir.

13. Qeydiyyat nəzarət vərəqəsindən görünür ki, Cavabdeh ərizəsi 24 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır.

14. Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədovun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin naziri Ceyhun Bayramova ünvanlamış 12 iyul 2019-cu il tarixli müraciətindən görünür ki, Cavabdeh və digərləri Təhsil Nazirliyi ilə imzaladıqları müqavilənin 2.3.5-ci bəndini pozaraq akademik müvəffəqiyyətsizlik göstərmiş və təhsillərini başa vura bilməmişlər. Hər 4 tələbənin adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmasını və onların təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən çəkilmiş vəsaiti geri qaytarmalarını təmin etmək üçün müvafiq tədbirlərin görülməsini məqsədəuyğun hesab edir və bu haqda əmrin hazırlanmasını təklif etmişdir.

15. Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədovun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin naziri Emin Əmrullayevə ünvanlamış 30 noyabr 2020-ci il tarixli xidməti məlumatdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə xitam verilməsini, Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmasını və onların təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən çəkilmiş vəsaiti geri qaytarmalarını təmin etmək üçün Nazirliyin Hüquq Şöbəsi tərəfindən müvafiq tədbirləin görülməsini məqsədəuyğun hesab edir və bu haqda əmrin hazırlanmasını təklif etmişdir.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2013-cü il tarixli müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Cavabdeh 2013-cü ildə Dövlət Proqramı çərçivəsində London İqtisad Məktəbinin “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi üzrə magistratura təhsil səviyyəsinə qəbul alıb, təhsilini 1 il ərzində oxusa da 2 fənn üzrə kəsri qaldığından yenidən həmin fənləri götürə bilməmişdir və universiteti bitirməsi barədə diplom ala bilməmişdir. Universitet tərəfindən diplom almasa da transkript almış və onu Nazirliyə təqdim etmişdir. Hazırda İddiaçı Cavabdeh ödənilmiş təhsil haqqı olan 42702,96 manat vəsaitin tutulmasını xahiş edir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, verilmiş tələb üzrə iddia müddətinin ötürüldüyünün nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı:

İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

18. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı:

İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı: Qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2013-cü il tarixli müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Cavabdeh Təhsil üzrə Komissiyanın xx.xx.2013-cü il tarixli, 835 saylı əmri ilə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilmişdir. Müqavilənin müddəti isə 2014-cü il tarixdə bitsə də Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmri ilə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir.

23. Bundan əlavə Cavabdeh 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə e-mail vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, təhsilini 1 il ərzində oxusa da şəxsi məsələləri ilə əlaqədar olaraq son kəsr fənni yenidən götürə bilməmişdir. Universitet tərəfindən qeyd olunan səbəbdən diplom almasa da transkriptini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim etmiş və təhsili üçün çəkilən xərclərin geri qaytarılmamasında köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində 24 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nazirinə tədbir görülməsi üçün 30 noyabr 2020-ci il tarixli xidməti məlumat verilmişdir.

24. Məhkəmə hesab edir ki, Elm və Təhsil Nazirliyi hüququnun pozulmasını təhsil ili bitdikdən sonra bilməli idi. Qəbul etsək ki, Təhsil Nazirliyi təhsil ili bitəndən sonra tələbənin təhsilinin bitib-bitməməsi bu barədə müvafiq diplom alıb-almaması barədə məlumatı olmasa belə, Cavabdeh 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə e-mail vasitəsilə ərizə ünvanlamışdır. Göründüyü kimi ən azından iddiaçı tərəfin 23 may 2019-cu ildən cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi barədə məlumatı vardır. Lakin qeyd olunanlara baxmayaraq iddiaçı Elm və Təhsil Nazirliyi yalnız xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir.

25. məhkəməyə 29 aprel 2024-cü il tarixdə müraciət edilərək müqavilələr üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.

26. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

27. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

28. Göründüyü kimi, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti 1 il müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xəcləri:

31. İddia tələbi rədd edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir.

33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar