Məhkəmə qərarları › İş №e-2(007)-1870/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1870/2025

19.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1870/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi” ) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı tərəf İddiaçı oğlu ilə Cavabdeh MMC ilə arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqavilələrinə xitam verilməsi və əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh MMC- ilə bağladığımüqaviləyə əsasən o həmin yerdə sürücü vəzifəsində çalışmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə və 250 manat məbləğində əmək haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçı müəyyən bir zaman işlədikdən sonra bəzi bağlı problem yarandığından işləməkdən çətinlik çəkdikləri üçün işləyə bilməmişdir. Bir müddət sonra yeni iş yeri ilə əlaqə saxlayıb özünə yeni iş tapmaq istəmiş, lakin hər yerdə onun sistemdə aktiv əmək müqaviləsinin mövcud olduğu bildirilərək onları işə götürməkdən imtina etmişlər. İddiaçı bu səbəbdən də məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iddiaçıya ünvanlanmış məktubla iddiaçının xahişini təmin etməkdən imtina edərək, onun məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçı tərəf hazırda işləmək istəsə də, onun Cavabdeh MMC ilə olan aktiv əmək müqaviləsini əsas gətirərək, onu işə götürməkdən imtina edirlər. Buda iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Hesab edir ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh MMC-ilə bğalanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir.

İş materialları :

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müadafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon məhkəməsinə müraciət edilməli, məsələnin başqa həll yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir.

4. “Mediasiya Şurası” Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB18-2024/00746 nömrəli “Mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

5. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, o, aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi üzərinə götürdüyü öhdəlikləri icra etməsini və onunla aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

6. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə dair məlumatdan görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixindən etibarən əmək fəaliyyəti göstərir. Aylıq əməkhaqqısı 250 manat təşkil edir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı sığortaedən Cavabdeh MMC tərəfindən 2020 dekabr – 2021 iyun dövrü ərzində 409.09 manat hesablanmış sığorta haqqından 221.81 manat ödəniş edilmişdir. Sığortaedən Cavabdeh MMC tərəfindən sonuncu sığorta ödənişi 2021-ci ilin iyun ayında olmuşdur. İddiaçıya həmin dövrdə 1636.37 gəlir hesablanmış, sonuncu dəfə əməkhaqqı 2021-ci ilin iyun ayında edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi, ev 40, rəhbəri X1r. Cavabdeh MMC-nin ləğv olunması barədə məlumat müəyyən edilməmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Əmək və məşğulluq” altsistemindən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi aşkar edilmiş və müqavilənin statusu qüvvədədir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, elektron sistemdə iddiaçının adına aktiv əmək müqaviləsinin olmasına görə iddiaçı uzun bir müddətdir ki, digər müəssilərdə işə düzələ bilmir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC-nin nümaəyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC iddiaçının əlavə iş yeri kimi qeyd olunmuşdur.

14. İddiaçı onunla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehə yazılı şəkildə təklif göndərsə də, cavabdeh müəssisə tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməmişdir.

15. İddiaçı onunla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyi Xidmətinə müraciət etsə də, ona bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (xx.xx.2024-cü il tarixli qanun qəbul edilənədək qüvvədə olan müddəalar):

3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”:

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamə:

3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək;.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

22. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbini cavabdeh ilə olan əmək münasibətlərinə uzun müddətdir faktiki xitam verilməsinə, onun tərəfindən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı iradə ifadəsinin bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməməsi və bunun onu digər işəgötürənlər ilə əmək müqaviləsi bağlamaq imkanından məhrum etməsi ilə əsaslandırmışdır.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

24. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

25. İddiaçı tərəfindən iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirilmişdir ki, Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla əmək fəaliyyətinə başlamış, bir müddət həmin müəssisədə işlədikdən sonra işləməkdə çətinlik çəkdiyi üçün əmək fəaliyyətini faktiki dayandırmış, cavabdeh müəssisəyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etmiş, lakin əmək müqaviləsinə xitam verilmədiyi üçün X2 Xidmətinə müraciət etmiş, Müfəttişlik Xidməti tərəfindən isə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

26. Məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi nəzərdən keçirilə bilər.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək münasibətləri tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

28. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

29. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir.

30. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla, Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır.

31. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.

32. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir və işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.

33. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.

34. Əmək qanunvericiliyində müəyyən edilmiş imperativ normalardan biri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilmə əsasları öz əksini tapmışdır. Onlardan biri də tərəflərin təşəbbüsüdür.

35. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

36. Hazırki işin müəyyən edilmiş faktiki halı odur ki, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsində işə başlamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayınadək hər ay 250 manat əmək haqqı hesablanmış və məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

37. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə ərizə ilə müraciət edilsə də, cavabdeh hərəkətsiz qalmışdır. Bundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş, lakin iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.

38. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənə müraciət etmək işçinin hüququ olaraq müəyyən edilməsinə, bu hüququn realizəsi qaydası aydın şəkildə ifadə edilməsinə və əmək müqaviləsini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənən vəzifəsi olaraq müəyyən edilməsinə baxmayaraq işəgötürən cavabdeh tərəfindən iddiaçının əzrizəsinin təmin edilməməsi, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməməsi iddiaçının əmək hüquqlarının pozulması olaraq qiymətləndirilməlidir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.

40. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsinin 2 forması müəyyən edilmişdir:

41. Əmək qanunvericiliyndə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalanması;

42. Əmək Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul ediərək bununla bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması.

43. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət edilməsinə baxmayaraq müvafiq əmr qəbul edilmədiyindən və əmək müqaviləsi bildirişinin elektron sistemdə qalması işçinin hüquqlarını pozduğundan iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdeh müəssisənin üzərinə düşməsinə baxmayarq hazırki işin müəyyən edilmiş faktiki halları baxımından bunun mümkünsüzlüyü müəyyən edildiyindən işçinin pozulmuş hüququnun bərpası üçün bu hüquq X3 Xidmətinə həvalə edilməlidir.

Nəticə :

44. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməli və

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar