Məhkəmə qərarları › İş №e-2(007)-1927/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1927/2022

16.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1927/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Cavabdeh MMC-də Satış müvəkkili vəzifəsinə bərpa olunmağı, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinı onunla əsaslandırılmışdır ki, o, 12 yanvar 2018-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək Cavabdeh MMC-də Satış müvəkkili vəzifəsində işləmişdir. xx.xx.2022ci il tarixdə ona bildirdilər ki, o, 18 aprel 2022-ci il tarixdən işdən azaddır və ona işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunması barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrin tam mətni qeyd edilmiş surətini digər surətinə imza atmaqla təqdim etmişlər. Onun işdən azad olunması barədə verilmiş bu əmr qanunsuzdur və ləğv edilməlidir. Belə ki, o, işlədiyi dövrdə heç bir rəsmi xəbərdarlıq və töhmət, məzəmmət almamışdır. Nə əmək funksiyasını, nə də digər əmək intizamını pozmamışdır. Sadəcə cavabdehə, yəni Cavabdeh MMC-yə məxsus yük avtomobilinin aşınma (istifadə) nəticəsində yaranmış təmir xərclərinin onun əmək haqqından qanunsuz olaraq tutulmasına etdiyi şifahi etiraz rəhbərliyin qəzəblənməsinə səbəb olmuş və nəticədə ona qarşı belə bir qanunsuz əməl törənmışdır. Bundan başqa, mübahisələndirdiyi Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrində mənim əmək müqaviləmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq əmrin mətnində Həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarının olması barədə heç bir qeyd yoxdur. Göründüyü kimi cavabdeh onun əmək müqaviləsinə birtərəfli qaydada xitam verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur Əmək mübahisəsi ilə bağlı Mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, mübahisələndirdiyi əmrin mətni ona xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və məcburi mediasiya arayışı ona xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ilkin iddia ərizəsində də bildirmişdir ki, sadəcə cavabdehə, yəni "Dokta” MMC-yə məxsus yük avtomobilinin aşınma (istifadə) nəticəsində yaranmış təmir xərclərinin onun əmək haqqından qanunsuz olaraq tutulmasına etdiyi şifahi etiraz rəhbərliyin qəzəblənməsinə səbəb olmuş və nəticədə ona qarşı belə bir qanunsuz əməl törədilmişdir. Bu barədə daha ətraflı məlumat məqsədilə məhkəmənin nəzərinə çatdırır ki, "Dokta” MMC-də çalışan və keçən dövrlərdə çalışmış əməkdaşlar kimi onun da işlədiyi dövrdə MMC-nin ofisində qeyri-qanuni bir fond təşkil edilmiş və hər bir işçinin əmək haqqından (o, cümlədən onun) ayda 100 (bir yüz) manat vəsait tutularaq həmin fonda köçürülmüşdür. Bu qanunsuz tutulma həmin məbləğ 6000 (altı min) manat təşkil edənədək davam etmişdir. Rəhbərlik bunu onunla əsaslandırmışdır ki, bu fond onların idarə etdikləri avtomobilləri idarə edən sürücülərin başqa şəxslərə vuracağı zərərin əvəzi sığorta şirkəninin ödəyəcəyi vəsaitdən çox olduğu təqdirdə qarşılamaq üçün tutulur. Hamı kimi onun da işlədiyi xeyli müddətdə həmin fondda 6000 (altı min) manat vəsaiti toplanmışdır. xx.xx.2022-ci il tarixdə ona həmin tarixli ********* nömrəli təmir aktı təqdim edərək bildirmişlər ki, onun idarə etdiyi 2012-ci il istehsalı olan FİAT DOBLO markalı, ** JZ *** dövlət nömrə nişanlı avtomobil üçün 1455 (bir min dörd yüz əlli beş) manat görülmüş işlər, 3366 (üç min üç yüz altımış altı) manat istifadə olunan ehtiyat hissələri, material və 867,78 (səkkiz yüz altımış yeddi manat yetmiş səkkiz qəpik) ƏDV olmaqla, cəmi 5688,78 (beş min altı yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) xərc çəkilmiş və onlar həmin vəsaiti sənin fondda olan 6000 manat məbləğindən çıxacaqlar, sonra isə yenə 6000 manat toplanana qədər əmək haqqından həmin fonda ayda 100 manat tutulacaq. O, etiraz edərək bildirdi ki, əvvəla bu xərclər atomobilin aşınma və amartizasiya xərclədir ki, bu avtomobil onun üçün deyil, şirkət üçün işləmişdir. Bundan başqa da, 10 ildir ki, avtomobilin bütun texniki xəclərini və təmirini öz vəsaiti ilə qarşılayır. O nə həmin avtomobili məhv etməmiş, nə də həmin avtomobillə başqasına külli miqdarda zərər vurmamışdur ki, avtomobilin icbari sığorta müqaviləsi əsasında sığorta şirkətinin zərərçəkmişə verdiyi zərər əvəzindən əlavə çatışmayan xərcləri ödəsin. Çox mübahisədən sonra yuxarıda qeyd etdiyi amartizasiya və aşınmadan ötrü avtomobilə çəkilmiş xərc olan 5688,78 (beş min altı yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat pulun 1900 (bir min doqquz yüz) manat hissəsini onun fonda əmək haqqından yığılmış vəsaitdən çıxmışlar və o, buna da etiraz etmişdir. Elə həmin gündən də o necə deyərlər qara siyahıya düşmüşdür. Cəmi 42 gün sonra ona hazırda mübahisələndirdiyi Cavabdeh MMCnin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin mətni kağız variantda çatdırılmışdır və bildirmişlər ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh "xxxx" MMC-nin qanunsuz əməlləri bununla da bitmədi. Yuxarıda qeyd etdiyi kimi, onun əmək haqqından hər ay 100 manat tutulmaqla fondda yığılmış 6000 (altı min) manat vəsaitdən aprel ayının sonunda ona cəmi 3326 (üç min üç yüz iyirmi altı) manat vəsait ödəmişlər və demişlər ki, idarə etdiyi 2012-ci il istehsalı olan FİAT DOBLO markalı, ** JZ *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixli avtomaşının qüsur aktına əsasən daha 774 (yeddi yüz yetmiş dörd) manat xərci var. Odur ki, xx.xx.2022-ci il tarixli ********* nömrəli təmir aktına əsən 1900 (bir min doqquz yüz) manat və xx.xx.2022-ci il tarixli avtomaşının qüsur aktına əsasən 774 (yeddi yüz yetmiş dörd) manat toplam olaraq 1900+774= 2674 (iki min altı yüz yetmiş dörd) manat, fonda yığılmış 6000 manatdan çıxılmış və nəticədə 6000-2674=3326 (üç min üç yüz iyirmi altı) manat vəsaitin var. Beləliklə də, cavabdeh onun 2674 (iki min altı yüz yetmiş dörd) manat pulunu mənimsəmişdir. Qeyd edilənlərə əsasən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Cavabdeh MMC-də Satış müvəkkili vəzifəsinə bərpa olunmağı, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən onun işlədiyi dövrdə əmək haqqından tutularaq qanunsuz fondda saxlanılmış və sonda ona ödənilməmiş 2674 (iki min altı yüz yetmiş dörd) manat pulun və 47 (qırx yeddi) manat dövlət rüsumunun cavabdeh “Dokta" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ilk iddia ərizəsində və tələbi artırılma barədə ərizədə cavabdehin əmək müqaviləsinə xitam verməsinin qanunsuz olması barədə xeyli faktları qeyd etsə də, hesab edirlər ki, iddia ərizəsinə əlavələri qeyd etməyə zərurət vardır (iddia tələbini artırmadan). Belə ki, birincisi cavabdeh tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmrin birinci bəndinin sonunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) xitab olunmuşdur ki, cavabdeh “Dokta “MMC-nin X2 “Dokta “MMC-nin X5 verdiyi təqdimatın dördüncü abzasında xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin motivini başqa təsvir etmişdir. Hansı ki, həmin hadisə malın itirilməsi hadisəsi olmuşdur və zərər tam olaraq iddiaçı tərəfindən ödənilmişdir. İkincisi, əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirdikləri əmri işə götürən təşkilatın yəni, “Dokta “MMC-nin X6 deyil, onun müavini Nazim Əşrəfov təsdiq etmişdir. Həmin əmrin tədiq edilməsi üçün səlahiyyətlərin müavinə verilməsi barədə heç bir səlahiyyətverici sənəd əmrdə qeyd edilməmişdir. Üçüncüsü, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər olaraq sonda işçinin izahatını, tərtib olunmuş aktı və təqdimatı göstərmişdir ki, bu sənədlərdə də kobud qayda pozuntusuna yol verilmişdir. Əvvəla izahat işçi tərəfindən 16 mart 2022-ci il tarixdə yazılmış və imzalanmışdır. Tərtib olunmuş akt isə 14 mart 2022-ci il tarixdə, yəni işçinin izahatı verdiyi tarixdən iki gün öncə tərtib olunmasına baxmayaraq artıq işçinin izahat verərək faktı etiraf etməsi bildirilmişdir. Bundan başqa “Dokta “MMC-nin X2 “Dokta “MMCnin X5 verdiyi təqdimatın tarixi qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, hazırda işləmir. İş üçün hara müraciət edirsə, Əmək müqaviləsi ƏM-nin 70 “ç” bəndi ilə ləğv edildiyi üçün onu işə qəbul etməkdən imtina edirlər. Apteklərə malı əksik təhvil verdiyi üçün ona töhmət vermişlər. Həmin əksik malın pulunu ödəmişdir. Ödəniş etməyinə baxmayaraq, maaşından 700 manat pul tutulmuşdur. Hərkəsdə mal əksik gələ bilər, sonradan ödəniş edirlər. Maaşı 1200 manat idi. Bir dəfə də maskaya görə töhmət verilmişdir. Həmçinin, malları çatdırmaq üçün istifadə etdiyi maşının bütün xərclərini özü ödəyirdi. Onun maaşından hər ay 100 manat pul tutulurdu. Həmin pul fondda yığılırdı. Fonddakı pul 11000 manata yaxın idi. 5000 manat pul ona geri qaytarıldı. 6000 manat pul isə hər hansı mal əksik gələrdisə, həmin puldan çıxmaq üçün saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının əmri direktor tərəfindən deyil də, onun müavini tərəfindən imzalanmışdır. Direktorun müavinin belə bi səlahiyyətinin olduğunu təsdiq edən sənəd yoxdur. İddiaçının izahatı 16 mart 2022-ci il tarixdə alınmış və imzalanmışdır. Tərtib olunmuş akt isə 14 mart 2022-ci il tarixdə, yəni işçinin izahatı verdiyi tarixdən iki gün öncə tərtib olunmasına baxmayaraq artıq işçinin izahat verərək faktı etiraf etməsi bildirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, əmr və əmrin imzalanmasının qanuniliyi ilə bağlı şübhə ola bilməz. Belə ki, Cavabdeh MMC-nin direktoru səlahiyyətlərini müavininə ötürmüşdür. Bununla bağlı sənədlər hazırlıq iclasında iddaçı tərəfindən tələb edilsə idi, təqdim edə bilərdilər. Hazırda baxış iclasıdır. Əmrin qanunvericiliyə uyğun olması ilə bağlı sənədləri məhkəməyə təqdim etmişlər. İddiaçı əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı işə götürülərkən işçi və işəgötürən arasında razılaşmaya əsasən, maşına dəymiş ziyanı işçi özü ödəyəcəkdir. İşçi işdən çıxdığı zaman ona təhvil verilmiş əşyanı olduğu kimi qaytarmalı idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, o, iddiaçını tanıyır, iddiaçı ilə münasibətləri yaxşıdır. İşlədiyi zaman onların maaşlarından pul çıxılaraq fonda yığılırdı. Həmin pul baş vermiş hər hansı qəza zamanı sığorta ödənişi kifayət etmədikdə həmin məbləğdən çıxılması üçün yığılırdı. İşdən çıxdığı zaman maşının xərcləri hesablanmışdır və amortizasiya xərcləri çıxılmışdır. İşdən çıxdığı zaman fonddakı pullarla bağlı etiraz etmirdi. Əgər etiraz etsəydi, o zaman pulu geri qaytarmayıb, əmək müqaviləsinə əmək şərtlərini pozmaqla xitam veriləcəkdi. 7 il Cavabdeh MMC-də işləmişdir. Rəhbərlik dəyişdikdən sonra onunla işləmək istəmədiklərini bildirdilər. Fonda pul yığılmasının məqsədi maşına dəymiş ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Maşına dəymiş ziyanın sığorta tərəfindən ödənilməyən hissəsi fonddakı pulla həll edilirdi. İşdən çıxdığı zaman maşının detalları dəyişdirildi. Mal çatışmadığı zaman malın pulunu özləri ödəyirdilər. Demək olar ki, hamıda bu hal baş verirdi. Hər hansı əmək pozuntusuna yol verməmişdir. İl yarımdır ki, işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, o, iddiaçını tanıyır, onunla münasibətləri yaxşıdır. İddiaçı onun iş yoldaşı olmuşdur. O, 2019cu ildə işdən çıxmışdır. Özü ərizəsini yazaraq işdən çıxmışdır. Fonda pul yığılırdı. Maşınla qəza törətdiyi zaman sığorta tərəfindən ödənilməyən dəymiş ziyanın məbləği fonddakı pulla ödənilirdi. Çıxdığı zaman maşının xərcləri şirkətə ödənildi. Həmin pul fonddan ödənildi. Mal çatışmadığı zaman malın pulunu öz ciblərindən ödəyirdilər. "xxxx" MMC-də işləyirdi. Eyni yerdə əyləşib, eyni anbardan malı alırdılar. "xxxx" MMC və Cavabdeh MMC eyni şirkətdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, o, iddiaçını tanıyır, iddiaçı ilə bir yerdə işləmişlər. 2011-ci ildən 2017-ci ildək "xxxx" MMC-də işləmişdir. Hər şöbənin müdiri ayrı idi. İddiaçı ilə onun müdiri eyni deyildi. Fonda pul yığılırdı. Maşınla qəza törətdiyi zaman sığorta tərəfindən ödənilməyən dəymiş ziyanın məbləği fonddakı pulla ödənilirdi. O, işlədiyi müddət ərzində qəza törətməmişdir. Çıxdığı zaman maşının xərcləri şirkətə ödənildi. Həmin pul fonddan ödənildi. Mal çatışmadığı zaman malın pulunu öz ciblərindən ödəyirdilər. Maşının xərclərini öz vəsaiti hesabına ödəyirdi. Şirkət tərəfindən ona verilən maşını təkcə o istifadə edirdi. Başqa şəxs onun maşınını idarə etməmişdir. "xxxx" MMC-də işləyirdi. Eyni yerdə əyləşib, eyni anbardan malı alırdılar. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İşəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında 12 yanvar 2018-ci il tarixdə bağlanmış 4240 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay sınaq müdəti verilməklə müddətsiz bağlanmışdır. İşçi 12 yanvar 2018-ci il tarixdən işə başlayır. İşçiyə hər ay 800 manat məbləğində əmək haqqı ödənilir. - “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 0609/22K saylı əmrindən görünür ki, "Dokta” MMC-nin işçisi “Satış müvəkkili” vəzifəsində çalışan X12 oglu arasında xx.xx.2018-ci il tarixində bağlanmış 4240 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə ( ƏM 72. ə) maddəsində qeyd olunmuş əsas üzrə) əsasən xitam verilmişdir. Cavabdeh MMC-nin Mühasibatlığına işçi ilə son iş günündə son haqq-hesabın aparılması tapşırılması, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan iş ili üçün hesablanmış və istifadə olmamış 14 təqvim günü əmək məzuniyyəti qalığı üçün pul əvəzi ödənilməsi, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan iş ili üçün hesablanmış və istifadə olunmamış 21 təqvim günü əmək məzuniyyəti qalığı üçün pul əvəzinin ödənilməsi, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan iş ili üçün hesablanmış və istifadə olunmamış 5 təqvim günü əmək məzuniyyəti qalığı üçün pul əvəzi ödənilməsinin təmin edilməsi əmr edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci tarixindəki Vita Retro aptekinə yazılan 18 qutu nimesil getməmişdir. Anbara gələrək xəbər eləmişdir. Kamera ilə baxıb görünüşünü görmüşlər, lakin kamera yaxşı göstərmədiyinə görə hansı aptekə getdiyi dəqiq görünmür. - “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 119/22 Ü saylı əmrindən görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin satış müvəkkili vəzifəsində çalışan İddiaçı malların apteklərə təhvil verilməsi zamanı ehtiyatsızlıq və səhlənkarlıq göstərərək, anbardan müşayətedici (qaimə) sənədə əsasən düzgün sayda götürdüyü 18 qutu “Nemisil” preparatını tələb olunan ünvana çatdırmamışdır. Satış müvəkkili izahatında preparatı səhv ünvana təhvil verdiyini bildirmişdir, araşdırma nəticəsində məlum olmuşdur ki, götürülən preparat heç bir ünvana təhvil verilməmiş və itmişdir, beləliklə, vəzifə öhdəliyini düzgün yerinə yetirməməsi nəticəsində müəssisədə işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İddiaçı yuxarıda qeyd olunan məlumatlara uyğun izahat verərək, əmək funksiyalarının icrası zamanı pozuntulara yol verdiyini etiraf etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh MMCnin satış müvəkkili vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən sonuncu xəbərdarlıqla töhmət elan edilmişdir. - Cavabdeh MMC-nin dispetçeri Samir Paşayev, dispetçer Rüfət Ahdurahmanlı, dispetçer İlham Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixində növbəti rutin yoxlama zamanı dispetçer Rüfət Abdurahmanov tərəfindən aşkar olunmuşdur ki, satış müvəkkili vəzifəsində çalışan İddiaçı apteklərə çatdırılma fəaliyyətini həyata keçirərkən istifadə olunan mobil tətbiqdə sifarişi olmayan “Aloe Buzovna” aptekinə ziyarət etməmiş, buna baxmayaraq sistemdə ziyarət etmiş kimi göstərmişdir. Eyni zamanda apteklə təhvil-təslim və qeydiyyat vərəqində də aptek nümayəndəsi adından şəxsən özü imza atmaqla saxtakarlığa yol vermişdir. Geriyə doğru araşdırma apararkən məlum olmuşdur ki, adı çəkilən satış müvəkilli eyni əməli müxtəlif tarixlərdə digər apteklərlə münasibətdə də törətmişdir. Belə ki, xx.xx.2022 tarixdə “Dokta Buzovna (148)”, xx.xx.2022 tarixdə “Buta Albalı (Buzovna- 105)”, xx.xx.2022 tarixdə “Aloe Buzovna” və “Buta Buzovna (40) apteklərinin də sifarişləri olmamasına baxmayaraq mobil tətbiqdə (sistemdə) həmin aptekləri ziyarət etmiş kimi göstərmiş, eyni zamanda təhviltəslim və qeydiyyat vərəqində aptek nümayəndələrinin adından saxta imzalar çəkmişdir. Məsələ ilə bağlı satış müvəkkili İddiaçı yazılı izahatı alınmışdır və sürücü törətdiyi əməlləri etiraf etmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci il tarixində saat təxminən 14:00-15:00 radələrində ərazi üzrə hazır olan malları anbardan təhvil götürmüşdür. Əraziyə çıxmışdır və ərazini bitirdikdən sonra sistemdə ziyarət etmədiyi və malı olmayan D (148) Buzovna aptekinə getmiş kimi qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Buta Albalı (105) aptekinin malı olmamasına baxmayaraq həmin apteki ziyarət etməmişdir, ancaq istifadəyə etdiyi şirkətinin mobil tətbiqində ziyarət olumuş kimi təqdim etmişdir. Eyni zamanda təhvil-təslim aktında aptek nümayəndəsinin əvəzinə imza atmışdır. xx.xx.2022-ci il tarixində saat- 1 reys 13:00-14:00 radələrində əraziyə çıxmış, bu zaman Buta Buzovna (40) aptekinə malı olmadığı üçün ziyarət etməmiş, lakin mobil tətbiqə ziyarət etmiş kimi qeyd etmişdir. Eyni gün 16:00-17:00 radələrində anbarda hazır olan sifarişləri götürüb əraziyə çıxmış, lakin Buzovna aptekinin sifarişi olmadığı üçün həmin aptekə getməmişdir. Amma buna baxmayaraq mobil tətbiqdə həmin aptekə getmiş kimi göstərmişdir. Bununla da şirkət qaydalarına zidd hərəkət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:00-17:00 radələrində anbarda hazır olan malları təhvil alıb əraziyə çıxmışdır. Bu zaman Aloe aptekinin sifarişi olmadığı üçün həmin apteki ziyarət etməmiş, lakin buna baxmayaraq istifadə etdikləri mobil tətbiqdə həmin apteki ziyarət etmiş kimi göstərmişdir. Eyni zamanda, təhvil-təslim aktında aptek nümayəndəsinin əvəzinə imza atmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə Dokta Buzovna (148), B (adəm 108), Buta (Buzovna 40) apteklərinə aid təhvil-təslim vərəqində aptek nümayəndələrinin əvəzində özü bilərək imza atmışdır. Etdiyi əməllərdən peşmandır və bir daha bu cür nöqsanlara yol verməyəsinə söz verir. - Cavabdeh MMC-nin dispetçeri X4 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş təqdimatın görünür ki, xx.xx.2020-ci il tarixində rutin yoxlama zamanı aşkar olunmuşdur ki, Cavabdeh MMC-nin satış müvəkkili vəzifəsində çalışan İddiaçı aşağıda qeyd olunan tarixlərdə sifarişi olmayan aptekləri sistemdə ziyarət olunmuş kimi göstərmiş, eyni zamanda aptek nümayəndələrinin əvəzinə təhvil-təslim və qeydiyyat vərəqəsində özü imza atmış və bununla da vəzifə səlahiyyətindən sui-istifadə edərək əmək funksiyasının öhdəliklərini düzgün yerinə yetirməmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci ildə satış müvəkkili İddiaçı apteklərə çatdırılma fəaliyyətini həyata keçirərkən, sifarişi olmamasına baxmayaraq “Aloe Buzovna” aptekini “Logistics Mobil” programında ziyarət etmiş kimi göstərmiş, həmçinin apteklə təhvil-təslim və qeydiyyat vərəqində aptek nümayəndəsi adından şəxsən özü imza atmaqla saxtakarlığa yol vermişdir. Geriyə doğru araşdırma apararkən məlum olmuşdur ki, adı çəkilən satış müvəkilli eyni əməli müxtəlif tarixlərdə digər apteklərlə münasibətdə də törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Dokta Buzovna (148)”, xx.xx.2022-ci il tarixdə “Buta Albalı (Buzovna-105)”, xx.xx.2022-ci il tarixdə “Aloe Buzovna” və “Buta Buzovna (40) apteklərinin da sifarişləri olmamasına baxmayaraq mobil tətbiqdə (sistemdə) həmin aptekləri ziyarət etmiş kimi göstərmiş, eyni zamanda təhvil-təslim və qeydiyyat vərəqində aptek nümayəndələrinin adından saxta imzalar çəkmişdir. Məsələ ilə bağlı satış müvəkkili İddiaçı yazılı izahatı alınmış və sürücü törətdiyi əməlləri etiraf etmişdir. Beləliklə, qeyd etmək istəyir ki, bu cür xoşagəlməz hallar şirkətdaxili intizam qaydalarının kobud pozuntusu olmaqla bərabər, kollektiv daxilində qarşılıqlı inam və etibarın zədələnməsinə gətirib çıxarır. Hesab edir ki, həmin işçi barəsində zəruri intizam tədbirlərinin tətbiq edilməsi gələcəkdə analoji halların qarşısının alınması baxımından əhəmiyyətlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, İddiaçı haqqında xx.xx.2022-ci il tarixində “Vita Retro” aptekinin sifarişini tam çatdırılmamasına görə şirkətə vurduğu maddi zərərə, eyni zamanda şirkətin imicini zədələdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq olunmuşdur. Odur ki, yuxanda qeyd olunarılan nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinə zidd olaraq, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyinə, etinasızlıqla əmək funksiyalarını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarım pozduğuna, təqsirli hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduğuna görə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə intizam tənbehinin tətbiq edilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin edilməsi cəmiyyətin direktorundan xahiş edilmişdir. -“X13 Center”-nin xx.xx.2022-ci il tarixli Təmir aktından görünür ki, “FİAT DOBLO” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin həcmi 5688,78 manat təşkil edir; - "xxxx" MMC-yə məxsus olan avomaşının təhvil (qüsur) aktından görünür ki, “FİAT DOBLO” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyişən və təmir olunan ehtiyyat hissələrinin dəyəri 774 manatdır. - xx.xx.2022-ci il tarixli 32142 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 12 yanvar 2018-ci il tarixdə “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış müvəkkili vəzifəsinə təyin edilmişdir. Həmin müqavilə müddətsiz bağlanmışdır. “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 0609/22K saylı əmri ilə "Dokta” MMC-nin işçisi “Satış müvəkkili” vəzifəsində çalışan X12 oglu arasında xx.xx.2018-ci il tarixində bağlanmış 4240 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə ( ƏM 72. ə) maddəsində qeyd olunmuş əsas üzrə) əsasən xitam verilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Cavabdeh MMC-də Satış müvəkkili vəzifəsinə bərpa olunmağı, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən onun işlədiyi dövrdə əmək haqqından tutularaq qanunsuz fondda saxlanılmış və sonda ona ödənilməmiş 2674 (iki min altı yüz yetmiş dörd) manat pulun və 47 (qırx yeddi) manat dövlət rüsumunun cavabdeh “Dokta" MMC-dən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı cəmiyyətdə satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi anlaşılır. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaradır. Qeyd olunan maddədə isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin maddənin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbeh növünü tətbiq edə bilər. Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” sətrində nəzərdə tutulan qaydada sonuncu xəbərdarlıqla töhmət verilmişdir. Lakin bundan sonra da cəmiyyət tərəfindən iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl edilmədiyi aşkarlanmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “işçi tərəfindən sənədlərə saxtakarlıq edilməsinə dair” akt ilə iddiaçının apteklərə çatdırılma fəaliyyətini həyata keçirərkən istifadə olunan mobil tətbiqdə sifarişi olmayan “Aloe Buzovna” aptekinə ziyarət etmədiyi, buna baxmayaraq sistemdə ziyarət etmiş kimi göstərdiyi, apteklə təhviltəslim və qeydiyyat vərəqində də aptek nümayəndəsinin adından şəxsən özü imza atmaqla saxtakarlığa yol verdiyi, geriyə doğru araşdırma apararkən isə iddiaçının eyni əməli müxtəlif tarixlərdə digər apteklərlə münasibətdə də törətdiyi müəyyən edilmişdir. İddiaçı vermiş olduğu izahatında cəmiyyətdəki əmək funksiyalarnın pozulmasını, eyni əməlləri xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə etdiyini etiraf etmişdir. Nəticədə, məhkəmə tərəfindən iddiaçının cəmiyyət qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməməsi halı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmə adıçəkilən halların təkzib edilməsi məqsədilə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycab Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə intizam tənbehi növündə töhmət verilməsindən nəticə çıxarmamış, intizam tənbehinin qüvvədə olduğu müddətdə yenidən əmək funksiyasını kobud şəkildə pozmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixli əmr ilə tutduğu vəzifəsindən qanuni əsaslarla azad edilmişdir. Nəticədə, məhkəmə tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində mübahisələdirilən əmrin verilməsi səbəbi kimi cəmiyyət tərəfindən iddiaçının əmək haqqından qanunsuz tutulmaların ediməsini və iddiaçının buna etiraz etməsi göstərilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi Dokta” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin qəbul edilməsi səbəbi iddiaçı tərəfindən əmək funksiyalarını yerinə yetirdiyi müddətdə qəsdən əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına, mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmasını olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Cavabdeh MMC-də Satış müvəkkili vəzifəsinə bərpa olunmağı, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsində əsaslandırılmadığından və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı hər hansı hüquq pozuntusu müəyyən edilmədiyindən iddia tələbi həmin hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia tərəf xx.xx.2022-ci il tarixli, 0609/22K nömrəli əmrinin cəmiyyətin direktor müavini tərəfindən imzalandığını və əmrin tədiq edilməsi üçün səlahiyyətlərin müavinə verilməsi barədə heç bir səlahiyyətverici sənədin əmrdə qeyd edilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 0609/22K saylı əmri, həmçinin “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 119/22 Ü saylı əmri “DOKTA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Korporativ Məsələlər və Əməyin Mühafizəsi və Texniki təhlükəsizlik üzrə Direktor müavini Nəzrin Əşrəfova tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, əmrin tərtibi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən onun işlədiyi dövrdə əmək haqqından tutularaq qanunsuz fondda saxlanılmış və sonda ona ödənilməmiş 2674 (iki min altı yüz yetmiş dörd) manat pulun cavabdeh “Dokta" MMC-dən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçının əmək haqqı məbləği 800 manat müəyyən edilmiş və əmək müqaviləsində işçinin əmək haqqından fond üçün pulun tutulma qaydası ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə tərəfindən şahid kimi X1, X7 və X3 dindirilmişdir. Həmin şəxslər ifadələrində göstərmişlər ki, X1 Cavabdeh MMC-də, X7 "xxxx" MMC-də və X3 isə "xxxx" MMC-də işləmişlər. Hazırda həmin cəmiyyətlərdə işləmirlər. Cəmiyyətdə işlədikləri zaman istifalərində olan avtomobilə dəymiş ziyanın ödənilməsi məqsədi ilə cəmiyyət tərəfindən onların əmək haqlarından tutlmalar olurmuş. Avtomobilə ziyan dəydiyi zaman sığorta şirkəti tərəfindən ödənilməyən məbləğ fondda yığılmış pul hesabına ödənirmiş. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, dindirilmiş şəxslər müxtəlif cəmiyyətlərə işləmiş, hazırda isə həmin şirkətlərdə işləməmirlər. Bundan başqa, şahid X3 2017-ci ilədək "xxxx" MMC-də işləmişdir, halbuki iddiaçı 2018-ci ildən cavabdeh cəmiyyətdə işləməyə başlamışdır. Qeyd edilən şahidlər iş üzrə əhəmiyyətli halları təsdiq edə bilməmişlər. Ümumiyyətlə, məhkəməyə iddiaçının əmək haqqından tutmaların olmasına, tutulmuş pulların hansısa fondda yığılmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə olan halda, iddiaçı əmək haqqından əsassız pulun tutuması və həmin pulların cavabdeh tərəfindən fonda yığılması bağlı göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü madəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddiası təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddiaçı iddia tələbini artıran zaman 47 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar