Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1874/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə Cavabdeh MMC-də xəzinədar vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci ildə baş xəzinədar vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsnin 70-cimaddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli T0508-23 nömrəli əmr verilmişdir. Əsas kimi işçinin yol verdiyi intizam pozuntusu ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və işçinin xx.xx.2023-cü il tarixli izahatı göstərilmişdir. Hesab edir ki, aşağıda göstərilən əsaslara görə həmin əmr qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, o, xx.xx.2021-ci ildən həmin supermarketdə xəzinədar vəzifəsində işləməyə başlamış, işlədiyi müddətdə öz vəzifəsini vicdanla, layiqincə yerinə yetirmiş, bu müddət ərzində əmək fəaliyyəti ilə bağlı hər hansı pozuntuya yol verməmiş, rəhbərlik tərəfindən verilən bütün tapşırıqları vaxtında həll etmişdir. Məhz bunun nəticəsidir ki, qısa müddətdə xəzinədar vəzifəsindən baş xəzinədar vəzifəsinədək yüksəlmişdir. Lakin iş yerində onun əmək funksiyasına və vəzifə təlimatına aid olmayan nöqsanlarla bağlı ona irad bildirilmiş, həmin vaxt onunla birlikdə bir neçə nəfəri də işdən azad etmişlər. Ona hədə-qorxu gələrək onu izahat yazmağa məcbur etmişlər. O, qorxduğundan işəgötürənin təzyiqlərinə boyun əymiş, təqsiri olmadığı halda izahat yazmışdır. Onun heç bir təqsiri olmamasına baxmayaraq, onu qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışlar. O, əmək müqaviləsi üzrə xx.xx.2021-ci ildən Supermarketdə işləyir və işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. Onun vəzifənə aid olmayan, əmək müqaviləsində nəzərdə tutulmayan, əmək funksiyana aid olmayan və onun törətmədiyi hərəkətə görə qərəzli olaraq işdən çıxarılmışdır. Üstəlik əmrdə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hərəkətlərə yol verməyi ilə bağlı hər hansı mötəbər əsas göstərilməmişdir. Belə ki, əmək kitabçasında əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmağı qeyd edilsə də, əmək müqaviləsi üzrə və vəzifə təlimatları üzrə öhdəlikərini lazımi qaydada yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi, Əmək Məcəlləsinin 72-ci bəndində nəzərdə tutulmuş hansı hal üzrə əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol verdiyi göstərilməmişdir. Əmrdə onun əmək müqaviləsinin hansı bəndi, hansı vəzifə təlimatı və onun hansı vəzifə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi qeyd olunmamış və bununla da əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyri-müəyyən göstərilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, T0508- 23 nömrəli əmrinin ləğv edilməsi, onun baş kassir vəzifəsinə bərpa olunmağı və işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin Nümayəndə2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 01 aprel 2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında AS6693 nömrəli əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehə məxsus “Bravo” əmtəə nişanlı marketdə “xəzinədar” vəzifəsinə qəbul olmuşdur. Daha sonra, 09 mart 2023-cü il tarixində T0508-23 saylı, Əmrlə cavabdeh tərəfindən həmin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının baş xəzinədar vəzifəsinə keçirilməsi onun xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək olan fəaliyyətinin nəticəsi olsa da, işdən çıxarılması xx.xx.2022ci il - xx.xx.2023-cü il tarixlərində törətdiyi əməllərin nəticəsidir. Belə olan halda, işçinin öz vəzifələrini vəzifə artımına qədər olan müddət ərzində vicdanla icra etməsi onun vəzifə artımından sonra yol verdiyi pozuntuları istisna etmir. İddia ərizəsində iddiaçının əmək funksiyasına və vəzifə təlimatlarına aid olmayan nöqsanlarla bağlı cavabdeh tərəfindən ona iradlar bildirildiyi qeyd olunmuşdur. Halbuki, iddiaçı izahatlarında da göstərdiyi kimi, digər iş yoldaşları ilə birgə kassada ödənişləri həyata keçirərkən kobud pozuntulara yol vermişdir. Belə ki, o, almaq istədiyi məhsulların qiymətindən daha aşağı məbləğ təqdim edərək və ya bəzi hallarda, ümumiyyətlə ödəniş etmədən həmin məhsulları əldə etmiş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçıya bildirilmiş iradlar heç də əsassız deyildir və cavabdeh hüquq-mühafizə orqanlarına iddiaçının səmimi peşmançılığını və vurulmuş zərərin bir qismini könüllü surətdə qarşılamaq niyyətini nəzərə alaraq müraciət etməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının əmək funksiyasına və vəzifə təlimatına aid olmayan işlər ona məcburi icra etdirilmiş olsa idi, o, bu barədə Cavabdeh MMC-nin insan resurslarının əməkdaşlarına dərhal məlumat verməli idi. Halbuki, iddiaçı iddia ərizəsində hansı işlərin məcburi icrasına cəlb edildiyini və buna dair hansı ağlabatan hərəkətləri etdiyini qeyd etməmişdir. Bu da özlüyündə onun iddialarının həqiqətə uyğunluğunu şübhə altına salır. Həmçinin bildirmək istəyir ki, T0508-23 saylı Əmrdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi göstərilmiş və törədilmiş pozuntunun nədən ibarət olduğu əks olunan işçinin izahatına və müvafiq akta istinad edilmişdir. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində də qeyd olunduğu kimi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi mətnindən də aydın olduğu kimi iki hissədən ibarətdir və işçi tərəfindən həmin hissələrdən birində göstərilmiş əməlin törədilməsi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəb ola bilər. Hazırki halda iddiaçı tərəfindən 72-ci maddənin “c” bəndində nəzərdə tutulan əməlin törədilməsi kifayət etmişdir ki, onunla cavabdeh arasında olan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilsin. Bundan əlavə olaraq, iddia ərizəsində cavabdeh tərəfindən mötəbər əsas olmadan iddiaçının törətmədiyi əməllərə görə işdən çıxarıldığı qeyd olunsa da, iddiaçının işdən çıxarılmış digər şəxslər olan Məmmədov Kamran və X1 ilə birlikdə ümumilikdə 2000 AZN (iki min manat) olan məbləği törətmədiklərə əməllərə görə cavabdehə təhvil vermələri ağlabatan deyildir. Əksinə, onlar əməllərində cinayət tərkibi ola biləcəyi ehtimalından ehtiyat edərək mübahisənin barışıq yolu ilə həll olunmasında maraqlı olmuşdurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddiaçının ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh cəmiyyətdə xəzinadər vəzifəsinə işə qəbul edilmiş, aha sonra isə xx.xx.2021-ci ildən baş xəzinədər vəzifəsində işləməyə başlamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi işçinin yol verdiyi intizam pozuntusu ilə bağlı tərtib edlmiş xx.xx.2023-cü il tarixli akt və işçinin xx.xx.2023-cü il tarixli izahatı göstərilmişdir. İddiaçı vermiş olduğu izahatlarda müəssisəyə maddi ziyan vuruduğunu, ziyanı ödəməyə razı olduğunu və ödəndiyini göstərmişdir. Həmin izahatlar təzyiq altında alınmışdır. İddiaçı hətta öz ərizəsi əasında işdən çıxmağa hazır olduğunu da demişdir. Sonradan iddiaçı cəmiyyətdə əmri təhvil alarkən başqa məzmunda əmr tərtib edildiyini gösmüşdür. İşçi göstərilənlərlə bağlı Əmək Müfəttişliyinə müraciət etmişdir. İddiaçı ilə birgə digər işçilərdəndə müvafiq izahatlar alınmış, lakin iddiaçıdan fərqli olaraq həmi işçilərlə əmək müqaviləsinə işçilərin ərizəsinə əsasən xitam verilmişdir. Hesab edir ki, işdən çıxma barədə əmrdə göstərilən maddə iddiaçıya aid deyil. Digər işçilərlə əmək müqaviləsinə öz ərizələrinə əsasən əmək müqaviləsinə xitam verilirsə, iddiaçıya qarşı olan bu ögey münasibət aydın deyil. Eyni şərtlərdə olan işçilərə qarşı fərqli münasibət göstərilmişdir. Cavabdeh tərəf verdiyi vədə əməl etməmiş, iddiaçı ilə əmək müqaviləsinə onun ərizəsi əsasında deyil, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Görüntülərin bəzilərində şəxsin iddiaçı olması görsənmir, bir görüntüdə isə kassirin iddiaçıya pul verdiyi görsənir. Amma ola bilər ki, iddiaçı ona verilən pulun məbləğini dəqiq görməmiş olsun. O, özü də bəzən kassandan ona verilən pulun dəqiq məbləğinə baxmır. Həmçinin, göstərilən hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əsasını təşkil etmir. Hesab edir ki, ən azından iddiaçı həmin maddə ilə işdən çıxarılmamalı idi. İddiaçı gənc kadrdır. İddiaçının əmək vəzifələrinin yerinə yetirməməsi halı öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat verərək göstərdi ki, ididaçının baş xəzinədar vəzifəsinə, yəni daha yaxşı vəzifəyə keçirilməsi o demək deyil ki, o, etdiyi təqsirli hərəkətlərə görə məsuliyyətdən azaddır. İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək əmək funkiyalarını pozmuşdur. İddiaçı digər işçilər Məmmədov Təmkin və Hüseynzadə Hüseyn ilə birlikdə cəmiyyətə ümumlikdə 2000 manat ziyan vurmuşdur. O, hüquq mühafizə orqanlarına müraciət edilməməsi üçün cəmiyyətə dəymiş maddi ziyanı ödəmişdir. Lakin bu o demək deyil ki, işçiyə mübahisələndirilən maddə ilə əmr tərtib edilə bilməz. Digər işçilər özləri cəmiyyətə daha əvvəl müraciət edib, öz ərizələrinə əsasən işdən çıxmış ki, onların barəsində araşdırma aparılmasın. Məhkəməyə videogörüntülərin olduğu bir ədəd disk təqdim edilmiş və aydın şəkildə görünür ki, iddiaçı müxtəlif şəkillərdə öz əmək funksiyalarına pozaraq cəmiyyətə ziyan vurmuşdur. İlk dəfə iddiaçının cəmiyyətə ziyan vurduğu müyyən edilib, daha sonra digər işçilərin əməlləri aşkarlanmışdır. İddiaçı özü də izahatında qeyd edib ki, baş verən belə halları araşdırmağa və üzə çıxarmağa köməklik etməyə hazırdır. İddiaçıya heç bir təzyiq olmamışdır, özü izahatında da bunu qeyd etmişdir. İddiaçı onun barəsinə hüquq-mühafizə orqanlarına müaciət edilməməsi üçün əməlini etiraf edərək, könüllü maddi ziyanı ödəmişdir. Əgər iddiaçı maddi ziyan ödənilməsə idi, həm işdən çıxarılacaqdı, həm də barəsində hüquq-mühafizə orqanlarına şikayət ediləcəkdi və çox güman ki, onun barəsində cinayət işi açılacaqdı. Müəsisəyə 2000 manat ziyan vurulduğu görüntülər əsasında və iddiaçının izahatı əsasında müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəf qeyd edir ki, digər işçilər öz ərizələrinə əsasən işdən çıxarılıblar, amma bunu təqdiq edəcək sübutarı məhkəməyə verməmişlər. Ola bilsin ki, həmin şəxslər də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışlar. İddiaçı ilə əmək müqaviləsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutularaq xitam verilmişdir. Cəmiyyətə maddi ziyan vurulmuşdur. Həmçinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək növündə intizam tənbehi verə bilər. Heç kim törətmədiyi əməli etiraf etməz. İddiaçı cinayət əməl törətdiyini bildirdiyi üçün maddi ziyanı könüllü ödəmişdir ki, barəsində şikayət olunmasın. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında xx.xx.2021ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, xəzinədar vəzifəsinə işə qəbul edilmişdir; - AS6693 nömrəli “Əmək müqaviləsi”nin: 1.3-cü bəndinə əsasən bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi, əmək qanunvericiliyi sistemi və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş qayda və prinsiplərlə tənzimlənir; 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 6 ay müddətinə bağlanılmışdır.; 2.2-ci bəndinə əsasən işçinin işə başlama tarixi xx.xx.2021-ci il tarixidir; 5.1-ci maddəsinə əsasən, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır; 10.1-ci bəndinə əsasən bu müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur; 11.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər; - AS6693 nömrəli “Əmək müqaviləsi”nə əlavənin surətindən görünür ki, İddiaçı baş xəzinədar vəzifəsinə qəbul edilmiş və əmək haqqı məbləği 590 manat məbləğində təyin edilmişdir. Əlavə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir; - xx.xx.2023-cü il tarixli “intizamn pozuntusunnun aşkar edilməsi” barədə aktın surətindən görünür ki, Mağaza müdürü Murad Baxşəliyev, Xidmət rəisi Həsənov Seymur təsdiq edirlər ki, 27.02.23-cü il tarixində Bravo (2009) YENİ YASAMAL SS mağazası tərəfindən verilmiş məlumata əsasən mağazada nağd vəsaitlərin mənimsənilməsi ilə bağlı araşdırma başlanıldı. Əldə olunmuş məlumat əsasında video görüntülər araşdırıldı və məlum oldu ki, baş kassir vəzifəsində çalışan İddiaçı, satıcı-kassir vəzifələrində çalışan Məmmədov Təmkin və Hüseynzadə Hüseyn kassada öz aralarında satış əməliyyatları zamanı bir-birlərinə qaytarmalı olduqları xırda vəsaitdən daha artıq vəsait qaytararaq, eyni zamanda alınan məhsullar üçün daha az vəsait ödəyərək həmin məhsulları mənimsəmişlər. Adları sadalanan şəxslərin xx.xx.2022-dən xx.xx.2023-cü il tarixinə kimi Bravo (2009) YENİ YASAMAL SS mağazasında kassalardan ümumi mənimsədikləri məbləğ 2000 AZN dəyərindədir. Araşdırma zamanı satıcı-kassir vəzifəsində çalışan Şükürlü Ülvi adlı əməkdaş xx.xx.2023-cü il tarixində kassada olarkən iş yoldaşları Məmmədov Təmkin və İddiaçı onun işlədiyi kassaya yaxınlaşaraq 1,98 AZN məbləğində məhsul alaraq ödəniş etməmişdirlər. Akt işçi barədə aparılan araşdırma materiallarına əlavə etmək üçün tərtib olunur. Tərtib olunmuş akt iştirakçılara oxundu, aktın tərtibi ilə əlaqədar iştirakçılar tərəfindən heç bir əlavə, düzəliş olunmadı və aktın doğruluğu imzalarla təsdiq olunur; - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Baş Ofis əməkdaşları Daxili nəzarət üzrə kiçik mütəxəssis Emil Mehtiyev, Maliyyə və Mühasibatlıq üzrə böyük mühasib Əkbərova Zərifə imzalarımızla təsdiq edirlər ki, həqiqətən Bakı şəhəri, Əsəd Əhmədov 24B, ünvanında yerləşən “Bravo” mağazasında Baş kassir vəzifəsində çalışan İddiaçı, satıcı- kassir vəzifələrində çalışan Məmmədov Təmkin və Hüseynzadə Hüseyn 2022-ci il dekabr ayı tarixindən 2023-cü il fevral ayının sonunadək kassada iş növbəsində olduqları müddətdə ümumilikdə 2000 (iki min) manat dəyərində nağd vəsait məbləğini mənimsəmə etmişdlər. İddiaçı və Məmmədov Təmkin 03.03.23 tarixində 2000 AZN məbləği onun iştirakı ilə Əkbərova Zərifəyə təhvil vermişdir; - İddiaçı xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o,xx.xx.2022-ci il tarixdə Moskva prospektində yerləşən Bravo mağazasında xəzinədar vəzifəsində işə başlamış və hazırda Əsəd Əhmədov 24b üvananında yerləşən Bravo mağazasında baş xəzinədar vəzifəsində çalışı. İşlədiyi müddət ərzində “SOP” qaydaları ilə tanış olmuşdur. İşlədiyi müddət ərzində 2022-ci ilin dekabr ayının əvvəlindən etibarən iş yoldaşları Məmmədov Təmkin və Hüseynzadə Hüseyn ilə birlikdə müxtəlif vaxtlada kassa ödəniş edən zaman artıq qalıq məbləğ götürmüşlər və ya daha az ödəniş etmişlər. Eyni zamanda məhsul alarkən ödəniş etmədikləri hallarda olmuşdur. Yuxarıda qeyd etdiyi hallarla adları çəkdiyi iş yoldaşları ilə birlikdə şirkətin ümumiliklə 2000 (iki min) AZN vəsaitini mənimsəmişlər. Həmin məbləğin öz üzərinə düşən hissəsini xx.xx.2023-cü il tarixində heç bir təzyiq olmadan geri ödəməyə hazırdır. İzahatı heç bir təzyiq olmadan özü yazmış və öz imzası ilə təsdiq edir; - İddiaçı xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, 2022-ci ilin dekabr ayında etibarən çalışdığı Bravo mağazasında ciddi qayda pozuntusuna yol vermişdir. Şirkətə maddi zərəri tam şəkildə geri ödəmişdir. Bu haldan peşmançlıq çəkir. İşdən azad olunmağına etiraz etmir. Yaşı və bu işdə tutduğu əməldən peşmançılığı nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Mağazada baş verən digər halların araşdırılmasına və üzə çıxarılmasına köməklik etməyə hazırdır; - xx.xx.2023-cü il tarixi T0508-23 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin müştəri ximətləri və əməliyyatlar sektoru şöbəsinin baş xəzinədarı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış AS6693 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Tspublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas: işçinin yol verdiyi intizamn pozuntusu ilə bağlı tərtib edlmiş xx.xx.2023-cü il tarixli akt və işçının xx.xx.2023-cü il tarixli izahatı. - Məhkəməyə cavabdeh tərəfindən 1 ədəd disk təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS6693 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı xəzinədar vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci ildə baş xəzinədar vəzifəsinə keçirilmişdir. İddiaçı 2022-ci ilin dekabr ayında etibarən iş yoldaşları Məmmədov Təmkin və Hüseynzadə Hüseyn ilə birlikdə müxtəlif vaxtlada kassa ödəniş edən zaman artıq qalıq məbləğ götürmüş və ya daha az ödəniş etmişlər. Eyni zamanda məhsul alarkən ödəniş etmədikləri hallarda olmuşdur. İddiaçı həmin iş yoldaşları ilə birlikdə şirkətin ümumiliklə 2000 (iki min) AZN vəsaitini mənimsəmişlər. Onun tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan ödənilmişdir. İddiaçı göstərilənlərlə bağlı etirafedici izahat yazmışdır. Cavabdeh MMC-də baş xəzinədar vəzifəsində çalışan işçisi ilə bağlanmış AS6693 saylı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Əmək Məcəlləsinin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaradır. Qeyd olunan maddədə isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbeh növünü tətbiq edə bilər; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Hansı ki, xx.xx.2021-ci il tarixli AS6693 nömrəli əmək müqaviləsində tərəflər razılaşmışlar ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75 maddələrində nəzərdə tutulan hallara əmək edilməklə xitam verilə bilər. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuş və əməlini, cəmiyyətə maddi ziyan vurduğunu sadə yazılı formada öz xətti ilə qeyd etmişdir. İddiaçı tərəf həmin izahatın təzyiq və hədə-qorxu nəticəsində tərtib edildiyini qeyd etsə də, qeyd edilən hal öz təqsidini tapmamışdır, izahat kifayət qədər anlaşılan və açıq ifadələrlə iddiaçının özü tərəfindən yazılmışdır. Məhz bu səbəbdən, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman, ididaçının cəmiyyətə maddi ziyan vurması müşahidə edilmiş və bu fakt öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Eyni zamandan, iddiaçı kimi cəmiyyətə maddi ziyan vuran digər işçilər barəsində görülmüş tədbirlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir və təqdim edilsə belə hazırkı iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi kollektiv deyil, fərdi əmək müqaviləsidir və əmək müqaviləsinin bağlanması və xitamı əsası məhz müqavilə tərəfləri üçün nəzərdə tutulmuşdur. Digər işçilərlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi, hazırkı iddianın təmin olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 83-cü maddəsinə əsasən Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi yuxarıda göstərilən qanunvericiliyin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edilərkən bu Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddəsinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmr və qərarların ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. Çünki işəgötürən tərəfindən iddiaçının konkret hansı öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmiş və bu lazımi sənədlərlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1874/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1874/2023
01.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver