Məhkəmə qərarları › İş №e-2(007)-1859/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1859/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1859/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Nəsı̇ bli Təranə Namı̇ q qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 cəlb edilməklə Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Nəsı̇ bli Təranə Namı̇ q qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 cəlb edilməklə Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiаçı Nəsı̇ bli Təranə Namı̇ q qızı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, "X5 AZERBAİJAN" MMC-yə ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin ona geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 250 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat, həmin müddətdə kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat, dəymiş zərər qismində cəmi 6125 (altı min yüz iyirmi beş) manat pul vəsaitinin və dövlət rüsumu olaraq 81 manat 25 qəpik pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə araşdırması zamanı “ALAS ACADEMY" Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə cavabdeh "X5 AZERBAİJAN" MMC-nin direktoru Nümayəndə ilə Nizami rayonunda yerləşən Caspian Plazada yerləşən ofisdə müqavilə bağlayıb, xidmət haqqı olaraq cavabdehin hesabına 5000 AZN pul köçürüb, bununla bağlı ona qəbz verilməyib, sadəcə ödəniş cədvəlinə yazı yazılıb. Həmin müqavilədə qeyd olunur ki, o, "xxxx" deyə bir yerdə tədris keçdikdən sonra, sertifikatla təltif olunaraq aylıq 1000 AZN maaşlı işlə təmin olunacaq. O, tədris kursunu xx.xx.2024-cü il tarixdə uğurla başa vuraraq "xxxx"dən sertifikat alıb. Bundan sonra o, müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetiriləcəyini gözləyərkən şirkət-kurs əməkdaşı Nicat Zeynalov tərəfindən İddiaçı e-mail ünvanına “potensialınızı yüksək qiymətləndirsək də, bacarıqlarınız hazırda şirkət ehtiyaclarımıza uyğun gəlmir” kimi absurd bir e-poçt daxil olub. Bunu aydınlaşdırmaq üçün o, əməkdaşa yazıb müqavilə şərtlərinin yerinə yetirilmədiyini bildirdikdə, ona kursu uğurla başa vurmadığını bildiriblər. Halbuki, şirkət tərəfindən ona sertifikat verilib. O, məsələ ilə bağlı narazılığını şirkətin nümayəndələrinə, o cümlədən hüquqşünasa bildirdikdə müqavilə haqqı olan 5000 manat pul vəsaitinin ona ödənilməsinə razılıq veriblər. Lakin daha sonra onun zənglərinə şirkət tərəfindən cavab verilməyib. İddia ərizəmizə əlavə etdiyi Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2023-2024-cü illər arasında ortalama bank uçot dərəcəsi 8,5%-dir. Məhkəməyə təqdim olunacaq CD disk materiallarında olan səs yazılarından da aydın olur ki, "X5 AZERBAİJAN" MMC-nin nümayəndələri və hüquqşünası tərəfindən ona əvvəlcə 3000, daha sonra hissə-hissə ödənişlə 2000 AZN pul vəsaitinin ödənilməsinə razılıq verilib. İddia ərizəsində də qeyd edildiyi kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyib, artıq müqavilənin icra müddətinin üzərindən 1 ilə yaxın müddət keçib, lakin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirilməyib, müqavilə icra olunmayıb. Artıq müqavilənin icrası tərəf kimi onun üçün əhəmiyyət kəsb etmədiyinə görə tərəflər arasında olan xx.xx.2023-cü il tarixli müqavilənin ləğv olunması və cavabdeh "X5 AZERBAİJAN" MMC-yə ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin ona geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 250 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat, həmin vaxtda kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat, cəmi 6125 (altı min yüz iyirmi beş) manat pul vəsaitinin onun tərəfindən cavabdehə ödənilməsi zərurəti yaranıb.

İş materialları:

4. Cavabdeh möhürü ilə təsdiq edilmiş İcraçı "xxxx" MMC (direktor Nümayəndə) ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 saylı xidməti müqavilədən görünür ki, 1.1.Bu Müqaviləyə əsasən, “Sifarişçi bir paket olaraq “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” dərsləri sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” tədris xidmətlərin göstərilməsini öhdəsinə götürür. 1.2. Tədris proqramı 8 aylıq olub, həftədə 3 gün 2 saat olmaqla tədris olunur. 1.3. Tədris boyu istənilən gün saat 10:00-00:00-a qədər kursda tələbə üçün xüsusi olaraq ayrılan masada mentor dəstəyi işləyə bilər. 1.4. 8 aylıq tədris proqramını tamamlayan tələbə ilə 500 AZN əmək haqqı olmaqla 4 aylıq təcrübə müqaviləsi bağlanılır. Bu 4 ayın tamamında isə 1000 AZN maaş olmaqla 12 aylıq rəsmi əmək müqaviləsi imzalanır və 12 ayın sonununda remote işlə təmin olunacağına zəmanət verilir. 1.5. Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 7.1. bəndində göstərilən müddət ərzində həyata keçirilir. 3.1. Tərəflərin razılığına əssaən, bu müqavilədə nəzərdə tutulan xidmətlərin mumi dəyəri 8 ay olmaqla, 6500 manat təşkil edir. 3.2. Sifarişçi ilk ay üçün nəzərdə tutulan xidmət haqqını avans şəklində öncədən, digər hissəsini proqram müddətində hissə-hissə və ya tam olaraq (100%) icraçının bank hesabına köçürülmə yolu ilə və ya nağd şəkildə ödəyir. 3.3. İcraçı Sifarişçinin ilk cəhddə rəsmi “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat alacağına zəmanət verir. Əks halda, ikinci imtahanın ödənişi icraçı tərəfindən ödənilir. 7.1. Hazırki müqavilə hər iki tərəfin iştirakı ilə tərtib edilərək imzalanıb. xx.xx.2023-ci il tarixdən qüvvəyə minir və 11 fevral 2025-ci il tarixinədək qüvvədədir. İcraçı "xxxx" MMC (VÖEN: **********, imza: direktor Nümayəndə, möhür: Cavabdeh möhürü.

5. “X5 AZERBAİJAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir.

6. Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Başı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-292077/2025 saylı məktub və ona əlavə edilmiş çıxarışdan görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "X5 AZERBAİJAN" MMC-nin (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "X5 AZERBAİJAN" MMC-nin fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2043-cü il tarixədək dayandırılması və xx.xx.2023-cü il tarixdən bəyannamə ilə aktivləşməsi barədə məlumat müəyyən edilmişdir. Cəmiyyətin fəaliyyət növü "Peşə hazırlıq kurslarının fəaliyyəti"dir (kod: 8531214). Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin qeydiyyata alındığı tarixdən bugünədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Cəmiyyətin fəaliyyə növü "Peşə hazırlıq kurslarının fəaliyyəti (kod: 8531214), Yaşayış və nəqliyyatın təmin edilməsi daxil olmaqla ekskursiyaların, səyahətlərin, turların səyahət agentlikləri tərəfindən təşkil olunması (kod: 7911001), Marketinq (kod: 7320003)"dir.

7. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Nəsı̇ bli Təranə Namı̇ q qızı iddia ərizəsinin verilməsi üçün 81,25 manat dövlət rüsumu ödəmişdir.

8. Məhkəməyə iddiaçının nümayəndəsi və vəkili tərəfindən “Whatsapp” proqramında aparılan söhbətlərdən çıxarışlar və səs yazılarının qeyd edildiyi bir ədəd disk təqdim edilib.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında idiaçının nümayəndəsi və vəkili Vəkil1 tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəf "X5 AZERBAİJAN" MMC-nin deyil, "xxxx" MMC-nin cavabdehlik daşıdığını bildirir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavabdan görünür ki, müqavilənin bağlandığı 11 fevral 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmayıb, həmin MMC ilə müqavilə bağlamaq mümkünsüz idi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sonradan yaradılsaydı, iddiaçı hər hansı qurumun yaradılıb-yaradılmadığını bilə bilməzdi. Müqavilə bağlananda "xxxx" MMC yox idi. Belə bir şirkətin olub-olmadığını araşdırmaq iddiaçının məsələsi deyil. Müqaviləni "X5 AZERBAİJAN" MMC tərtib edib. İddiaçı "X5 AZERBAİJAN" MMC ilə bağlı araşdırma aparıb, belə bir şirkətin olduğunu görüb və həmin şirkətlə də müqavilə bağlamağın mümkün olduğu qənaətinə gəlib. Müqavilədə "xxxx" MMC-nin VÖEN-i olmadığına görə o şirkəti araşdıra bilməzdi. Hər iki şirkətin direktoru Murad Əlilli olub. Murad Əlilli yeni qurumun yaradılması ilə bağlı məlumat verməli idi. Amma müqavilənin dəyişməsi ilə bağlı heç bir şey daxil olmayıb. Sübutlar təqdim olunanda Natiq Məmişovun olduğunu qeyd etdilər, onun aidiyyəti yoxdur. Bu yenə də müqavilə üzrə öhədliklərin yerinə yetirilməməsinə dəlalət etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilənin əsas şərtlərinə görə Cavabdeh kurs bitdikdən sonra iddiaçını işə götürəcək, əmək haqqı ödəyəcək və buna görə də iddiaçı 5000 manat ödəniş edəcəkdir. 442-ci maddədə qeyd olunub ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Yəni qarşı tərəf hesab edirsə, burada cavabdeh "xxxx" MMC-dir və "xxxx" MMC-nin ucbatından zərər dəyib, onda iddia təmin edilsə, qarşı tərəf reqres qaydada "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırmalıdır. Müqavilə 6 ay müddətinə bağlanıb. Müqavilədə qeyd olunan məbləğ birbaşa olaraq həmin vaxt işləyən Murad Əlilliyə əlbəəl verilib. İddiaçı 5000 manat məbləğ ödəyib və qəbzdə də göstərilib. Tərəflər arasında olan danışıqlara əsasən iddiaçı 1500 manat ödənişi bütün proses bitəndən sonra ödəyəcəkdi. Bütün proses-kurs bitib, iddiaçı işə götürülüb, iddiaçı sonra 1500 manat məbləği ödəyəcəkdi. Şifahi vəd olub ki, 1500 manatı sonra alacaqlar. Belə bir razılaşma olmasaydı, dərs keçirilməzdi, iddiaçıya 1500 manat borcunun qalması bildirilərdi. İddiaçı 8 aylıq tədris proqramının hamısını keçib. İddiaçıya kursu keçməsi ilə bağlı sertifikat verilib. İddiaçı ilə təcrübə müqaviləsi bağlanmayıb. İddiaçı ilə bu 4 ayın tamamında 1000 manat maaş olmaqla, 12 aylıq rəsmi əmək müqaviləsi bağlanmayıb. İddiaçı kursu müvəffəqqiyyətlə bitirməsəydi, ona sertifikat verilməzdi. X1 təqdim edib. Serifikat iddiaçının əvvəlcədən elektron yazışmalar apardı mail adresi tərəfindən göndərilib. İddiaçı bir müəssisə ilə müqavilə bağlayıb, həmin müəssisə ilə də əlaqə yaradıb. Müqavilə bağlamamışdan əvvəl və müqavilə bağlanandan sonra iddiaçının daimi əlaqə saxladığı şəxs Nicat Zeynalov və Murad Əlilli olub. İddiaçı Nicat Zeynalovun "X5 AZERBAİJAN" MMC-də işçi kimi işləyib-işləmədəyini bilə bilməzdi, iddiaçıda Nicat Zeynalovun əmək kitabçası yox idi. İddiaçıya heç bir səbəb göstərmədən “Siz bizim kriteriyalarımıza uyğun deyilsiniz, sizə başqa işlərdə uğurlar arzu edirik” formasında məktub göndərilib. Bu gün "xxxx" ASC “Birbank” adı altında fəaliyyət göstərir. İddiaçı fikirləşib ki, "X5 AZERBAİJAN" MMC "xxxx" brendi ilə fəaliyyət göstərib. İddiaçı 8 aylıq kursu bitirib, kurs normal şəkildə keçirilib, iddiaçı imtahan verib, sertifikat alıb. İddiaçı neft mühəndisliyi ixtisası üzrə ali təhsil alıb, bu İT kursudur, iddiaçı ilk dəfə İT kursuna gedib, ona görə də, kursun keyfiyyətini qiymətləndirə bilməzdi. Dərs keçirilib, iddiaçı imtahan verib və uğurlu olduğunu düşünüb. X4 səs yazısı var. Natiq Məmişov telefon danışığında 3000 manat məbləği verdiyini, sonra 2000 manat məbləği hissə-hissə ödəyəcəyini bildirib. İddiaçı həmin vaxt polisə şikayət edib. Natiq Məmişov iddiaçının polisdən şikayətini geri götürmək üçün belə deyib. Polisdə araşdırma aparılmayıb. İddiaçını çağırıblar, sonra prokurorluqdan işi qeyri-rəsmi, məktubsuz istəyiblər, ondan sonra da iş yoxdur. “WhatsApp” proqramında göndərilən səs yazıları Natiq Məmişova məxsusdur. Natiq Məmişov həmin pulu qaytaracağını qəbul edir. Müqavilədə pulun qaytarılması yoxdur, lakin müqavilənin əsas şərtlərinə əməl edilmədiyinə, öhdəliklər yerinə yetirilmədiyinə görə artıq müqavilənin bir əhəmiyyəti də yoxdur. Müqaviləni imzalayan şəxs Murad Əlillidir, iddiaçı onunla müqavilə bağlayıb və onun şirkəti "X5 Azerbaıjan" MMC-nin möhürüdür. "xxxx" MMC də ona aiddir, sadəcə iddiaçı müqavilə bağlayanda "xxxx" MMC yox idi. Məhkəmə sorğusuna əldə edilmiş cavabdan da məlum oldu ki, müqavilə bağlanan vaxt "xxxx" MMC yaradılmayıb. Həmin vaxt "xxxx" MMC yaradılmayıbsa, iddiaçı "xxxx" MMC ilə müqavilə bağlaya bilməzdi. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı tarixdən müqavilə bağlaya bilər. Nicat Zeynalov iddiaçıya həmişə özünü "X5 Azerbaıjan" MMC-nin nümayəndəsi kimi təqdim edib. Yol xərci ilə bağlı sübutları yoxdur. Müqavilədə birbaşa göstərib ki, cavabdeh cəmiyyət müqavilənin icrasını üçüncü şəxslərə həvalə edə bilməz. İddiaçıya elektron poçt vasitəsi ilə göndərilən məlumatda onun tərəfindən verilmiş tapşırıqların icra edilmədiyi göstərilir, həmin tapşırıqlar təcrübə müqaviləsi ilə bağlı deyil. Qeyd edilən tapşırıqlar tədris proqramı zamanı verilən tapşırıqlardır.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh "X5 Azerbaıjan" MMC deyil, "Alas Academy” Məhdud Məsuliyyətli Cəmiyyətidir. "Alas Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb. İddiaçı tərəfindən ödəniş olunub. Ödəniş olunanda "Alas Academy” faktiki olaraq qeydiyyata alınmadığı üçün ödəniş "X5 Azerbaıjan" MMC-nin hesabına köçürülüb. Amma faktiki münasibətlər "Alas Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə başlayıb, həmin MMC ilə davam edib. WhatsApp yazışmalarında qeyd olunan Nicat Zeynalov adlı şəxs "Alas Academy” MMC-nin əməkdaşıdır. Hər iki şirkətin direktoru bir dövrə qədər eyni şəxs olub. Sonra həmin şəxsi kənarlaşdırıblar. 13 mart 2025-ci il tarixdə "X5 Azerbaıjan" MMCnin müqaviləsi ləğv olunub, 01 aprel 2025-ci ildə həmin obyekt "Alas Academy” MMC tərəfindən icarəyə götürülüb. "X5 Azerbaıjan" MMC-ni kənarlaşdırıblar. "X5 Azerbaıjan" MMC orada fəaliyyət göstərmir. Müqavilənin hər hissəsində "Alas Academy” MMC-nin adı keçir, tərəf olaraq "Alas Academy” MMC göstərilir. Sertifikatı da "Alas Academy” MMC verib. İddiaçının hansı səbəbdən işə götürülmədiyinə onlar cavablandıra bilmirlər, buna "Alas Academy” MMC cavab verə bilər. Şirkətlər hüquqi şəxs kimi eyni deyil, fərqlidirlər, lakin eyni fəaliyyətlə məşğul olurlar. "Alas Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayandan sonra "X5 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb. "Alas Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti sertifikatı verib. Müqavilənin formasına baxdıqda görünür ki, müqavilə "xxxx" MMC ilə bağlanıb, şərtlər "Alas Academy” MMC ilə razılaşdırılıb. Sadəcə müqavilə bağlanan tarixdə "Alas Academy” MMC qeydiyyatla bağlı müraciət edib, vergidə qeydiyyata alınmayıb, VÖEN-i olmayıb"Alas Academy” MMC vergidə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb. "Alas Academy” MMC adlı hüquqi şəxs və VÖEN-i var. Cavabdeh "Alas Academy” MMC olmalıdır. "X5 Azerbaıjan" MMC-nin və "Alas Academy” MMC-nin direktoru Murad Əlilli olub. Müqavilə bağlananda hər iki şirkətin qanuni təmsilçisi Murad Əlilli idi. Həmin vaxt "Alas Academy” MMC qeydiyyatdan keçməyib. Hazırda "Alas Academy” MMC-nin direktoru Natiq Məmişovdur. Pul nağd qaydada verilib, hesaba köçməyib. İddiaçının təqdim etdiyi yazışmalardan belə başa düşür ki, o, 8 aylıq tədris proqramını keçib. Murad Əlilli “Alas Academy " MMC-nin keçmiş direktorudur. Səs yazılarında Natiq Məmişov öhdəliyi qəbul etdiyini, 5000 manat məbləği hissə-hissə, 3000 manat bir və 2000 manat bir olmaqla qaytaracağını öhdəsinə götürüb. O, Nicat Zeynalovu tanımır. Murad Əlilli "X5 Azerbaıjan" MMC-nin direktorudur. "xxxx" MMC yarananda onun da bir müddət direktoru olub, sonra işdən ayrılıb. İddianın onlara bağlılığı yoxdur. Səs yazılarındaki şəxs “Alas Academy" MMC-nin direktoru, Nicat Zeynalov isə həmin cəmiyyətin əməkdaşıdır. Yazışmalara əsasən diplomu da "xxxx" göndərib.

11. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

İşin faktiki halı:

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Nəsı̇ bli Təranə Namı̇ q qızı ilə "xxxx" MMC (direktor Nümayəndə) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 saylı xidməti müqaviləyə əsasən iddiaçı bir paket olaraq “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” dərsləri sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” tədris xidmətlərin göstərilməsini öhdəsinə götürüb, tədris proqramı 8 aylıq olub, həftədə 3 gün 2 saat olmaqla tədris olunur. Tədris boyu istənilən gün saat 10:00-00:00-a qədər kursda tələbə üçün xüsusi olaraq ayrılan masada mentor dəstəyi işləyə bilər. 8 aylıq tədris proqramını tamamlayan tələbə ilə 500 AZN əmək haqqı olmaqla 4 aylıq təcrübə müqaviləsi bağlanılır. Bu 4 ayın tamamında isə 1000 AZN maaş olmaqla 12 aylıq rəsmi əmək müqaviləsi imzalanır və 12 ayın sonununda «remote» işlə təmin olunacağına zəmanət verilir. İddiaçı tərəfindən həmin gün 5000 manat məbləğində ödəniş edilib. İddiaçı xx.xx.2024-cü ildə "xxxx"dən müvafiq sertifikatı alsa da, müqavilənin digər şərtləri icra edilməyərək, onunla təcrübə müqaviləsi və bundan sonra da əmək müqaviləsi bağlanmayıb. Bu səbəbdən iddiaçı ödədiyi 5000 manat pulun, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 250 manat, Mülki Məcəllənin 449cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat, həmin müddətdə kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat, dəymiş zərər qismində cəmi 6125 (altı min yüz iyirmi beş) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, cavabeh "X5 Azerbaıjan" MMC isə ümumiyətlə iddia tələbini qəbul etməyərək, iddiaçıya cavab verməli olan şəxsin həmin cəmiyyət olmadığını qeyd etmişdir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılaınn dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, xx.xx.2023-cü il tarixli 001 saylı xidməti müqavilənin giriş hissəsinə əsasən müqavilə sifarişçi iddiaçı Nəsı̇ bli Təranə Namı̇ q qızı ilə İcraçı "xxxx" MMC (direktor Nümayəndə) arasında bağlanmış, lakin müqavilə "X5 Azerbaıjan" MMC-nin direktoru Nümayəndə tərəfindən imzalanaraq, cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Müqavilədə "xxxx" MMC-nin VÖEN-si kimi göstərilən nömrə ilə onun deyil, "X5 Azerbaıjan" MMC-nin VÖEN-dir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "X5 Azerbaıjan" MMC-nin (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınıb, "xxxx" MMC isə (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınıb. Yəni, müvafiq müqavilə bağlanan zaman "xxxx" MMC hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamışdır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

20. Məhkəmə hesab edir ki, "xxxx" MMC xx.xx.2023-cü ildə dövlət qeydiyyatından keçmədiyindən onun müqavilədə tərəf olmaq səlahiyyəti ola bilməzdi. Həmçinin, həmin müqavilə "X5 Azerbaıjan" MMC-nin direktoru tərəfindən imzalanıb və cəmiyyətin möhürü ilə təsdiqlənib. İddiaçı tərəfindən 5000 manat məbləğində ödəniş nağd qaydada edilib və bu barədə ödəniş cədvəlində qeydlər "X5 Azerbaıjan" MMC-nin direktoru tərəfindən imzalanıb və cəmiyyətin möhürü ilə təsdiqlənib. Nəticədə, cavabdeh cəmiyyət həmin müqavilə üzrə icraçı kimi çıxış etmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin iddia üzrə cavabdehlik daşımamaları barədə mövqeyini əsassız hesab edir.

21. Belə ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq xidməti müqavilə bağlanılıb, müqaviləyə əsasən iddiaçı bir paket olaraq “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” dərsləri sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” tədris xidmətlərin göstərilməsini öhdəsinə götürüb. Tədris proqramı 8 aylıq olub, həftədə 3 gün 2 saat olmaqla tədris olunur. 8 aylıq tədris proqramını tamamlayan tələbə ilə 500 AZN əmək haqqı olmaqla 4 aylıq təcrübə müqaviləsi bağlanılır. Bu 4 ayın tamamında isə 1000 AZN maaş olmaqla 12 aylıq rəsmi əmək müqaviləsi imzalanır və 12 ayın sonununda remote işlə təmin olunacağına zəmanət verilib. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tədris proqramını uğurla başa çatdıraraq, müvafiq sertifikatı xx.xx.2024-cü ildə əldə edib. Bundan sonra isə cavabdeh iddiaçı ilə 4 aylıq təcrübə müqaviləsi, 4 ayın tamamında isə 12 aylıq rəsmi əmək müqaviləsi bağlamalı, 12 ayın sonununda «remote» işlə təmin etməli olduğu halda müqavilənin şərtlərinin yerinə yetirilməsindən birtərəfli qaydada imtina edib. Belə ki, müqavilə üzrə nəzərdə tutulan xidmətlərin ümumi dəyəri 6500 manat müəyyən edilib və iddiaçı xx.xx.2023-cü ildə 5000 manat ödənişi ödəyib. İddiaçının bildirdiyinə əsasən ödəniş tam şəkildə ödənilməməsinin səbəbi cəmiyyətin müqavilə öhdəliklərini icra etməkdən imtina etməsi olub.

22. Beləliklə, cavabdeh xx.xx.2023-cü tarixli xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməklə müqavilənin şərtlərini pozmuşdur.

23. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli xidməti müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, müqavilə üzrə iddiaçı tərəfindən tədris kursu uğurla tamamlanmasına baxmayaraq, müqavilənin 1.4-cü bəndində nəzərdə tutulan vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozub və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüklərindən və cavabdeh müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, iddiaçı tərəfindən edilmiş ödənişi ona geri qaytarmalıdır.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin ona geri qaytarılması” hissəsində əsaslıdır və təmin edilməlidir.

27. Qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili “Whatsapp” proqramında aparılan söhbətlərdən çıxarışlar və səs yazılarının qeyd edildiyi bir ədəd diski məhkəməyə təqdim edib. Həmin söhbət Nicat Zeynalov ilə iddiaçı arasında aparılıb, lakin Nicat Zeynalovun cavabdeh cəmiyyətdə işləməsi fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb, səs yazıları (2000 manatın birdəfəlik, 3000 manatın hissə-hissə ödənilməsi ilə bağlı) isə iddiaçı ilə "xxxx" MMC-nin direktoru Natiq Məmişov arasında aparıldığından onun ödənişlərin ediləcəyi ilə bağlı iddiaçıya vədlər verməsi, hazırki iş üzrə cavabdehliyi "X5 Azerbaıjan" MMC daşıdığından əhəmiyyətli sübut hesab olunmur.

28. Məhkəmə iddia tələbinin “Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 250 manat və Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

29. Hazırda iddiaçı pulu peşəkarlıq qaydasında verməklə məşğul olması ilə bağlı sübutlarını təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən ödənişin gecikməsinə görə pul tələb etməsinin əsası yoxdur, bu barədə iddia təmin edilməməlidir.

30. Məhkəmə iddianın “kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

31. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin mübahisələndirilən hissəsində qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat pulun ödənilməsi” hissəsində təmin edilməməlidir.

Nəticə:

33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "X5 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nəsı̇ bli Təranə Namı̇ q qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

34. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 81,25 manat dövlət rüsumu ödənilmişdir.

35. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 81,25 manat dövlət rüsumunun 14,95 manatı iddiaçıya, 66,3 manatı cavabdeh "X5 Azerbaıjan" MMC-yə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "X5 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66,3 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nəsı̇ bli Təranə Namı̇ q qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məxhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 14,95 manatı iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar